Qafqaz Müsəlmanları İdarəsinin sədri Astanada bir sıra görüşlər keçirmişdir

 

Astanada dinlə bağlı tədbirlərdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan parlamenti Senatının sədri, dünya və ənənəvi din liderlərinin Qurultayı Katibliyinin rəhbəri Kayrat Mami ilə görüşmüşdür.

Kayrat Mami qonağı salamlamış, din sahəsində əməkdaşlığın inkişafı, dinlərarası dialoqun genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

A.Paşazadə iki dövlət arasında əlaqələrin yaranması və inkişafı istiqamətində ulu öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xüsusi xidmətləri olduğunu bildirmişdir. Şeyxülislam demişdir ki, bu dostluq Azərbaycan Prezidenti İlham Əliyevlə Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir.

A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə çatdırmağı xahiş etmiş, Bakıda keçirilən "Müstəqil Dövlətlər Birliyinin müsəlmanları sülhsabit inkişafın tərəfdarlarıdır" adlı konfransın materiallarından hazırlanmış kitabı Kayrat Mamiyə təqdim etmişdir.

Kayrat Mami konfransın əhəmiyyətindən danışmış, orada iştirak edən Qazaxıstan nümayəndələrinin ümrə ziyarətinə aparılmasına görə təşəkkür etmiş, bundan məmnun olduğunu bildirmişdir.

 

*   *   *

 

Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu ölkənin Din İşləri üzrə Agentliyinin sədri Kayrat Lama Şeriflə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında din işləri sahəsində əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycanın müvafiq qurumlarının nümayəndələri Qazaxıstanda, bu ölkənin dindarları isə Azərbaycanda keçirilən müxtəlif dini tədbirlərdə fəal iştirak edirlər.

Ənənəvi din liderləri qurultayı fondunun yaradılması məsələsinə xüsusi dəyər verən A.Paşazadə və K.L.Şerif vurğulamışlar ki, belə bir fondun yaradılması görüləcək işlərə təkan olardı. Fondun vəsaiti hesabına müxtəlif tədbirlərin təşkil edilməsi, dinin mahiyyətini və mənasını əks etdirən kitabların buraxılması, gənclərin dini tərbiyəsi sahəsində layihələrin həyata keçirilməsi xeyli asanlaşardı.

K.L.Şerif xüsusi veb saytın yaradılması üzərində işlədiklərini bildirərək demişdir ki, saytda Qazaxıstanla yanaşı, Azərbaycan və digər müsəlman ölkələrindən məlumatlar da yer alacaqdır.

Sonda A.Paşazadə Qazaxıstanın dini liderini Azərbaycana səfərə dəvət etmişdir.

 

*   *   *

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Astanadakı Həzrət Sultan məscidində Qazaxıstanın müftisi Erjan Mayamerov ilə görüşmüşdür.

Allahşükür Paşazadə əvvəlcə məscidə baxmış, burada namaz qılmışdır.

Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilmiş, dini sahədə də xoş münasibətlərin mövcudluğu vurğulanmışdır. Birgə konfransların və görüşlərin təşkili sahəsində əlaqələrin genişlənməsi məsələlərinə də diqqət yetirilmişdir.

Həzrət Sultan məscidinin tikintisindən danışan müfti demişdir ki, bu məscidin inşasına 2009-cu ildə başlanılmış, 2012-ci il iyulun 6-da istifadəyə verilmişdir. Məscid klassik İslam üslubunda, qazax milli ornamentlərindən istifadə edilərək tikilmişdir və paytaxtın ən böyük məscididir. Qeyd olunmuşdur ki, məscidin ümumi sahəsi 11 hektardır. Burada eyni vaxtda 10 min mömin namaz qıla bilər.

Söhbətdə Astanada dünya və ənənəvi din liderlərinin qurultaylarının və din sahəsində keçirilən digər tədbirlərin mühüm əhəmiyyət daşıdığı qeyd olunmuş, belə işlərin yüksək səviyyədə təşkili məqsədi ilə fondun yaradılmasının zəruriliyi vurğulanmışdır.

Müfti din sahəsində Bakıda keçirilən tədbirlərin əhəmiyyətini vurğulamış, bu istiqamətdə müxtəlif birgə layihələrin reallaşdırılmasının vacibliyini qeyd etmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAcn xüsusi müxbiri

Astana

Azərbaycan.-2013.- 27 sentyabr.- S.7.