Azərbaycanda Dünya Turizm Günü geniş qeyd edilmişdir

 

Azərbaycanda 27 sentyabr - Dünya Turizm Günü geniş qeyd olunmuşdur.

Bu münasibətlə sentyabrın 27-də "Fairmont Baku" mehmanxanasında aidiyyəti dövlət qurumlarının, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin, həmçinin turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə Dünya Turizm Gününə həsr olunmuş konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin turizm sektorunun nümayəndələrinə ünvanladığı müraciət səsləndirilmişdir.

 Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son illər ölkəmizdə turizm sahəsində görülmüş işlərdən, əldə olunmuş uğurlardan söz açmışdır.

Təsadüfi deyil ki, 1979-cu ildən başlayaraq BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən 27 sentyabr - Dünya Turizm Günü kimi təsis olunmuşdur. Bayramın məqsədi turizmin təbliği, onun dünya iqtisadiyyatının inkişafına təsiri barədə maarifləndirmə, müxtəlif ölkələr arasında əlaqələrin inkişaf etdirilməsidir. Ənənəyə uyğun olaraq hər il bu əlamətdar gün münasibətilə BMT-nin baş katibi dünya ictimaiyyətinə müraciət edir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə turizmin inkişafına xüsusi diqqət yetirilməyə başlanılmışdır. XX əsrin 90-cı illərinin sonunda turizmin inkişaf meyilləri ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdır.

Bildirilmişdir ki, dünya turizm məkanına uğurla inteqrasiya olunan, bu sahədə beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan cari ilin avqustunda daha bir nailiyyətə imza atmışdır. Afrikanın ZambiyaZimbabve respublikalarının birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) XX Baş Assambleyasında Azərbaycan qurumun İcraiyyə Şurasının üzvü seçilmişdir. Buya digər uğurlarımız Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində beynəlxalq əməkdaşlığının daha da inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda turizmin inkişaf konsepsiyası beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir və dəstəklənir. Bu ilin altı ayı ərzində əldə olunmuş statistik göstəricilər deməyə əsas verir ki, ötən illə müqayisədə turistlərin Azərbaycana səfəri 9,4 faiz artmışdır. Yəni, yarım il müddətində 1 milyon 196 min turist qəbul etmişik. 2001-ci ildə isə bu rəqəm 436 min idi. Bu fakt Azərbaycanda turizmin inkişafının əyani sübutudur.

Nazir vurğulamışdır ki, bu yay mövsümündə 516 oteldə monitorinq aparılmışdır. Monitorinq zamanı aşkar edilmiş ciddi qanun pozuntuları nəticəsində 4 otelin lisenziyası ləğv olunmuş, 40 otelə isə rəsmi xəbərdarlıq edilmişdir. Digər otellərin bundan düzgün nəticə çıxaracağına ümidvar olduğunu söyləyən Ə.Qarayev  vurğulamışdır ki, Azərbaycanın turizm sektorunda peşəkarlar fəaliyyət göstərməlidirlər.

Tədbirdə çıxış edən nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev cari ilin 9 ayı ərzində ölkəmizdə turizm sahəsində görülmüş işlərdən söz açmışdır. O, turizm sahəsində əldə edilmiş nailiyyətlərdən, ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakından, turizm obyektlərində aparılmış monitorinqlərin nəticələrindən və qarşıda duran vəzifələrdən danışmışdır.

Tədbirdə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və başqaları çıxış edərək turizm sektorunda çalışanları əlamətdar gün münasibətilə təbrik etmişlər.

Mərasim çərçivəsində son 10 ildə ölkədə turizmə göstərilən dövlət qayğısından bəhs edən "Azerbaijan review" jurnalının təqdimatı, Avropa İttifaqının "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi" adlı Tvinninq layihəsinin "Nailiyyətlər və perspektivlər" mövzusunda təqdimatı keçirilmişdir.

Bütün bunlardan əlavə, bu sahədə fərqlənənlərə "Fəxri turizm işçisi" döş nişanı və fəxri fərmanlar, həmçinin Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən həyata keçirilən "IV milli turizm" layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim edilmişdir.

 

Azərbaycan.-2013.- 28 sentyabr.- S.10.