Nizami rayonundakı 190 nömrəli körpələr evi-uşaq

 bağçasının binası yenidənqurmadan sonra istifadəyə verilmişdir

 

Sentyabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Nizami rayonundakı 190 nömrəli  körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak etmişlər.

Mehriban xanım Əliyevaya və Arzu xanıma gül dəstələri təqdim edildi.

Birinci xanım Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanın birinci xanımı məktəbəqədər təhsil müəssisəsinin yenidənqurma işlərindən əvvəlki vəziyyətini əks etdirən stendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bağça 1967-ci ildə tikilmiş və binanın əsaslı təmirinə ehtiyac yaranmışdır.  "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq binada yenidənqurma işlərinə ötən il başlanılmışdır. Yenidənqurmadan sonra bağçada uşaqlar üçün yüksək şərait yaradılmışdır.

Körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olan Mehriban xanım Əliyevaya məlumat verildi ki, burada 2 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 14 peşəkar mütəxəssis məşğul olacaqdır. Üç korpusdan ibarət ikimərtəbəli binada 7 qrup fəaliyyət göstərir. Bağçada istilik sistemi tamam yenilənmiş, ərazi abadlaşdırılmışdır.

 

 AzərTAc

Azərbaycan.-2013.- 27 sentyabr.- S.3.