General Hüseyn xan Naxçıvanskinin anadan

olmasının 150 illiyi qeyd edilmişdir

 

Sentyabrın 25-  Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) general Hüseyn xan Naxçıvanskinin anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə muzeyin rəssamı Natiq Rəhimovun Qarabağ uğrunda döyüşlərdə şücaət göstərmiş Vətən oğullarına həsr etdiyi rəsm əsəri ilə tanış olmuşlar.

Tədbiri AHTM-in rəisi Rüfət Əmirov açaraq general Hüseyn xan Naxçıvanskinin keçdiyi şərəfli ömür yolu haqqında geniş məlumat vermişdir.

"Dünya hərb sənətinin zirvəsini fəth etmiş azərbaycanlı" mövzusunda məruzə ilə çıxış edən muzeyin elmi işçisi Gülşən Hüseynova bildirmişdir ki, Hüseyn xan Naxçıvanski on beş yaşında ikən Peterburqdakı Paj korpusu məktəbinə verilmiş, 1881-ci ildə həmin hərbi təhsil müəssisəsini əla qiymətlərlə bitirərək çarın xüsusi süvari qoşununda xidmət etmişdir.

Sonralar Qafqazda Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Hüseyn xan Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi verilmişdir. Rus-yapon müharibəsində qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik etmişdir.

O, 1906-cı ildə figel-adyutant rütbəsinə layiq görülmüş Tiflisdəki rus ordusunun ən şöhrətli 17-ci Nijeqorod-draqun alayının komandiri vəzifəsinə təyin edilmişdir. Cəsur hərbçi 1907-ci ildə 44 yaşında generel-mayor rütbəsinə layiq görülmüşdür.

Həmvətənimizin qəhrəmanlığı  daim yüksək qiymətləndirilmişdir. O, dördüncü üçüncü dərəcəli "Müqəddəs Georgi", "Müqəddəs Vladimir", ikinci dərəcəli "Müqəddəs Aleksandr", "Müqəddəs Anna", "İgidliyə görə", İranın almazla bəzədilmiş 2-ci 4-cü dərəcəli "Şir-Günəş" ordenləri, zabitlərə məxsus "Rumın ulduzu", Avstriyanın "Dəmir xaç", Bolqarıstanın "Döyüş xidmətlərinə görə" medalları ilə təltif edilmişdir.

Həmvətənimiz 1919-cu ildə 56 yaşında Petroqradda vəfat etmişdir. Qəbri Sankt-Peterburqdakı Aleksandr Nevski monastrının qəbiristanlığındadır. Görkəmli Azərbaycan generalının bolşeviklər tərəfindən güllələndiyi ehtimal edilir.

Tədbirdə məruzə ətrafında çıxışlar edilmişdir.

Tanınmış rusiyalı alim, yazıçı-tarixçi, professor Rudolf İvanovun "Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan" kitabından söz açan natiqlər bildirmişlər ki, bu əsər Rusiya imperiyasının 20 mükafatı 9 xarici orden ilə təltif olunmuş, rus ordusunun adlı-sanlı alaylarına komandanlıq etmiş görkəmli həmvətənimizin həyatı əsgəri rəşadətindən bəhs edir.

Sonra iştirakçılar tam süvari generalı Hüseyn xan Naxçıvanskinin həyatı və hərbi fəaliyyətini əks etdirən sənədli filmə baxmışlar.

 

Azərbaycan.-2013.- 26 sentyabr.- S.8.