«Qadın və inkişaf» mövzusunda konfrans keçirilmişdir

 

Sentyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında "Qadın və inkişaf" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfrans AMEA ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirmişdir ki, konfransın məqsədi cəmiyyətin sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafında qadınların iştirakı və rolunun müxtəlif aspektlərini müzakirə etmək, bu istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparmaqdır.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynovanın "Qadın və inkişaf" mövzusunda məruzəsi dinlənilmişdir. O, cəmiyyətin bütün sahələrində qadınların rolunu xüsusi vurğulamış, ölkəmizin ictimai-siyasi həyatında xidmətlərindən və uğurlarından söhbət açmış, Azərbaycan dövlətçiliyinin formalaşmasında onların fəaliyyətindən danışmışdır. Qeyd etmişdir ki, tarixən cəmiyyətin tərəqqisində yüksək fəallıq nümayiş etdirmiş Azərbaycan qadınları bu gün də ölkənin bütün sahələrinin inkişafında yaxından iştirak edir, bu proseslərə layiqli töhfələrini verirlər. Müasir dövrümüzdə Azərbaycan qadını milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq ölkənin tərəqqisində, intellektual potensialın artırılmasında mühüm xidmətlər göstərmişdir. Dinamik inkişaf yolunda olan respublikamızda sosial, iqtisadi, siyasi, elm və təhsil, ekologiya, mədəniyyət, turizm və digər sahələrdə çalışan qadınlarımızın tərəqqisinin əldə olunması, dövlətlərarası, mədəniyyətlərarası dialoqların qurulması, mənəvi-intellektual dəyərlərin qorunması və təbliğində Azərbaycanın zərif qadınlarının əvəzsiz rolu olmuşdur.

H.Hüseynova Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir. Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolunu və fəaliyyətini çox yüksək qiymətləndirmiş, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə geniş təmsil olunmalarına müstəsna əhəmiyyət vermişdir. Elə bu siyasətin nəticəsi olaraq hazırda qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Komitə sədri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban  Əliyevanın çoxşaxəli fəaliyyəti ilə beynəlxalq aləmdə ölkəmizin və qadınlarımızın nüfuzunu daha da yüksəkliklərə qaldırdığını qeyd etmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, uşaq müəssisələrinin şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr humanizm prinsiplərinə söykənir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2010-cu ilin noyabrında qəbul edilmiş "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun bu problemin həllində mühüm addımdır.

H.Hüseynova Azərbaycan qadınlarının hüquqlarının qorunması istiqamətində rəhbərlik etdiyi qurumun fəaliyyətindən də söhbət açmışdır.

Azərbaycanın bütün bölgələrindən qadınlarımızın çoxsaylı müraciətlərində seçkilərdə fəal iştirakın vacibliyinin vurğulandığını qeyd edən Hicran Hüseynova demişdir ki, bizim əsas vəzifəmiz qarşıdan gələn seçkilərdə seçicilərin yarıdan çoxunu təşkil edən qadınlarımızın fəal iştirakına nail olmaqdır.

Akademik Akif Əlizadə "Qadınlar dövlətin, dövlətçiliyin, müstəqilliyin dayağıdır" mövzusundakı məruzəsində cəmiyyətimizdə hər zaman yüksək mövqeyə sahib olan Azərbaycan qadınının bütün tarixi dövrlərdə sosial həyatın fəal üzvü olduğunu  qeyd etmişdir.

Respublikamız müstəqilliyini bərpa etdikdən sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir.

Qadınlarımızın elm sahəsində fəaliyyəti, əldə etdikləri nailiyyətlərdən danışan A.Əlizadə hazırda mühüm islahatların aparıldığı akademiyada qadın alimlərimizin elmin bütün sahələri üzrə böyük uğurlar qazandıqlarını qeyd etmişdir. O, hazırda respublika üzrə elmi işçilərin 53,6 faizini qadınların təşkil etdiyini söyləmiş, akademiyanın 7 elmi-tədqiqat müəssisəsinə  qadınların rəhbərlik etdiyini nəzərə çarpdırmışdır. AMEA-da doktorantların 50 faizini gənc xanımlar təşkil edir.

A.Əlizadə Azərbaycan elminin layiqli təmsilçisi olan qadın alimlərimizin cəmiyyətin intellektual inkişaf modelinə əsaslanan tərəqqisində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə etmişdir.

Sonra AMEA-nın müxbir üzvü, Botanika İnstitutunun şöbə müdiri İradə Hüseynovanın "Azərbaycanda elmin inkişafında qadınların rolu", AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadənin "Müasir Azərbaycanda gender siyasəti" və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlillinin "Milli mənəvi dəyərlərimizin qorunması və inkişafında qadınların rolu" mövzularında məruzələri dinlənilmişdir.

 

Azərbaycan.-2013.- 28 sentyabr.- S.10.