Dövlət qayğısı təhsilin
inkişafına böyük töhfə verir
Müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqi həm də təhsilin inkişafından keçir. Təhsilin yüksəlişi isə bu sahədə mükəmməl infrastrukturun yaradılmasından, maddi-texniki bazadan, xüsusən müasir tələblərə cavab verən məktəb binalarından da asılıdır. Bu baxımdan ölkəmizdə təhsil infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması əsas məqsədlərdən biridir.
Bir faktı da qeyd edək ki, təhsilə xüsusi diqqət yetirilməsi respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Ona görə də təhsilin bütün istiqamətlər üzrə inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdə artan maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamağa münbit şərait yaradıb. Bunun nəticəsidir ki, son illərdə minlərlə tədris ocağı yenidən tikilib və yaxud əsaslı şəkildə təmir edilərək bərpa olunub.
Bu günlərdə "Azərbaycan" qəzetinə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təkcə cari ildə Bakı şəhəri və respublikanın regionlarında 144 yeni məktəb binası və 13 mövcud məktəbdə əlavə tədris korpusları tikilib, 115 məktəbdə əsaslı təmir işləri həyata keçirilib. 2011-2013-cü illəri əhatə edən "Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramında tikintisi və əsaslı təmiri nəzərdə tutulmayan, lakin təmir işlərinin aparılmasına ehtiyacı olan 164 ümumtəhsil müəssisəsində yay aylarında cari təmir işləri aparılıb. Bütün bunlar göstərir ki, Azərbaycanda "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı uğurla həyata keçirilməkdədir. Xüsusilə qeyd etməliyik ki, bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirlən proqram və layihələr ölkəmizdə təhsilin inkişına böyük töhfələr verir.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Nərimanov rayonundakı bütün məktəblər əsaslı təmir olunub. Nərimanov rayonunun Milli Qəhrəman Gültəkin Əsgərova adına 200 saylı tam orta məktəbi və 43 saylı liseyi özündə birləşdirən Məktəb-Lisey Kompleksi də ötən il əsaslı şəkildə yenidən qurulub. Bu il isə kompleksdə üçüncü tədris korpusu müəllim-şagird kollektivinin ixtiyarına verilib, həmçinin yeni stadion tikilib.
Məktəb-Lisey Kompleksində 3200 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 300-ə yaxın müəllim məşğuldur. Kompleksdəki təlim-tədrisin vəziyyəti və son yenidənqurma işləri ilə tanış olmaq üçün buraya baş çəkdik. Həyətdəki səliqə-səhman, yüksək səviyyədə və xüsusi zövqlə aparılan yenidənqurma işləri ilk baxışdan göz oxşayır. Direktor, filologiya elmləri doktoru Qafar Hüseynovun da ilk məlumatı yenidənqurma və təmir işləri barədə oldu. Qeyd etdi ki, ötən il kompleksin birinci tədris korpusunda aparılan təmir və yenidənqurma işləri bir neçə aya tamamlanıb. Hazırda burada ən müasir standartlar səviyyəsində yenidən qurulmuş 37 sinif otağı, kitabxana, idman zalı, bufet məktəblilərin ixtiyarındadır. Yeni tədris ilində istifadəyə verilən üçüncü tədris korpusunda isə 40 sinif otağı var. Burada Heydər Əliyev muzeyi də yaradılıb. Muzeydə ümummilli liderin gələcək nəsillərə örnək olan həyat yolunu, siyasi, dövlətçilik fəaliyyətini əks etdirən materiallar, kitablar toplanıb.
Ümumiyyətlə, Nərimanov rayonundakı Məktəb-Lisey Kompleksi Bakının fərqli təhsil müəssisələrindəndir və orta məktəblər arasında özünəməxsus yeri var. Bunu kompleksin strukturundan da görmək olar. Məktəb bölməsində siniflər ümumi tədris planı ilə işləyir. Amma burada pedaqoji kollektivin hazırladığı tədris planları ilə işləyən gimnaziya sinifləri də yaradılıb. Lisey bölməsində isə şagirdlər iqtisadiyyat və kimya-biologiya yönümlü siniflərdə təhsil alırlar.
İqtisadiyyat yönümlü siniflərdə profil fənlər riyaziyyat,
coğrafiya, ana dili və ingilis dilidir. Bundan əlavə həmin
siniflərdə informatikanın, Azərbaycan tarixinin
tədrisinə xüsusi diqqət yetirilir. Kompleksin qabaqcıl müəllimlərinin Azərbaycan İqtisad Universitetinin əməkdaşları
ilə birgə hazırladıqları proqramlar
əsasında "Biznes etikası",
"Marketinq", "Dünya
iqtisadiyyatı" fənləri də tədris edilir. Əlavə dərs vəsaiti kimi "İqtisadiyyatın əsasları",
"Tətbiqi iqtisadiyyat", "Ekonomiks", "Marketinq"
kitablarından istifadə olunur. Kimya-biologiya siniflərində profil fənlər ana dili, kimya, biologiya,
fizika, ingilis dilidir. Kimya-biologiya siniflərində tədris olunan xüsusi fənlər -
"Azərbaycanın flora və faunası",
"Azərbaycanın dərman
bitkiləri"dir.
Kompleksdə pedaqoji kollektivin səyi nəticəsində
19 metodiki tövsiyə,
dərs dinləmə
cədvəlləri, uşaqların
inkişaflarını izləyən
şkala hazırlanıb,
prolanq bank yaradılıb. Pedaqoji kollektiv
tərəfindən hazırlanmış
müxtəlif formalı
yoxlama işləri təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır.
Hər ay keçirilən
"dəyirmi masalar"
müəllimlər üçün
treninqlər, şagird-elmi
cəmiyyətinin hesabatları,
"Dərs", "Əlavə
təhsil", "Psixoloji
və pedaqoji kömək" laboratoriyalarının
bu və ya digər formada
hesabatları şagirdlərlə
işin səmərəli
qurulması və təhsilin keyfiyyətinə
təsir edən mühüm amillərdir.
Məktəb-Lisey Kompleksində kompyuterləşdirmə
proqramı, informasiya texnologiyalarının tətbiqi
məsələləri fəal
şəkildə yerinə
yetirilib. Şagirdlərin internetə çıxışı
təmin olunub. 4 kompyuter otağı
internet şəbəkə sisteminə qoşulub.
Müəllimlərin hamısı informasiya-kommunikasiya
texnologiyalarından tam məlumatlıdır,
dərslərində elektron
dərsliklərdən, layihələrdən
istifadə edirlər.
Bütün bunların və
kompleksin müasir standartlar səviyyəsində
yenidənqurulması nəticəsidir
ki, şagirdlər təhsildə böyük
uğurlara imza atırlar. Məsələn, 2012-2013-cü dərs ilində kompleksin 5 şagirdi Respublika Olimpiadasının qalibi olub. 9-cu sinif
şagirdləri "İntellekt"
olimpiadasında "Sürət"
nominasiyasında I yeri
tutublar. Son beş ildə kompleksi başa vuran məzunlardan 68 nəfəri ali məktəbə qəbul
imtahanlarında 600-dən çox
bal toplayıb. Onlardan 6 nəfəri
Prezident təqaüdünə
layiq görülüb.
Müəllim kollektivinin uğurları çoxdur. Belə ki, son beş
ildə 6 müəllim
"Qabaqcıl təhsil
işçisi" döş
nişanı ilə təltif edilib. Müəllimlərdən 1 nəfəri "Əməkdar
müəllim" adı,
3 nəfəri isə
"Tərəqqi " medalı
ilə təltif ediliblər. 5 müəllim
"Ən yaxşı
müəllim" müsabiqəsinin
qalibi olublar.
Kompleks rus dili və ədəbiyyatının
tədrisinə görə
Rusiya Federasiyasının
Azərbaycandakı səfirliyi
tərəfindən "İlin
məktəbi", "İlin
müəllimi" (Ömərova
Tünzalə) mükafatları
ilə təltif edilib, hədiyyə və fəxri fərmanlar alıb.
Dərs posesini də müşahidə etmək üçün ilk olaraq 1a sinfində olduq. Təcrübəli təhsil işçisi Həqiqət Hüseynova cəmi 10 gündür ki, məktəb həyatına qədəm qoyan körpələrə ilk hərfləri öyrədirdi: "Müəllimlik çətin, həm də şərəfli peşədir. Mən bu peşənin şərəfini layiqincə daşıyıram. Bizim körpələrə verdiyimiz təhsil onların cəmiyyətdə layiqli vətəndaş kimi formalaşmasına kömək etməklə yanaşı, həm də ümumilikdə dövlətimizin gələcəyi üçün vacibdir. Çünki bugünkü şagirdlər gələcəyimizdir. Son aylarda təhsil sahəsində başlayan genişmiqyaslı islahatlar da əminəm ki, uğurla nəticələnəcək. Əslində, bu prosesin ilkin nailiyyətləri və nəticələri göz önündədir"
2a sinfinin müəllimi Rəmziyyə Babayeva da ömrünün 30 ildən artıq dövrünü müəllimlik peşəsinə həsr edib. "İbtidai sinif müəllimi fikrimcə, pedoqoji prosesdə ən böyük məsuliyyət daşıyan amildir" - deyən Rəmziyyə müəllimin qənaətincə, "Gələcək vətəndaş həyata ilk addımlarını atarkən onun ilk bələdçisi məhz ibtidai sinif müəllimi olur. Buna görə də bizim sənətimiz həm də ən məsuliyyətli peşələrdəndir. Əminəm ki, bu gün yetişdirdiyimiz körpələrin sədası gələcəkdə ali məqamlardan eşidiləcək və onlar cəmiyyətimiz, dövlətimiz üçün böyük töhfə verəcəklər".
Müşahidələrimiz göstərdi ki, bu təhsil ocağının müasir standartlara uyğun şəkildə yenidən qurulması məktəblilərin biliklərə ən yüksək səviyyədə yiyələnmələrinə öz müsbət təsirini göstərir. Həmçinin pedaqoji kollektiv vətənimiz üçün layiqli vətəndaş yetirməsi istiqamətində səylərini əsirgəmir. Bütün bunlar ondan xəbər verir ki, Nərimanov rayonundakı Məktəb-Lisey Kompleksi bundan sonra da paytaxtın seçilən təhsil ocaqlarından biri olaraq qalacaq.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2013.- 26 sentyabr.- S.7.