Prezident seçkilərinin demokratik, ədalətli
və şəffaf keçirilməsi
üçün hər cür şərait yaradılıb
Azərbaycan dövləti Konstitusiyaya müvafiq olaraq idarəetmə formasına görə prezident respublikasıdır. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir və Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Bu konstitusion normalar mənəvi prinsiplərlə də dəstəklənir. Həmin prinsiplərə uyğun olaraq Prezident hakimiyyəti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və hakimiyyətin varisliyi prinsipini təmin edir. Konstitusiyada dövlət başçısının geniş səlahiyyətləri təsbit edilib. Bu səlahiyyətlər 109-cu maddənin 32 bəndində əks olunub.
Ölkəmizdə Prezident hakimiyyətinin legitimliyi ümumxalq seçkiləri ilə təmin edilir. Əsas Qanunun 100-cü maddəsinə əsasən yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik, o cümlədən ağır cinayətə görə məhkum edilməyən, başqa dövlətlər qarşısında öhdəliyi və ikili vətəndaşlığı olmayan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Konstitusiyaya görə müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır.
Alternativsiz və nəticələri şübhəli seçkilər
1991-ci ildən indiyədək Azərbaycan Prezidenti vəzifəsinə 6 seçki keçirilib. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulundan bir ay əvvəl baş tutan ilk seçki Azərbaycan Respublikası Prezidenti postuna rəsmi şəkildə keçirilən ilk və vahid partiya sistemi ilə baş tutan sonuncu seçkilər olub. Həmin seçki ölkənin bütün siyasi qüvvələri tərəfindən boykot edildiyindən, alternativi olmayan Ayaz Mütəllibov qalib elan edilib.
1991-ci ilin sonlarından Azərbaycanda böhranlı vəziyyət dərinləşməyə başladı. Ölkə rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində erməni silahlı birləşmələrinin Dağlıq Qarabağdakı hərbi əməliyyatları geniş vüsət aldı, Xankəndidən azərbaycanlılar çıxarıldı, Qaradağlı və Xocalı faciələri baş verdi. Bütün bunlar o zaman müxalifətdə olan AXC-nin ölkədə hakimiyyəti ələ keçirməsi üçün bəhanə oldu və təzyiqlər nəticəsində A.Mütəllibov istefa verdi.
1992-ci il iyunun 7-də növbədənkənar və olduqca tələsik prezident seçkiləri keçirildi. 5 namizədin iştirak etdiyi seçkidə AXC rəhbəri Əbülfəz Elçibəyin qalib gəldiyi elan olundu. Lakin digər namizəd Nizami Süleymanovun o vaxt seçicilər arasında kifayət qədər populyar olmasına görə seçkinin nəticələrinin saxtalaşdırılmasına dair faktların həddən artıq çoxluğu ehtimalı bu seçkilərin də demokratik əsasda baş tutmamasına dəlalət edirdi.
AXC-Müsavat iqtidarı da müstəqilliyin möhkəmlənməsi üçün bir iş görmədi, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid edilməsinə səbəb oldu. Həm hakimiyyət hərisliyinin, həm dövlətin idarəedilməsindəki səriştəsizliyin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi. Ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda insanlar ən doğru seçim edərək Heydər Əliyevə üz tutdular. Hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri yalnız bu böyük insan aradan qaldıra bilərdi.
Ölkəyə rəhbərlik edənlər də, müxalifətdə olan qüvvələr də xilas olmaq üçün Heydər Əliyevin Bakıya gəlməsini arzulayırdılar. İflasa uğradıqları ilə barışmalı olan cəbhəçilər vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər.
İlk demokratik və həm də sonuncu növbədənkənar prezident seçkisi
1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıya gəldi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu bir məqamda dahi öndərin gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. İyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi isə parlamentdə təmsil olunan siyasi dairələrin məhz ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi idi. Bununla da, müasir tariximizdə yeni siyasi mərhələnin başlanğıcı qoyuldu.
Milli Məclisin "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında Azərbaycan Respublikası ümumxalq səsverməsinin (referendumunun) keçirilməsi barədə" 29 iyul 1993-cü il tarixli qərarı ilə həmin il avqustun 29-da referendum keçirildi. Seçicilərin 97,5 faizinin Əbülfəz Elçibəyə etimadsızlığı AXC-Müsavat cütlüyünün xalq arasında heç bir dəstəyə malik olmadığını sübut etdi. Bu, həm də 1992-ci ilin iyununda keçirilmiş prezident seçkilənin nəticələrinin saxtalaşdırılması ilə bağlı ehtimalları gücləndirildi.
1993-cü
ilin ortalarında ölkədə cərəyan edən siyasi
proseslər növbədənkənar prezident seçkilərinin
keçirilməsini şərtləndirdi. Xalqın istək və tələbi ilə prezident
seçkilərinə qatılan ulu öndər Heydər
Əliyevin ölkəyə rəhbərlik etməsi hər kəsin
arzusu idi. 1993-cü il sentyabrın 29-da növbədənkənar
prezident seçkiləri ərəfəsində Milli Məclisin
sədri kimi həm də Azərbaycan Prezidentinin səlahiyyətlərini
həyata keçirən Heydər Əliyev öz
proqramını belə bəyan etdi: "Azərbaycan Respublikasında
demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan
Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt
totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan
Respublikasında siyasi plüralizm hökm sürməlidir.
İnsan, söz, din, dil azadlığı -
bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas
məqsədlərimizdən biri, dövlət
orqanlarının, hüquq-mühafizə orqanlarının əsas
vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır.
Biz iqtisadiyyatda köklü islahatlar aparıb,
bazar iqtisadiyyatına keçməliyik. Bizim
borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir,
Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik
prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə
çevirməkdir. Azərbaycan vətəndaşlarının
gələcək həyatını azadlıq, demokratiya yolu
ilə təmin etməkdir. Biz bu yolun
yolçusuyuq, bu yolla da gedəcəyik. Bu
yol xalq yoludur". Bu, həm də Azərbaycan
dövlətçiliyinin yaşayacağına və möhkəmlənəcəyinə
bir əminlik idi.
Beləliklə, 1993-cü ilin oktyabrında müstəqil
Azərbaycanın tarixində ilk demokratik və həm də
sonuncu növbədənkənar prezident seçkisi
keçirildi.
Bu seçki
respublikamız üçün böyük və
tarixi hadisə idi. Çünki XX əsrin
sonlarında yenidən müstəqlliyinə sahib
çıxmış Azərbaycanda ilk dəfə olaraq
xalqın siyasi iradəsi tam ortaya qoyulmuşdu. Səsvermədə
iştirak edən 3 milyon 966 min 327 seçicinin 3 milyon 919 min
923 nəfəri, yaxud səs verənlərin 98,84 faizi Heydər
Əliyevin adı üzərində dayanmışdı. Azərbaycan xalqı özünün dahi oğluna,
görkəmli siyasi və dövlət xadimi Heydər
Əliyevə məhəbbətini və etimadını beləcə
bütün dünyaya nümayiş etdirdi.
Prezidentin səlahiyyət müddətinin
tam başa çatması ilə əlaqədar keçirilən
ilk seçki
Heydər
Əliyevin Prezident seçilməsi Azərbaycanda tamamilə
yeni bir siyasi-ictimai münasibətlər sisteminin bərqərar
edilməsinə, nəhayət, ümumxalq maraqlarının
gerçəkləşməsinə xidmət edən proseslərin
start götürməsinə səbəb oldu, xalqın
özünə inamını, sabaha nikbin
baxışlarını bərpa etdi, dövlətçiliyimizin
əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını
qoydu. Heydər Əliyev xalqın səsinə səs
verməklə ölkədə siyasi və milli-ideoloji birliyin
təməlini qoydu. Dövlət
quruculuğu sahəsində nailiyyətlər, qanunların
aliliyinə söykənən vətəndaş cəmiyyətinin
qurulması, milli iqtisadiyyatın inkişaf yoluna
çıxarılması, ölkəmizin maraqlarına
uyğun yeni neft strategiyasının
reallaşdırılması və sair bu kimi uğurlar Heydər
Əliyev ideyalarının təcəssümü idi.
1995-ci ilin mart hadisələrinin qarşısının
alınması göstərdi ki, Azərbaycanın müstəqilliyinin,
dövlətçiliyinin, milli maraqlarının qorunması və
gücləndirilməsi möhkəm əllərdədir. Digər tərəfdən,
vətəndaşların dövləti və Prezidenti necə
böyük fədakarlıqla müdafiə etdiyi bütün
dünyaya bəyan oldu. Xalqın Prezident ətrafında
birləşməsi isə ona olan böyük inam və
sevgini, monolit birliyi göstərdi. Heydər
Əliyev siyasi kursuna etimadını illər öncəsi
müəyyənləşdirən xalq mart hadisələrində
ulu öndərin ətrafında sıx birləşməklə
bu seçimin əbədiliyini nümayiş etdirdi.
1995-ci ilin mart olaylarından sonra Azərbaycanda hərbi
müxalifət anlayışına birdəfəlik son qoyuldu. Həmin il
Azərbaycan dövləti sabit inkişaf yoluna daxil oldu, yeni
Konstitusiyanın layihəsi hazırlandı, Milli Məclisə
ilk seçkilər keçirildi. Bu gün Azərbaycanın
qarşısında açılan iqtisadi yüksəlişi,
demokratik dünyaya inteqrasiya üfüqlərinin təməlini
o günlər Heydər Əliyev dühasının əzəmətində,
onun ən kritik anlarda nümayiş etdirdiyi qətiyyət və
bacarıqda axtarmaq lazımdır.
Ölkədə siyasi sabitliyin yaranması növbədənkənar
prezident seçkilərinin keçirilməsi praktikasına da
son qoyuldu.
Odur ki, 1998-ci il oktyabrın 14-də
keçirilən və sayca 4-cü olan prezident seçkiləri
Azərbaycan tarixinin ilk siyasi yarışması idi ki, fövqəladə
hadisələr deyil, Prezidentin səlahiyyət müddətinin
başa çatması münasibətilə təşkil
olunurdu. Seçkilərdən əvvəl qələbəyə
əsas favorit kimi göstərilən Heydər Əliyev səslərin
77,6 faizini (2 milyon 556 min 59 səs) toplayaraq inamlı qələbə
qazandı və növbəti 5 il üçün səlahiyyətlərini
icra etdi.
Yeni əsrin ilk seçkisi
Azərbaycanda sayca 5-ci prezident seçkisi 2003-cü ilin
oktyabr ayında keçirildi. Bu, həm də
ölkəmizdə yeni əsrdə keçirilən ilk
seçki kimi tarixə düşdü. Bu
seçki ilə bağlı diqqəti çəkən əsas
məqamlardan biri seçkilərin yeni Seçki Məcəlləsi
ilə keçirilməsi idi. Artıq o
zaman Azərbaycan həm də Avropa Şurasının
tamhüquqlu üzvü idi. Ona görə yeni Seçki
Məcəlləsinin hazırlanması ilə bağlı ilk
növbədə Avropa Şurasının Venesiya
Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosu və Beynəlxalq Seçki Sistemləri
üzrə Fondla (İFES) sıx əməkdaşlıq
münasibətləri quruldu. 2002-ci ilin
ortalarından etibarən bu təşkilatlarla aparılan məsləhətləşmələrdən,
alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi
Milli Məclisin müzakirəsinə təqdim edildi.
2002-ci
ilin dekabrında Azərbaycan hökumətinin, müxalifətin,
beynəlxalq təşkilatların və ictimaiyyətin
nümayəndələrinin iştirakı ilə ATƏT tərəfindən
təşkil olunmuş "dəyirmi masa"larda Seçki Məcəlləsinin
layihəsi ətrafında müzakirələr aparıldı
və televiziya vasitəsilə yayımlanan bu tədbirlər
nəticəsində ictimaiyyət Seçki Məcəlləsinin
layihəsi ilə bağlı məlumatlar əldə etdi. Bütün təkmilləşdirmələrdən
sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında
Milli Məclisdə qəbul edildi və Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanı ilə
qüvvəyə mindi.
Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən,
Seçki Məcəlləsi seçkilər sahəsində
bütün qanunvericilik normalarını özündə əks
etdirib, Avropa standartlarına uyğun tərtib olunub. Sənəd
ölkədə prezident, parlament və bələdiyyə
seçkilərinin, həmçinin referendumun keçirilmə
qaydalarını müəyyənləşdirib. Seçki Məcəlləsi eyni zamanda Mərkəzi
Seçki Komissiyasının, eləcə də dairə və
məntəqə seçki komissiyalarının təsisi və
fəaliyyəti prinsiplərini də özündə əks
etdirib. Əvvəlki qanunlarla müqayisədə
Seçki Məcəlləsi şəffaf və demokratik
seçkilərin keçirilməsi üçün daha
möhkəm hüquqi bazisin yaradılmasına, namizədlərin
qeydiyyatı, seçkilərə hazırlıq və
seçki komissiyalarının formalaşdırılması
mexanizmlərinin təkmilləşdirilməsinə daha şəffaf
imkan yaradıb.
2003-cü
il oktyabrın 15-də azad, demokratik və
şəffaf şəraitdə keçirilmiş sayca 5-ci
prezident seçkiləri Seçki Məcəlləsinin
mütərəqqi və təkmil sənəd olduğunu tam
təsdiqlədi. Azərbaycan Respublikası
prezidentliyinə bütün namizədlərə öz
seçki kampaniyalarını qanunamüvafiq şəkildə
aparmaq üçün lazımi mühit və bərabər
imkanlar yaradıldı. Bununla yanaşı, fəal
seçki kampaniyasının aparılması, seçkilərə
texniki hazırlığın yüksək səviyyədə
təşkili, Mərkəzi Seçki Komissiyası və dairə
seçki komissiyalarının işi müsbət məqamlar
kimi ATƏT, Avropa Şurası və ATƏT parlament
assambleyalarından ibarət Beynəlxalq Seçki
Müşahidəsi Missiyasının seçkilərə
dair rəyində əksini tapdı.
Bütövlükdə 15 oktyabr 2003-cü ildə Azərbaycanda
keçirilmiş prezident seçkiləri xalqın demokratik
seçiminin dönməzliyini və ölkədə
demokratik islahatların davamlılığını bir daha
sübut etdi, demokratik cəmiyyət quruculuğunda
mühüm irəliləyiş oldu. 8 namizədin iştirak etdiyi həmin
seçkidə Yeni Azərbaycan Partiyasının namizədi
İlham Əliyev 76,84 faiz səslə
prezident seçildi.
Seçki sistemi tam təkmilləşdirildi
1993-cü ildən indiyədək keçirilən
bütün seçkilərə, referendumlara, həmçinin
ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə
təyin olunmuş əlavə və təkrar seçkilərə
dair beynəlxalq təşkilatların verdikləri müqayisəli
rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə
seçki praktikası və mədəniyyəti daha da
yüksəlmişdir. Təbii ki, bütün bunların
kökündə Azərbaycan hakimiyyətinin ölkədə
demokratik dəyərlərin möhkəmlənməsi ilə
bağlı qətiyyətli və ardıcıl mövqeyi
dayanır. Bu baxımdan Azərbaycanda 5 il
öncə - 2008-ci ilin oktyabrında keçirilən 6-cı
və hələlik sonuncu olan prezident seçkisi daha təkmil
seçki qanunvericiliyi ilə təşkil olunmuşdu.
2003-cü ildə qəbul olunan
Seçki Məcəlləsinin sonrakı dövrlərdə
daha da təkmilləşdirilməsini nəzərdə
saxlayan Azərbaycan hakimiyyətinin təşəbbüsü
ilə ATƏT DTİHB, habelə AŞ Venesiya Komissiyası
ekspertləri ilə görüşlər keçirildi,
Seçki Məcəlləsinin təkmilləşdirilməsi
istiqamətində geniş müzakirələr
aparıldı. Bu müzakirələrin yekunu kimi 2005-ci ilin
may ayında Seçki Məcəlləsi Milli Məclisin
müzakirəsinə çıxarıldı və sənədin
43 maddəsində əlavə və dəyişikliklər
edildi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il mayın 11-də parlament seçkilərindən
bir qədər əvvəl imzaladığı "Azərbaycan
Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə
dair" sərəncamı ölkəmizdə keçirilən
seçkilərin daha da demokratikliyinin təmin edilməsi
istiqamətində mühüm əhəmiyyət kəsb
etdi. Sərəncamdan sonra seçki praktikasının təkmilləşdirilməsi
sahəsində görülən tədbirlərin səmərəliliyinin
artırılması, Seçki Məcəlləsinin müddəalarının
seçkilərə hazırlıq dövründə və səsvermə
günü tam və şərtsiz həyata keçirilməsi,
vətəndaşların seçki hüquqlarının daha
dolğun təmin edilməsi məqsədilə Azərbaycan
Respublikasının Prezidenti 2005-ci il oktyabrın 25-də
"Milli Məclisə seçkilərin hazırlanması və
keçirilməsi ilə bağlı təxirəsalınmaz
tədbirlər haqqında" növbəti sərəncam
imzaladı.
Cəmiyyətimiz gündən-günə inkişaf
etdiyi, yeni demokratik dəyərləri əxz etdiyi
üçün qanunvericiliyin, o cümlədən seçki
qanunvericiliyinin təkmilləşdirilməsi təbii
sayılmalıdır. Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan
hakimiyyəti hər zaman seçki qanunvericiliyinin təkmilləşdirilməsi
ilə bağlı təşəbbüslərə həssaslıqla
yanaşmışdır. Azərbaycan hakimiyyətinin
Avrora Şurası Venesiya Komissiyası ilə seçki
qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə
apardığı işin yekun nəticəsi olaraq 2008-ci ildə
Milli Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinin
145 maddəsinə 91 əlavə və dəyişikliyin edilməsi
sənədin daha da təkmilləşdirilməsinə xidmət
etdi.
Bütün bunların nəticəsi idi ki, 2008-ci ildə
keçirilən prezident seçkiləri demokratikləşmə
prosesini sürətləndirən bir çox pozitiv yeniliklərlə
yadda qaldı, həmçinin beynəlxalq müşahidəçilər
və təşkilatlar seçkilərin şəffaflığına,
ədalətliliyinə, demokratik prinsiplərə uyğun
keçirilməsinə dair müsbət rəy verdilər. Seçki Məcəlləsinə
edilən əlavə
və dəyişikliklər 2008-ci ilin prezident seçkilərinin
tamamilə azad, ədalətli və obyektiv keçirilməsinə,
vətəndaşların seçki hüququnun etibarlı təminatına
xidmət etdi. Hələlik sonuncu olan bu seçkidə Yeni Azərbaycan
Partiyasının sədri və namizədi İlham Əliyev
səslərin 88,73 faizini (3 milyon 232 min 259 səs) toplayaraq
Prezident seçildi.
7-ci prezident seçkisi
Bu il oktyabrın 9-da Azərbaycanda növbəti -
sayca 7-ci prezident seçkiləri keçiriləcək. Sentyabrın 1-dək 22 iddiaçı prezidentliyə
namizədliklərinin irəli sürülməsinin təsdiq
olunması üçün tələb olunan müvafiq sənədləri
Mərkəzi Seçki Komissiyasına təqdim edib və
onlardan 21-nin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Müraciət edənlərdən 7 nəfər
imza vərəqələrini MSK-ya qaytarmayıb. Bunlar öz təşəbbüsləri ilə
müraciət etmiş İ.Məmmədov, Ə.Oruclu,
İ.Yusifov, E.Həsənov, Q.İsaqov, R.Quliyev və
H.Rüstəmbəylidir. Ə.Orucov,
F.Əliyev, Ə.Əliyev və İ.Məmmədovun namizədliyi
isə qeydə alınmayıb. Beləliklə, 7-ci
seçki marafonunda 10 namizəd iştirak edir: Yeni Azərbaycan
Partiyasının namizədi İlham Əliyev, Ümid
Partiyasının namizədi İqbal Ağazadə, Azərbaycan
Sosial Demokrat Partiyasının namizədi Araz Əlizadə,
Müasir Müsavat Partiyasının namizədi Hafiz
Hacıyev, BAXCP-nin namizədi Qüdrət Həsənquliyev,
öz təşəbüsü ilə namizədliyini irəli
sürmüş Zahid Oruc, Milli Dirçəliş Hərəkatı
Partiyasının namizədi Fərəc Quliyev, Ədalət Partiyasının
namizədi İlyas İsmayılov, "Milli
Şura"nın namizədi Cəmil Həsənli və
ADP-nin namizədi Sərdar Məmmədov. Qeyd edək
ki, bir nəfərin - Rüstəm İbrahimbəyovun həm
Azərbaycan, həm də Rusiya vətəndaşlığını
daşıması Konstitusiya ilə ziddiyyət təşkil
etdiyindən onun namizədliyinin irəli sürülməsi təsdiq
edilməyib.
Seçki prosesinin mühüm mərhələlərindən
biri də seçkiqabağı təşviqat
dövrüdür. Artıq bu mərhələ
başlayıb. Seçkiqabağı təşviqatın
aparılması üçün ayrılmış
açıq və qapalı yerlərin siyahısı MSK tərəfindən
təsdiq olunub, habelə hər bir seçki məntəqəsi
ərazisində 2 ədəd olmaqla ümumilikdə namizədlərin
təbliğat materialları üçün 10000-dən
artıq lövhələr qurulub. Namizədlər
həmin yerlərdən ödənişsiz istifadə etmək
imkanına malikdirlər. Namizədlər həm
də kütləvi informasiya vasitələrində ödənişsiz
və ödənişli təşviqat həyata keçirə
bilərlər. Ödənişli
seçkiqabağı təşviqatda iştirak etmək
üçün 51 KİV (27 qəzet və jurnal, 21 agentlik, 3
TV və radio) MSK-ya məlumat verib. Bununla yanaşı,
"Azərbaycan", "Xalq qəzeti",
"Respublika" və "Bakinski raboçi" qəzetləri
və İctimai radio namizədlərin həm də ödənişsiz
təşviqatına şərait yaradıblar.
Qeyd edək
ki, rəsmi dövlət nəşri olan "Azərbaycan"
qəzeti 9 oktyabr prezident seçkilərinin təbliğat və
təşviqat kampaniyasında fəaliyyətini Azərbaycan
Respublikasının Seçki Məcəlləsinin və Mərkəzi
Seçki Komissiyasının "Azərbaycan Respublikası
Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri
ilə seçkiqabağı təşviqatın
aparılması qaydaları haqqında" Təlimatına əsasən
müəyyənləşdirib və prezidentliyə qeydə
alınmış namizədlər üçün ödənişsiz
əsaslarla təşviqat materiallarına yer ayırıb.
Sentyabrın 17-də "Azərbaycan" qəzetində keçirilmiş püşkatmanın nəticələrinə uyğun olaraq namizədlərin təşviqat materiallarının ödənişsiz əsaslarla dərci prosesi artıq başlayıb. Həftədə 6 dəfə 8 səhifə həcmində nəşr olunan "Azərbaycan" qəzeti hər təşviqat həftəsi üçün 5 səhifəni qeydə alınmış namizədlər üçün bərabər bölüb. Hər bir namizədə həftədə bir dəfə 1000 kv.sm yer ayrılıb. Üç təşviqat həftəsi çərçivəsində təbliğat-təşviqat materialları qəzetin cümə, şənbə və bazar günləri nömrələrində dərc olunacaq. Püşkatmaya əsasən reklam materiallarının dərci ardıcıllığında ədalətlilik və bərabərhüquqluluq tam təmin olunub.
MSK Seçki Məcəlləsinə əsasən hər il olduğu kimi, 2013-cü ildə də yanvar ayından may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesini həyata keçirmişdir. Bu müddət ərzində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri "qapı-qapı" gəzərək öz məntəqələrinin seçici siyahısını dəqiqləşdirmişlər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına və növbəti mərhələdə isə MSK-ya ötürülmüşdür. MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq orada mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram vasitəsilə yoxlayıb və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim etmişdir.
Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdiriləcək. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, respublikadakı seçki məntəqələrində əvvəlki seçkilərdə quraşdırılmış məntəqələrin sayının 2 dəfə artırılaraq 500-dən 1000-ə çatdırılması nəzərdə tutulur.
Hazırda
ölkə üzrə 125 seçki dairəsinin 5273 daimi
seçki məntəqəsi və 219 müvəqqəti
seçki məntəqəsi seçkilərə
hazırdır. Bundan başqa, ölkə xaricində olan
diplomatik nümayəndəliklərdə 38 seçki məntəqəsi
yaradılıb. Seçki məntəqələrində beynəlxalq
və yerli müşahidəçilərin seçkiləri
müşahidə etməsi üçün zəruri şərait
yaradılıb, həmçinin 1113 seçki məntəqəsində
hərəkət məhdudiyyəti olan seçicilər üçün
panduslar quraşdırılıb. Bütün bunlar təsdiq
edir ki, Azərbaycanda qarşıdan gələn növbəti
prezident seçkiləri yüksək səviyyədə, ədalətli,
şəffaf, demokratik keçiriləcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2013.- 27 sentyabr.- S.5.