«İctimai Palata» iflasın son mərhələsindədir

 

Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca dağıdıcı müxalifət daxilində olan gərginlik daha da kəskinləşir. "İctimai Palata"(İP) adlanan qurumda "mehriban düşmən" kimi fəaliyyət göstərən AXCP və Müsavat Partiyası arasındakı münasibətlərin əsl mahiyyəti artıq açıq-aşkar görünməyə başlayıb.

Hələ də aqressiv qüvvələr eyni mövqe nümayiş etdirib vahid namizəd seçə bilmədiyindən sinirlər daha da gərginləşir. Bunun da sonda açıq qarşıdurmalara gətirib çıxaracağı istisna olunmur. Bu səbəbdən də demək olar ki, "İctimai Palata"nın tarixin arxivinə göndərilməsinə çox az vaxt qalıb.

Hətta bir neçə gün öncə bu qurumun Koordinasiya Şurasının üzvü Zəfər Quliyev İP-nin fəaliyyətini davam etdirə bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, Müsavat və AXCP bəzi məsələlərdə bir araya gələ bilmirlər. Bu da nəticə etibarilə İP-nin fəaliyyətinə də təsir göstərir. Zəfər Quliyev mətbuata verdiyi son açıqlamasında bildirib: "İctimai Palata"nın işində böhranlı vəziyyət yaranıb. Biz çalışırdıq ki, bunu ictimailəşdirməyək, lakin son toplantıda da heç bir nəticəyə gəlmədik. Baxmayaraq ki, bir neçə iclasdır ciddi müzakirələr gedir, təəssüf ki, prinsipial məsələlərdə konsensusa gələ bilmirik".

AXCP-nin sədr müavini Həsən Kərimov isə bildirib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin və digər partiya rəsmilərinin əvvəlcədən vahid namizəd məsələsini irəli sürmək və bundan sonra fəaliyyət göstərməklə bağlı təklifləri fikir ayrılıqları yaradıb.

Bu açıqlamadan bəlli olur ki, hər iki partiya arasında olan münasibətlər artıq kəskinləşib. Vahid namizəd məsələsi tərəfləri qorxuya salıb.

Bu məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədrinin müavini Aydın MİRZƏZADƏ hesab edir ki, hazırda "İctimai Palata" böhran vəziyyətindədir: "Bir müddət əvvəl verdiyim açıqlama müxalifət düşərgəsində etirazla qarşılandı. İndi bu qurumun üzvlərinin etirafları göstərir ki, müxalifət təmsilçiləri öz düşərgələrində böhranlı vəziyyət olduğunu bizdən əvvəl bilirdilər. Sadəcə olaraq bunu etiraf etməyə cəsarətləri çatmırdı. Eyni zamanda onlar ümid edirdilər ki, cəmiyyətin fikrini başqa yerə yönəltməklə bundan diqqəti yayındıra biləcəklər. "İctimai Palata" adlanan qurumun böhran keçirdiyi açıq-aydın görünürdü. Ona görə ki, onların cəmiyyətlə heç bir əlaqəsi yox idi. Belə bir palata yaratmaq özü artıq iflasın başlanğıcı idi. Onların fəaliyyətləri ancaq qanunsuz mitinqlər keçirmək və kiminsə namizədliyi ətrafında müttəfiq qüvvələri birəşdirməkdən ibarət idi. Bu cəhdlər də alınmadı. "İctimai Palata"da təmsil olunanların bir-birinin sosial bazasını ələ keçirmək yarışına girdikləri açıq-aydın görünürdü. Hətta seçkiyə xeyli qalmış onlar bir-birlərinin əleyhinə bəyanatlar verməyə başladılar".

A.Mirzəzadə deyir ki, müxalifət "vahid namizəd" məsələsini də müəyyənləşdirə bilmir. Həmçinin içərisində vaxtaşırı tanınmış müxalifət simalarının istefa verməsi özü ona olan etimadsızlığı göstərirdi. Deputat hesab edir ki, həmin gedişatla prezident seçkiləri ərəfəsində bu təşkilat ümumiyyətlə mövcud olmayacaq. Daxili didişmələr və ittihamlar zaman-zaman yaradılan bu kimi müxtəlif təşkilatların taleyini "İctimai Palata"ya da yaşatmalı olacaq. Deputatın fikrincə, bu gün "İctimai Palata"da neçə siyasi partiya varsa, o qədər də "İctimai Palata" var. Onlar hər biri İP-nin adından danışmağa çalışır. Məqsəd digərlərinin sosial bazasını ələ keçirməkdir. Burada cəmiyyətin əksəriyyətinin etimadını qazanmaqdan və qələbə çalmaqdan söhbət gedə bilməz. Bir sözlə, ictimaiyyətsiz yaradılan "Palata" hazırda son günlərini yaşayır.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Zahid ORUC isə hesab edir ki, "İctimai Palata"dakı son istefalar bu qurumun dəqiq prinsiplər üzərində formalaşmadığını, idarəçilikdəki qeyri-demokratik tendensiyaları və bədbin perspektivə dair gerçəkliyi özündə əks etdirir. Ölkənin siyasi və iqtisadı gələcəyinə dair fərqli gündəm yaradacaqlarını bəyan edən bu insanlar yalnız məhəlli miqyasa malik olan təhlilləri və ənənəvi intriqaları ilə diqqəti cəlb etdilər. İqtidarda baş verən ən adi hadisələrə qlobal miqyas verən "İctimai Palata" bu gün öz çevrələrində baş verənlərin üzərindən pərdə çəkir: "Onlar yarananda elə zənn etdilər ki, ölkənin ictimai-siyasi prosesinə, dövlətin beynəlxalq münasibətlər sisteminə yönələn platforma ortaya qoyacaqlar. Bu dövr ərzində heç kəs onu görmədi və çox təəccüblü deyil ki, bu gün gənclər təşkilatının təmsilçisi, sabah başqa bir nümayəndə həmin palatadakı qeyri-müəyyənlikdən, siyasi yolsuzluq səbəbindən müxtəlif konfliktlərə əl atacaqlar". Onun sözlərinə görə, bu dövr ərzində "İctimai Palata" mitinq üzrə ixtisaslaşmış mərkəz funksiyasını yerinə yetirib. Nə kadr bazasına, nə təşkilatlanmaya, nə də ki oradakı insanların baxışlar sisteminə görə heç bir cazibədarlıq kəsb etməyən bu "Palata" yalnız bir neçə media orqanının səhifəsində mövcuddur. "Palata"nın mitinqlər vasitəsilə ictimaiyyətin diqqətini cəlb etmək istəməsi məsələsində baş verən xətalar, nöqsanlar, bir sıra hallarda siyasi səhvlər ayrı-ayrı didişmələrə də yol açır.

Zahid Oruc "İctimai Palata"nın iki partiyanın çevrəsində onlara xidmət edən şəxslərin görüntüsü olduğunu hesab edir: "Artıq dəfələrlə sübut olunub ki, Azərbaycanda "İctimai Palata" deyilən qurumun arxasınca heç kim getmir, çünki bu təşkilatın rəhbərliyində duranların özləri tamamilə iflasa uğramış adamlardır". Onun fikrincə, bu gün aktiv ictimai fəaliyyətdə ümumiyyətlə "İctimai Palata" tərəfdarları yoxdur. Onlar ancaq siyasi imitasiya ilə məşğul olmağa can atırlar ki, bu da, təbii ki, daim nəticəsiz qalacaq.

 

 

 Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 1 yanvar.- S.2.