Seçilən yol İmişlini qələbələrə aparır

 

Bu gün sürətli sosial-iqtisadi inkişafı ilə bütün dünyanı heyran qoyan, Azərbaycanın yüksəlişində son illər, sözün həqiqi mənasında, bir uğur simvoluna çevrilmiş İmişli rayonunun da sanballı payı var. Tapşırılan vəzifəyə məsuliyyətli münasibəti ilə seçilən, fəal vətəndaş mövqeyindən doğma yurdun hər qarışını cənnətə döndərmək üçün ürəyinin odunu əsirgəməyən, bütün yaradıcılıq enerjisini abadlığa, quruculuğa, əhalinin həyat tərzini hər vasitə ilə yaxşılaşdırmağa, sosial problemlərin uğurlu həllinə sərf edən vətənpərvər oğulların fədakarlığı sayəsində İmişli müsbət mənada tanınmaz görkəm alıb.

Dövlətin davamlı və yetərli qayğısı sayəsində bu bərəkət diyarının barı, bəhəri aşıb-daşır. Əhalinin dolanışığı müqayisəedilməz dərəcədə yaxşılaşıb. Rayon mərkəzinin də, kəndlərin də siması sürətlə dəyişib, gözəlləşib. Sosial qayğıların uğurlu həlli adamları daha nikbin edib, onların işıqlı sabahlara olan ümidlərini qat-qat artırıb. Elektrik enerjisi, təbii qaz, içməli su ilə bağlı məişət çətinlikləri indi yaddaşların acı xatirəsinə çevrilib.

Həmsöhbətim İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev qazanılan uğurlarda dövlət qayğısının əsas şərt olduğunu dönə-dönə vurğuladı:

- Bu gün hər kəsə məlumdur ki, dövlət siyasətinin mərkəzində insan amili dayanır. Bu prioritet istiqamət, təbii ki, hər bir dövlət məmurunun fəaliyyətini istiqamətləndirir. Əhalinin daha yaxşı yaşaması, faydalı məşğulluğunun təmin edilməsi üçün dövlətin nələr etdiyini, necə möhtəşəm infrastruktur layihələri həyata keçirdiyini İmişli rayonunun timsalında açıq-aydın şəkildə görmək mümkündür. Dövlətin xalq üçün çalışdığını, xalqa xidmət etdiyini İmişlidə hər kəs yaxşı bilir və minnətdarlıqla qiymətləndirir. Rayonda formalaşmış sağlam mənəvi-psixoloji mühit xalq, dövlət birliyini sarsılmaz edir, fəal vətəndaş cəmiyyətini şərtləndirir. Dövlətin təşəbbüsü və qayğısı ilə yeni məktəblər, xəstəxanalar, digər sosial obyektlər tikilirsə, içməli su xətləri çəkilirsə, yaşayış məntəqələri qazlaşdırılırsa, yeni rahat asfalt yollar salınırsa, digər zəruri tədbirlər görülürsə, kəndlər, şəhərlər abadlaşdırılırsa, əlbəttə, bütün bunlar əhalinin firavan yaşaması üçün edilir. Bu yöndə İmişlidə dövlət qayğısından minnətdarlıqla söhbət açılası, dönə-dönə vurğulanası layihələr saysız-hesabsızdır.

Vilyam Hacıyevin fikirləri reallıqdan qaynaqlanır. Bu gün İmişli dövlətin sosial siyasətinin uğurla gerçəkləşdiyi bir bölgəyə çevrilmişdir. Rayonda son illərin dinamik iqtisadi inkişafı sosial sahədəki problemlərin həllini də sürətləndirir. Bu ilin birinci yarısında rayonda iqtisadiyyatın əsas sahələri üzrə 158.796,6 min manatlıq məhsul istehsal edilmiş, yaxud xidmət göstərilmişdir. Ümumdaxili məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artmışdır.

Vətənimizin sabahı üçün hərtərəfli inkişaf etmiş, yüksək intellektual səviyyəyə malik yeni nəslin yetişdirilməsinə İmişlidə böyük önəm verilir. Bu məqsədlə təhsilin maddi-texniki bazasını möhkəmləndirmək üçün zəruri tədbirlər görülür. Bu il Hacıbabalı kənd ümumi orta məktəbi üçün 180 yerlik yeni bina inşa edilmişdir. 960 şagirdlik şəhər 5 saylı məktəb- lisey əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Rayonun Cavadxanlı, Buludlu, Cəfərli 1 saylı kənd tam orta məktəblərində bərpa-gücləndirmə işləri görülmüş, Xoşçobanlı kənd tam orta məktəbi üçün yeni korpus tikilmişdir.

İmişlidə dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənc və yeniyetmələrin vətənə, xalqa məhəbbət ruhunda tərbiyə alması, onlarda müasir dünya görüşünün formalaşması üçün görülən tədbirlər hər kəsdə razılıq doğurur. Şəhərin mərkəzində İmişlinin gözəlliyinə yeni naxış vuran möhtəşəm bir saray ucaldılmışdır. "Gənclər Mərkəzi" adlanan müasir görkəmli, son dərəcə yaraşıqlı  bina gənclərin və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün inşa olunmuşdur. Mərkəzdə konfrans zalı, kinoklub, kitabxana, şahmat dərnəyi, idman zalı, kafe, çayxana var. İmişli gəncləri həyat tərzlərində yenidaha mənalı mərhələnin başlanmasını şərtləndirəcək bu mərkəzin ərsəyə gəlməsini dövlətin böyük qayğı və diqqətinin göstəricisi kimi hədsiz razılıq və minnətdarlıq hissi ilə qarşılayırlar.

İmişli əhalisi həmişə içməli su sarıdan korluq çəkmişdir. İndi dövlət bu problemi uğurla həll edir. İmişli şəhərinin su təchizatının yenidən qurulması kanalizasiya sisteminin yaradılması layihəsi mərhələ-mərhələ həyata keçirilməkdədir. İçməli su mənbəyi kimi Beyləqan rayonunun Aşıqlılar kəndi seçilmişdir. Bu ərazidə 5 ədəd artezian quyusu qazılacaqdır. Hazırda qazma işləri davam etdirilir. 630 millimetrlik polietilen borularla 29,5 kilometr məsafədə Beyləqan-İmişli magistral su xəttinin tikintisi artıq başa çatdırılmışdır. Şəhərdaxili 167 kilometr uzunluğunda su xəttinin inşası yekunlaşmışdır. 3485 abonentə "smart kart" tipli sayğaclar quraşdırılmışdır. Rayonun magistral su xəttinin üzərində olan Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərinin içməli su problemi də artıq həllini tapmışdır. Bütövlükdə rayon əhalisinin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə Bəciravan, Mirili, Otuziki, Yuxarı Qaralar, Soltanmuradlı, Nurulu, Muradxanlı, Əliqulular, Sarıxanlı, Ağamalılar, Ağaməmmədli, Oruclu, Hacirüstəmli, Aranlı, Qızılkənd,  Qaragüvəndikli, Xəlfəli, Telişli və Məmmədli kəndlərində modul tipli su təmizləyici qurğuların quraşdırılması nəzərdə tutulmuşdur.

Rayon əhalisinə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəltmək üçün görülən tədbirlər də razılıq doğurur. Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsait hesabına rayon mərkəzi xəstəxanası əsaslı təmir edilmiş, xəstəxana müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Bu ilin mart ayından xəstəxanada dializ şöbəsi fəaliyyətə başlamışdır. İndi hər gün bu şöbədə 15 nəfər müalicə olunur. Əvvəllər isə bu qəbildən olan xəstələr paytaxt Bakıya üz tutmaq məcburiyyətində qalırdılar.

Dövlət qayğısının əsas hədəflərindən biriQarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitini yaxşılaşdırmaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə İmişli şəhərində 6 mərtəbəli yaşayış binası inşa olunur. Yaxın zamanlarda imtiyazlı 54 ailə bu binada ev almaqla mənzil şəraitini yaxşılaşdıracaqdır.

Ermənistan silahlı qüvvələri tərəfindən doğma yurd yerləri işğal edilmiş, isti yuvaları viran qoyulmuş xeyli sayda soydaşımız 20 ildir ki, İmişli rayonunda məskunlaşmışdır. Onlar burada isti münasibət, doğmalıq görür, irili-xırdalı problemlərinə çarə tapırlar. İmişli camaatı taleyin ağır sınağa çəkdiyi soydaşlarımıza bu günisti qucaq açır, xeyirxahlıq missiyasını davam etdirirlər. Çətin anda, bərk ayaqda öz vətəndaşına sahib çıxan dövlətin qayğısı ilə İmişli rayonu ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzil şəraitini yaxşılaşdırmaq üçün 550 evdən ibarət yeni qəsəbə salınır. Artıq qəsəbənin tikintisində son tamamlama işləri görülür. Qəsəbədə 360 şagirdlik ikimərtəbəli məktəb binası, 50 yerlik uşaq bağçası, inzibatı bina, klub, feldşer-mama məntəqəsi də inşa olunmuşdur. Yeni qəsəbə yaxın günlərdə, qış gəlməmiş öz sakinlərini qəbul edəcəkdir.

Son illər sözün həqiqi mənasında yeni intibah dövrünü yaşayan İmişli kənd təsərrüfatı rayonundan sürətlə müasir sənaye mərkəzinə çevrilməkdədir. Böyük istehsal gücünə malik İmişli şəkər zavodunun məhsulları bu gün respublikanın ehtiyaclarını ödəməklə yanaşı, bir çox xarici ölkələrə də ixrac olunur. Şəkər zavodunun bazasında yaradılmış kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində yeni istifadəyə verilmiş 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən Araz quşçuluq fabriki digər bölgələrlə müqayisədə İmişlinin sənaye potensialını çox sürətlə artırır.

Bu gün İmişli böyük inşaat meydanını xatırladır. Hər tərəfdə tikinti, abadlıq, quruculuq işləri aparılır. Diqqətçəkən əsas məqam isə odur ki, hər yüksək zövqlə görülür. Daş üstə daş qoyulduqca, bir-birinin ardınca yeni-yeni yaraşıqlı binalar sıralandıqca İmişli bir boy da ucalır, daha da gözəlləşir. Müstəqil dövlətimizin əsas atributu olan üçrəngli bayrağımız şəhərin mərkəzində əlçatmaz yüksəklikdə əzəmətlə dalğalanır. Fəal vətəndaş mövqeyindən yaradılan Bayraq Meydanı şəhər sakinlərinin qürurla addımladığı müqəddəs bir məkandır. Xalqımızın ümummilli lideri Heydər Əliyevə sonsuz məhəbbət və ehtiram böyük türk dünyasının hər bucağında olduğu kimi, İmişlidə də könüllərə hakim kəsilib. Ulu öndərin əziz xatirəsi burada hər evdə, hər ailədə həmişə ehtiramla xatırlanır. Könüllərdən gələn istəyin nəticəsidir ki, şəhərin mərkəzində salınmış böyük bir ərazini əhatə edən Heydər parkı yüksək zövqlə başdan-başa yenidən qurulmuşdur. Burada quraşdırılmış musiqili fontan parka dincəlməyə gələnlərin könlündə xoş duyğular oyadır. Milli memarlıq üslubunda inşa olunmuş Heydər Əliyev Mərkəzi möhtəşəm saray görkəmi ilə İmişlidə ulu öndərə sonsuz ehtiramın ifadəsidir. Şəhərin Heydər Əliyev prospektində, park və meydanlarında quraşdırılmış müasir işıqlandırma sistemi İmişlinin gecələrini əsrarəngiz edir. Bu payız günlərində göz oxşayan al-əlvan çiçəklər baharı xatırladır.

 Heydər parkında ömrünün ixtiyar çağını yaşayan bir ağsaqqalla həmsöhbət olduq. Səttar Atakişiyevin nurlu çöhrəsi, işıqlı fikirləri diqqət çəkirdi. Səsinin ahəngi xoş, nitqi bəlağətli idi. Söhbətinə uzaqdan başlayıb günümüzə körpü saldı:

- Uzun illər müəllim işləmişəm. Həyatın hər üzünü görmüşəm. Həmişə adamlarla sıx təmasda olmuşam. Ağsaqqal ziyalı kimi içimdən gələn bir fikri deyim ki, müstəqil və azad dövlətin vətəndaşı olmaqdan böyük xoşbəxtlik tanımıram. Mən İmişlinin dünənini yaxşı xatırlayıram. Ulu öndər Heydər Əliyevin dəmir iradəsi, müdrik idarəetmə bacarığı, qayğı və diqqəti sayəsində Azərbaycanın bütün rayonları ilə yanaşı İmişli də sürətlə inkişaf edirdi. Pis yaşamırdıq. Amma bu günlərin dadı başqadır. Gündən-günə gözəlləşən doğma İmişlinin xoş növrağını gördükcə daha çox yaşamaq istəyirəm. Səmimi deyirəm, İmişli yaranışından bəri heç vaxt indiki qədər belə gözəl, füsunkar olmayıb. Bizə yaşamaq həvəsi verən, ürəkaçan bu xarüqələri dövlətin gündən-günə artan iqtisadi qüdrətindən, ölkəmizdə böyük siyasi müdrikliklə bərqərar edilmiş ictimai-siyasi sabitlikdən güc alan oğullar yaradıblar. İndi İmişlidə əmin-amanlıqdır, hər kəs öz işi ilə məşğuldur. Bir zamanlar isə heç kəs qaş qaralandan sonra ailə-uşağı ilə küçəyə çıxmağa cəsarət etmirdi. İndi dövran dəyişib, xaos, anarxiya dövrü arxada qalıb. Meyarlar, baxışlar da dəyişib. İndi meydan sözün həqiqi mənasında vətən üçün, xalq üçün çalışanlarındır, millətini, elini-obasını sonsuz məhəbbətlə sevənlərindir. Biz bu prosesin İmişlidə canlı şahidləriyik və bundan gerçək qürur duyuruq. Bu gün dövlətin hər evə, hər ailəyə çatan qayğı payından necə razı qalmayasan?! Rayon əhalisinin ümumi rəyini ifadə edərək onu da razılıqla qeyd etmək istəyirəm ki, dövlət siyasətinin yerdəki icraçısı camaat üçün əlçatmaz deyil. Rayon rəhbəri ilə hər yerdə - istər onun yerində, istər el-obanın xeyir-şər məclislərində, istərsə də küçədə, yolda görüşüb dərdimizi-odumuzu danışır, ehtiyac duyduğumuz köməyi ondan alırıq. Rəhbərlə əhali arasında yaranmış qarşılıqlı hörmət və etimad, cəsarətlə deyə bilərəm ki, iqtisadiyyatda da, siyasətdə də qazandığımız böyük uğurların əsas mayasıdır, çox güclü amildir. Camaatın içində çox olan bir təqaüdçü kimi müşahidələrimi sizinlə bölüşmək istəyirəm. Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olacaq prezident seçkilərinə artıq bir neçə gün qalır. İmişli camaatı seçkilərə inkişafdan, əmin-amanlıqdan, firavan həyatdan doğan xoş ovqatla gedir. İndi hər kəs ağı qaradan yaxşı seçir. Böyük əksəriyyət artıq öz seçiminiedib.

Ağsaqqalın söhbətindən aldığım təəssürat yüksəliş yolunda sabaha böyük ümidlərlə addımlayan İmişlinin uğurları fonunda xoş duyğular yaratdı. Müdrik rəhbərin seçdiyi yol həmişə qələbəyə aparır. Qarşıda İmişlini yeni qələbələrin gözlədiyi indi heç kəsdə şübhə doğurmur.

 

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2013.- 29 sentyabr.- S.7.