İsraildə Azərbaycan günləri

 

Sentyabrın 24-də İsrailin Kiryat-Ekron şəhərində Azərbaycan günlərinə start verilmişdir. Tədbir Heydər Əliyev Fondunun və STMEQİ Beynəlxalq Dağ Yəhudiləri Fondunun dəstəyi ilə Azərbaycan-İsrail Assosiasiyası ("Azİz") tərəfindən təşkil edilmişdir.

"Azİz" assosiasiyasından AzərTAc-a verilən məlumata görə, assosiasiyanın baş direktoru Lev Spivak Azərbaycan günlərinin açılış mərasimində çıxış etmişdir. O demişdir: "İsraildə Azərbaycan günləri çərçivəsində həm ölkənin mərkəzində, həm də periferiyada yerləşən müxtəlif yaşayış məntəqələrində bir sıra tədbirlər keçiriləcəkdir. İsraildə Azərbaycan günləri keçirilməsinin əsas məqsədi xalqlarımızın daha da yaxınlaşmasına şərait yaratmaq, İsrail vətəndaşlarını Azərbaycanın bənzərsiz mədəniyyəti, respublikanın tarixibugünü ilə tanış etməkdir. Bizim bir vəzifəmiz də yaxın vaxtlarda baş vermiş hadisələr və Dağlıq Qarabağ ətrafında münaqişə barədə həqiqəti bütün İsrailə çatdırmaqdan ibarətdir".

Rəsmi açılış mərasimindən əvvəl qonaqlar Kiryat-Ekron şəhərinin mərkəzi mədəniyyət evinin foyesində təşkil edilmiş "Xocalıya ədalət" adlı səyyar fotosərginin materialları ilə tanış olmuşlar. Bu sərgi onları sözün həqiqi mənasında şoka salmışdır. Qeyd edək ki, son aylar ərzində İsrailin bir sıra şəhərlərində göstərilmiş bu fotosərgi hər dəfə eyni reaksiyaya səbəb olmuşdur. Kiryat-Ekron meri Arik Hadad sərginin onda doğurduğu təəssüratı belə ifadə etmişdir: "Biz hamımız özümüzü yetərincə savadlı və məlumatlı adamlar hesab edirik. Biz hadisələri internet vasitəsilə izləyirik və məlumatlı olmağımıza tam əminik. İndi isə birdən-birə başa düşürsən ki, XX əsr tarixində baş vermiş belə dəhşətli hadisələr barəsində əvvəllər heç nə bilmirsənmiş. Bizi ən çox heyrətləndirən isə odur ki, nədənsə bəziləri həmin hadisələr barəsində susmağı qərara alıbmış. Bu fotoşəkillərə baxarkən ürək ağrısı keçirməmək, Xocalıda törədilmiş mənfur əməllərin qurbanlarının halına acımamaq qeyri-mümkündür. Biz orada baş verənləri bilməli və yadda saxlamalıyıq. Bunu bütün dünya bilməlidir".

Mer Arik Hadad öz çıxışında İsrail ilə Azərbaycan arasında hər iki xalqı zənginləşdirən mədəni əlaqələrin inkişaf etdirilməsinin vacib olmasını da qeyd etmişdir.

"Azİz" assosiasiyasının idarə heyətinin üzvü, politoloq Arye Qut İsraildə Azərbaycan günlərinin açılış mərasimində Xocalı faciəsi haqqında çox emosionaleyni zamanda, informasiya baxımından qeyri-adi dərəcədə dolğun məruzə ilə çıxış etmişdir. Arye Qut demişdir: "Bu faciənin amansız və qəddar səhnələri Azərbaycan xalqının qəlbində sağalmaz bir yara kimi həmişəlik qalacaqdır. Xocalı qırğınını törətmiş erməni faşistləri bir soyuq qış gecəsində 613 nəfəri təhqirlərə məruz qoyaraq işgəncə ilə məhv etmişlər. Bu, bütün bəşəriyyət əleyhinə cinayətdir. Həmin soyqırımının ideoloqları və iştirakçıları olmuş, bu gün Ermənistanda yüksək vəzifələr tutan Serj Sarkisyan, Seyran Ohanyan və başqaları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır".

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın 1918-1920-ci  illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tarixibu hökumətdə yəhudilərin rolu mövzusuna həsr edilmiş məruzəsi də böyük marağa səbəb olmuşdur.

Arye Qutun və Yeganə Salmanın məruzələrində toxunulmuş mövzular, onların qaldırdığı problemlər əslən Qubadan olan B.Abramovanın çıxışında davam etdirilmişdir. B.Abramova vətəndaş müharibəsi dövründə Quba şəhərində baş vermiş faciəli hadisələrə toxunaraq qeyd etmişdir ki, həmin hadisələr zamanı daşnaklar və bolşeviklər tərəfindən törədilmiş qırğının qurbanları arasında azərbaycanlılarla yanaşı yəhudilər də olmuşdur. O, daha sonra qeyd etmişdir ki, azərbaycanlılar yəhudi qonşuları ilə həmişə sülhdostluq şəraitində yaşamışlar. Keçmiş SSRİ-nin digər respublikalarındakı həmqəbilələrindən fərqli olaraq, Azərbaycanın dağ yəhudiləri Azərbaycan mədəniyyətinin daşıyıcıları və sədaqətli pərəstişkarları kimi qalmaqla bərabər, öz bənzərsiz mədəniyyətlərini qoruyub saxlamaqinkişaf etdirmək imkanına malik olmuşlar.

Əslən Qubadan olan daha bir iştirakçının - hazırda İsraildə yaşayan, Azərbaycan dilində şeirlər yazan dağ yəhudisi Satar Aqarunovun çıxışı ondan əvvəlki natiqin sonuncu tezisini bilavasitə təsdiq etmişdir. Aqarunovun şeirlərinin əsas motivlərindən biri Azərbaycana, onun zəngin mənəvi irsinə məhəbbət mövzusudur.

İsraildə Azərbaycan günlərinin ilk axşamı bayram konserti ilə başa çatmışdır. Konsertdə həm əslən Azərbaycandan olan, həm də digər İsrail tamaşaçılarının sevgisini çoxdan qazanmış müğənni Tomer Əliyev və İsrail estradasının gənc ulduzu Orli Abramov iştirak edirdi. Orli Abramov həm ivrit, həm də Azərbaycan dillərində mahnılar ifa etməklə bu iki xalqın musiqi mədəniyyətlərinin yaxınlığını bir daha sübut etdi. Tamaşaçılar Pnina Yaskovun rəhbərlik etdiyi rəqs qrupunun ifasında Azərbaycan xalq rəqslərini də gurultulu alqışlarla qarşılamışlar.

İsraildə Azərbaycan günləri davam edir. "Azİz" assosiasiyasının baş direktoru Lev Spivak bu bayram günlərində israillilərə hələ çox sürprizlər vəd edir.

 

Azərbaycan.-2013.- 27 sentyabr.- S.11.