Üçüncü Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində «Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı» kitabının təqdimatı olmuşdur

 

Sentyabrın 25-də III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində kənd təsərrüfatı naziri İsmət Abasovun müəllifi olduğu "Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı" kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək kitab haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu kitab ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmişdir. Kitabın giriş hissəsində ümummilli lider Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatının inkişafında misilsiz xidmətlərindən bəhs edilmiş, onun rəhbərliyi ilə həyata keçirilmiş tədbirlərin sosial-iqtisadi nəticələri hərtərəfli, dəyərli faktlarla şərh olunmuşdur. Kitabda ulu öndər Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatı sahəsində apardığı islahatlardan, ərzaq təhlükəsizliyindən, ölkəmizin aqrar sahədə beynəlxalq əməkdaşlıq məsələlərindən, xarici ölkələrin kənd təsərrüfatının ümumi xarakteristikasından, respublikanın kənd təsərrüfatına aid dövlət proqramlarından bəhs olunmuşdur.

Vurğulanmışdır ki, təqdim edilən kitabla tanışlıq zamanı hər kəsdə müasir dövrdə bəşəriyyətin ən qlobal problemlərindən birinin əhalinin ərzaq məhsulları ilə təminatına, ən ümdə vəzifənin isə bu təminatı ödəməkdən ibarət olduğuna bir daha əminlik yaranır.  Hazırda dünya ölkələri, beynəlxalq qurumlar tərəfindən aclıqdan əziyyət çəkən insanların sayının azaldılması, hər bir insanın yaşayışının minimum təmin edilməsi, ərzaq təhlükəsizliyinin digər aspektləri və s. problemlər nəzərə alınmaqla geniş aparılır.

Bildirilmişdir ki, təqdim olunan  kitabda 56 dünya ölkəsinin iqtisadi göstəriciləri, eyni zamanda, kənd təsərrüfatına dair məlumatlar geniş şərh edilmiş, ölkələrin ərazisi, əhalisinin sayı, sıxlığı, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün görülən tədbirlər və s. öz əksini tapmışdır. Kitab geniş təhlil, sorğustatistik materialı özündə əks etdirməklə olduqca aktual məzmun kəsb edir.

Kitabda təqdim edilən materiallardan dünyada və ölkəmizdə kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bionanotexnologiyalar hesabına məhsuldarlığın dəfələrlə artırılmasının mümkünlüyünü, kənd təsərrüfatı bitki və tullantılarından bioyanacaq alınmasının perspektivliyini görmək olar.

Tədbirdə digər çıxış edənlər də kitabın məziyyətlərindən danışmışlar. Məlumat verilmişdir ki, "Şərq-Qərb" nəşriyyat evində çapdan çıxmış, 6 fəsildən ibarət olan kitab aqrar sahə mütəxəssisləri, tələbələr və elmi-tədqiqat işçiləri, eyni zamanda, bu sahə ilə maraqlananlar üçün faydalı mənbə olacaqdır.

 

 

Azərbaycan.-2013.- 26 sentyabr.- S.6.