2013-cü il Azərbaycan iqtisadiyyatı üçün yeni uğurlarla əlamətdar olacaq

 

2012-ci ilin sosial-iqtisadi mənzərəsi bu ilinmühüm nailiyyətlərlə yadda qalacağı, Azərbaycanın ən yeni tarixinə növbəti inkişaf mərhələsi kimi yazılacağından xəbər verir. Çünki ötən ilin 11 ayının sosial-iqtisadi inkişafının yekunlarının təhlili göstərir ki, Azərbaycanda iqtisadiyyatın müşahidə olunan dinamik inkişafı dönməzdir və ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzi statusunu tam təmin edib. Sözsüz ki, bu uğurların həlledici amili Azərbaycan dövlətinin inamla həyata keçirdiyi inkişaf strategiyasıdır.

2008-ci ildən dünya iqtisadiyyatında baş qaldıran maliyyə-iqtisadi böhran sonrakı illərdə bir qədər səngisə də, onun tam aradan qalxdığını demək olmaz. Bu gün Avropa İttifaqının aparıcı dövlətlərinin səylərinə baxmayaraq, avrozonadakı bir sıra ölkələrin iqtisadi tənəzzüldən qurtula bilməmələri, tədricən daha dərin böhrana sürüklənmələri bunu təsdiq edir. Elə qlobal böhran da  əsasən avrozonada iqtisadi problemlərin dərinləşməsi səbəbindən baş verib. Avrozonada sənaye istehsalı son 3 ilin ən aşağı həddinə çatıb. Böhran meyillərinin güclənməsi biznes mühitinin pisləşməsinə, investisiya fəaliyyətinin aşağı düşməsinə səbəb olmuş, yerlərinin sayı azalmışdır. Avrozonada borc böhranının davam etməsi bütün dünya, o cümlədən Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikasının iqtisadiyyatına öz təsirini göstərib. Həmçinin cari ilin birinci rübünün sonunda neftin qiymətinin daha kəskin şəkildə artması Amerika Birləşmiş Ştatlarının neftdən asılı sənaye sahələrində istehsalın azalmasına səbəb olub.

Dünya iqtisadiyyatında, xüsusən avrozonada iqtisadi böhranın müşahidə olunmasına, xarici maliyyə sistemlərindəki qeyri-müəyyənliyə baxmayaraq, bu il Azərbaycan iqtisadiyyatı öz stabilliyini qoruyub və ölkə iqtisadiyyatında inkişaf davam edib. Xüsusən qeyri-neft sektorunda yüksək artım qeydə alınıb, dövlətin maliyyə mövqeyi güclənib, əhalinin pul gəlirləri artıb, sosial rifahmaddi təminat daha da yaxşılaşıb. 2012-ci il Azərbaycan üçün əvvəlki illərdə olduğu kimi, bütün sahələrin yüksəlişi ilə əlamətdar oldubu, ölkəmizdə yaradılan güclü iqtisadi potensialın, neft gəlirlərindən səmərəli istifadənin və aparılan islahatların uğurlu nəticəsinin bariz nümunəsidir. Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev  ilin iqtisadi yekunlarının fəxarət hissi doğurduğunu bildirib: "Son doqquz il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. İqtisadiyyatımız üç dəfə, yəni, 300 faiz artmışdır. İqtisadiyyatımızın şaxələndirilməsi prosesi uğurla gedir. Biz ilin yekunlarına görə də yenidən gözəl iqtisadi uğurları görürükbununla fəxr edirik. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdədir. Bütün əsas beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini hətta böhranlı illərdə də artırıblar. Yəni iqtisadi imkanlar da öz rolunu oynamışdır".

2012-ci ildə ölkədə iqtisadiyyatın bütün sahələrinin davamlı inkişafı təmin edilib, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ötən dövr həm də yeni iqtisadi təşəbbüslərlə yadda qalıb. İstər sosial, istər iqtisadi sahələrdə irəli sürülən yeni təşəbbüslər praktikada öz müsbət nəticələrini verməkdədir. Statistik yekunlar da təsdiqləyir ki, bu dövrdə iqtisadi inkişaf sürətlənib, artımın davamlı şəkil alması təmin edilib. Rəqəmlər Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı daha dolğun təəssürat yaradır. Belə ki, 2012-ci ilin on bir ayında ölkəmizdə 48,2 milyard manatlıq və ya əvvəlki ildəkindən 1,2 faiz çox ümumi daxili məhsul istehsal edilib. ÜDM-in hər nəfərə həcmi 5253,9 manat (6686,8 ABŞ dolları) olub. Qeyd etdiyimiz kimi, ötən il iqtisadiyyatın qeyri-neft sektorunda da ciddi artımlar olub. Bu sahədə yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 24,7 milyard manat təşkil edib. ÜDM-in 50,5 faizi sənayedə, 9,9 faizi tikintidə, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 6,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 1,5 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 12,7 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilib.

Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 23,1, informasiya və rabitə xidmətlərində 16,8, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 15,7, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,4, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,7, nəqliyyat və anbar təsərrüfatında 2,5, sosial və digər xidmətlər sahəsində 3,3 faiz artıb. Bütövlükdə makroiqtisadi proqnozlara əsasən, 2012-ci ildə ölkə üzrə ÜDM istehsalının 51,4 milyard manat təşkil edəcəyi gözlənilir ki, bu da əhəmiyyətli dərəcədə yüksək iqtisadi artım deməkdir. Qeyri-neft sektorunda isə artımın 9,6 faiz həddində olacağı gözlənilir.

İqtisadi uğurlardan danışarkən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əhəmiyyətli rolu xüsusilə qeyd edilməlidir. Ötən il də dövlət proqramı uğurla icra olunub. Nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin yaradılması və yerlərinin açılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər qazanılıb.

2013-cü ildə iqtisadi artım 5,3 faiz həcmində proqnozlaşdırılır ki, bunu da əsasən daha dinamik inkişaf edən qeyri-neft sektoru təmin edəcək. Belə ki, qeyri-neft sektorunun 2013-cü ildə 11,7 faiz artacağı gözlənilir. Gələn il dövlət büdcəsinin gəlirləri 19 milyard 159 milyon, xərcləri isə 19 milyard 850 milyon manat olacaq. Bu, 2012-ci illə müqayisədə müvafiq olaraq 12,4 və 12,1 faiz çoxdur. Bütün bunlar ondan xəbər verir ki, 2013-cü ildə Azərbaycan iqtisadiyyatı yeni uğurlarla əlamətdar olacaq.

 

 

 Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 1 yanvar.- S.2.