«YAY!» Qalereyası «Başqa
bir şəhər» sərgisini təqdim edir
Alman filosofu və mühərriri Osvald Şpenqler demişdir ki, şəhər ruh deməkdir. Böyük şəhər "sərbəst ruh" deməkdir. "YARAT!" Müasir İncəsənət Məkanının "YAY!" Qalereyası dərin iftixar hissi ilə "Başqa bir şəhər" mövzusunda sərgini təqdim edir.
"YARAT!" Müasir İncəsənət Məkanından AzərTAc-a bildirmişlər ki, "Başqa bir şəhər" mövzusu xalq rəssamı Hüseyn Haqverdiyev və rəssam Rəşad Ələkbərovun əbədi cavan, heç vaxt yuxuya getməyən, daim yenilənən və dirçələn meqapolis ruhunu yenidən düşünərək hiss etmək cəhdləridir.
Rəssamların nəzərində şəhər çoxşəkillidir: dinamik və tikanlıdır, saxta və eyni zamanda çox dürüstdür, gümrah və insanı sarsıdandır, cəlb edən və mənfurdur. O bizi tənha və sərbəst hala salır, əsəblərimizi cilovlayır, stereotiplərdən və xofdan azad edir, lakin eyni zamanda, yeniləri ilə əvəz edir.
Şəhər binalarının divarlarında kölgələrimiz titrəyir, özümüz isə ciyərlərimizə tüstünü dolduraraq, onun işıq və dumanlarına qovuşuruq.
Meqapolisdə həyatını keçirən rəssamın hissləri kəskinləşir, o, beton plitələrin gözəlliyini görməyi, metal konstruksiyaların romantikasına valeh olmağı öyrənir. Müasir şəhər artıq şəhər divarlarının arxasında gizlənmir, o, şüşə və metaldan tikilmiş ofis binalarının qüllələri ilə seçilir. Şəhər polad kimi bərk əsəb, məhdud məkanların nizamı, mövcudatın dəqiq alqoritmi deməkdir...
Rəşad Ələkbərov elə şəhər mühitinin özünə bənzəyən, metal konstruksiyalardan qurulmuş instalyasiyalar yaratmışdır. Lakin bu instalyasiyalar elə ağlasığmaz, ecazkar tərzdə yığılmışdır ki, onların saldığı kölgələr insan portretlərini təşkil edir. Rəssamın yaradıcılığının nəticələri insanı heyran edir. Onun səbrlə yaratdığı kompozisiyalarının hamısı əslində, soyuq divar üzərində işıq və kölgə ilə şəkil çəkmək cəhdidir...
Hüseyn Haqverdiyevin qrafik işlərində də həmin ciddilik, yekrənglik, xətlərin dəqiqliyi açıq-aşkar nəzərə çarpır və şəhərin boz-qəhvəyi rənglər palitrası ilə həmahəngdir. Hüseyn Haqverdiyevin yaratdığı bütün qrafik işlərdə şəhər, damlarından və mansardlardan görülən yol hərəkəti ilə bağlı fikirləri yaradır. Həmin işlərə diqqətlə baxsaq, gözümüzün önündə sıralara düzülmüş səs-küylü maşın karvanı, yüksəkvoltlu məftillər və parabolik antenalar xanaları ilə bəzədilmiş ala-toran səma peyda olacaqdır. Bu şanaşəkilli mənzillər, onların içində salınmış və özünü nəhəng bir qarışqa yuvasında hiss edən sakinlərin şəhəridir. Bu şəhər uğuldayır və əsir, həyəcanlı həftə içi günlər və kədərli oyanışlarla doludur. Tozlu dalanlarda məqsədsiz gəzintilər və siqaret tüstüsü bu şəhəri xarakterizə edir.
Lakin fransız filosofu Jil Delenin dediyinə görə, hər bir şəhərin içində hər zaman başqa bir şəhər var. Müasir sərt və müvəffəqiyyətli insanlara məxsus böyük ümidlər və məyusluq - şəhərlərin içində sirli bir şəhər mövcuddur.
Dərin psixoloji təsirə malik Rəşad Ələkbərovun işlərinə nəzər yetirdikdə bunu yəqin anlamış oluruq. Kölgə və işıq oyunu ətraf dünyanın xəyali olması hissini doğurur. Kabus şəhəri və orada yaşayan əcaib məxluqat gecə peyda olur və yalnız dan yeri sökülərkən qeybə çəkilirlər. Rəssamın yaratdığı əsərlər çox zərifdir və yalnız qaranlıq otaqlarda gözə görünür. Müəllifin hökmü ilə dünyaya göz açan portretlər xatirələr pərdəsini yortan, çoxdan unudulmuş keçmişin surətləri rolunu ifa edirlər.
Hüseyn Haqverdiyev 2003-cü ildən etibarən xalq rəssamı fəxri adını daşıyır. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin (1975) və V.Muxina adına Sankt-Peterburq Akademiyasının (1980) məzunudur. Rəssam müxtəlif vəsaitlərlə və müxtəlif janrlarda, o cümlədən heykəltəraşlıq, rəngkarlıq, şəkil, monumental incəsənət sahələrində işləyir, yaratdığı işlərdə əsasən irihəcmli formalara üstünlük verir. O, Bakı Kafedral Kilsəsində yerləşdirilən Müqəddəs Məryəm heykəlinin, habelə Səngəçal terminalında epik məzmunlu mozaik pannonun müəllifidir.
Rəşad Ələkbərov 1979-cu ildə dünyaya göz
açmışdır. 2001-ci ildə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetini tətbiqi incəsənət
ixtisası üzrə bitirmişdir. Kölgə və işıq oyununun
məharətli istifadəsi ciddi tarixi və mədəni mövzularla
qovuşan əsərlər Rəşad
Ələkbərova şöhrət qazandırmışdır.
2012-ci ildə Rəşad Ələkbərov Birləşmiş
Ərəb Əmirliklərinin Şarja
şəhərində keçirilən İslam
incəsənəti festivalında iştirak
etmişdir. Onun ərsəyə
gətirdiyi işlər iki dəfə
Beynəlxalq Venesiya Biennalesində - 2007-ci
ildə Azərbaycanın rəsmi pavilyonunda
və 2013-cü ilin yaz
mövsümündə "Love me Love me
not" sərgisi çərçivəsində
"YARAT!" pavilyonunda nümayiş
etdirilmişdir.
Azərbaycan.-2013.- 27 sentyabr.- S.12.