Polşanın dünya şöhrətli beyin mərkəzi Azərbaycan ilə bağlı hesabat yaymışdır

 

Polşanın dünya şöhrətli beyin mərkəzi MISO (Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu) "Azərbaycanın son 10 ildə iqtisadisosial inkişaf dinamikası" adlı hesabat yaymışdır.

AzərTAc xəbər verir ki,  MISO-nun direktoru Mateuş Komorovskinin rəhbərlik etdiyi ekspert qrupu tərəfindən hazırlanmış hesabat sentyabrın 25-də təşkilatın internet səhifəsində dərc edilmişdir.

Hesabatda son 10 il ərzində Azərbaycanda iqtisadisosial vəziyyət ətraflı təhlil edilir, bu sahədəki əsas proseslər və onların inkişaf dinamikasından danışılır.

MISO  vətəndaş cəmiyyəti ideyasının təbliği və bunun analitik əsaslarının  hazırlanması  ilə məşğul olan qeyri-kommersiya, siyasi və ya dini fəaliyyət göstərməyən ictimai birlikdir. İnstitutun fəaliyyət istiqamətlərinə  Avropa inteqrasiyası, beynəlxalq əməkdaşlığın inkişafı, iqtisadi inkişaf və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məsələləri daxildir.

Təşkilatın yaydığı hesabatda bu il Azərbaycanın müstəqilliyinin bərpasının 22-ci ildönümünü qeyd edəcəyi bildirilir. Qeyd edilir ki, bu müddət ərzində, xüsusən də son 10 ildə ölkə əhəmiyyətli inkişaf yolu keçmişdir. MISO analitiklərinin qənaətinə görə, Azərbaycan artıq beynəlxalq arenada fəal siyasət aparan dövlətə çevrilmişdir. Rəsmi Bakı suveren və şaxələndirilmiş xarici siyasət həyata keçirməkdədir. Azərbaycan beynəlxalq ictimaiyyətlə fəal əməkdaşlıq edir və hələ 1999-cu ildə beynəlxalq maliyyə institutlarının təklifi əsasında xam neftin satışından əldə edilən gəlirlərin idarə edilməsi və sosial-iqtisadi islahatlara yönəldilməsini təmin edən xüsusi fond - Dövlət Neft Fondunun yaradılması barədə qərar qəbul etmişdir.

Hesabatda deyilir ki, Azərbaycanın beynəlxalq arenada cəlbediciliyini artıran ən mühüm amillərdən biri onun regionda sabitlik elementi rolunu oynamasından irəli gələn müsbət imicidir. Bundan başqa, analitiklərin diqqətini ölkənin əhəmiyyətli coğrafi mövqedə yerləşməsi, Rusiyanın təsirindən asılı olmaması və təbii resurslarla zənginliyi cəlb etmişdir.

MISO ekspertləri Azərbaycan Prezidentinin dəstəyi ilə yaradılan "ASAN xidmət" mərkəzlərinin əhəmiyyətinə toxunmuşlar. Bu, vətəndaşların sosial tələbatını ödəmək istiqamətində atılan önəmli addım hesab edilmişdir. Hesabatda vurğulanır ki, bu təşəbbüs xüsusi innovasiyadır və digər ölkələr üçün də yaxşı nümunə ola bilər.

Nüfuzlu ekspertlərdən ibarət müəllif qrupu Azərbaycan iqtisadiyyatının təbii resurslardan səmərəli istifadəyə əsaslandığı qənaətinə gəlmişdir. Bu resursların istismarı və istifadəsi ölkədə reallaşdırılan iqtisadi inkişaf proqramlarında diqqətə alınan əsas məsələlərdəndir. Azərbaycanın təsdiq edilmiş neft ehtiyatı 1,6-1,9 milyard tona bərabərdir ki, bu da neft sektorunu ölkə iqtisadiyyatının dominant sahəsinə çevirmişdir. Azərbaycan dünyada ən qədim neft istehsalçılarından biridir  son 10 il ərzində bu resursun istehsalı əhəmiyyətli dərəcədə artmışdır.

Hesabat müəllifləri qeyd edirlər ki, ölkədə xam neft və təbii qazın satışından əldə edilən gəlirlərin istifadəsinə dair əsas sənəd 2004-cü il sentyabrın 2-də  qəbul edilən "Neftqaz gəlirlərindən istifadə edilməsinə dair uzunmüddətli strategiya"dır. Strategiyaya əsasən, əldə edilən gəlirlər infrastrukturun hərtərəfli inkişaf etdirilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması, regionların inkişafı və ölkədə yoxsulluğun azaldılmasına yönəldilir. Eyni zamanda, müxtəlif sosial-iqtisadi islahat proqramlarının reallaşdırılması da təbii sərvətlərin istismarından əldə edilən gəlirə əsaslanır. Belə proqramlar sırasında neft gəlirləri hesabına reallaşdırılan 2004-2008-ci və 2009-2013-cü illər üçün qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramı xüsusilə qeyd edilməlidir.

Hesabatda qeyd edildiyi kimi, Azərbaycandakı sosial-iqtisadi islahatlar ölkənin müstəqilliyinin əldə edildiyi gündən başlamış, lakin onların intensivliyi heç də həmişə eynidaimi olmamışdır. 1995-ci il iqtisadi böhranından sonra beynəlxalq maliyyə institutlarının dəstəyi ilə ciddi iqtisadisiyasi islahatlar həyata keçirilmişdir. Bu islahatlar Azərbaycana böhranın nəticələrini aradan qaldırmağa və 2003-cü ilədək müsbət makroiqtisadi göstəricilərə nail olmağa imkan vermişdir. Makroiqtisadi inkişaf - inflyasiya həddinin aşağı salınması, ümumi daxili məhsulun (ÜDM) artımı və büdcə kəsirinin azaldılması nəticədə sosial inkişafa da ciddi təsir göstərmişdir. Son 10 ildə Azərbaycanda əhalinin sosial müdafiəsinə xərclənmiş vəsaitin həcmi 9 dəfə artmış, təhsil, idman, tibb və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisələr bir neçə dəfə çoxalmış, yoxsulluğun səviyyəsi aşağı düşmüşdür.

MISO analitiklərinin fikrincə, qeyd edilən sosialiqtisadi islahatlar nəticəsində 2003-cü ildən sonra Azərbaycanda makroiqtisadi vəziyyət daha da yaxşılaşmışdır. Ölkənin əsas iqtisadi göstəriciləri deməyə əsas verir ki, son 10 ildə Azərbaycanda əhəmiyyətli iqtisadi inkişaf baş vermişdir.

Azərbaycan 1998-ci ildən bəri MDB üzvləri arasında ÜDM-in ən sürətlə artdığı ölkə statusunu qazanmışdır. Qarşıdakı illərdə ölkədə ÜDM-in daha da artacağı gözlənilir. Proqnozlara əsasən, 2013-cü ildə Azərbaycanda ÜDM-in həcmi 73,54 milyard ABŞ dollarına çatacaq, 2014-cü ildə isə bu göstəricidən 6,7 faiz  daha yüksək olacaqdır. 2003-cü ildə 3700 ABŞ dollarına bərabər olan alıcılıq qabiliyyəti paritetinə əsasən, adambaşına düşən ÜDM 2013-cü ildə 10700 ABŞ dollarına yüksəlmişdir.

Müəlliflər vurğulayırlar ki, BMT-nin İnkişaf Proqramının "İnsan inkişafı indeksi"nə əsasən, Azərbaycan yüksək insan inkişafı ölkələri qrupuna daxildir.

Hesabatda deyilir ki, Azərbaycandakı sosial-iqtisadi inkişafı təhlil edərkən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" xüsusilə qeyd edilməlidir. Azərbaycan bu proqramların istifadəsinə əsaslanan siyasətinə görə bir çox dövlətlərdən fərqlənir. Ölkənin bu sahədəki siyasəti müxtəlif sahələrə aid islahat paketlərinin sinxronlaşdırılması ilə seçilir. Azərbaycan istənilən iqtisadi qanunvericiliyin həyata keçirilməsi zamanı yerli mentalitet, milli xarakteristikaxarici dövlətlərin təcrübəsini nəzərə alır ki, bu da Azərbaycanın siyasi modelinin mühüm xüsusiyyətidir.

Hesabatın son hissəsində müəlliflər Azərbaycanın sosial-iqtisadi yüksəlişinə istiqamətlənmiş tövsiyələr verərək qeyd edirlər ki, mövcud iqtisadisosial inkişaf hazırkı artım tempinin davamlılığına təminat verir.

MISO-nun hesabatının tam mətni ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

 

http://www.miso.org.pl/index.php/dzialalnosc/175-raport-o-rozwoju-spoleczno-gospodarczym-azerbejdzanu

 

http://www.miso.org.pl/images/DOWNLOAD/report_last%2010%20years%20of%20economic%20and%20social%20development%20performance%20of%20azerb

 

Azərbaycan.-2013.- 27 sentyabr.- S.8.