Bakıda «Nifrət nitqinə yox hərəkatı» Beynəlxalq forumu keçirilir

 

Sentyabrın 27-də Bakıdakı "Four Season" mehmanxanasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Nifrət nitqinə yox hərəkatı" ("No hate speech movement") Beynəlxalq forumu öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə keçirilən forum Avropa Şurasının "Nifrət nitqinə yox" kampaniyası çərçivəsində reallaşmışdır.

Forumun açılış mərasimində Azərbaycanın hökumət rəsmiləri, Milli Məclisin deputatları, bir çox yerli və Beynəlxalq təşkilatların nümayəndələri, eləcə də Avropa Şurasının ekspertləri və milli əlaqələndiriciləri iştirak etmişlər.

Mərasimdə çıxış edən ARGTMŞ-nin sədri Şahin Seyidzadə qeyd etmişdir ki, "Nifrət nitqinə yox" kampaniyası Avropa Şurası tərəfindən gənclər sektorunda 2012-2014-cü illər üzrə irəli sürülmüş prioritet təşəbbüsdür. Azərbaycan bu kampaniyaya ARGTMŞ-nin təmsilçiliyi ilə 2013-cü ilin aprel ayından etibarən qoşulmuşdur. Ölkəmizdə kampaniya çərçivəsində Beynəlxalq Gənclər Gününə həsr olunmuş "Gənclər həftəsi", "Nifrət nitqinə yox hərəkatı" fotosərgisi və bir sıra müxtəlif tədbirlər keçirilmişdir.

Diqqətə çatdırılmışdır ki, ARGTMŞ bu ilin aprel ayından etibarən Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilmişdir. Milli Şuranın sədri demişdir ki, Avropa Şurasının "Nifrət nitqinə yox" kampaniyası çərçivəsində forumun ilk dəfə Bakıda keçirilməsi bizdə qürur doğurur.

Bildirilmişdir ki, forumun əsas məqsədi ölkəmizdə "Nifrət nitqinə yox"  kampaniyasının uğurla həyata keçirilməsini və inkişafını dəstəkləmək, Avropa Şurası ilə Azərbaycan, eləcə də Avropa ölkələrinin milli əlaqələndiriciləri arasında əməkdaşlığı gücləndirməkdir.

Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında  Azərbaycanda əhalinin 66 faizinin 35 yaşına qədər gənclər təşkil etdiyini bildirmişdir. Qeyd etmişdir ki, forumun Bakıda keçirilməsi Azərbaycan gənclərinin fəallıqlarını, Avropaya inteqrasiya istiqamətində mühüm addımlar atdıqlarını və dünyanın problemləri ilə yaşadıqlarını təsdiq edir.

Nazir vurğulamışdır ki, tolerant bir ölkə olan Azərbaycanda belə bir kampaniyanın keçirilməsi yaxşı töhfələr verə bilər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov demişdir: "Azərbaycan bir çox cəhətdən nadir ölkədir. Bu gözəl diyar Qərblə Şərqin qovuşuğunda, Avropa ilə Asiyanın arasında yerləşir. Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan çoxdinli və çoxmillətli ölkədir. Azərbaycanda müsəlmanlar, katoliklər, pravoslavlar və digər dinlərin nümayəndələri, eləcə də 70-dən çox etnik qrup dinc və mehribanlıq şəraitində yaşayır".

Azərbaycanın qədim dövlətçilik ənənələri olduğunu bildirən T.Süleymanov demişdir ki, bu ölkənin tarixində heç vaxt milli və dini zəmində qarşıdurma baş verməmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurum tərəfindən indiyədək  gənclərin  630 layihəsinə yardım göstərildiyini demişdir. Qeyd etmişdir ki, fond yaradılarkən Avropa Gənclər Fondunun təcrübəsi əsas götürülmüşdür.

Avropa Şurasının Təhsil və Təlim Komitəsinin sədri Rui Gomes isə kampaniyaya dəstək verdiyi üçün Azərbaycan dövlətinə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, bugünkü forum Azərbaycanda dövlət ilə vətəndaş cəmiyyəti arasında sıx ünsiyyət olduğunu göstərir.

 Rui Gomes forumun Avropada həmrəylik yarada biləcəyinə və digər ölkələr üçün nümunə olacağına əminliyini bildirmişdir.

Forum panel sessiyalarında işini davam etdirmişdir. Tədbirin yekununda isə keçirilən görüşlərin nəticələrinin müzakirə edilməsi, gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi ölkələr arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulmuşdur.

Beynəlxalq forum sentyabrın 28-də başa çatacaqdır.

 

Azərbaycan.-2013.- 28 sentyabr.- S.10.