Nyu-Yorkda «Cənub qaz
dəhlizi» Avropanın enerji təhlükəsizliyinin
qarantıdır» mövzusunda Xəzər
Forumunun ikinci sessiyası keçirilmişdir
Sentyabrın 25-də Nyu-Yorkun ən qədim və dəbdəbəli mehmanxanalarından biri olan "Voldorf Astoria"da Xəzər Strateji İnstitutunun (HASEN) təşkilatçılığı ilə "Cənub qaz dəhlizi" Avropanın enerji təhlükəsizliyinin qarantıdır" mövzusunda Xəzər Forumunun ikinci sessiyası keçirilmişdir.
AzərTAc xəbər verir ki, sessiyada Azərbaycan, Türkiyə, Gürcüstan və Yunanıstanın xarici işlər nazirləri, həmçinin ABŞ-ın Beynəlxalq enerji məsələləri üzrə səfiri və Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi iştirak etmişlər.
Məşhur teleaparıcı Çarli Rouzun moderatorluğu ilə keçirilən sessiyada Avropanın enerji təhlükəsizliyi, müvafiq sahənin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunmuşdur.
Tədbirdə çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "Cənub qaz dəhlizi" layihəsinin əhəmiyyətindən danışmışdır. Onun sözlərinə görə, müxtəlif regionların və ölkələrin iqtisadiyyatını birləşdirməklə yanaşı, layihə həm də bölgənin siyasi sabitliyinə də öz töhfəsini verəcəkdir. Regionun iqtisadi inkişafında Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin roluna toxunan Ə.Davudoğlu Türkmənistan və Yaxın Şərq ölkələrinin "Cənub qaz dəhlizi" layihəsinə qoşulma ehtimalından danışmışdır.
Daha sonra çıxış edən Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Xəzər qazının Avropaya ötürülməsində tranzit ölkə kimi Gürcüstanın əsas rol oynadığını diqqətə çatdırmışdır. M.Pancikidze Gürcüstanın daim regionun sülh və sabitliyinə xidmət edən, ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına töhfə verən layihə və təşəbbüsləri dəstəklədiyini qeyd etmişdir.
Tədbirdə çıxış edən Yunanıstan xarici işlər nazirinin müavini Dimitri Kurkulas öz növbəsində layihənin ölkəsinin iqtisadiyyatına və sosial vəziyyətinin inkişafına verəcəyi töhfəni yüksək qiymətləndirmişdir. D.Kurkulas layihənin həyata keçməsi ilə 20 min yeni iş yeri açılacağını vurğulamışdır.
ABŞ-ın Enerji Araşdırmaları Bürosunun Beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Karlos Paskual ABŞ hökumətinin layihəyə göstərdiyi dəstəkdən danışmışdır. O, bir çox ölkələrin iqtisadiyyatının inkişafına təkan verən belə bir əhəmiyyətli layihəni həyata keçirdiyinə görə Azərbaycan hökumətinə öz təşəkkürünü bildirmişdir.
Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi xanım Patrisia Flor çıxışında layihənin həyata keçirilməsi ilə bağlı hələ bir sıra vacib qərarların qəbul olunacağını qeyd etmişdir. P.Flor "Cənub qaz dəhlizi" layihəsinin Avropadakı boru kəmərlərini əlaqələndirəcəyini xüsusi vurğulamışdır.
Sessiyada çıxış edənlər "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə ABŞ hökumətinə təşəkkür etmişlər.
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov da BMT Baş Məclisinin
68-ci sessiyasında iştirakı çərçivəsində
Nyu-Yorkda Xəzər Forumuna qatılmışdır. E.Məmmədyarov
tədbirdə çıxış edərək
iştirakçılara Azərbaycanın enerji
strategiyası haqqında məlumat vermişdir.
Azərbaycan.-2013.- 27 sentyabr.- S.7.