Tarixdə izi qalan günlər
29 sentyabr
Sentyabrın son günləri dünyada hansı hadisələrlə yadda qalıb: məhz bu gün - 29 sentyabr 1515-ci ildə uzun sürən, bəzən yüzillik müharibələr adlanan qovğalara son qoyaraq Fransa və İsveçrə arasında əbədi sülh sazişi imzalanıb. Ancaq deyəsən bəşəriyyətin problemləri qılınc, nizə vasitəsilə həll etmək istəyi azalmadı və bu hadisədən təxminən 400 il sonra - 1911-ci ildə İtaliya ilə Osmanlı imperiyası arasında Trablus Qərb müharibəsi başladı. Bu, Birinci Dünya müharibəsinin gəlişindən xəbər verirdi.
Min illər boyu tarixin təkəri
dönmədən irəliləyir və o, özü ilə
insan ağlının, idrakının bu müddət ərzində
yaratdığı yaxşı nə varsa, özü ilə
bu günümüzə gətirib çıxarmaqdadır.
1650-ci ildə Henri Robinsonun dünyada ilk dəfə Londonda
açdığı nikah agentliyi belə hadisələrdən
biridir. Alman ixtiraçısı Emil Berliner tərəfindən
qrammofon üçün ilk patentin alınması (1887),
Yupiterin 12-ci peykinin kəşfi (1951), türklərdən
sonra Fələstində ingilis mandatının rəsmən həyata
keçirilməsi (1923), Varşavanın almanlara təslim
olması (1939), Tokio məhkəməsinin əslən
Bakıdan olan sovet kəşfiyyatçısı Rixard
Zorge haqqında çıxardığı ölüm
hökmü (1943), Fransada beşinci respublika qurulması (1958)
məhz bu günə təsadüf edir.
Xalqımızın
keçib gəldiyi yol da çox zəngin və keşməkeşlidir.
Tarixin bu günü 1919-cu ildə Bakı Dövlət
Universiteti təsis edilib və beləliklə, Azərbaycanın
inkişafında yeni bir dövr başlayıb.
Min illərə təsadüf edən hadisələr xalqımızın yaratdığı müxtəlif maddi-mədəniyyət abidələrində yaşamaqdadır. Onlardan biri Qobustan qayalarında da əks olunub: Qafqazı ələ keçirməyə çalışan məşhur Roma sərkərdəsi Pompeyin (e.ə.106-48-ci illər) doğum və ölüm tarixi də bu günə təsadüf edir. O, e.ə. 71-ci ildə Spartak üsyanının yatırılmasında iştirak edib, e.ə. 66-cı ildə Pont padşahı VI Mitridat əleyhinə müharibədə Roma qoşunlarının başçısı kimi onu məğlubiyyətə uğradaraq e.ə. 66-65-ci illərdə Qafqaz Albaniyasına soxulsa da, istəyinə çata bilməyib. E.ə. 48-ci ildə Farsal yaxınlığında qoşunları darmadağın edilib və Misirə qaçmaq məcburiyyətində qalıb. Elə oradaca qətlə yetirilib. Onun adını daşıyan bir şəhər də olub - Neapol şəhəri yaxınlığında. O da eramızın 79-cu ilində Vezuvin vulkanının püskürməsi nəticəsində sakinləri ilə birlikdə kül və lava altında qalıb məhv olub. 1713-cü ildə təsadüfən bu şəhər və onun zəhərli qazın, isti külün təsiri ilə məhv olan sakinlərinin qalıqları aşkar edilib.
Bu tarix həm də kitabları ilə yadda
qalıb. 1547-ci ildə
ispan yazıçısı, "Don Kixot" romanının
müəllifi Miqel de Servantesin doğum günüdür.
Dünyanın ən məşhur yazıçısı,
şair və dramaturqu olan Migel de Servantes həyatının çoxunu
ailəsi ilə birlikdə yollarda keçirib. 1569-cu
ildə İtaliyaya köçüb. 1575-ci
ildə quldurlar tərəfindən əsir alınıb.
Bir müddətdən sonra yenidən Madridə
qayıdıb. 1585-ci ildə "Qalateya" pastoral
romanını, müxtəlif hekayələrini -
"Qaraçı qız", "Qan gücü",
"İtlərin söhbəti" əsərlərini qələmə
alıb. 1615-ci ildə tamamladığı
"Don Kixot" romanı ona dünya şöhrəti gətirib.
Görkəmli ədib 1616-cı ilin 23 aprelində
Madriddə vəfat edib. Həm də lirik şeirlər
müəllifi olan Servantesin özündən sonra qalan
sözləri: "Bağlı ağızla milçək
tutmaq olmaz", " Hər kəs öz işi ilə
tanınır."
Bu gün həm də görkəmli musiqiçi,
şair, rəssam, xəttat, münəccim, kimyaçı və
riyaziyyatçısı Mir Mövsüm Nəvvabın doğum
günüdür (1883-1918). O, Şuşada Hacı Seyid Əhmədin
ailəsində dünyaya gəlib. İlk təhsilini
ruhani məktəbində alıb. Burda o, türk, ərəb,
fars dillərini mənimsəyib, riyaziyyat,
kimya və s. elmlərə yiyələnib. "Təzkireyi-Nəvvab"
əsərində XIX əsrdə Qarabağdan
çıxmış 100-dən artıq şairin həyatı
və yaradıcılığı haqqında məlumatlar
toplayıb. Bu təzkirə 1913-cü ildə
Bakıda nəşr olunub. 1899-cu ildə dərslik
kimi qələmə aldığı "Kifayətül-ətfal"
kitabında Nəvvab göy cisimlərinin yerləşməsi,
Günəş tutulmaları barədə cədvəllər
tərtib edib. Alimin öz evində iki
teleskop, kiçik rəsədxana və kimya laboratoriyası
olub. Mir Mövsüm Nəvvabın musiqi
sahəsində qələmə aldığı
"Vüzuhül-ərqam" traktatı da ilk dəfə
1913-cü ildə Bakıda nəşr olunub. Həmin əsərdə Mir Möhsün
ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi
və kökünü araşdırır, muğamların
şeir mətnləri ilə əlaqəsi, ifaçı ilə
dinləyicinin qarşılıqlı münasibətlərindən
bəhs edir. Alim ilk dəfə dəstgah terminindən
istifadə edib və o zaman Qarabağda məlum olan 6 dəstgahın
adını çəkir: Rast, Mahur, Şahnaz, Rahab (Rahavi),
Çahargah və Nəva. Bu əsərdə
Qarabağ musiqiçilərinin ifa etdiyi 82 mahnı və
muğamın da adı çəkllir. Musiqişünas
Zemfira Səfərova yazır ki, "Vizuhül-ərqam"
ötən əsrdə yalnız Azərbaycanda deyil,
bütün Şərq ölkələrində muğam
ifaçılığının və musiqi incəsənətinin
vacib məsələlərindən bəhs edən qiymətli
bir musiqi əsəridir".
Nəvvab həm də rəssam idi. Bir çox
akvarel rəsmləri, kitab miniatürləri və bir neçə
bina və məscidə vurduğu naxışlar
dövrümüzə kimi gəlib çıxıb. O,
Şuşanın mədəni və ictimai həyatında fəal
iştirak edib. "Məclisi-fəramuşan"
adlı ədəbi və "Məclisi-xanəndə"
adlı musiqi məclislərinin təşkilatçısı
idi. Onun məclislərinin fəal üzvləri şairlərdən
Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi
Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid,
ifaçı və müğənnilərdən Hacı
Hüsü, Məşədi Cəmil Əmirov, İslam
Abdullayev, Seyid Şuşinski idi. Nəvvabın
1905-1907-ci illərdə baş verən erməni-müsəlman
qarşıdurması, eləcə də Qarabağın tarixi
haqqında əsərləri də məşhurdur. O,
1918-ci ildə Şuşada vəfat edib.
Bu gün
həm də italyan əsilli ABŞ fiziki, "Nobel"
mükafatı laureatı Enriko Fermi (1901), İtaliyanın
qalmaqallı dövlət xadimi Silvio Berluskoni (1936) və
keçmiş Polşa prezidenti Lex Valensanın (1943) doğum
günüdür.
Belə bir gündə dünyasını dəyişən
məşhurlar da var. XIX əsrin ikinci yarısında realizmin
ən görkəmli nümayəndələrindən biri,
naturalizm ədəbi cərəyanının rəhbəri və
nəzəriyyəçisi Emil Zolya (1902) və amerikalı
yazıçı Karson Mak Kullerz (1967).
Zolya XIX əsrin sonlarında Fransa ədəbi həyatının
mərkəzində duran bir yazıçı idi. 1871-1893-cü
illərdə çap olunan və Fransanın ikinci imperiya
dövrünü təsvir edən Ruqon-Makkar (Les
Rougon-Macquarts) ailəsi haqqında 20 cildlik romanında cəmiyyətdə
gedən prosesləri əks etdirirdi. Yazıçının
Fransa siyasi həyatındakı iştirakının ən
yüksək nöqtəsi onun Dreyfus işi ilə
bağlı yazdığı və İngiltərəyə
sürgün edilməsi ilə nəticələnən məşhur
"Mən ittiham edirəm" məqaləsidir. Günahsız yerə həbs edilən 25
yaşlı yəhudi zabit Dreyfusun müdafəsinə ancaq o
qalxmışdı. Zabitə verilən
ittiham alman hərbi attaşesi Şvartkoppenə bəzi məxfi
rəsmi məlumatları verməsi idi. 1894-cü
ilin 22 dekabrında hakimlərin yekdil rəyi ilə o, "vətənə
xəyanət" maddəsi ilə ömürlük
azadlıqdan məhrum edildi. Antisemit
duyğuların cövlan etdiyi bir dövrdə Emil Zolya
basqılara məhəl qoymadan prezident Felix Fauerə
"İttiham edirəm" başlıqlı bir məktub
yazdı: "Günahsız bir insana qarşı belə bir
hökm vermək ədalətsizliyin möcüzəsidir."
Bundan sonra o, ölkəsindən getmək məcburiyyətində
qalsa da, ədaləti və hüququ müdafiə etdi.
1902-ci il 29 sentyabrda Parisdəki evində dəm
qazından zəhərlənərək dünyasını dəyişdi.
Bunun sui-qəsd olduğuna dair iddialar sübut
olunmadı.
Özündən
sonra qalan sözləri: "Bu dünyaya nə etməyə gəldiyimi
soruşsanız, cavabım bu olacaq: həyatımı yüksək
səslə yaşamaq üçün buradayam". "Hər şey yalnız bir yuxudur",
"Qabiliyyət yoxsa sənətçi olmaz, amma
çalışmamaqla da qabiliyyət heç bir işə
yaramaz".
30 sentyabr
30 sentyabr bəşər tarixində əvəzolunmaz
bir hadisə ilə yaşamaqdadır - 1472-ci ildə Quttenberq
Bibliyanı çap edib və bununla, kitab çapının əsası
qoyulub. Bu
gün həm də türk tarixində əvəzsiz yeri olan,
türk telekanalında
yayımlanan "Möhtəşəm yüz
il" serialının qəhrəmanı Qanuni Sultan
Süleymanın Qanuni Osmanlı taxtına sahib olduğu bir
gündür (1520). Səfəvi padşahı I Abbas Səfəvi ilə
Osmanlı hökmdarı Xəlil paşa arasında Mərənddə imzalanan Sərab sülh müqaviləsi
də bu günün yaddaşındadır (1618). Qəribə
də olsa, Amerikada ilk ölüm hökmü bu gün icra olunub (1630). Fransada isə elə bu gün ləğv edilib
(1981). Bu gün ilk dəfə Fransada nəqliyyat vasitələrinin
məcburi olaraq dövlət qeydiyyatına
alındığı (1901), həm də indi hər bir
sürücüyə yaxşı tanış
olan dizel yanacağının müəllifi alman Rudolf Dizelin
müəmmalı şəkildə həlak olduğu
gündür.
1992-ci ilin bu günü Azərbaycan Dövlət Neft
Akademiyasının məzunu Joze Eduardo duş Santuş Anqola
Prezidenti seçilib və indiyə kimi hakimiyyətdədir. Onun Bakıda doğulan
qızı İzabel duş Santuş (1973) Forbes
jurnalının 2013-cü ilin martına
olan məlumatına görə Afrikanın ilk milyarder
qadınıdır.
1999-cu ildə
Bakı Aeroportunun yeni kompleksinin açılışı
olub və beləliklə, tam beynəlxalq standartlara
uyğunlaşdırılan hava limanı hazırda istənilən
tip təyyarəni qəbul edə bilmək gücündədir.
Bu gün dünya mədəniyyətinə əvəzsiz
töhfələr verən, türk dünyasının fəxri
Mövlana Cəlaləddin Ruminin doğulduğu gündür. Əfqanıstanın
Bəlx şəhərində anadan olan Mövlana
bütün ömrünü o vaxt səlcuqların paytaxtı
olan Konya şəhərində keçirir, orada da dəfn
edilir. Rumi 38 yaşında olarkən 60 yaşlı islam piri, dərviş Şəmsəddin
(Şəms) Təbrizi ilə tanış olur. Bu
tanışlıq Cəlaləddinin dünya
görüşünə dərin təsir göstərir,
onun fikir dünyasını kökündən dəyişdirir.
2007-ci ildə onun anadan olmasının 800 illiyi UNESCO tərəfindən
qeyd olunub. Həmin
il dünya Mövlana İli elan edilib.
"Güllə səsi qonşuları da
oyatmışdı. Çoxları elə bilmişdi ki, nəsə
partlayış olub. Lakin bir azdan hər
şey aydın oldu. Kinorejissor Lətif Səfərov
özünə qəsd etmişdi. 1963-cü il dekabrın 9-u idi. İliklərə
işləyən soyuq adamlardakı həyəcana bir sərt
ovqat da gətirmişdi. Onlar təəccüblə
bir-birinə baxıb çiyinlərini çəkirdilər."
Beləcə həyata "əlvida" deyən
tanınmış rejissor, aktyor Lətif Bəşir oğlu Səfərov
(1920-1963) 30 sentyabrda Şuşada dünyaya gəlmişdi.
7 yaşında ikən rejissor Leo Murun "Gilan
qızı" ("Tunc ay") filmində çəkilib.
Sonra yaradıcı heyətlə Bakıya gələn
balaca Lətif studiyada işə düzəlib.
1928-1931-ci illərdə "Sevil", "Lətif",
"Şərqə yol", "Qızıl kol" filmlərində
uşaq rollarında oynayıb. Lətif Səfərov
1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna daxil olub. 1950-ci
ildə təhsilini başa vurub professional sənətkar kimi
Bakıya döndü, kinostudiyada fəaliyyətə başladı.
1955-ci ildə ona "Sevimli mahnı" ("Bəxtiyar")
filmini çəkmək həvalə olundu. Bu lentlə o, böyük kinoda ilk filmini yaratdı.
"Qızmar günəş altında", "Leyli və
Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs
gətirən Lətif Səfərov ekranın estetik
funksiyası ilə bağlı nəzəri görüşlərini
müəyyən qədər də olsa reallaşdıra
bildi. 1958-ci ildə o, Kinematoqrafçılar
İttifaqının sədri seçildi. "Koroğlu"
filmi üzərində böyük əziyyətlə işlədi.
Çünki studiyanın imkanları çox məhdud
idi. Beləcə, bütün yaradıcı
ömrünü kinonun inkişafı uğrunda mübarizəyə
həsr etdi. Çoxlarını da
özündən narazı salırdı. Çünki
ətrafındakılara bu cür tələbkarlıq
lazım deyildi.
Onun filmlərindən biri belə adlanırdı -
"Şimşəklər kimi". Ömrü də elə
şimşək kimi qısa və parlaq oldu. Məşhur sənətkarımız Şövkət
Ələkbərovanın həyat yoldaşı idi.
30 sentyabr həm də Əliağa Vahidin (1895-1965)
anım gündür. Füzuli ənənələrinin
davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında
qəzəl janrının görkəmli nümayəndəsidir.
Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi
və ahəngdarlığı ilə seçilir, xanəndələrin
repertuarında mühüm yer tutur. Nizami, Xaqani,
Füzuli, Nəvai və başqalarının qəzəllərini
Azərbaycan dilinə tərcümə edib.
Özündən
sonra qalan sözləri:
Hər
aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı
gözəldir.
Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəylinin
də dünyaya vida günü 30 sentyabrdadır. 1884-cü il
aprelin 17-də Şuşada anadan olan bəstəkarın
kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə,
milli baxışlarının formalaşmasında
oynadığı rol çox böyükdür. Professional
musiqimizin banisi Üzeyir Hacıbəyli, böyük bəstəkar
və dirijor Müslüm Maqomayev, əfsanəvi səhnə
ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənət
fədailəri sırasında Zülfüqar Hacıbəylinin
də məxsusi yeri vardır. O, bəstəkar və dirijor
Niyazinin atasıdır. Özündən sonra qalan əsərləri:
"Əlli yaşında cavan" (1909), "On bir
yaşlı arvad" (1911), " Evliykən subay"
(1911), "Aşıq Qərib"
(1915), "Nüşabə", "Üç aşiq və
ya Məlikməmməd".
Sentyabrın 30-u Səxavət Məmmədovu da
itirdiyimiz gündür. O, Azərbaycan mədəniyyətinə Cabbar,
Bülbül, Üzeyir bəy, Seyid, Xan kimi dahilər bəxş
edən Qarabağda dünyaya göz açmışdı. Onun ölümü hamını sarsıtdı.
1991-ci il sentyabrın 30-da avtomobil qəzasında
dünyasını dəyişən xanəndəni insan
axını Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığına
son mənzilə yola saldı. Səxavət Məmmədovun
qəbri üzərinə qoyulmaq üçün Bakıda
sifariş edilən məzar daşı kənd işğal
olunduğu üçün ünvana çata bilmədi,
üzərində şəkli olan başdaşı
Bakıdakı evinin həyətində qaldı. Amma onun
ruhunun, səsinin əsl evi Qarabağ idi...
Elə
kövrək, elə həzin oxuma,
Fələk vuran yaralı var, a zalım.
Bu sözlər Səxavət Məmmədov
haqqındadır. Səxavətin ölümündən əvvəl,
ya sonra qələmə alındığı bilinmir.
Amma fərq etməz - axı, Səxavət hələ də
oxuyur, ətrafında isə "fələk vuran
yaralılar..."
30 sentyabr
həm də bayram deməkdir - Beynəlxalq Tərcüməçilər
Günüdür (1991). Problemlərin həlli
üçün indi tərcüməçiyə
hamının ehtiyacı var - insanların da, millətlərin
də. İlin sonuna 92 gün
qaldığı bir vaxtda həyatdan və yaşamaqdan,
dinclikdən və əmin-amanlıqdan tərcüməsiz və
tərcümansız danışmaq necə də xoşdur.
Bəxtiyar QARACA,
Azərbaycan.-2013.- 29 sentyabr.- S.11.