Amerika-Azərbaycan Ticarət Palatası

 təhsil naziri ilə işgüzar görüş keçirmişdir

 

Sentyabrın 26-da  Bakıdakı "Hyatt Regency" otelində Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə işgüzar görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, görüşdə təhsil naziri Mikayıl Cabbarov, AMCHAM-ın prezidenti İlqar Vəliyev, ölkəmizdə fəaliyyət göstərən yerlixarici şirkətlərin, biznes qurumlarının nümayəndələri iştirak etmişlər.

Tədbirin rəsmi hissəsində təhsil naziri Mikayıl Cabbarov  təhsil sahəsi ilə biznes dünyası arasındakı əlaqələrin perspektiv inkişafına dair fikirlərini bildirmişdir. Qeyd etmişdir ki, təhsilin bütün pillə və səviyyələr üzrə inkişafı Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir. İnsanların gələcək peşəkar karyera qurmaları üçün əlverişli zəmin yaradılması təhsil sisteminin prioritet hədəfləri sırasındadır. Bunun üçün təhsil müəssisələri ilə biznes qurumları arasında əlaqələrin genişləndirilməsi olduqca vacibdir. Biznes dünyası sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq gənclərin gələcək peşəkar inkişafına dəstək vermək məsələsində də fəal olarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür.  

Nazir təhsil müəssisələrinin fəaliyyətinin əsasən nəzəri biliklər, biznes qurumlarının isə təcrübə qazanmaq baxımından əhəmiyyətinə toxunmuş, yalnız nəzəriyyə ilə praktikanın vəhdətinin uğura apardığını bildirmişdir.

AMCHAM-ın üzvü olan biznes qurumlarını tələbələrə təqaüd verilməsi, yay təcrübə proqramlarının təşkili məsələlərində xüsusilə fəal olmağa səsləyən təhsil naziri tələbələrin təlim imkanlarının artırılması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə çıxış etmişdir.

Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsilinin müasir tələblər səviyyəsində inkişafına nail olmaq üçün kompleks tədbirlərin həyata keçirdiyini bildirən M.Cabbarov bu baxımdan Müasir Azərbaycan Peşəkarları layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırıldığını vurğulamışdır. Bildirmişdir ki,  ilk peşə-ixtisas təhsili sahəsində qabaqcıl təcrübəyə malik bir sıra ölkələrlə əməkdaşlığın nəticəsi  kimi peşə təhsili müəssisələrində mühüm yeniliklərin tətbiqinə başlanılmışdır. Təhsil Nazirliyi biznes dünyasının da bu layihələrə qoşulmasının və texniki-maliyyə dəstəyi verməsinin tərəfdarıdır.

Biznes qurumları ilə əməkdaşlığa cəlb olunmuş insanların, ilk növbədə, təhsilinə yardım edilməsi ənənəsinin genişləndirilməsinin əhəmiyyətinə toxunan  M.Cabbarov  qeyd etmişdir ki, nazirlik biznes qurumlarından gələn təşəbbüsləri dəstəkləyir və hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirir.

Sonda M.Cabbarov tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

 

Azərbaycan.-2013.- 27 sentyabr.- S.3.