Şabran rayonu ərazisində inşa
olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik
Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının
açılışı olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyev açılış mərasimində
iştirak etmişdir
Sentyabrın 28-də Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Azərbaycanın müstəqilliyinin
ilk illərində meliorasiya və irriqasiya sistemi bərbad vəziyyətə
düşmüşdü. Ulu öndər Heydər Əliyev
ilk xarici sərmayəni bu sahəyə yönəltməklə
həmin kompleksin beynəlxalq standartlar səviyyəsində
yenidən qurulmasına start vermişdir. Samur-Abşeron suvarma
sisteminin yenidən qurulmasına da kəskin ehtiyac duyulurdu. Tezliklə bu layihə
çərçivəsində Azərbaycan-Rusiya sərhədində
yerləşən, Samur çayı üzərindəki
Baş Hidroqovşaq, Baş Suqəbuledici və
Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı
təmir edilmiş, həmçinin ən müasir standartlara
cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası
beton kanallar inşa olunmuşdur.
2007-ci ildə isə Taxtakörpü su anbarı,
Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü
və Taxtakörpü-Ceyranbatan kanallarının
inşasına başlanmışdır. "Meliorasiya
və Su Təsərrüfatı" ASC-nin sifarişçisi
olduğu həmin layihəni "Azərkörpü" -
indi Avropa-Asiya İnşaat Korporasiyası "Yevraskon"
Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik
etdiyi konsorsium həyata keçirmişdir. Cəmi bir
neçə il ərzində Vəlvələçaydan
Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb
relyefi ilə seçilən ərazidə böyük həcmdə
işlər görülmüşdür. İlk növbədə
Vəlvələçay-Taxtakörpü kanalının təxminən
11 kilometrlik hissəsi istismara hazır olmuş, 2011-ci il avqustun 15-də rəsmi
açılış mərasimi keçirilmişdir. Vəlvələçay-Taxtakörpü
kanalının tikintisinin ilk mərhələsi İslam
İnkişaf Bankının vəsaiti hesabına
aparılmışdır. Ən müasir
inşaat işlərində olduğu kimi, burada da kanalın
beton üzlüyü xüsusi betondöşəyən
maşınlar vasitəsilə qoyulmuşdur.
2013-cü
il iyulun 19-da isə 34 kilometr uzunluğunda
Vəlvələçay-Taxtakörpü kanalının
ikinci hissəsinin istismara buraxılması və
Taxtakörpü su anbarına suyun verilməsinə
başlanması münasibətilə növbəti rəsmi mərasim
keçirilmişdir. Vəlvələçay-Taxtakörpü
kanalının ikinci hissəsi və onun sutullayıcı
qurğusu Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti
hesabına inşa edilmişdir. Olduqca
çətin və mürəkkəb relyefli ərazilərdən
keçən bu kanal üzərində 57 mükəmməl
hidrotexniki qurğu quraşdırılmışdır. Samur çayından götürülən su öz
axarı ilə Vəlvələçay-Taxtakörpü
kanalı ilə Taxtakörpü su anbarına
ötürülür.
"Meliorasiya
və Su Təsərrüfatı" Açıq Səhmdar
Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Azərbaycan
Prezidentinə və xanımına bu irimiqyaslı layihə
üzrə aparılan işlər və mühüm
hidrotexniki qurğular barədə ətraflı məlumat verdi.
Qeyd edildi ki, dövlət başçısının
tapşırığına uyğun olaraq su anbarı və
su elektrik stansiyası Azərbaycan Respublikası Dövlət
Neft Fondundan ayrılan vəsait hesabına tikilmişdir. Taxtakörpü su
anbarının sahəsi 8,71 kvadratkilometrdir.
Bu qurğunun ümumi su tutumu isə 270 milyon
kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd
olan bu hidrotexniki qurğunun dibdən eni 754,
hündürlüyü 142,5 metrdir. Bu, nəinki regionda, o cümlədən Avropada ən
hündür torpaq bəndlərdən biridir. Buradakı
qəza sutullayıcının uzunluğu 891, suqəbuledici
qurğunun uzunluğu 43,6, enerji tunelinin
uzunluğu isə 543 metrdir. Qapı
şaxtası 56 metr dərinlikdədir. Burada
müasir işıqlandırma sistemi
quraşdırılmış, ərazidəki yollara asfalt
döşənmişdir. Bakı-Rusiya
Federasiyası dövlət sərhədi magistral avtomobil
yolundan Taxtakörpü su anbarına ayrılan yol boyunca, həmçinin
bütün ərazidə böyük həcmdə abadlıq
və yaşıllaşdırma işləri həyata
keçirilmişdir. Təkcə
Taxtakörpü su anbarının bəndinin gövdəsində
23 milyon kubmetrdən çox torpaq işi
görülmüşdür. Ümumilikdə
Taxtakörpü su anbarı, Vəlvələçay-Taxtakörpü
və Taxtakörpü-Ceyranbatan kanallarının
inşasında 86 milyon kubmetrdən çox torpaq, 817 min
kubmetr dəmir-beton, eləcə də 62,7 min ton metal və
armatur işləri yerinə yetirilmişdir. Tikintinin
gur vaxtında burada mindən çox fəhlə və
mütəxəssis çalışmışdır.
Bildirildi
ki, Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə
tutulan digər tədbirlərin də
reallaşdırılması nəticəsində şimal
bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin
su təminatı yaxşılaşdırılacaq və 31 min
hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcəkdir.
Bu layihə respublikanın şimal zonasında
ekoloji tarazlığın təmin edilməsinə də
böyük töhfədir. Bütövlükdə Samur-Abşeron
suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə
reallaşdırılacaqdır.
Prezident İlham Əliyev və Mehriban xanım
Əliyeva bəndin üzərində xatirə şəkli
çəkdirdilər.
Taxtakörpü su anbarında görülən işlərlə
tanışlıqdan sonra dövlət başçısı
və xanımı Taxtakörpü Su Elektrik Stansiyası və
Taxtakörpü-Ceyranbatan su kanalının
açılışında iştirak etdilər.
Taxtakörpü Su Elektrik Stansiyasının da ərazisində
geniş abadlıq və yaşıllaşdırma işləri
aparılmışdır.
Dövlət başçısı İlham Əliyevə
energetika qurğusu barədə məlumat verildi. Qeyd olundu ki, ən
müasir standartlara cavab verən su elektrik stansiyasında
ümumi gücü 25 meqavat olan üç hidroaqreqat
quraşdırılmışdır. Stansiyada
sərfiyyata nəzarət hovuzu yaradılmışdır.
Buraya su xüsusi ötürücü vasitəsilə
verilir. Hovuzdakı dörd qapıdan
üçü elektrik enerjisinin alınması məqsədilə
suyun turbinlərə verilməsinə xidmət edir. Həmin hovuzdan dəryaçaya sutullayıcı
inşa edilmişdir. Taxtakörpü-Ceyranbatan
kanalında gələcəkdə təmir aparılmasına
ehtiyac olarsa və ya digər zəruri hallar yaranarsa,
hovuzdakı normadan artıq su sutullayıcı vasitəsilə
dəryaçaya yönəldiləcəkdir. Su elektrik stansiyası və açıq
paylayıcı qurğuda əsasən Almaniya, Çexiya və
digər xarici ölkələrdən gətirilən
avadanlıq quraşdırılmışdır. Tikinti-quraşdırma işlərini əsasən
yerli mütəxəssislər yerinə yetirmişlər.
Bu prosesin reallaşmasına Almaniya, Çexiya və
Türkiyədən dəvət olunan mütəxəssis və
quraşdırıcılar da cəlb edilmişlər. Stansiyanın generasiya zalının sahəsi 923
kvadratmetrdir. Dispetçer otağında
son elmi-texniki yeniliklərə əsaslanan avadanlıq
quraşdırılmışdır. Stansiyanın
daxili sərfiyyatı xüsusi otaqdan qidalanacaqdır. Qapalı paylayıcı qurğu, qəza dizel
generatoru, digər qurğu və avadanlıq da inkişaf
etmiş ölkələrin energetika obyektlərindəki
standartlara uyğundur. 110 kilovoltluq
açıq paylayıcı qurğu da mükəmməlliyi
ilə seçilir. Burada Almaniyanın
"Siemens" şirkətinin avadanlığı
quraşdırılmışdır. Üç
transformator, ifrat gərginlik boşaldıcısı, gərginlik
və cərəyan transformatorları, eleqaz açarları,
şin ayırıcıları, 110 kilovoltluq şinlərarası
eleqaz açarı ən müasir avadanlıqdır.
Açıq paylayıcı qurğudan elektrik enerjisi 110
kilovoltluq hava xətləri vasitəsilə 110 kilovoltluq 1-ci
Xaçmaz hava xəttinə və 110 kilovoltluq 4-cü Siyəzən
hava xəttinə ötürülür.
Prezident İlham Əliyev su elektrik stansiyasını
işə saldı.
Bununla da Taxtakörpü-Ceyranbatan kanalına suyun verilməsinə
başlandı.
Dövlət
başçısı Taxtakörpü Su Elektrik
Stansiyasının dispetçer otağı ilə tanış oldu.
Prezident
İlham Əliyevə stansiyanın iş rejimi barədə məlumat
verildi. Qeyd edildi ki, bu energetika qurğusu
şimal bölgəsi rayonlarının elektrik enerjisi ilə
təchizatında mühüm rol oynayacaqdır.
Bildirildi
ki, Taxtakörpü su anbarında toplanan sudan
elektrik enerjisinin alınması ilə yanaşı, içməli,
texniki və suvarma suyu kimi də istifadə olunur. Taxtakörpü Su Elektrik Stansiyasından su
Taxtakörpü-Ceyranbatan kanalı ilə Ceyranbatan
gölünə verilir. Taxtakörpü-Ceyranbatan
kanalının 1,3 kilometrlik hissəsindən
sonra su 5,1 kilometr məsafədə təzyiqli boru vasitəsilə
ötürülür. Taxtakörpü-Ceyranbatan
kanalının uzunluğu 110 kilometr, dərinliyi 4, dibdən
eni 2,1 metrdir.
Taxtakörpü-Ceyranbatan kanalı da Vəlvələçay-Taxtakörpü
kanalı kimi olduqca çətin relyefə məxsus ərazidən
keçir. Bu kanalların orijinallığı ondan ibarətdir
ki, Samur-Abşeron kanalından götürülən su
Ceyranbatan gölünə qədər dağlar boyunca
yalnız öz axını ilə hərəkət edir.
Bu da hər il orta hesabla 167 milyon kilovat/saat
elektrik enerjisinə və ya 13-15 milyon dollar məbləğində
vəsaitə qənaət olunması deməkdir. Taxtakörpü-Ceyranbatan kanalı üzərində
mürəkkəbliyinə görə bir-birini üstələyən
238 hidrotexniki qurğu inşa olunmuşdur. Dəmir-beton üzlüklü açıq
kanalların uzunluğu 84 kilometrdən çoxdur. Dərinliyi 35-45 metrə çatan dərələr
və çaylarda dəmir və dəmir-beton dükerlər
quraşdırılmışdır. Dağın
altından keçən tunelin hündürlüyü 70,
uzunluğu 1454 metrdir. Taxtakörpü-Ceyranbatan
kanalı Bakı və ətraf qəsəbələrin
sosial-iqtisadi inkişafı çərçivəsində
yenidən qurulan Abşeron kanalı ilə paytaxtın qəsəbələrinə
suvarma suyunun verilməsinə də imkan yaradır. Ümumilikdə, Samur-Abşeron suvarma sisteminin yenidən
qurulması və belə yüksək səviyyəli digər
layihələr ölkəmizin durmadan artan iqtisadi qüdrətinin
və Azərbaycan insanının intellektual
potensialının tükənməzliyinin əyani nümunələridir.
Sonra Prezident İlham Əliyev melioratorlar, Abşeron,
Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və
Xızı rayonları ictimaiyyətinin nümayəndələri
və bu bölgəni təmsil edən sahibkarlarla
görüşdü.
Dövlət başçısı mərasimdə
nitq söylədi.
"Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar
Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ
çıxış edərək dedi:
-
Möhtərəm cənab Prezident!
Hörmətli
Mehriban xanım!
Hörmətli
mərasim iştirakçıları!
Bu
gün Azərbaycan tarixində çox böyük, əlamətdar
hadisə baş verir. Azərbaycan Respublikasının,
müstəqil ölkəmizin coğrafiyasında çox əlamətdar
yeniliyin şahidi oluruq. Azərbaycanın coğrafiyasına
Taxtakörpü su anbarı kimi çox böyük gələcəyi
olan, Azərbaycan xalqına 100 illərlə xidmət edəcək
su anbarının, Taxtakörpü Su Elektrik
Stansiyasının daxil olması və böyük
kanalların - Taxtakörpü-Ceyranbatan kanalının, Vəlvələçay-Taxtakörpü
kanalının və başqa çoxlu qurğuların bu
gün istifadəyə verilməsi tarixi bir hadisədir. Bütün
bu işlərə görə mən Azərbaycanın
melioratorları, energetikləri və
inşaatçıları adından, möhtərəm
Prezidentimiz, Sizə minnətdarlığımı bildirirəm.
Belə
bir layihəni doğrudan da sürətlə inkişaf edən
bir ölkədə həyata keçirmək olar. Azərbaycanın
şimal zonasının, Bakı, Sumqayıt şəhərlərinin
su təchizatını, xüsusilə içməli, texniki və
suvarma suyuna olan tələbatını ödəyən
böyük bir sistemin - Samur-Abşeron suvarma sisteminin 50 ildən
artıq istifadə olunması onun aşınmasına səbəb
olmuş və qurğunun sıradan çıxması təhlükəsi
yaranmışdı. Bütün sahələrdə həmişə
xalqın xeyrinə böyük qərarlar qəbul edən ulu
öndərimiz Heydər Əliyev cənabları hələ
1993-cü ildə hakimiyyətə qayıdan kimi bizə
birinci növbədə bu tapşırığı verdi ki,
bu vəziyyətdən necə çıxmaq olar. O vaxt müxtəlif
təkliflər vardı, cənab Prezident, mən bu barədə
Sizə məlumat vermişəm. Biz istəyirdik ki, qısa
yol ilə sadə layihələr həyata keçirək.
Çünki bilirdik ki, vəsait çatışmır. Amma
ulu öndərimiz dedi ki, bizim vəsaitimiz olacaq, gərək
biz əsaslı işlər görək və o, əsaslı
işlərin layihəsini 1997-ci ildə təsdiq etdi. Ondan
sonra bu layihənin həyata keçirilməsinə
başlanıldı.
Birinci
növbədə, ulu öndər Heydər Əliyev
1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi
səfəri zamanı İslam Bankının rəhbərliyi
islam aləminin böyük hörmətinin əlaməti
olaraq Azərbaycan üçün bu sahəyə kredit və
qrant verilməsi məsələsi ilə bağlı qərar
qəbul etdi. Həmin hadisədən sonra bu layihənin həyata
keçirilməsinə başlanıldı. İlk illər
biz bu layihəni ulu öndərimizin
tapşırığı ilə xarici investisiyalar hesabına
- İslam Bankının, Dünya Bankının verdiyi vəsaitlər
hesabına reallaşdırmağa başladıq. Amma cənab
Prezident, 2004-cü il sentyabrın 1-də Sizin rəhbərliyinizlə
keçirilən böyük müşavirədə Azərbaycanın
su təchizatı, içməli suya olan tələbatı və
meliorativ layihələrin inkişafı perspektivləri məsələsi
müzakirə olunanda Siz 2 çox böyük qərar qəbul
etdiniz. O qərarın biri də Samur-Abşeron suvarma sisteminin
yenidən qurulması və bu layihənin Neft Fondunun vəsaiti
hesabına maliyyələşməsi ilə bağlı idi.
Bu qərar neft gəlirlərinin qeyri-neft sektoruna, infrastruktura,
xalq üçün xeyir verən sahələrə yönəldilməsi
məqsədi daşıyırdı. Həmin qərardan sonra
Xanarx kanalının İslam Bankının vəsaiti
hesabına tikintisinə start verildi. Siz kanalın tikintisi ilə
tanış oldunuz və tövsiyələrinizi verdiniz. Bunun
nəticəsində işlər sürətləndi və
2006-cı ildə Xanarx kanalı istifadəyə verildi. 2007-ci
ildə Vəlvələçay-Taxtakörpü kanalına
suyu gətirən 50 kilometrlik birinci hissənin yenidən
qurulması başa çatdırıldı və sonra Vəlvələçay-Taxtakörpü
kanalının inşasına başlanıldı.
Vəlvələçay-Taxtakörpü
kanalının tikintisində möhtərəm Prezidentimiz iki
dəfə iştirak etmişdir. İki dəfə işlərin
gedişi ilə maraqlanmış və öz
tapşırıqlarını, tövsiyələrini
vermişdir. 2013-cü ildə isə suyun anbara doldurulması
mərasimində iştirakınız xüsusilə əlamətdar
hadisə idi. Çünki həmin gün anbara suyun
toplanması başlanırdı. Cənab Prezident, artıq 2
ay ərzində Taxtakörpü su anbarına 105 milyon kubmetr təmiz,
içməli şirin su yığılmışdır.
Amma su
anbarının ümumi tutumu 270 milyon kubmetrdir. Bu, ölkəmiz,
xalqımız və iqtisadiyyatımız üçün
çox əhəmiyyətli məsələdir. Siz bu layihənin
reallaşdırılması ilə ulu öndər Heydər
Əliyevin ideyalarının həyata keçirilməsi
üçün verdiyiniz sözün tam icrasını təmin
etdiyinizi bir daha sübuta yetirdiniz. Bu, doğrudan da Heydər
Əliyev ideyalarının Azərbaycanda həyata
keçirilməsinə bariz nümunə oldu. Ulu öndərin
müəllifi olduğu layihəni bu gün möhtərəm
Prezidentimiz həyata keçirir. Buna görə hamımız
Sizə minnətdarıq.
Amma
ötən 10 ildə həyata keçirilən təkcə
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi
deyildir. Son 10 ildə Azərbaycanda çox möhtəşəm
işlər görülmüşdür. Siz 2007-ci ildə
Taxtakörpü su anbarı, 2009-cu ildə isə Şəmkirçay
su anbarı kimi çox böyük qurğuların təməlini
qoydunuz. Bunlar son illərdə görülən möhtəşəm
işlərdən yalnız ikisidir. Bu gün kanallarla birlikdə
Taxtakörpü su anbarı istifadəyə verilir. 2014-cü
ildə isə Şəmkirçay su anbarı kanallarla birlikdə
hazır olacaq və Azərbaycan xalqına xidmət etməyə
başlayacaqdır. Təkcə bunlar deyildir, son 10 ildə Azərbaycanda
123 min hektar sahənin su təchizatı, 137 min hektar sahənin
meliorasiya vəziyyəti
yaxşılaşdırılmış, 874 artezian quyusu
qazılmış, 1500 kilometr yeni kanallar, 1000 kilometrdən
artıq kollektor-drenaj şəbəkəsi çəkilmişdir.
Həmçinin bu sahənin maddi-texniki bazası möhkəmləndirilmiş,
2 minə yaxın torpaqqazan texnika və xüsusi texnika
alınmışdır. Bu, meliorasiya sahəsinin
gücünü əvvəlkinə nisbətən 3 dəfə
artırmışdır. Özü də əvvəlki texnikalar
ilə indiki texnikaları müqayisə etmək mümkün
deyil, indikilər daha məhsuldar, daha müasir texnikalardır.
Bütün
bunlara görə melioratorlarımız Sizə minnətdardırlar.
Cənab Prezident, Siz tapşırıqları verməklə
kifayətlənmirsiniz, onların icrasını yerində
yoxlayırsınız. Bu, bizim məsuliyyətimizi qat-qat
artırır.
Bu
yaxınlarda Nazirlər Kabinetinin iclasında
tapşırıq verdiniz ki, yeni proqram işlənilsin. Bu,
bizi sevindirir. Biz o proqramı işləyib Sizə təqdim edəcəyik.
Azərbaycanın gələcək inkişafı, ərzaq təhlükəsizliyinin
təmin olunması, emal sənayesinin xammalla təchiz edilməsi
üçün çox böyük layihələr həyata
keçiriləcəkdir. Taxılçılıq üzrə
tapşırıqlarınız yerinə yetirilməyə
başlanılmışdır. Beş min hektara yaxın ərazi
keçən il dövriyyəyə verilibdir. Bu il də
beş min hektarlıq ərazi artıq hazırlanır və
yaxın günlərdə təhvil veriləcəkdir.
Cənab
Prezident, biz Sizin bütün
tapşırıqlarınızı layiqincə yerinə
yetirməyə həmişə hazırıq. Amma biz
melioratorlar bu gün bir məsələnin də şahidi
oluruq. Mehriban xanımın bugünkü mərasimdə
iştirakı bizi çox sevindirir. Azərbaycan təhsilinin
inkişafında, mədəniyyətinin, incəsənətinin
təbliğində, dünyada tanıdılmasında
mühüm xidmətləri olan Mehriban xanımın bu
gün bu dağların qoynunda keçirilən tədbirə
gəlməsi biz melioratorları daha yaxşı işləməyə
həvəsləndirir. Biz hamımız ona minnətdarlığımızı
bildiririk.
Mən
bütün melioratorlar, energetiklər, inşaatçılar
adından Sizi bir daha əmin etmək istəyirəm ki, Sizin
tapşırıqlarınızı layiqincə yerinə
yetirmək üçün bundan sonra da var qüvvəmizlə
çalışacağıq. Biz hələ belə
açılış mərasimlərində çox
iştirak edəcəyik. Çox sağ olun!
***
Şabran
rayonundan sahibkar Akif MƏRDANOV çıxış edərək
dedi:
-
Möhtərəm cənab Prezident!
Sizi
bölgəmizin ictimaiyyəti və iş adamları
adından salamlayıram. Bu gün biz ölkəmiz
üçün mühüm tarixi əhəmiyyət kəsb
edən böyük bir hadisənin şahid olduq. Bu gün Siz
Taxtakörpü su anbarının, su elektrik
stansiyasının və Taxtakörpü-Ceyranbatan su
kanalının açılışını etdiniz.
Uğurlarımızı artıracaq bu layihəyə görə
Sizə minnətdarlığımızı bildiririk.
Siz
çox düz deyirsiniz, bu cür nəhəng layihələri
ancaq güclü dövlətlər icra edə bilərlər.
Bəli, Azərbaycan bu gün qüdrətli dövlətdir.
Onun iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən
iqtisadiyyatdır. Apardığınız düzgün siyasət nəticəsində
iqtisadiyyatımızın qeyri-neft sektorunun xüsusi çəkisi
ildən-ilə artmaqdadır. Bu sahəyə böyük sərmayələr
qoyulur. Konkret proqramlar həyata keçirilir. Ölkəmizdə
sahibkarlığın inkişafı üçün olduqca əlverişli
şərait yaradılmışdır. Sahibkarlara yüksək
səviyyədə dəstək verilir, onların
rastlaşdığı problemlər ardıcıl olaraq aradan
qaldırılır.
Dövlət
tərəfindən kənd təsərrüfatı ilə məşğul
olan sahibkarlara hər il milyonlarla manat güzəştli kreditlər,
böyük həcmdə subsidiyalar ayrılır.
Möhtərəm
cənab Prezident! Siz kənd təsərrüfatını
prioritet sahə elan etmisiniz. Bu sahədə dövlət siyasəti
düzgün istiqamətdə aparılır. Kənd təsərrüfatının
inkişafı yeni iş yerlərinin açılmasına,
yerli istehsalın genişlənməsinə, daxili və
dünya bazarlarına yüksək keyfiyyətli məhsulların
çıxarılmasına xidmət edir.
Bu
gün istifadəyə verilmiş bu nəhəng layihə də
biz sahibkarlara dövlət tərəfindən göstərilən
dəstəyin növbəti təzahürüdür.
Qarşımızdakı bu su anbarı bölgəmizdə on
minlərlə hektar torpaq sahələrinin suvarma suyu ilə təminatını
yaxşılaşdıracaq, 30 min hektar torpaqların əkin
dövriyyəsinə daxil olunmasını mümkün edəcəkdir.
Bir sahibkar kimi, bu suvarma obyektinin bölgənin kənd təsərrüfatı,
xüsusilə də əkinçilik üçün nə
qədər önəmli olduğunu yaxşı dərk edirəm.
Bu layihə ölkədə ərzaq bolluğunun
yaradılmasına, cəmiyyətimizin hər bir
üzvünün əsas ərzaq məhsullarına olan tələbatının
tam ödənilməsinə töhfəsini verəcəkdir.
Möhtərəm
cənab Prezident, mən uzun illər kənd təsərrüfatı
sahəsində çalışmışam. Rayonda iri
üzümçülük sovxozuna rəhbərlik etmişəm,
14 ildən artıqdır ki, sahibkarlıq fəaliyyəti ilə
məşğulam. Üç hektar sahədə meyvə
bağı salmışam. Üç hektar sahədə tərəvəz,
bostan bitkiləri yetişdirirəm. Bu il səkkiz hektar
taxıl sahəsindən otuz ton toxumluq məhsul götürmüşəm.
İndi təsərrüfatımdan əldə etdiyim gəlir
əlli min manatdan çoxdur.
Cənab
Prezident, həmişə bizim ən ağrılı yerimiz
hazır məhsulu satmaq idi. İndi isə inamla deyə bilərəm,
məhsul yetişdirən kəndlinin alıcı və bazar
problemi yoxdur. Son bir ildə təkcə Şabran rayonunda kənd
təsərrüfatı məhsullarının emalı ilə
məşğul olan üç özəl müəssisə
fəaliyyətə başlayıb. Bu ildən isə dövlət
tərəfindən verilən kredit hesabına 12 min tonluq meyvə
saxlayan anbar istifadəyə veriləcəkdir. Bu isə o deməkdir
ki, Taxtakörpü su anbarının işə düşməsi
nəticəsində əkin dövriyyəsinə daxil olan
yeni torpaqlardan istehsal ediləcək məhsul da bu başdan
etibarlı alıcı ünvanı əldə edəcəkdir.
Bütün bunlar göstərir ki, dövlət bizim
üçün hər cür şərait yaradır,
subsidiyalar da ayırır, güzəştli kreditlər də
verir, bazarı da tapır.
Mən
də bu imkanlardan istifadə edərək artıq təsərrüfatımın
genişləndirilməsini düşünürəm. Mən
statistikanı da izləyirəm. Son 10 ildə təkcə
rayonumuzda kənd təsərrüfatı ilə məşğul
olan sahibkarlara 30 milyon manatadək güzəştli kreditlər
verilmişdir. Bu müddətdə rayonumuzda kənd təsərrüfatından
əldə edilən gəlir səkkiz dəfə
artmışdır. Bu, Azərbaycan iqtisadiyyatının
bugünkü reallıqlarıdır.
Cənab
Prezident, Taxtakörpü su anbarının istifadəyə
verilməsi ilə yanaşı, su elektrik stansiyası da
işə salındı. Bu obyektin istismara verilməsi bölgənin
elektrik enerjisi ilə təminatının daha da
yaxşılaşdırılmasına xidmət edəcəkdir.
Qeyd edirəm ki, bu cür layihələr təkcə burada
deyil, bütün ölkə üzrə icra edilir. Çoxlu
sayda su kanalları tikilir, artezian quyuları qazılır,
elektrik enerjisi, təbii qaz, içməli su layihələri
yerinə yetirilir. Bütün bunlar göstərir ki, həm
sahibkarları narahat edən məsələlər, həm də
vətəndaşlarımızın sosial problemləri
kompleks şəkildə həll olunur. Bu da vətəndaşların
rifahının yüksəlməsi, onların daha rahat
yaşaması üçün dövlətimiz tərəfindən
görülən işlərin yeni bir nümunəsidir.
Möhtərəm
cənab Prezident, yaxşı başa düşürük ki,
həyata keçirilən bütün bu layihələr biz
sahibkarlar və ölkəmizdə ərzaq təhlükəsizliyinin
təmin edilməsi üçündür. Bizə
yaradılmış bu münbit şəraiti yüksək
qiymətləndiririk. Sizi əmin edirik ki, bu şəraitdən
səmərəli istifadə edəcəyik, Vətənimizin
iqtisadi baxımdan daha da güclü olması naminə fədakarlıqla
çalışacağıq.
Sağ
olun, cənab Prezident!
AzərTAc
Azərbaycan.-2013.- 29 sentyabr.- S.1,3.