Moskvada «Yeddi gözəl» tamaşası nümayiş etdirilmişdir

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Rusiya Dövlət Akademik Kiçik Teatrının səhnəsində Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı nümayiş etdirmişdir.

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Nigar Axundova tamaşadan əvvəl səfir Polad Bülbüloğlunun adından ölkəmizin ən sevilən mədəniyyət ocaqlarından birinin kollektivinin Rusiya səhnəsində çıxış etməsinə şərait yaradan hər kəsə, o cümlədən hər iki dövlətin müvafiq dövlət qurumlarına, Rusiya Dövlət Akademik Kiçik Teatrının rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Qeyd etmişdir ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı Bakıda həm də rus mədəniyyəti və rus dili mərkəzi rolunu oynayır.  Onun səhnəsində Faina RanevskayaMixail Jarov kimi məşhur rus aktyorları öz ifaları ilə tamaşaçıları sevindirmişlər.

Rusiya Dövlət Akademik Kiçik Teatrının baş direktoru Tamara Mixaylova Kiçik Teatrın kollektivinin Bakıya qastrol səfərindən danışmışdır. O demişdir: "Bu ilin mayında Bakıda qastrol səfərində olduq. Bakı tamaşaçıları bizi böyük hərarətlə qarşıladılar. Biz də həmin qonaqpərvərliyə layiqincə cavab verməyə çalışırıq".

Dahi Nizaminin 870 illik yubileyinə həsr olunmuş "Yeddi gözəl" tamaşasının rejissoru Yonas Vaytkus (Litva), quruluşçu rəssamı Arturas Şimonisdir (Litva).

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.- 28 sentyabr.- S.12.