Prezident İlham Əliyevin
Dünya Azərbaycanlılarının
Həmrəylik
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbriki
-
Hörmətli xanımlar və cənablar!
Əziz
həmvətənlər!
Bir
neçə dəqiqədən sonra 2013-cü il
başlayır. 2012-ci il isə ölkəmiz üçün
çox uğurlu il olmuşdur. 2012-ci ildə Azərbaycanın
uğurlu, dinamik inkişafı təmin edilmişdir. Ölkə
qarşısında duran bütün vəzifələr
müvəffəqiyyətlə icra edilmişdir.
2012-ci
ildə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf
etmişdir. İqtisadiyyatda yenə də inkişaf
özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir
ki, qeyri-neft iqtisadiyyatımız
təxminən 10 faiz artmışdır. Bu, onu göstərir
ki, bizim iqtisadi islahatlarla bağlı siyasətimiz çox
uğurludur, çox təsirlidir.
İqtisadiyyatımız
çoxşaxəli iqtisadiyyatdır. Əminəm ki, gələcək
illərdə ölkəmizin dayanıqlı iqtisadi
inkişafı üçün əlavə imkanlar
yaranacaqdır. Bütün iqtisadi göstəricilər
çox yüksək səviyyədədir. Yoxsulluq 6 faizə
düşmüşdür. İşsizlik 5,2 faizdir. Bu il 100
mindən artıq yeni iş yeri açılmışdır.
Son doqquz il ərzində bir milyon 100 mindən çox iş
yeri açılmışdır. İş yerlərinin
açılması bilavasitə işsizliyin aradan
qaldırılmasına xidmət göstərmişdir.
Beynəlxalq
reytinq agentlikləri 2012-ci ildə ölkəmizin kredit reytinqlərini
artırmışlar. Bu da böhranlı il üçün
çox gözəl, əlamətdar bir hadisədir. Azərbaycan
iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə
görə 46-cı yerdədir. Əminəm ki, gələcək
illərdə bizim yerimiz daha da yüksək olacaqdır.
İqtisadi sahədə aparılan islahatlar, düşünülmüş siyasət bizə imkan verir ki, sosial məsələlərin həllində də böyük nailiyyətlərə imza ataq. 2012-ci ildə maaşlar, pensiyalar qaldırılmışdır, ünvanlı sosial yardım on minlərlə ailəni əhatə edir. 2012-ci ildə sovet əmanətlərinin qaytarılması prosesi başlamışdır. Əminəm ki, gələn il bu proses başa çatacaqdır. MDB məkanında Azərbaycanda bu sahədə aparılan siyasət ən yüksək qiymətə malikdir. Çünki biz bu əmanətlərin ən yüksək əmsalla və ən qısa müddət ərzində qaytarılmasına nail olacağıq. Bütün bu məsələlər onu göstərir ki, həm iqtisadi, həm sosial sahədə düşünülmüş siyasətimiz konkret nəticələrini verməkdədir.
2012-ci ildə məcburi köçkünlərin problemlərinin həlli üçün çox böyük işlər görülmüş və 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Gələn il 20 mindən artıq köçkünün yaşayış şəraiti yaxşılaşdırılacaq və beləliklə, Dövlət proqramının icrası nəticəsində biz köçkünləri, bizim soydaşlarımızı gözəl şəraitlə təmin edəcəyik. Ancaq əlbəttə, biz torpaqlarımız işğalçılardan azad olunandan sonra bu gün hələ də işğal altında olan torpaqlarda yeni binalar, qəsəbələr, şəhərlər salacağıq ki, vətəndaşlarımızı gözəl şəraitlə təmin edək. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bizim gücümüz artır, həm iqtisadi sahədə, həm hərbi sahədə. Beynəlxalq mövqelərimiz möhkəmlənir.
2012-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi siyasi hadisələr baş vermişdir. Mən ilk növbədə, bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatını qeyd etmək istəyirəm. O bəyanatda deyilmişdir ki, status-kvo qəbuledilməzdir. Yəni bu, onu göstərir ki, artıq heç kim, hətta bu məsələ ilə məşğul olan vasitəçilər, funksiyaları öz üzərinə götürən ölkələr də bu işğalla, bu vəziyyətlə barışmaq istəmir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir.
Eyni zamanda, 2012-ci ildə Azərbaycanın qoşulduğu Qoşulmama Hərəkatının zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox tutarlı və ədalətli qətnamə qəbul edilmişdir. Həmin qətnamədə deyilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Eyni zamanda, 2012-ci ildə NATO-nun zirvə görüşündə də qəbul edilmiş qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi haqqında məsələ qoyulmuşdur. Yəni Qoşulmama Hərəkatında və NATO-da birləşən ölkələr dünya birliyinin mütləq əksəriyyətini təşkil edir və bu ölkələrin mövqeyi birmənalıdır: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Münaqişənin başqa həlli yoxdur.
Onu da qeyd etmək və bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu tarixi biz yaxşı bilirik. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı - bütün bunlar bizim tarixi torpaqlarımızdır. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılması heç vaxt mümkün olmayacaqdır. Azərbaycan heç vaxt buna imkan verməyəcəkdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir və bu gün işğal altında olan bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaqdır.
Mən hesab edirəm ki, 2013-cü ildə vasitəçilər tərəfindən məsələnin həlli ilə bağlı daha konkret təkliflər verilməli və işğalçı məcbur edilməlidir ki, işğal edilmiş torpaqlardan tezliklə çıxsın. Bununla bərabər, heç kəs üçün sirr deyildir ki, biz ordu quruculuğu prosesi ilə çox ciddi məşğuluq. Azərbaycan Ordusu Cənubi Qafqazın ən böyük qüvvəsidir. Ordunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. 2012-ci ildə böyük miqdarda hərbi texnika, silah-sursat, təyyarələr, helikopterlər, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirilmiş, eyni zamanda, daxildə 40-dan yuxarı sənaye müəssisəsində hərbi təyinatlı məhsulların istehsalı təşkil edilmişdir.
Biz ordumuzu 2013-cü ildə daha da gücləndirəcəyik. Ordumuza xərclənən vəsait Ermənistan büdcəsindən 50 faiz çoxdur və bundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparılacaqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.
Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, 2012-ci ildə çox əlamətdar hadisə baş vermişdir, TANAP layihəsi imzalanmışdır. TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir.
Eyni zamanda, 2012-ci ildə digər vacib layihə - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uğurla icra edilmişdir. Əminəm ki, gələn il biz bu dəmir yolunun açılışını qeyd edəcəyik.
2012-ci ildə humanitar sahədə böyük işlər görülmüşdür. Bakı sivilizasiyalararası dialoqun təşkili, genişləndirilməsi üçün artıq dünya mərkəzinə çevrilmişdir. Uğurla keçirilmiş İkinci Beynəlxalq Humanitar Forum, onun nəticələri, bu sahədə əldə edilmiş nailiyyətlər ölkəmizi həm dünyaya təqdim edir, eyni zamanda, bizim təcrübəmiz mən əminəm ki, başqa ölkələrdə öyrənilir. Çünki Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi, mehribanlıq şəraitində yaşayırlar və yaşayacaqlar. Milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvətidir.
2012-ci ildə idman sahəsində böyük qələbələr əldə edilmişdir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə qazanmışdır. On medal qazanmışıq. Onlardan ikisi qızıl, ikisi gümüş, altısı bürünc medaldır. Tarixdə ilk dəfə olaraq biz on medala imza atdıq. Beləliklə, Olimpiya Oyunlarının yekunlarına görə Azərbaycan dünya miqyasında 30-cu, Avropada 15-ci, müsəlman aləmində isə 3-cü yerə layiq görülmüşdür.
İlin sonunda bizə bir şad xəbər də çatdı. Dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında tarixi qərar qəbul edilmişdir. Bu da bizim böyük qələbəmizdir. Bu oyunlar tarixdə birinci oyunlar kimi qalacaqdır. Avropanın birinci Olimpiya Oyunlarını Azərbaycanda, Bakıda keçirmək, əlbəttə, bizim üçün böyük şərəfdir, böyük məsuliyyətdir, eyni zamanda, ölkəmizdə görülən işlərə Avropa Olimpiya ailəsi tərəfindən verilmiş yüksək qiymətdir. Nəzərə alsaq ki, bu il biz Avropanın və dünyanın birinci mahnı müsabiqəsini - "Eurovision" müsabiqəsini böyük məharətlə, ustalıqla keçirmişik, əminəm ki, Avropa Olimpiya Oyunlarını da yüksək səviyyədə keçirəcəyik. Bax bütün bu dediyim sahələrdə 2012-ci il uğurlu il kimi tarixdə qalır və əldə edilmiş bu nailiyyətlər bizə imkan verir ki, 2013-cü ilə də böyük nikbinliklə baxaq. Əminəm ki, gələn ildə də ölkə qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir.
Bu gün biz, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirik. Bu fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları səmimi-qəlbdən salamlayıram, onları təbrik edirəm. Onlara bildirmək istəyirəm, fəxr edə bilərlər ki, bu gün dünyada müstəqil Azərbaycan dövləti vardır. O Azərbaycan dövləti ki, bu gün dünyanın bir nömrəli beynəlxalq qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüdür. O dövlətdir ki, hətta böhranlı illərdə öz iqtisadi inkişafını davam etdirmiş, öz daxili resursları üzərində güclü iqtisadi zəmin yaratmış və gələcəyə böyük ümidlərlə, böyük nikbinliklə baxır.
Mən
dünyada yaşayan bütün azərbaycanlıları bu
gözəl bayramlar - həm Dünya Azərbaycanlılarının
Həmrəylik Günü, həm Yeni il bayramı münasibətilə
bir daha ürəkdən təbrik edirəm, hər bir Azərbaycan
ailəsinə cansağlığı, xoşbəxtlik
arzulayıram.
Bayramınız
mübarək olsun!
Azərbaycan.-2013.- 1 yanvar.- S.1.