Azərbaycanın uğurları bütün sahələrin tarazlı inkişafından qaynaqlanır

 

Müstəqil Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu getdikcə daha da artırır. Yaxın keçmişdə  əlçatmaz sayılan, xəyal kimi görünən nəhəng layihələr həyata vəsiqə alır. Təkcə şəhərlərin, rayon mərkəzlərinin deyil, kəndlərin də siması dəyişir, insanların yaşayış səviyyəsi ildən-ilə daha da yaxşılaşır. Qürur və fəxarət hissləri doğuran uğurlarımız çoxdur və bütün bunlar ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan dövlətinin ardıcıllıqla həyata keçirdiyi və inkişaf etdirdiyi siyasi-iqtisadi kursun alternativi olmadığını bir daha təsdiqləyir. Müstəqilliyimizi bərpa etdiyimiz vaxtdan bəri - son 22 ildə keçdiyimiz yola nəzər salarkən görürük ki, çox sınaqlardan, çətinliklərdən və təlatümlərdən keçmişik. Bu illər tarix baxımından uzun bir müddət olmasa da, özündə böyük dəyişiklikləri ehtiva edir. Başqa sözlə desək, biz xaosdan sabitliyə, tənəzzüldən sürətli inkişafa gəlib çatmışıq.

Azərbaycanın vətəndaş müharibəsi həddinə çatdığı bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk növbədə ölkədə ictimai-siyasi sabitlik yaratmağı önə çəkmişdir. Çünki bunsuz tənəzzülə uğramış iqtisadiyyatı dirçəltmək, insanların normal həyat ritmini özlərinə qaytarmaq mümkün deyildi. Məhz buna görə də 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs elan edildi. Yalnız bundan sonra ölkənin təbii ehtiyatlarından istifadə etməklə mövcud vəziyyətdə dönüş yaratmaq mümkün oldu. Axı həmin vaxta qədər xarici neft şirkətləri riskli bir ölkə sayılan Azərbaycana sərmayə yatırmağa ehtiyat edirdilər. Ulu öndərin səyi, nüfuzu və həyata keçirdiyi real tədbirlər nəticəsində "Əsrin müqaviləsi"nin imzalanması gerçəkləşdi.

1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycanın sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi üçün bağlanan, sonralar "Əsrin müqaviləsi" adını alan saziş Azərbaycan xalqının və dövlətinin həyatında  təkcə yeni neft erasının başlanğıcı deyil, həm də yüksəlişə doğru istiqamət götürən dönüş nöqtəsi idi.

Başqa bir əməli addım aqrar islahatların həyata keçirilməsi oldu. Onların sayəsində aqrar sahədə mövcud olan tənəzzül aradan qaldırıldı, yeni bir inkişaf yolu başlandı. 1994-cü ilin yanvarında ulu öndər ölkənin kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirədə bəyan etdi: "Kənd təsərrüfatı sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur".

Beləliklə, ümummilli lider Heydər Əliyev MDB məkanında ilk dəfə olaraq aqrar islahatlara start verdi. Nəticədə kəndli öz torpağının - öz taleyinin sahibi oldu.

Ümummilli liderin prezidentliyi dövründə aqrar sahə ilə bağlı 50-dən çox normativ-hüquqi akt qəbul edilmiş və çoxsaylı sərəncamlar imzalanmışdır. Bu sənədlər aqrar islahatların gedişini sürətləndirmiş, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etmiş, kənddə sahibkarlığın inkişafına təkan vermişdir.

Bütün bunlar sonrakı illərdə davamlı surətdə inkişaf etdirilmişdir. Ölkənin inkişafına yönəldilən dövlət proqramlarında, digər mühüm sənədlərdə bir qayda olaraq aqrar sahənin inkişafına da istiqamət verilmişdir.

Bəri başdan deyək ki, Azərbaycanın uğurlarının əsas səbəblərindən biri bütün sahələrin bir-birilə əlaqəli, tarazlı şəkildə davamlı inkişaf etdirilməsidir.

1997-ci ilin noyabr ayında Azərbaycanın həyatında əlamətdar hadisə baş verdi. "Əsrin müqaviləsi" çərçivəsində "Çıraq" platformasından ilkin neft  alındı. İllər keçdikcə neft hasilatı və ölkənin neftdən əldə etdiyi gəlirlər artdı.

Azərbaycanın dünya sisteminə uğurlu inteqrasiyası neft gəlirlərinin idarə edilməsi sahəsində ən yaxşı təcrübələrin tətbiqinə yol açdı. Neft-qaz satışından əldə olunan gəlirlərin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitin müxtəlif sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin qərarı ilə Dövlət Neft Fondu (DNF) yaradıldı. Bu, qeyd etdiyimiz kimi, neft gəlirlərinin idarə edilməsində ən yaxşı təcrübədir və Azərbaycanda indiyədək uğurla həyata keçirilir. Belə ki, Azərbaycanda DNF yaradılarkən neft gəlirlərinin gələcək nəsillər üçün toplanmasını və eyni zamanda,  bugünün problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan model seçilmişdir. Azərbaycan dövləti özünün bu seçiminə sadiqdir.

Məlumdur ki, ölkənin quru və dəniz ərazilərindəki karbohidrogen ehtiyatları güclü neft sektorunun formalaşmasına imkan vermiş və dövlətin apardığı düzgün iqtisadi siyasət sayəsində bununla yanaşı, tarazlı iqtisadiyyatın qurulması, qeyri-neft sektorunun dinamik inkişaf etdirilməsi prioritetə çevrilmişdir. 2008-ci ilin mart ayında yaradılan, ilkin nizamnamə kapitalı Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşan "Azərbaycan İnvestisiya Şirkəti" ASC bu işə böyük dəstək vermişdir.

Qeyd etdiyimiz kimi, Dövlət Neft Fondundan ən təxirəsalınmaz məsələlərin həlli üçün vəsait ayrılır. Məsələn, fondun vəsaiti ilə yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlər üçün çoxsaylı evlər tikilmiş, qəsəbələr salınmışdır. Vacib infrastruktur layihələri də bu mənbədən maliyyələşdirilir. Paytaxtın su təchizatını xeyli yaxşılaşdırmış Oğuz-Qəbələ-Bakı su kəməri belə layihələrdən biridir. 

DNF-nin maliyyələşdirdiyi layihələr sırasında beynəlxalq əhəmiyyətli infrastruktur layihələri də var. Məsələn, bu fonddan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi üçün vəsaitlər ayrılıb. Bu qəbildən olan layihələr isə şübhəsiz ki, Azərbaycanın digər ölkələrlə siyasi və iqtisadi münasibətlərini daha da inkişaf etdirir.

Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır.

İqtisadi yüksəliş əldə olunduqca Azərbaycan dövləti hər yeni mərhələdə qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirərək iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsini təmin etmişdir. 2009-cu ildə Azərbaycan MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Azərbaycanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların  tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönəldilən sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin insan kapitalının formalaşdırılması məqsədinə xidmət etməsi iqtisadi  siyasətin əsas prioritetləri kimi diqqət çəkir. Bunun nəticəsidir ki, ötən 10 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən daha da möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

Son 10 ildə sənaye məhsulunun 2,8 dəfə, kənd təsərrüfatı məhsulunun 1,5 dəfə, informasiya və rabitə xidmətlərinin 9 dəfə, tikinti işlərinin 14 dəfə, pərakəndə ticarət döriyyəsinin 3 dəfə, nəqliyyatla yükdaşımanın 2,1 dəfə artması şərhə ehtiyacı olmayan faktlardır.

Bütün bunlar "Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın, onlarca digər sosial-inkişaf proqramları çərçivəsində  çoxsaylı, məqsədyönlü tədbirlərin həyata keçirilməsindən qaynaqlanır. Bu tədbirlər makroiqtisadi sabitliyin qorunub saxlanması və güclənməsinə, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, davamlı iqtisadi artımın təmin olunmasına  paralel şəkildə əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsinə, orta aylıq əməkhaqqının artırılmasına, nəticə etibarilə insanların həyat səviyyəsinin mütəmadi yaxşılaşmasına səbəb olmuşdur.

Bu baxımdan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına yönəldilmiş iki Dövlət Proqramının müstəsna rolu var. 2004-cü ildən başlayaraq həyata keçirilən həmin proqramlar Azərbaycanın bölgələrinə yeni sima bəxş etmiş, oyanış və dirçəliş gətirmişdir. 

Həmin dövlət proqramlarında qarşıya qoyulan çoxsaylı vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bəri ölkəmizdə 1 milyon 200 mindən çox yeni iş yeri açılmışdır. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır, idxaldan asılılıq azalır. Ötən dövrün sosial-iqtisadi göstəriciləri Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarının ardıcıl xarakter daşıdığını sübuta yetirir. Bütün bunlar həm də dövlətin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini, ölkənin gələcək potensialı ilə uzlaşdığını təsdiq edir.

2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən, regionların sosial-iqtisadi inkişafına yönəldilən iki Dövlət Proqramının icrası sayəsində Azərbaycan kəndi tanınmaz olmuş, Azərbaycan kəndlisinin həyatı yaxşılığa doğru büsbütün dəyişmişdir.

Həmin proqramların ən önəmli bəhrələrindən biri də kənd yerlərində yaşayan əhalinin öz yurd-yuvasında bərqərar olmasıdır. Kəndlinin iş, dolanışıq axtararaq iri şəhərlərə, ələlxüsus da paytaxta axışdığı, ellərdə-obalarda həyət darvazalarından qıfıl asıldığı vaxtlar yadımızdan çıxmayıb. Belə davam etsə idi, Azərbaycanda kortəbii miqrasiyanın miqyası daha da genişlənər, ölkədə güclü urbanizasiya təhlükəsi yaranardı. Bir çox həmvətənimiz isə bir parça çörək dalınca gedərək məmləkəti tərk edir, yad ölkələrə üz tuturdular.

Son illərdə vəziyyət tamamilə dəyişib. İndi nəinki gedənlər geriyə dönür, hətta Azərbaycana daimi yaşamağa gələnlərin sayı ölkədən köçənlərin sayını dəfələrlə üstələyir. Məsələn, 2013-cü ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1053 nəfər gələn, 84 nəfər ölkədən həmişəlik gedən qeydə alınıb. Azərbaycanda işləmək arzusunda olan xarici vətəndaşların da sayı çoxdur.

Elektrik enerjisi qıtlığının yaşandığı, kəndlərin, bəzən hətta şəhərlərin işığı fasilələrlə aldığı yaxın keçmişin olaylarıdır. Bu gün Azərbaycanın özü elektrik enerjisi ixrac edən ölkədir. Yeni elektrik stansiyaları tikilib, hətta kiçik çaylar üzərində su elektrik stansiyaları inşa edilib. Onların bir çoxunun tikintisi davam edir.

XX əsrin 90-cı illərinin əvvəllərində insanların kəndlərdən şəhərlərə axışmasının bir səbəbi də evlərində istiliyin - qazın olmaması idi. İndi qaz xətləri ən ucqar dağ kəndlərinə qədər uzanıb. Ölkədə qazlaşdırma 90 faizi ötüb. Bu işi tam başa çatdırmaq üçün investisiya layihələri həyata keçirilir.

İçməli su problemi də uğurla həll olunmaqdadır. Şəhər və rayonlarda, Bakıətrafı yaşayış məntəqələrində Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su layihələri icra olunub. Sutəmizləyici qurğular istifadəyə verilib, dəniz suyunu saflaşdıran avadanlıqlarla təchiz olunmuş sahələr fəaliyyət göstərir.

Bu istiqamətdə paytaxtın ətrafındakı kənd və qəsəbələrdə görülmüş tədbirlərin bəzilərini xatırlatmaq kifayətdir. Məsələn, indiyədək Abşeron magistral kanalının 5 kilometrlik başlanğıc və Xəzər rayonunun Zirə və Türkan qəsəbələri ərazisindən keçən 15 kilometrlik hissələrində yenidənqurma işləri aparılmışdır. Zirə, Bilgəh, Hövsan və Goradildə həyətyanı sahələrə su verilməsi üçün nasos stansiyalarının, suqəbuledici hovuzların və təzyiqli boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər də yerinə yetirilmişdir.

Ölkə əhalisinin keyfiyyətli içməli su və təsərrüfatların suvarma suyu ilə tam təmin olunması istiqamətində işlər davam etdirilir.

2003-cü ildən üzübəri ölkədə yüzlərlə sosial infrastruktur layihəsi həyata keçirilmişdir. Bu layihələrin əsasında məhz insan amili, vətəndaşlara layiqli xidmət, yaxşı həyat şəraiti yaratmaq məqamı dayanır. Həmin layihələrdən yalnız bir neçəsini xatırlatmaq kifayətdir. Qubanın dəniz səviyyəsindən minlərlə metr hündürlükdə yerləşən Xınalıq kəndinə çəkilən yol, Lerik və Yardımlı kimi dağ rayonlarının ucqarlarına uzanan qaz kəmərləri, Naxçıvan Muxtar Respublikasını davamlı surətdə elektrik enerjisi ilə və mavi yanacaqla təmin edən xətlər... Rayonlarda istifadəyə verilən Olimpiya idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət obyektləri və s. də bu layihələrdəndir.  

Azərbaycanın bugünkü yüksəlişindən, ölkədə gedən inkişaf proseslərindən söhbət açarkən Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı tədbirlər mütləq qeyd olunmalıdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın apardığı işlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda milli və dünyəvi dəyərlər sisteminin inkişaf etdirilməsi, ölkədə  mütərəqqi ideyaların gerçəkləşməsi naminə görülən bu işlər "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", digər proqram və layihələr çərçivəsində reallaşır.

Heydər Əliyev Fondunun prezidenti milli mədəniyyətimizin dünya miqyasında təbliği və qorunması naminə də nəcib missiya həyata keçirir. Belə ki, fondun birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində də böyük işlər görülmüşdür. Azərbaycan muğamının, aşıq musiqisinin, Novruz bayramının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilməsi də Mehriban xanım Əliyevanın fəaliyyətinin nəticəsidir. Mədəniyyət sahəsində həyata keçirilən onlarca layihədən biri də Azərbaycan Xalçası və Xalq Təbliği Sənəti Dövlət Muzeyinin inşasıdır.

Fondun həyata keçirdiyi bütün tədbirlər Azərbaycanın hərtərəfli tərəqqisi naminə aparılan siyasətin icrasına dəyərli töhfələr verməkdədir.

"Hər bir ölkə haqqında ilk təəssüratı onun paytaxtı yaradır" deyənlər, heç də səhv etmirlər. İndi bizim paytaxt şəhərimiz dünyanın ən görməli şəhərləri sırasındadır. Əvvəllər Bakıda olmuş qonaqların indi buraya yolu düşəndə onun tanınmaz dərəcədə dəyişdiyini, hətta gözəllikdə bir sıra Avropa ölkələrinin paytaxtından irəlidə olduğunu söyləyirlər. Bunları deməyə çoxsaylı müasir tikililər, bənzəri olmayan Dənizkənarı Milli Park, dünya standartları səviyyəsində inşa edilmiş hotellər, körpü və keçidlər əsas verir.

Həm də abadlaşan, gözəlləşən təkcə paytaxtın mərkəzi deyil, eyni zamanda, ətraf kənd və qəsəbələrdir. Bunların həyata keçirilməsində "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın böyük rolu olmuşdur.

Paytaxt öz yerində, indi Azərbaycanın iri şəhərləri, rayon mərkəzləri də çox müasirləşib. Azərbaycanın elə şəhərləri var ki, bir sıra ölkələrin paytaxtından müasir, abad və yaraşıqlıdır.

Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açıb. Bu layihələr, eyni zamanda, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir.

Bu günlərdə isə daha bir önəmli hadisənin şahidi olduq. Azərbaycanın tarixində qaz satışına dair ən böyük sazişlər imzalandı. Bu sazişlərə əsasən, 9 Avropa şirkəti "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq qazın alıcısı olacaq. Azərbaycanda və Gürcüstanda Cənubi Qafqaz Boru Kəməri, Türkiyədə Trans-Anadolu Boru Kəməri və daha sonra Avropaya doğru uzanan Trans-Adriatik Boru Kəməri ilə nəql olunan mavi yanacaq Yunanıstana, İtaliyaya, Bolqarıstana çatdırılacaq. Türkiyənin 2018-ci ildən, Avropa ölkələrinin isə 2019-cu ildən "Şahdəniz-2"nin qazını alacaqları gözlənilir. Sonrakı mərhələlərdə isə Azərbaycan qazı bu sədləri də aşacaq.

Yeri gəlmişkən onu da qeyd edək ki, son 10 ildə Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 155-ə çatıb. Təkcə bu ilin əvvəlindən 144 ölkə ilə idxal-ixrac əməliyyatları aparılıb.

Beynəlxalq aləmə çoxşaxəli inteqrasiya edilməsi, iqtisadi və geostrateji maraqların ödənilməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması, ən başlıcası, milli mənafeyini lazımi səviyyədə müdafiə etməsi vaxtilə ulu öndərin təməlini qoyduğu balanslı xarici siyasət kursunun yeni mərhələdə Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu, beynəlxalq təşkilatlarda ölkəmizin mövqelərinin daha da gücləndirilməsinə gətirib çıxarmışdır.

Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün ölkələrə münasibətdə - onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq, müstəqil  xarici siyasət həyata keçirir. Azərbaycan 2003-2013-cü illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik, adekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığı üstün tutmuşdur.

Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir. Təcrübə göstərir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları bütün məqsədlərə çata bilirlər.

Ona görə də təsadüfi deyil ki, Azərbaycanın həyatın bütün sahələrində əldə etdiyi uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir edilir və ölkənin davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Azərbaycanda işsizliyin səviyyəsinin azalaraq 5 faiz təşkil etməsi, yoxsulluğun səviyyəsinin enərək 6 faiz olması, əhalinin gəlirlərinin, əməkhaqqı və pensiyalarının dəfələrlə artması beynəlxalq qurumların daim diqqət mərkəzindədir.   

Yeri gəlmişkən qeyd edək ki, ümumilikdə 20 il əvvəl Azərbaycanla eyni səviyyədə qərarlaşan postsovet respublikaları indi iqtisadi inkişaf səviyyəsinə görə ölkəmizlə rəqabətə davam gətirə bilmirlər. Onlar da etiraf edirlər ki, Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsidir.

Bir çox xarici ölkələrin dövlət və hökumət başçıları, ictimai və siyasi xadimləri də təsdiqləyirlər ki, Azərbaycan regionda ən qüdrətli və lider dövlətdir. O, iqtisadi-siyasi göstəricilərinə görə, ictimai-siyasi sabitliyinə görə  bir çox inkişaf etmiş ölkələrlə eyni sırada dayanıb.

Xaricdə çıxan qəzet və jurnallar dönə-dönə vurğulayırlar ki, Azərbaycan sürətlə müasirləşir. Bakı müasir Avropa şəhərlərinə bənzəyir. Qısa zamanda Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

Bu ilin sentyabr ayında ABŞ-ın nüfuzlu "The New York Times" jurnalında ölkəmizin sürətli iqtisadi inkişafından bəhs edən "Azərbaycan: gələcəyi inamla qarşılayan ölkə" sərlövhəli məqalə dərc olunub. Məqalə müəllifi Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının öz yurd-yuvasından didərgin düşdüyünü bir daha qeyd edərək yazır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyü təsdiqlənmiş, ölkə ərazisinin işğalı faktı öz əksini tapmışdır. Lakin vəziyyət dəyişməz olaraq qalır. Bütün bunlara baxmayaraq, Azərbaycan sürətli inkişafa nail olur, uğurlar qazanır. Bildirilir ki, bu gün Azərbaycan olduqca əhəmiyyətli enerji layihələri həyata keçirir. Neft ölkəsi kimi tanınan Azərbaycan Xəzər hövzəsinin zəngin enerji potensialını aşkar edən ilk dövlət olmuş və regionda yüksək səviyyəli iqtisadi inkişaf modeli yaratmışdır. Azərbaycan Avropa və Asiya arasında ticarət və siyasi əlaqələrin genişlənməsində, həmçinin Qafqaz nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır.

"Standart & Poor's",  "Moody's İnvestors Services",  "Fitch Ratings" agentliklərinin, həmçinin BMT İnkişaf və Ticarət Təşkilatının ölkəmizin nailiyyətlərini dəyərləndirmələri də hamıya məlumdur. Bu yaxınlarda Dünya İqtisadi Forumu 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda qlobal rəqabətqabiliyyətlilik indeksinə görə Azərbaycanın 7 pillə irəliləməsini və 148 ölkə arasında 39-cu yerdə qərarlaşmasını bəyan etmişdir.

Bu günlərdə isə  İtaliyanın məşhur beyin mərkəzi - Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (İSPİ) "10 il hərəkətdə. Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabat yayıb. Burada Azərbaycan, Gürcüstan və Ermənistanda son 10 ildə baş vermiş siyasi proseslər və iqtisadi vəziyyət təhlil olunur. Qeyd edilir ki, regionun bu 3 ölkəsinin iqtisadi inkişaf nəticələri bir-birindən fərqlidir. Belə ki, Azərbaycan sürətlə inkişaf edərək ikirəqəmli iqtisadi artım tempinə nail olmuşdur, Gürcüstan və Ermənistanda inkişaf çox zəif getmişdir.   

Son 10 ilin mühüm tarixi nailiyyətlərindən biri də Azərbaycanın 155 dövlətin səsini qazanaraq dünyanın yüksək nüfuza malik ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilməsidir. Azərbaycan bu pilləyə özünün artan iqtisadi-siyasi gücü və beynəlxalq gərginliyin azalmasına verdiyi töhfələr sayəsində çatmışdır. Həm də çox ciddi rəqib namizədlərin olduğu bir şəraitdə. Həmin vaxtdan - 2011-ci ildən bəri Azərbaycan beynəlxalq miqyasda öz mövqeyini bir daha nümayiş etdirmiş və möhkəmləndirmişdir.

Bütün bunlar Azərbaycan dövlətçiliyinin parlaq qələbəsi olmaqla hər bir azərbaycanlıda sonsuz iftixar hissi doğurur.

Azərbaycan artıq xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkan kimi beynəlxalq aləmdə mövqeyini gücləndirir.

Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi, iqtisadi cəhətdən qüdrətlənməsi dövlətimizin mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir.

İndi Azərbaycan təkcə beynəlxalq tədbirlərdə fəal iştirak etməklə kifayətlənməyən, bir sıra mötəbər konfrans və simpoziumlara, sərgi və yarışlara ev sahibliyi edən ölkədir. Son illərdə Azərbaycanın paytaxtında "Eurovision" mahnı müsabiqəsi, Beynəlxalq Humanitar Forumu, Davos Forumu və digər irimiqyaslı tədbirlər keçirilmişdir. Bakı hər il beynəlxalq Xəzər neft-qaz sərgi və konfransına ev sahibliyi edir. Bu ilin iyun ayında həmin tədbir Azərbaycanda artıq 20-ci dəfə baş tutmuşdur. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.

Beynəlxalq tədbirlər artıq bölgələrdə də keçirilir. Son illərdə Beynəlxalq Musiqi Festivalının Qəbələdə keçirilməsi buna bariz nümunədir.

Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli idman tədbirlərinin keçirilməsində də təcrübə qazanıb. Odur ki, 2015-ci ildə ilk dəfə keçiriləcək 1-ci Avropa Yay Olimpiya Oyunları üçün Bakının məkan seçilməsi heç də təsadüfi deyil.

Ölkənin inkişafı, xalqın həyatı ilə bağlı elə bir sahə yoxdur ki, dövlətin diqqətindən kənarda qalmış olsun. Bir nüansa diqqət yetirək: 2010-cu il Azərbaycanda "Ekologiya ili" idi. 2011-ci il "Turizm ili" oldu. 2012-ci il "İdman ili" elan edildi. Yaşadığımız 2013-cü il isə "İnformasiya- Kommunikasiya Texnologiyaları" ilidir. Maraqlıdır ki, Azərbaycanın ilk süni peyki olan "Azərspace-1" də məhz bu il orbitə buraxıldı.

Əgər son 10 ildə dövlət büdcəsindən təhsilə çəkilən xərclərin 7,6 dəfə, elmə sərf olunan xərclərin 10,2 dəfə, ətraf mühitin mühafizəsi və təbii resurslardan istifadə məqsədilə investisiyaların həcminin 135 dəfə artdığını xatırlatsaq, fikrimizi qismən də olsa, ifadə edərik. Ölkənin hərtərəfli inkişafına sərf edilmiş vəsaitlərin həcminə aid yüzlərlə belə misal göstərmək olar.                                                        

Biz qazanılan nailiyyətlərlə arxayınlaşmırıq. "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bunu bir daha təsdiqləyir. Bu konsepsiya ondan irəli gəlir ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur və irəliyə gedir. Bu mərhələdə əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf tempinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılmasıdır. Eləcə də elmin, mədəniyyətin, ictimai həyatın bütün sahələrində yeni nailiyyətlərin əldə olunmasıdır.

Azərbaycan dövlətinin sürətli inkişaf kursu göstərir ki, ölkəmiz bu hədəflərə də çatacaq. Azərbaycan xalqı buna əmindir. Əmindir ki, yaxın gələcəkdə ərazi bütövlüyü bərpa olunmuş, qaçqınları və məcburi köçkünləri öz yurd-yuvasına qayıtmış, daha yüksək inkişaf səviyyəsinə çatmış, dünyanın iqtisadi qurumlarının tərtib etdiyi reytinq cədvəllərində ilk yerlərdə dayanan Azərbaycanda yaşayacaqlar.

Azərbaycanın sabahı daha işıqlı, uğurları daha parlaq, yüksəlişi daha böyük olacaq. Azərbaycan xalqı bunu yaxşı bilir, ona görə də sabaha böyük inamla baxır.

 

 

Həmid BAĞIROV,

iqtisad elmləri namizədi, SSRİ Dövlət Bankı əlaçısı

Azərbaycan.-2013.- 29 sentyabr.- S.6.