Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal
Paşayevin əbədiyyətə qovuşduğu gündən 35 il
ötür
Sentyabrın 28-i XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətləri olan xeyirxah insan, görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin xatirə günüdür.
Bu müdrik insan, görkəmli yazıçı və ədəbiyyatşünas alim 35 il bundan əvvəl - 1978-ci il sentyabrın 28-də dünyasını dəyişmişdir.
Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan, böyük şəxsiyyət kimi tarixləşmiş Mir Cəlal Paşayevin əziz xatirəsi mənsub olduğu xalqın yaddaşında əbədiyaşarlıq qazanmışdır. Hər il sentyabrın 28-də onu sevənlər bu nurlu insanı yenidən "kəşf" edir və onunla bağlı ən şirin, unudulmaz xatirələrini bölüşürlər.
Mir Cəlal Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil kəndində yoxsul kəndli ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirmişdir. 1918-ci ildə atasının vəfat etməsi səbəbindən o, böyük qardaşının himayəsində yaşamışdır.
Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, ulu yaradanın mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə bilmişdir. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur. Əvvəlcə tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir.
Mir Cəlal
Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat
şöbəsində, Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə
yanaşı, müəllimlik etmiş və mənsub
olduğu xalqın övladlarına ölkəmizin tarixini, mədəniyyətini,
zəngin keçmişini mənimsətmişdir. Bu baxımdan Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin
inkişafındakı xidmətləri misilsizdir.
1928-ci ildə ilk qələm təcrübəsi ilə ədəbiyyat aləminə gələn, sonralar sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi müəllifinə ədəbiyyat tariximizin səhifələrində əbədiyaşarlıq qazandırmışdır. Görkəmli tədqiqatçının yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.
Azərbaycan ali məktəblərinin beşiyi
sayılan Bakı Dövlət Universitetinin
sevimli müəllimi, nüfuzlu
professoru kimi xatirələrdə
daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət,
düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən,
qoruyan şəxsiyyət olmuşdur.
Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda
yaratdığım ən böyük əsər
ailəmdir".
Ötən əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınmışdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuşdur. Mübaliğəsiz demək olar ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal Azərbaycanın klassik yazıçıları ilə bir sırada dayanmaq haqqını qazanmışdır. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunmuşdur. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazmışdır. O dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərində "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət"... hekayələrini çap etdirmişdir. Yazıçının 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerklər və novellalar kitabları çap olunmuşdur.
Mir Cəlalın ilk irihəcmli əsəri - "Dirilən adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr edilmişdir. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazmışdır: "Mir Cəlal "Dirilən adam"la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir".
İlk dəfə 1937-39-cu illərdə hissə-hissə "Revolyusiya və kultura" jurnalında nəşr olunan "Bir gəncin manifesti" əsəri isə yazıçının həyatında böyük bir dönüş yaratmış, onun ədəbi zirvəyə aparan yoluna cığır açmış və müəllifə böyük oxucu auditoriyası qazandırmışdır. 1940-cı ildə "Uşaqgəncnəşr"də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə təkrar nəşr edilmişdir. "Bir gəncin manifesti" bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş "Bir gəncin manifesti" Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilmişdir.
Görkəmli ədibin nəşr olunmuş altı romanı oxuculara məlumdur. "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" romanlarında keçmiş, "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınmışdır. Onun "İnsanlıq fəlsəfəsi" (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. Ədibin "İnsanlıq fəlsəfəsi", "Subaylıq fəlsəfəsi", "Təzə toyun nəzakət qaydaları", "Vicdan mühakiməsi", "Vicdan əzabı", "Hesab dostları", "Təsadüf, ya zərurət", "Qocaların uşaq söhbəti" və digər hekayələrində real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunmuşdur.
Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr edilmişdir: "Seçilmiş əsərləri" (2 cilddə, 1956-57), "Seçilmiş əsərləri" (4 cilddə, 1967-68), "Seçilmiş əsərləri" (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət "Şəfəqdən qalxanlar" (1972), "Dağlar dilə gəldi" (1978), "Ləyaqət", hekayələrdən ibarət "Bostan oğrusu" (1937), "Gözün aydın" (1939), "Vətən" (1944), "Həyat hekayələri" (1945), "Sadə hekayələr" (1955), "Xatirə hekayələri" (1962), "Gül bəsləyən qız" (1965), "Silah qardaşları" (1974) və s. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunmuşdur.
Elmi fəaliyyətini davam etdirən gənc Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini almışdır. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək və əvvəlki əsərini təkmilləşdirərək "Füzuli sənətkarlığı" adlı monoqrafiyasını nəşr etdirmişdir. Professor Qara Namazov deyir ki, Mir Cəlalın "Füzuli sənətkarlığı" monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunmuşdur.
"Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr əldə etmişdir.
Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" əsəri artıq 40 ilə yaxındır ki, ali məktəblərin dərs vəsaitidir.
Bu gün təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da bu böyük ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri nəşr olunaraq maraqla oxunur.
"UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilmişdir. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyinin UNESCO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür. 2008-2009-cu illərdə UNESCO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi, həm də Azərbaycan-UNESCO əməkdaşlığının inkişafının bariz nümunəsidir.
Bəli,
bu gün böyük alim, istedadlı yazıçı və
görkəmli pedaqoq Mir Cəlal Paşayevin bizdən cismən
ayrılaraq əbədiyyətə qovuşmasından 35 il
keçir. İllər ötdükcə mənalı
həyatını Azərbaycan xalqının maariflənməsinə,
elmimizin və ədəbiyyatımızın inkişafına sərf etmiş
bu ensiklopedik biliyə
malik insanın təkcə elmi irsi tədqiq edilmir, onun həm də
xeyirxahlığı, ümumbəşəri ideyaları
heyranlıqla qarşılanır və əsl örnək kimi sevilə-sevilə qəlblərdə
özünə ucalıq, əlçatmazlıq heykəli qurur. Bu böyük şəxsiyyətin adı, xeyirxah əməlləri bundan
sonra qədirbilən Azərbaycan
xalqının yaddaşında əbədi yaşayacaqdır.
Azərbaycan.-2013.- 29 sentyabr.- S.11.