2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Elman Volodya oğlu Fəttahın 26 sentyabr 2013-cü il tarixli 08 saylı müraciətinə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 32/191

 

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Elman Volodya oğlu Fəttah 2013-cü il sentyabrın 26-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, sentyabrın 23-də qanunla nəzərdə tutulmuş ödənişli efir vaxtı üçün İctimai TeleviziyaRadio Yayımları Şirkətinə (İTRYŞ) müraciət etdiklərini, lakin onları heç kimin qəbul etməməsini və Füzuli müəllim adlı əməkdaşın buraxılış məntəqəsinə zəng edərək onlarla telefonla danışdıqdan sonra müxtəlif bəhanələrlə bir saat yarım onları gözlətdiyini, sonradan, vaxtı bitənə yaxın zəng edərək kommersiya şöbəsi rəisinin "hədsiz vacib şəxslərlə" görüşdə olması səbəbindən sonrakı gün onunla görüşün mümkünlüyünü bildirməsini, sonrakı gün - 24 sentyabrda yenidən İTRYŞ-in inzibati binasına gedərək Cəmil Həsənlinin nümayəndəsi kimi ödənişli efir vaxtı üçün müqavilə bağlamaq niyyətində olduqlarını bildirməsini, İTRYŞ-in direktor müavini Əliabbas adlı şəxsin onları qəbul edərək müraciət vaxtının bitməsini deməklə onları bu imkandan qanunsuz məhrum etdiklərini göstərib, İTRYŞ-in seçki ilə bağlı bu qanunsuz davranışının araşdırılmasını və prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənlinin ödənişli efir vaxtından istifadə hüququnun təmin edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən ərizəçinin iştirakı ilə araşdırılaraq mümkün sübutlar toplanılaraq həmin müraciətə dair müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma nəticəsində ərizəçinin ödənişli efir vaxtının verilməsi ilə bağlı İTRYŞ-ə qanunla müəyyən olunmuş müddətdə müraciət etməsi təsdiq edilmədiyindən, həmin müddətin axımının başa çatması səbəbindən İTRYŞ-in öhdəliklərinə xitam verildiyindən və vaxtın digər tərəfdaşlara satılması barədə başqa xarakterli müqavilə öhdəliyi yarandığından müraciət əsassız hesab edilməli və təmin edilməməlidir.

Belə ki, İTRYŞ-in 27 sentyabr 2013-cü il tarixli, 1/01-101 saylı məktubundan görünür ki, qeydə alınmış namizədlərdən heç biri ödənişli efir vaxtı ilə bağlı müraciət etməmişdir. Məktubda qeyd edilir ki, 09 oktyabr 2013-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində qeydə alınmış namizədlərin ödənişli əsaslarla təşviqatı üçün İTRYŞ-də ayrılmış efir vaxtı və şərtlər ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddətdə İTRYŞ tərəfindən Mərkəzi Seçki Komissiyasına məktub göndərilmiş və ictimaiyyətə əlavə məlumat verilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq ehtiyatda əlavə efir vaxtı saxlanmışdır. Seçki Məcəlləsinin 81.4-cü maddəsinə görə, seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda saxlanan əlavə efir vaxtı ilə əlaqədar Məcəllənin 80.4-cü maddəsində göstərildiyi kimi ödənişli təşviqatdan istifadəyə hüququ olan subyektlər Şirkətə seçkiqabağı təşviqat başlanmasından sonra bir həftə müddətində müraciət etməli və püşkatma keçirilməli idi. Lakin 23 sentyabr 2013-cü ildə həmin müddət bitmiş, heç bir təşviqat subyekti tərəfindən İTRYŞ-ə rəsmi müraciət daxil olmamışdır. Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq ödənişli təşviqat üçün ehtiyatda saxlanmış vaxtla bağlı hüququ olan heç bir subyekt tərəfindən müraciət daxil olmamasını nəzərə alaraq həmin vaxtın yeni tərəfdaşlara satılması barədə İTRYŞ müqavilə öhdəliyi götürmüşdür.

İTRYŞ-in 27 sentyabr 2013-cü il tarixli, 1/01-102 saylı məktubundan görünür ki, qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Elman Fəttah və digərlərinin 23 sentyabr 2013-cü il tarixində İTRYŞ-də olmaları barədə buraxılış məntəqəsində heç bir məlumat yoxdur. Bundan əlavə, müşahidə kamerasında adıçəkilən şəxslərin İTRYŞ-in buraxılış bürosunda olmaları qeydə alınmamışdır.

İTRYŞ-in Analitik Proqramlar Departamentinin direktoru Füzuli İsmayılovun izahatından görünür ki, o, 23 sentyabr 2013-cü il tarixdə ödənişli əsaslarla təşviqat üçün efir vaxtı ayrılması ilə əlaqədar heç kimlə, heç bir telefon danışığı aparmamışdır.

Ərizəçinin ödənişli efir vaxtının verilməsi ilə bağlı İTRYŞ-ə qanunla müəyyən olunmuş müddətdə və qaydada müraciət etməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.

Seçki Məcəlləsinin 75.2-ci maddəsində göstərilir ki, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.  Seçki Məcəlləsinin 80.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 75-ci maddəsində göstərilən müddət başlandıqdan sonra bir həftə müddətində, qeydə alınmış namizədlər siyasi partiyalar, siyasi partiyaların blokları arasında onların verdikləri ərizə əsasında, Seçki Məcəlləsinin 80.7-ci maddəsinə uyğun olaraq ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilir.

Seçki Məcəlləsinin 81.4.-cü maddəsinin tələblərinə görə isə bu Məcəllənin 81.2-ci maddəsində göstərilən ödənişli əsaslarla efir vaxtı teleradio verilişləri təşkilatları tərəfindən bu Məcəllənin 80.4-cü maddəsində göstərilən müddətdə təqdim edilməlidir. Seçkiqabağı təşviqat materiallarının efirə çıxarılması vaxtı və tarixi namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, səlahiyyətli nümayəndələrinin verdikləri müvafiq bildiriş əsasında onların iştirakı ilə keçirilən püşkatma nəticəsində teleradio verilişləri təşkilatları tərəfindən müəyyənləşdirilir. Püşkatma Seçki Məcəlləsinin 80.4-cü maddəsində müəyyənləşdirilmiş müddətdə keçirilməlidir. Efir vaxtı püşkatma keçirildikdən sonra bağlanmış müqavilə əsasında təqdim edilir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə  əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi qeydə alınmış Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Elman Volodya oğlu Fəttahın 26 sentyabr 2013-cü il tarixli 08 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

27.09.13

Azərbaycan.-2013.- 28 sentyabr.- S.5.