700 balın uğur formulu

 

Prezident təqaüdçüsü

 

Bu gün ölkə rəhbərliyinin xüsusi diqqət yetirdiyi sahələrdən biri də gənclər siyasətidir. Gənclərin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə fəal iştirakına şərait yaratmaq, mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədini daşıyan bu siyasət Dövlət proqramları səviyyəsində davam etdirilir. Bir tərəfdən ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisi, digər tərəfdən müasir dünyada gedən qloballaşmainformasiya cəmiyyəti quruculuğu prosesləri Azərbaycan cəmiyyətinin ayrı-ayrı sahələrində yüksək peşəkarlıqla işləyə bilən kadr potensialının yetişdirilməsini tələb edir. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi təhsil sahəsinin inkişafına böyük önəm verir, onu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ön plana çəkir.

Bu sahədə əsaslı dövlət proqramları həyata keçirilir. "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması haqqında" Prezident sərəncamı ölkənin ayrı-ayrı sahələrinin inkişaf meyillərinə uyğun yüksək hazırlıqlı kadr potensialının formalaşmasına əlverişli zəmin yaradır.

Hər il ölkədə minlərlə gənc həm Azərbaycanın, həm də xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunur. Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdü verilir. 2013-2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan 33 798 nəfərdən 102-si Prezdent təqaüdü alacaq. Onlardan 6 nəfəri 700 bal toplayaraq ən yüksək nəticə göstərib. Hazırda həmin tələbələr seçdikləri ali təhsil müəssisələrində tədrisə başlayıblar.

Onlardan biri də Bakı şəhəri Nərimanov rayonu 258 saylı orta məktəbin şagirdi Məhəmməd İsmayılovdur. Öncə qeyd edək ki, M.İsmayılov qəbul imtahanlarında 700 bal toplayaraq Bakı şəhəri üzrə ən yüksək nəticəni göstərib. Hazırda o,   Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakultəsində təhsil alır.

İki ay öncə abituriyent həyatı yaşayan, hər dəqiqəsi həyacanla keçən, bütün gününü kitablara həsr edən Məhəmmədlə redaksiyamızda maraqlı görüşümüz baş tutdu. Söhbət zamanı tələbəlik həyatına qədəm qoyan gəncin gözlərində hələ də çəkdiyi əziyyətin yorğunluğu hiss olunsa da aydın görünürdü ki, əldə etdiyi yüksək nəticə ilə o, zəhmətini böyük qələbəsi ilə kompensasiya edib.

2002-ci ildə Bakı şəhəri Nərimanov rayonunun 258 saylı tam orta məktəbində birinci sinfə gedib və 2013-cü ildə həmin məktəbin məzunu olub. Məhəmməd 258 saylı məktəbi əla qiymətlə bitirib, qızıl medala sahib çıxıb. Humanitar fənlərə daha çox marağı olduğu üçün III ixtisas qrupu üzrə imtahan vermək qərarına gəlib.

Məhəmmədin uşaqlıqdan arzusu prokurorluqya məhkəmə sistemində çalışmaq olub. Onu bu sahəyə meyilləndirən bəlkə də bir il öncə dünyasını dəyişmiş atasının forması olub. O, uşaq ikən atasının paltarını çox bəyənirmiş: "Ailədə bir bacı, bir qardaşıq. Mən həmişə atamı paltarında görəndə daha çox sevincək olurdum. Amma atam mənə heç vaxt deməmişdi ki, prokurorluq sistemində işləməyə çalış. O, sadəcə mənim yaxşı oxumağım üçün hər şey edirdi. Bəlkə də qismət belə imiş. İndi sağ olsaydı hamıdan çox sevinən atam olardı... (kövrəlir)".

Nə qədər kövrəlsə də çalışır ki, çöhrəsində gülüş cizgiləri yaratsın. Ehtiyat edir ki, kövrəlməsi müsahibəni yarımçıq qoyar. Ancaq bəlli idi ki, atasının yolunu davam etdirən bu gəncin qətiyyətliyi ona ən ali arzusuna çatmağa imkan verib. Çünki 18 yaşına çatmayan bir gəncin ata həsrəti hətta təhsilini belə yarımçıq qoyması ilə də nəticələnə bilərdi. Amma hiss olunurdu ki, Azərbaycan gəncinə xas olan bütün yüksək keyfiyyətlər Məhəmmədin simasında cəmləşib: qətiyyət, təmkinli, əzmkar olmaq, düzgün hədəflər müəyyənləşdirmək bacarığı, daim üzərində işləmək və təkmilləşmək qabiliyyəti.

Mövzunu dəyişdik. İdmandan, futboldan, xüsusən də Azərbaycan futbolu, milli komandamız barədə fikirlərimizi bölüşdük. Bir qədər söhbətləşdikdən sonra Məhəmmədin məktəb illərinə qayıtdıq. Uşaqlıqdan yaxşı oxuduğunu deyən Məhəmməd ərköyün şagird olmayıb. Müəllimləri də həmişə ondan razı qalıblar. Fənlərdə ayrıseçkilik etməyib. Bu proses IX sinfə qədər davam edib. O, humanitar elmlərə marağının artıdığını hiss edib. Gələcəkdə hüquqşünaslıq ixtisasında təhsil almaq arzusu onu bu sahəyə daha sıx bağlayıb. Məktəb illərində dedektiv janrında əsərlər oxumağa daha çox meyil edib. Amma digər fənləri də yaxşı oxuyaraq "5" alıb. Buna görə 258 saylı məktəbin direktoru Sədaqət Hüseynova ərizə yazaraq onun qızıl medala layiq görülməsi üçün Təhsil Nazirliyinə müraciət edib. Məhəmməd orta məktəbi qızıl medalla bitirib.

Ali məktəbə hazırlıq dövründə isə televizora belə baxmayıb: "Əvvəllər hər gün dərsdən sonra 3-4 saat vaxt ayırırdım. Çünki mənə asan gəlirdi oxumaq. Səbəb isə o idi ki, orta məktəbdə oxuduqlarımı sadəcə təkrar edirdim. Amma son ildə daha ciddi hazırlaşmağa başladım. Gündə 8-9 saat dərs oxuyurdum. Bununla bərabər istirahətə də vaxt ayırırdım. Dostlarımla çay süfrəsi ətrafında söhbətləşmək məni bir qədər sakitləşdirirdı, sonradan dərs oxumağım üçün yaxşı əhval-ruhiyyə yaradırdı. Hiss edirdim ki, istirahət etməsən dərsləri mənimsəyə bilmirsən. Sanki bütün oxuduqların bir-birinə qarışır. İstirahət edəndə isə beynim dincəlirdi və yenidən oxuyanda həvəslənirdim. Son 1 ildə mən televizora da baxmadım. Vaxtımı bir az da sosial şəbəkələr alırdı. Ona görə də qərara gəldim ki, 1 illik "Facebook" səhifəmi də bağlayım".

Məhəmməd qazandığı qələbənin uğur formulunu orta məktəbdə yaxşı oxumaqda, müntəzəm mütaliyə etməkdə, boş vaxtlarında maraqlı kitablar oxumaqda,  kifayət qədər az istirahət etməkdə və ən əsası özünə inam hissində görür. Onun fikrincə, ali məktəbə qəbul olunanadək əziyyət çəkən hər bir şagird sonradan peşman olmadığını anlayır: "Əgər hər hansı bir şagird özünə inanıb qarşısına məqsəd qoyarsa, mütləq yüksək nəticə əldə edəcək. Bir-iki il əziyyət çəkmək, yeri gələndə dostlarla az-az görüşmək, asudə vaxtlarında maraqlı kitablar oxumaq heç kimə ziyan gətirməz. Bunun bəhrəsini görəndə anlayırsan ki, hardasa səhv bir hərəkət etsəydin, vaxtını boş yerə xərcləsəydin çəkdiyin əziyyət hədər gedəcəkdi. Mən özümə inandım və çalışdım. Bu gün isə onun sevincini yaşayıram. Etiraf edim ki, 700 bal yığanlara başqa gözlə baxırdım, elə bilirdim onlar bizdən fərqlidirlər. Amma göstərdiyim nəticə bunun mümkün olduğunu təsdiqlədi. Sınaq imtahanlarında da yüksək bal toplayırdım".

Ən böyük arzusuna çatan Məhəmməd İsmayılov 700 bal toplayaraq respublikanın istənilən ali məktəbində təhsil almaq imkanı qazandı. Amma seçimi Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakultəsi oldu. Dövlət xətti ilə xaricdə təhsil almaq imkanı olsa da, Məhəmməd ali təhsilin bakalavr pilləsini Azərbaycanda, magistraturanı isə Avropada oxumaq fikrindədir. Gənc hüquqşunas deyir ki, bu gün Azərbaycanda təhsilin səviyyəsinin daha da yüksəlməsi üçün Dövlət proqramları həyata keçirilir. Bütün bu proqramlar uğurla həyata keçərsə gənclərin təhsilə marağı daha da artar. Onun fikrincə, bu gün gənc nəslin düşüncələrinə daha tez təsir edən vasitə televiziya kanallarıdır. Ona görə də Təhsil Nazirliyi, qeyri-hökumət təşkilatları təhsillə bağlı sosial reklamlar hazırlamaqla gənclərin təhsilə olan marağını daha da artıra bilərlər.

Qazandığı uğurlara görə indi o həm də Prezident təqaüdçüsüdür. Bununla yanaşı gənc hüquqşunasa Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən də aylıq 200 manat təqaüd təsis edilib. Məhəmmədin qazandığı uğur münasibəti ilə rayonda keçirilən tədbirdə A.Fərzəliyev elan edib ki, bu gənc ali təhsili bitirdikdən sonra rayon icra hakimiyyətində işlə təmin olunacaq. Ona dəstək olan bütün şəxslərə minnətdarlığını bildirən Məhəmməd İsmayılov təhsil aldığı ali məktəbdə də ümidləri doğruldacağına inanır.

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 26 sentyabr.- S.7.