Nyu-Yorkda Qoşulmama
Hərəkatına üzv
ölkələrin
xarici işlər nazirlərinin görüşü keçirilmişdir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində Nyu-Yorkda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin "Qoşulmama Hərəkatı: beynəlxalq səviyyədə qanunun aliliyinin təmin edilməsi naminə əməkdaşlıq" mövzusunda görüşündə iştirak etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə çıxış edən E.Məmmədyarov BMT-dən sonra ikinci ən böyük qurum olan Qoşulmama Hərəkatının siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq üçün geniş forum rolunu oynadığını bildirmişdir.
Nazir bildirmişdir ki, soyuq müharibə başa çatdıqdan sonra Qoşulmama Hərəkatının rolunun azalması barədə fikirlərin əksinə olaraq, qurum bu gün XXI əsrə xas olan təhdidlərin qarşısının alınmasında səmərəli fəaliyyət göstərir. Elmar Məmmədyarov Qoşulmama Hərəkatının əsas məqsəd və məramının beynəlxalq münasibətlərdə ədalətin və bərabərliyin, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin edilməsi olduğunu vurğulamışdır.
Nazir Azərbaycanın Qoşulmama Hərəkatının üzvü kimi beynəlxalq hüququn və qanunun aliliyinə əsaslanan beynəlxalq düzənin tərəfdarı olduğunu qeyd edərək demişdir: "Son illərdə milli və beynəlxalq səviyyələrdə qanunun aliliyinin əhəmiyyətinə verilən beynəlxalq diqqət artmışdır. Ancaq qanunun aliliyinə münasibətdə vahid yanaşmanın təmin edilməsi, beynəlxalq düzənin əsasını sarsıdan hədə və təhdidlərin və dövlətlərin milli birliyi, ərazi bütövlüyü və sabitliyinə təhlükə doğuran və insan hüquqlarına hörmətsizlik yaradan amillərin aradan qaldırılması üçün daha böyük səylərə ehtiyac vardır".
E.Məmmədyarov münaqişə tərəflərinin beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməsinin mütləq əhəmiyyət kəsb etdiyini söyləmişdir. O əlavə etmişdir ki, münaqişələrin həlli üzrə təşəbbüslər və vasitəçilik missiyaları sülh və ədalətə, beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır.
Azərbaycanın
beynəlxalq səviyyədə qanunun aliliyinin təmin
olunması üçün əməkdaşlığın
canlandırılması naminə praktiki və konkret
addımlar atmağa hazır olduğunu deyən nazir
Qoşulmama Hərəkatının XVI Zirvə
toplantısının yekun sənədində ölkəmizin
ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin
toxunulmazlığına münasibətdə ifadə
olunmuş qəti dəstəyə görə quruma üzv
dövlətlərə təşəkkürünü
bildirmişdir.
Azərbaycan.-2013.- 29 sentyabr.- S.5.