Azərbaycan turizminə baxış: 10 illik inkişafın nəticələri
27 sentyabr -
Ümumdünya Turizm Günüdür
Hazırda dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri kimi turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Avropa və Asiyanın kəsişdiyi yerdə yerləşməsi, əlverişli təbii şərait, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. "2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafına dair" və "2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair" dövlət proqramlarının qəbul olunması, 2011-ci ilin ölkə Prezidenti tərəfindən Azərbaycanda "Turizm ili" elan edilməsi, bununla əlaqədar geniş tədbirlər planının təsdiq və icra olunması dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin əyani sübutudur. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya təmin olunur.
Ölkədə gözəl turizm mərkəzləri formalaşır
Azərbaycanda turizmin potensial imkanlarını yüksək qiymətləndirən və bu sahənin inkişafı üçün yollar arayan ulu öndər Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılandan sonra respublikamızda bu sahənin inkişafı istiqamətində geniş işlər görülməyə başlandı. Yeni nazirlik milli turizm kompleksinin rəqabətə davamlılığını yüksəltmək üçün çıxış yolu axtarmağa, turizm xidmətlərini beynəlxalq standartlar səviyyəsinə qaldırmağa, Azərbaycanın dünya turizm bazarına inteqrasiyası üçün səylə çalışmağa başladı. Həmin il sentyabrın 25-də Koreya Respublikasının paytaxtı Seulda keçirilən Ümumdünya Turizm Təşkilatının XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turizm təşkilatına üzv oldu. Bu isə öz növbəsində respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı.
Yenicə fəaliyyətə başlayan Gənclər, İdman və Turizm Nazirliyi bu sahənin inkişafı, o cümlədən turizmin təbliği sahəsində uğurlu addımlar atmaqda idi. Nazirliyin təşəbbüsü ilə 2001-ci ildə müstəqil respublikamızda ilk dəfə olaraq 27 sentyabr - Ümumdünya Turizm Günü qeyd olundu. Sonrakı illərdə bu günün qeyd edilməsi ənənəyə çevrildi.
Ölkədə
turizmin sürətli inkişafını təmin etmək məqsədilə
ümummilli lider Heydər Əliyevin 2002-ci ilin avqust ayında
imzaladığı sərəncamla "2002-2005-ci illər
üçün turizmin inkişafının Dövlət
Proqramı" təsdiq edildi və bununla turizmin
normativ-hüquqi bazasının təkmilləşdirilməsi,
turizm sahəsində çalışan
sahibkarlığın, ilk növbədə kiçik və
orta sahibkarlığın inkişafı, turizmin maddi-texniki
bazasının möhkəmləndirilməsi, mövcud turizm
obyektlərinin yenidən qurulması ilə yanaşı, yenilərinin
yaradılması və digər tədbirlər müəyyənləşdirildi.
Proqramın əsas məqsədləri turizm sənayesini
iqtisadiyyatın gəlirli sahəsinə çevirmək,
sosial və ekoloji tələblərə cavab verəcək,
yüksək səmərəli və rəqabət qabiliyyətli
müasir turizm kompleksi yaratmaq, yeni iş yerləri açmaq və
milli iqtisadiyyatın turizmlə əlaqəli digər sahələrində
dövlətin büdcəsinə gəlir gətirməkdən
ibarət idi. Bu illər ərzində dövlət
proqramında nəzərdə tutulan işlər həyata
keçirildi və Azərbaycanda turizm sürətlə
inkişaf etməyə başladı.
Məqsədyönlü siyasətin bəhrələri
Azərbaycanda turizmin inkişaf etdirilməsi, zəngin turizm imkanlarımızın xarici ölkələrdə təbliği ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanallarında Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxlarının yerləşdirilməsi, müxtəlif ölkələrin turizm təmsilçiləri və media nümayəndələrinin ölkəmizə infoturlarının təşkili təmin edilir, beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və başqa beynəlxalq qurumlarla sıx əməkdaşlıq nəticəsində Azərbaycan artıq dünyada yeni turizm məkanı kimi tanınmağa başlayıb.
Bu əlaqələrin nəticəsidir ki, dünya turizm məkanına uğurla inteqrasiya olunan, bu sahədə beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan bu günlərdə daha bir nailiyyətə imza atdı. Avqustun 24-dən 29-dək Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə təşkilatçılığı ilə keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (UNWTO) 20-ci Baş Assambleyasında ölkəmiz qurumun İcraiyyə Şurasına üzv qəbul olundu.
Zambiyanın Livinqston şəhərində baş tutan iclasda Azərbaycan təşkilatın İcraiyyə Şurası üzvlüyünə namizədlər sırasında ən yüksək səs aldı. Şuraya seçilən Avropa qitəsinin 4 dövlətindən (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) Azərbaycan 25 səslə birinci oldu.
Bundan
əlavə, sessiyada ölkəmizin təklifi nəzərə
alınaraq Ümumdünya Turizm Təşkilatının
Avropa Komissiyasının 2014-cü ildə növbəti
iclasının Bakı şəhərində keçirilməsinə
dair qərar qəbul olundu. Bu nailiyyət respublikamızda
turizmin inkişafı istiqamətində görülən
işlərin nəticəsi, Azərbaycanın turizm ölkəsi
kimi dünyada nüfuzunun təsdiqi, ölkəmizin bu sahədə
beynəlxalq əlaqələrinin, Mədəniyyət və
Turizm Nazirliyinin Ümumdünya Turizm Təşkilatı, bir
çox tərəfdaş ölkələrlə
ardıcıl, səmərəli işgüzar əməkdaşlığının
yüksək göstəricisidir. Qeyd etmək lazımdır
ki, bu əlamətdar qərarların qəbulunda Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin və ölkəmizin
İspaniya Krallığındakı səfirliyinin
mühüm rolu olmuşdur.
Təbliğat inkişafın əsas təkanvericisidir
2003-cü ildə Mədəniyyət və Turizm Nazirliyi 6 beynəlxalq turizm sərgisində (Avropa və Asiya qitələrində) iştirak etmişdirsə, 2013-cü ildə nazirliyin 21 beynəlxalq turizm sərgisində (Amerika, Avropa və Asiya qitələrində) iştirakı nəzərdə tutulub. Artıq bu sərgilərin 16-da təmsil olunmuşuq. Bu illər ərzində ölkəmizin iştirak etdiyi beynəlxalq turizm sərgilərinin coğrafiyası genişlənərək Azərbaycanın turizm potensialı 150-dən artıq sərgidə nümayiş etdirilib. Artıq Azərbaycan xarici ölkələrdə keçirilən sərgilərdə tərəfdaş ölkə kimi çıxış edir. Builki "İTB Berlin" beynəlxalq turizm sərgisində "Mədəniyyət və konqres tərəfdaşı" kimi çıxış etməyimiz ölkəmizin beynəlxalq nüfuzunun ilbəil artması, respublikada turizmin son illərdə sürətli və davamlı inkişafının nəticəsidir. Azərbaycanın turizm potensialını dünyaya nümayiş etdirmək, həmçinin turist axınını cəlb etmək məqsədilə ölkəmizin turizm imkanlarını əks etdirən filmlər və reklam çarxları 2006-cı ildən etibarən dünyanın nüfuzlu televiziya kanallarında (CNN, "Euronews", "Travel Channel", BBC, CNBC, "Eurosport", "National Geographic", TV5 MONDE) yayımlanır, eyni zamanda xarici ölkələrdə turizmin təbliği məqsədilə 50-yə yaxın müxtəlif növ və dillərdə informasiya xarakterli reklam-çap məhsulları hazırlanıb.
Azərbaycanda təşkil olunan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AİTF) 2003-cü ildə 8 ölkə, 32 şirkət təmsil olunurdusa, 2013-cü ildə 35 ölkə, 200-dən çox şirkət təmsil olunub. 22 ölkə "AİTF-2013" sərgisində öz milli stendi ilə çıxış edib. Respublikamızın 20 rayonu isə turizm potensialını əks etdirən stendlə təmsil olunublar. Bundan əlavə, Azərbaycanın turizm sahəsinə aid www.azerbaiyan.travel internet səhifəsi yaradılmışdır.
Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün zəmin var. Bu inkişafı təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi bütün mövcud imkanlardan istifadə etməyə çalışır. Bu istiqamətdə nazirlik beynəlxalq təşkilatlarla ölkə daxilində müxtəlif layihələr həyata keçirir. Ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə Konqres Büronun yaradılması ilə bağlı müvafiq işlər görüldü, büronun təqdimatı və üzvlər (Mədəniyyət və Turizm Nazirliyi, bir sıra brend mehmanxanalar və digər turizm sənayesi nümayəndələri) arasında 2013-cü ilin 10 iyun tarixində niyyət məktubu imzalandı. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan Azərbaycan Konqres Bürosunun əsas fəaliyyəti Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizin MİCE turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edəcək. Konqres Büronun təşkili, iş proseslərinin qurulması, marketinq planı və sair mühüm məsələlərin işlənməsi Vyana və Avstriya konqres bürolarında uzun illər rəhbər vəzifələr tutmuş təcrübəli ekspertlərə tapşırılıb.
Bütün bunlarla yanaşı, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi məqsədilə 2013-cü ilin 14 fevralından bəri Avropa İttifaqı tərəfindən Avstriya Federal Təchizat Agentliyi (FTA) və Litva Dövlət Turizm Departamenti və benefisiar tərəf kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Tvinninq layihəsinin tətbiqinə başlayıb. Hazırda layihənin icrası davam etdirilir.
Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması məqsədilə Azərbaycanda ən mükəmməl layihələrdən biri olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisi davam edir. Bu istirahət mərkəzi digər istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb. Bu ilin yanvar-mart aylarında
50 000-dən çox yerli və xarici turist kompleksi ziyarət edib. Kompleks yay ayları ərzində də fəaliyyətini davam etdirib və turistlərə mövsümə uyğun xidmətlər təklif edilib.
Azərbaycan ilə turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında "Turizm sahəsində əməkdaşlıq haqqında" hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. 2011-ci ildə Koreyanın Kendju şəhərində keçirilən Dünya Turizm Təşkilatının (BMDTT) Baş Assambleyasının 19-cu sessiyanın birinci plenar iclasında Azərbaycan Respublikası Baş Assambleyanın iclaslarına sədr müavini təyin edilib. Həmçinin Azərbaycan Turizm Assosiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm İnstitutu BMDTT-yə qoşulmuş üzv (Affiliate member) seçilib. Bu il isə Azərbaycandan daha 18 turizm müəssisəsi DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bunlardan 2-si hotel, 16-sı isə turizm şirkətidir. Bu o deməkdir ki, Azərbaycan turizmi DTT-nin üzvü olan ölkələrdə kifayət qədər geniş təbliğ oluna biləcək. Bütün dünyada Ümumdünya Turizm Təşkilatı kimi turizm fəaliyyəti ilə məşğul olan qurumların birləşdiyi ikinci bir böyük təşkilat yoxdur. Bu təşkilata assosiativ üzv olmaq böyük işdir. Bunun üçün müxtəlif mərhələlərdən keçmək, bu qurumun tələblərinə cavab vermək lazımdır. Bu gün assosiativ üzvlərinin sayına görə Dünya Turizm Təşkilatında birinci yeri İspaniya, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Braziliya tutur. Bu o deməkdir ki, Azərbaycan artıq turizm sahəsində dünyada öz sözünü deyir. Turizm sahəsində əldə etdiyimiz uğurların ən böyük səbəbi isə Azərbaycanda bu sahəyə dövlət tərəfindən göstərilən diqqətdir.
Turizmin inkişafı büdcə gəlirlərini artırır, işsizliyi azaldır
Hazırda Azərbaycana daha çox əcnəbi turistin cəlb olunması üçün müvafiq təbliğatın gücləndirilməsi ilə bərabər, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzindədir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" 2012-ci il noyabrın 30-da imzaladığı sərəncama uyğun olaraq, bu il 15 martdan turistlər üçün onlayn viza sisteminin tətbiqinə başlanılıb. Artıq Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Bunu 15 iş günü müddətində əldə etmək mümükündür. Elektron vizaların verilməsi Azərbaycana gələn turistlərin sayının artmasına gətirib çıxaracaq. Bu istiqamətdə artıq irəliləyiş müşahidə olunur. Turizm şirkətlərindən aldığımız rəqəmlər də bunu deməyə əsas verir. Belə ki, sistemə qoşulmuş turizm şirkətləri tərəfindən aprel-sentyabr ayları ərzində 3500 dən çox turist üçün elektron viza rəsmiləşdirilib.
Son 10 ildə "Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və Sosial İqtisadi İnkişaf üzrə Dövlət Proqramı"nın (2003-2005-ci illər) tələbləri çərçivəsində 8 turizm informasiya mərkəzi açılıb. Azərbaycanda turizm sahəsinin sürətli inkişafı nəticəsində yeni turist marşrutları açılır, infrastruktur yaradılır, turizm obyektlərində xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qərarlar qəbul edilır. Beləliklə də, regionların sosial-iqtisadi inkişafında da bu sahə əvəzsiz rol oynamağa başlayıb. Ekspertlərin hesablamalarına görə, respublikamızda mövcud imkanlardan istifadə edərək ümumi daxili məhsulun 10 faizini turizmdən əldə etmək mümkündür.
Azərbaycanın regionlarına dövlət tərəfindən xüsusi diqqət göstərilir, turizmin inkişafına, bu sahədə zəruri infrastrukturun yaradılmasına şərait yaradılır. Artıq Azərbaycanda bir neçə turizm mərkəzi formalaşır. Bakı şəhərində son iki il ərzində altı beşulduzlu hotel istifadəyə verilmişdir.
Azərbaycanın regionlarında da turizmin imkanları çox böyükdür. Bu məqam regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında da əksini tapır. 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair birinci proqram daha çox sosial-mədəni infrastrukturun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu. Bu sənəd turizm üçün baza rolunu oynayacaq müasir infrastrukturun formalaşdırılması ilə xarakterizə olunur. 2009-2013-cü illəri əhatə edən ikinci dövlət proqramı isə daha çox birbaşa turizmlə əlaqəli olan, bu sahəyə xidmət edən müvafiq strukturun yaradılmasını nəzərdə tutur. Yalnız onu demək kifayətdir ki, hazırda ölkədə 60-a yaxın müxtəlif ulduzlu yerləşdirmə yerləri tikilir ki, bunların hamısı istifadəyə verildikdə Azərbaycanda mövcud yataq sayı 40 faiz artacaq. Yəni, indiki halda təxminən 33 min yataq sayı var, bunun üzərinə 10-15 min yataq sayı gələcək ki, bu da Azərbaycan tarixində yüksək göstərici hesab olunur.
Regionlarda
yeni iş yerlərinin açılmasında da turizmin rolu
olduqca əhəmiyyətlidir. Hətta ekspert hesablamalarına
görə, bu istiqamətdə bütün potensialdan istifadə
olunarsa, turizmdə çalışanlar məşğul əhalinin
təxminən 10 faizə yaxınını təşkil edə
bilər.
Hazırda
mehmanxanalarda çalışan işçilərin sayı
7668 nəfər, turistlərə bilavasitə xidmət edən
işçilərin sayı isə 4767 nəfərdir.
Mehmanxanaların fəaliyyəti nəticəsində
istismardan 79 425 500 manat gəlir əldə olunub.
Kadr hazırlığı uğurla
davam etdirilir
Turizmin inkişafını sürətləndirən
və bu sahədə keyfiyyəti yüksəldən amillərdən
biri də sahə üzrə kadr hazırlığı siyasətinin
düzgün qurulmasıdır. Prezidentin müvafiq sərəncamına
əsasən, Azərbaycan turizmində kadr problemini həll etmək
məqsədilə 2006-cı ildə Turizm İnstitutu
yaradıldı. Bu təhsil ocağının məzunları
Azərbaycanda ilk dəfə olaraq ikili diplom - ATİ-nin və
Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu ala
bilirlər. Hazırda institutda 1700-dən artıq tələbə
11 ixtisas üzrə bakalavr, 143 nəfər magistr, 38 nəfər
isə doktorant təhsili alır.
İndiyə
qədər ATİ-nin bakalavr pilləsi üzrə 725 nəfər
məzunu olub ki, onların da 72
nəfəri milli diplomla yanaşı, Krems Universitetinin də
diplomunu alıb. 12 nəfər isə bu institutu magistr dərəcəsi
üzrə bitirib. ATİ-nin nəzdində fəaliyyət
göstərən Bakı Turizm Peşə Məktəbində
12 ixtisas üzrə 500-dən yuxarı gənc peşə təhsili
alır. Artıq regional turizm peşə məktəblərinin
yaradılması məsələsi gündəmdədir.
Çünki regionlarda turizm sürətlə inkişaf edir.
Xüsusilə xidməti personalda kadrlara ciddi ehtiyac var. Ona
görə də 2012-2016-cı illər ərzində Azərbaycanın
əsas 5 rayonunda - Qusar, Zaqatala, Şəmkir, Göygöl və
Masallıda ildə 200-250 şagirdi əhatə edəcək
regional turizm peşə məktəblərinin
yaradılması nəzərdə tutulur. Bu peşə məktəblərində
regional ərazinin turizm ehtiyatlarına yönəlmiş
kadrlar hazırlanacaq.
Bundan
əlavə, 2006-cı ildə Mingəçevir şəhərində
ölkəmizdə orta təhsilli turizm mütəxəssisi
yetişdirən ilk kollec yaradılıb. Hazırda Mingəçevir
Turizm Kolleci regionlar üçün ixtisaslı kadrlar
yetişdirən böyük bir təhsil ocağıdır.
Kollecdə 2000-dən çox tələbə təhsil
alır. Həmçinin də Qəbələ rayonunda Turizm və Hotelçilik üzrə
Peşə Tədris Mərkəzi fəaliyyət göstərir.
Bütün bunlarla bərabər, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda turizm xidmətinin keyfiyyətini artırmaq məqsədilə Bakıda və regionlarda yerləşən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışan insanlar üçün hər il Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA təşkilatı ilə əməkdaşlıq çərçivəsində, müxtəlif istiqamətlər üzrə treninq-kurslar təşkil edir. Azərbaycanın şimal, cənub və qərb bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təşkil olunan təlim kursları 4 istiqaməti əhatə edir. Bunlar hotel idarəçiliyi, masa xidməti, qeyd-qəbul və mərtəbə xidmətləri-xadimə ixtisaslarıdır. Kurslarda yüzlərlə dinləyici iştirak edir.
Azərbaycan turizm sahəsində parlayan ulduzdur
Azərbaycanda turizmin inkişafını
sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini gəzməli-görməli guşələrimizə
cəlb etmək məqsədilə bölgələr
üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib. Bu turizm
marşrutlarımız Bakı-Xaçmaz, Bakı-Balakən,
Bakı-Astara və Bakı-Qazax, Bakı-Abşeron
yarımadası, Bakı-Dağlıq Qarabağ,
Bakı-Naxçıvandır.
Bu marşrutlar üzərində
yerləşən rayonlarda
müxtəlif turizm növlərini inkişaf etdirmək istiqamətində
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən layihələr
həyata keçirilir. İlk növbədə
isə həmin rayonlar beynəlxalq səviyyədə təbliğ
olunur. Belə ki, Avropa Şurasının təcrübəsi
çərçivəsində bu rayonların turizm imkanlarının tanıdılması üçün
layihələr həyata
keçirilir. Bunlar
"Böyük İpək
yolu", "Şərab
yolu", "Xalçaçılıq",
"Aleksandr Düma Qafqazda" və "Azərbaycanda alman məskənləri" layihələridir.
Bu, eyni zamanda
ölkəmizə gələn
turistlərin sayının
artırılmasına və
çoxçeşidli turizm
məhsulunun yaradılmasına
xidmət edir.
Əldə olunan nailiyyətlər Azərbaycanın turizm dünyasında nüfuzunun, ümumilikdə ölkəmizin dünyada imicinin yüksəlməsinin təzahürüdür. Turizm sahəsində statistik göstəricilər də bunu təsdiq edir. 2012-ci ilin və 2013-cü ilin birinci yarısının nəticələrinə əsasən, turistlərin sayında artım dünya və Avropa üzrə 5% təşkil etdiyi halda, Azərbaycanda turist axınının artımı 10% səviyyəsində müşahidə olunub.
Son dövrlərdə dövlət tərəfindən turizmin inkişafına yaradılan əlverişli şərait nəticəsində respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin sayı 232, mehmanxana və mehmanxana tipli obyektlərin sayı isə 2003-cü illə müqayisədə 5.4 dəfə artaraq 516-ya çatmışdır və fərəhləndirici haldır ki, onların 76 faizi regionlarda yerləşir. Bütün bunların nəticəsi olaraq 2012-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2003-cü illə müqayisədə 2.4 dəfə artaraq 2.484.048 nəfər olmuşdur.
10 il ərzində turizm sahəsində çalışan işçilərin sayında 3.9, yerləşdirmə obyektlərində yerlərin ümumi sayında isə 3.4 dəfə artım olmuşdur. Azərbaycana gələn xarici turistlərin ölkəmizdəki xərcləri 2003-cü ildə 57.7 mln. ABŞ dolları təşkil edirdisə, bu rəqəm 2012-ci ildə 1.479,0 mln. ABŞ dolları olmuşdur. Bundan başqa, ölkə üzrə ÜDM-də turizmin çəkisi bu illər ərzində 2 dəfə artmışdır.
Bütün bunlar Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.
Dünya
Turizm Təşkilatının baş katibi Taleb Rifainin
sözləri ilə desək, "Azərbaycan turizm sahəsində
parlayan ulduzdur. Azərbaycanda istər
turizmin, istərsə də digər sahələrin
inkişafı üçün mükəmməl imkanlar
mövcuddur və bu gün bu imkanlardan kifayət qədər
istifadə edilir".
Əbülfəs QARAYEV,
Azərbaycan Respubikası mədəniyyət
və turizm naziri
Azərbaycan.-2013.- 27 sentyabr.- S.4.