Azərbaycan ilə İtaliya arasında mədəni

sahədə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir

 

Sentyabrın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Roma Opera Teatrının direktoru Katello de Martinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Ə.Qarayev Azərbaycan ilə İtaliya  arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə danışmışdır.

 Nazir mədəniyyət və turizm sahələri üzrə ikitərəfli təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulamışdır.

Bildirilmişdir ki, son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə Romada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Bütün bunlar xalqlarımız arasında mədəni sahədə mövcud olan əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verməkdədir.

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının yenidən əsaslı şəkildə qurulacağını deyən nazir bildirmişdir ki, bu işlər italiyalı mütəxəssislər tərəfindən həyata keçiriləcəkdir.

Bu ilin noyabrında Azərbaycan turizm potensialının nümayiş olunacağını söyləyən nazir son illər ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən uğurlu layihələrdən də söz açmışdır.

Bakıda gördüyü qonaqpərvərliyə görə minnətdarlığını bildirən Roma Opera Teatrının direktoru Katello de Martino təmsil etdiyi mədəniyyət ocağı haqqında geniş məlumat vermişdir.

Qonaq bildirmişdir ki, ölkələr və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində mədəniyyətin rolu çox böyükdür. Mədəniyyət xalqları birləşdirən, yaxınlaşdıran, dostlaşdıran başlıca amillərdəndir. Bu mənada Roma Opera Teatrı da daim əməkdaşlığa xüsusi əhəmiyyət  verir.

Qonaq demişdir ki, Roma Opera Teatrının nəzdində fəaliyyət göstərən uşaq orkestri dünyanın bir çox şəhərlərində iştirak etmişdir. Arzu edərdim ki, onların Bakıda da çıxışları təşkil olunsun.

Görüşün sonunda Roma Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

 

 

Azərbaycan.-2013.- 27 sentyabr.- S.9.