2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində «Proqnoz» Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzinin «exit-poll» keçirmək üçün qeydə alınması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 32/185

 

 

"Proqnoz" Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində "exit-poll" keçirmək niyyətində olduğunu bildirib, bu məqsədlə qeydə alınmasını xahiş etmişdir. Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə 19 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuşdur.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları" ilə "exit-poll" keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Təqdim edilmiş  sənədlər həmin Qaydaların tələblərinə cavab verdiyindən "Proqnoz" Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzinin akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.

Bu Qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən "exit-poll" keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və göstərilən Təlimatın 1-ci və 2.3-cü bəndlərinə əsasən  qərara alır:

1. "Proqnoz" Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

27.09.13

Azərbaycan.-2013.- 28 sentyabr.- S.4.