Dezinformasiya heç zaman müəllifinə hörmət gətirməyib

 

"Reuters" agentliyi ölkəmizə qarşı qərəzli olduğunu bir daha nümayiş etdirib

 

 Müstəqilliyini 21 il əvvəl bərpa edən Azərbaycan dövləti artıq dünya miqyasında sürətli inkişaf sayəsində öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini getdikcə daha da artırır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl  həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlardır. Ancaq Azərbaycanın bu dinamik inkişafını həzm edə bilməyən bəzi qüvvələr öz çirkin əməllərindən yenə də çəkinmir, antiazərbaycançı şəbəkə ölkəmizlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqda davam edir. Bu cür sifarişlərin haradan qaynaqlandığı hamıya çoxdan bəllidir. Çünki erməni lobbisi və bütövlükdə antiazərbaycançı şəbəkə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk gündən ölkəmizə qara yaxmaqla məşğuldur.

Elə bu günlərdə "Reuters" agentliyi də Azərbaycana qarşı qərəzli olduğunu bir daha nümayiş etdirib. Agentliyin ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanın guya Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi barədə məlumatı ölkəmizə qarşı onun reallıqlarını təhrif etməkdən başqa bir şey deyil. Ümumiyyətlə, həmişə erməni lobbisi, onların təsiri altında olan riyakar siyasətçilər, Azərbaycanın uğurlarından qıcıqlanan xarici antiazərbaycançı qüvvələr və islamofob dairələr  ölkəmizə qarşı total informasiya müharibəsi aparırlar. Görəsən, Azərbaycanı təhlükəli ölkələr sırasına daxil edənlər hansı kriteriyalar üzrə bu nəticəyə gəliblər?

Bu kimi informasiyalar ilk baxışda belə təəssürat yaradır ki, ABŞ-ın xarici siyasəti koordinasiya olunmur, müxtəlif daxili qüvvələr, lobbi qrupları öz maraqlarına uyğun istədiklərini edirlər. Halbuki ABŞ həmişə ən yüksək səviyyədə özünü Azərbaycanın dostu kimi təqdim edib. Prezident Barak Obama başda olmaqla əksər ABŞ rəsmiləri, konqresmenlər, senatorlar beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın böyük rol oynadığını xüsusi qeyd edirlər. Eyni zamanda, Azərbaycanda  əcnəbilərin sərbəst hərəkəti üçün heç bir təhlükə yoxdur. Azərbaycan hüquq-mühafizə orqanları baş verə biləcək cinayət hadisələrinin qarşısını alırlar və ölkədə təhlükəli mühit mövcud deyil. Ancaq beynəlxalq terrora qarşı fəal mübarizə aparan Azərbaycanla bağlı ədalətli mövqe ortaya qoymaq əvəzinə, bəzi Qərb mediaları ölkəmizə qarşı yalan məlumatlar yayır.

Aydın məsələdir ki, bu cür dezinformasiyalar xarici şirkətlərin Azərbaycana gəlməsi, sərmayə yatırması, turistlərin Azərbaycana axınına maneə yaratmağa yönəlmişdir. Lakin bunu edənlər unudurlar ki, artıq 20 ilə yaxındır ki, dünyanın bütün böyük şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. İndiyə qədər onların fəaliyyətinə qarşı heç bir təhlükəli hadisə baş verməyib.

Məsələyə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz QƏNİZADƏ deyir ki, ABŞ Dövlət Departamentinin bu siyahını nəyə əsaslanaraq tərtib etdiyi məlum deyil: "Azərbaycan son illərdə bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib. Bunların sırasına "Eurovision" mahnı müsabiqəsi, AVRONEST-in, GUAM-ın toplantıları, idman yarışları və s. daxildir. Azərbaycana gələn qonaqların sayı artmaqda davam edir. Onlar üçün ölkəmizdə hər cür şərait yaradılıb. Yeni-yeni mehmanxanalar tikilib. Azərbaycanda son 10 ildə heç bir terror aktı, ciddi siyasi qəsdlər törədilməyib. Dövlət Departamenti belə halların olduğunu deyə bilməz. Bunu ABŞ-ın qərəzinin ən sərt forması hesab edirəm. Xüsusilə də bunun Amerika kimi bir ölkənin Dövlət Departamenti tərəfindən yayılması Azərbaycana qarşı olan qərəzin nəticəsidir". Deputatın sözlərinə görə, Azərbaycana qarşı bu qərəz digər sahələrdə də özünü büruzə verib: "İnsan haqlarına dair hesabatlarda da bunlar öz əksini tapır. Bunların da səbəbləri məlumdur. Azərbaycanın əldə etdiyi uğurlar, iqtisadiyyatının sürətli inkişafı, siyasətini balanslı şəkildə aparmasını bəzi dövlətlərin gözü götürmür".

Milli Məclisin Təhlükəsizik və müdafiə komitəsinin üzvü Zahid ORUC isə deyir ki, Azərbaycan Cənubi Qafqazın ən azad ölkəsidir. Bunu hesabatların necə göstərməsi bizim vəziyyətimizi dəyişmir. Çünki Azərbaycan dünyada artıq mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi statusunu qazanıb. Azərbaycan son illər çoxsaylı dünya və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib, heç bir fors-major halla qarşılaşmayıb: "Belə halların qiymətləndirmə kriteriyaları konkret faktlara əsaslanmalıdır.  Hansı ölkə riskdən sığortalanıb? Əgər riskli bölgə anlayışı baş verə biləcək hadisələrə görə tərtib olunursa, onda gərək dünyanın aparıcı ölkələri, ilk növbədə, bu siyahıya salınsınlar".

Onun sözlərinə görə, Azərbaycan ən böyük tədbirləri belə yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Siyasi əməkdaşlığa, enerji təhlükəsizliyinə, iqtisadi inteqrasiyaya, dinlərarası dialoqa, idmana həsr edilmiş bu tədbirlər Cənubi Qafqazda yalnız Azərbaycanda uğurla təşkil edilib. Deputat deyir ki, belə təhdid və dezinformasiyalar heç zaman Azərbaycanı haqq yolundan döndərə bilməz. Primitiv təxribatlarla ölkəmizi gözdən salmaq istəyən qüvvələrə Azərbaycan real işləri, o cümlədən dünya və beynəlxalq  səviyyəli tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığı, təhlükəsizliyi, firavanlığı, dinamik inkişafı ilə cavab verir.

 

 

Azərbaycan.-2013.- 1 yanvar.- S.4.