Azərbaycan idman
ölkəsi kimi də aparıcı
dövlətlərin sırasına daxil olub
Bu fikirləri Prezident
İlham Əliyev Milli
Olimpiya Komitəsində 2012-ci ilin yekunları ilə bağlı
keçirilmiş tədbirdə bildirib
Azərbaycan Cənubi Qafqaz
regionundakı əhəmiyyətli ərazi, geostrateji və
geoiqtisadi üstünlüklərindən maksimum faydalı
şəkildə yararlanaraq hər bir mərhələ
üçün qarşıda duran hədəfləri
düzgün müəyyənləşdirmişdir. Beynəlxalq
aləmə çoxşaxəli inteqrasiyanın təmin
olunması, iqtisadi və geostrateji maraqların ödənməsi,
vətəndaşların firavan, təhlükəsiz
yaşayışının təmin olunması həyata
keçirilən xarici siyasətin prioritet istiqamətləridir.
Beynəlxalq
təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq
əlaqələrinin qurulması, ən başlıcası,
milli mənafelərimizin lazımi səviyyədə
müdafiə edilməsi məhz ulu öndər Heydər Əliyevin
1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə
qayıdışından sonra mümkün olmuşdur. Ulu
öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən
dövlət başçısı İlham Əliyev ötən
illərdə dünya siyasətinə əsaslı təsir
imkanları olan dövlətlərlə
qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda
Azərbaycanın mövqelərini gücləndirmək
istiqamətində sistemli fəaliyyət göstərir.
Dövlət müstəqilliyinin bərpasının 21-ci
ildönümü tamam olan müstəqil Azərbaycan
aparıcı beynəlxalq təşkilatlar çərçivəsində
özünün maraq və mənafeyini maksimum dərəcədə
təmin etmişdir. Respublikamızın sivil dünyanın
hüquqi-siyasi atmosferinin müəyyənləşməsində
mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının
(BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi bütövlükdə müasir
tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən
biri kimi yadda qalmışdır. Bu möhtəşəm hadisə
ilk növbədə rəsmi Bakının son dərəcə
sabit və uğurlu, eyni zamanda sivill beynəlxalq dinc
yanaşı yaşam normalarına əsaslanan tarazlı siyasət
yürütdüyünü bir daha təsdiqləməklə
yanaşı, müstəqil Azərbaycanın beynəlxalq
miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə
bilər.
2003-cü
ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab
İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə
irəli sürdüyü xarici siyasət kursunu yeni
dövrün tələblərinə uyğun zənginləşdirmiş,
Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə,
müstəqil siyasət yeritməklə milli maraqlarını
maksimum səviyyədə təmin etməyə nail
olmuşdur. Ermənistanı dünya miqyasında təcavüzkar
dövlət kimi tanıtmaq Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək, dünya siyasətini
istiqamətləndirən böyük dövlətlərlə
qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirmək, beynəlxalq ictimaiyyətdə
respublikamızda həyata keçirilən mütərəqqi
iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür
yaratmaq, xaricdə güclü diaspor və lobbi
formalaşdırmaq dövlət başçısı
İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri
sırasında xüsusi vurğulana bilər.
Azərbaycanın
nəinki qonşu, ümumən dünya siyasətində əsas
söz sahibi olan bütün ölkələrlə əlaqələrini
son illərdə daha da inkişaf etdirməyə nail
olması, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq
təşəbbüslərini fəal şəkildə dəstəkləməsi
fonunda BMT-dəki tarixi qələbəmiz də tamamilə məntiqə
uyğundur. Erməni lobbisinin, təcavüzkar Ermənistanın
Azərbaycana qarşı apardığı məkrli
informasiya siyasəti şəraitində 193 BMT üzvündən
155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın
xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə
dolğun təəssürat yaradır.
BMT-dəki
parlaq qələbəmiz son illərdə müstəqil
respublikamızın beynəlxalq aləmdə əldə
etdiyi ilk diplomatik nailiyyət deyildir. Cənab İlham Əliyevin
xarici siyasəti "Ən yaxşı müdafiə
hücumdur!" taktikası üzərində qurması nəticəsində
Azərbaycan Avropa Şurası, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq
Təşkilatı, NATO Parlament Assambleyası və digər
mötəbər beynəlxalq təşkilatlarda Ermənistanın
təcavüzkar dövlət kimi tanınmasına və
ifşasına nail olmuşdur.
Ölkədə
aparlan məqsədyönlü tədbirlər nəticəsində
Azərbaycan həm də dünya miqyaslı mədəni
kütləvi tədbirlərə ev sahibliyi edən mərkəzlərdən
birinə çevrilib. 2009-cu ildə Bakının İslam mədəniyyətinin
paytaxtı elan olunması, Mədəniyyətlərarası
dialoq forumunun keçirilməsi, dünya dini liderlərinin
toplantılarının, eləcə də beynəlxalq
miqyaslı idman tədbirlərinin keçirilməsi ölkəmizin
bu cür tədbirlərə tam hazır olduğunu göstərdi.
2009-cu ildən başlayaraq Qəbələ şəhərində
beynəlxalq musiqi festivallarının keçirilməsi və
həmin mötəbər tədbirdə dünyanın ən
məşhur musiqiçilərinin iştirakı da Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun ildən-ilə
artdığını sübuta yetirdi. Son illər ölkəmizdə mötəbər
idman yarışları - sərbəst güləş
üzrə Avropa çempionatı, şahmat üzrə
dünya və qitə çempionatları, habelə boks,
cüdo, həndbol, voleybol və digər idman növləri
üzrə beynəlxalq turnirlər, yunan-Roma və sərbəst
güləs üzrə dünya çempionatları da
keçirilmişdir.
"Evrovision"
mahnı müsabiqəsinin 2012-ci ilin mayında Azərbaycanda yüksək səviyyədə
keçirilməsi bir daha ölkəmizin nüfuzunu göstərdi.
Tədbirin ən yüksək səviyyədə keçirilməsini
müsabiqə zamanı Azərbaycana gəlmiş əcnəbi
qonaqlar və jurnalistlər də təsdiqlədi. Dekabrın
8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında
2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda
keçirilməsi haqqında qərar qəbul edilməsi də
böyük uğurdur.
Prezident
İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2015-ci ildə
Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi
ilə bağlı qərarı münasibətilə Azərbaycan
xalqını təbrikində bildirmişdir: "Bu qərarın
qəbul edilməsində bir neçə amil öz rolunu
oynamışdır. İlk növbədə, ölkəmizin
beynəlxalq nüfuzu öz rolunu oynamışdır. Azərbaycan
bu gün dünyada böyük hörmətə malik olan bir
ölkədir. Dünya birliyində bizim rolumuz, təsir
imkanlarımız artır və dünya birliyi Azərbaycana
böyük hörmətlə və etimadla yanaşır.
Keçən il ölkəmizin tarixində böyük hadisə
baş vermişdir. Azərbaycan BMT Təhlükəsizlik
Şurasına üzv qəbul edilmişdir. Biz bu şərəfə
155 ölkənin dəstəyi ilə layiq görüldük
və bir il ərzində Təhlükəsizlik
Şurasının üzvü kimi Azərbaycan öz prinsipial
mövqeyini göstərir. Əvvəllər də bəyan
etdiyim kimi, biz Təhlükəsizlik Şurasında beynəlxalq
hüquq normalarını və ədaləti müdafiə edəcəyik.
Bir sözlə, beynəlxalq əlaqələrimiz genişlənir,
dostlarımızın sayı artır və ölkəmizin
beynəlxalq imici də çox müsbətdir. Digər amil
ondan ibarətdir ki, Azərbaycanda uzun illər ictimai-siyasi
sabitlik hökm sürür. Bu da çox vacibdir. Ölkəmizin
dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi
sabitlik çox mühüm rol oynayır və Azərbaycan bu
baxımdan nümunəvi ölkə kimi dünyada
özünü təsdiqləyibdir".
2012-ci
il ölkə həyatının bütün sahələrində
olduğu kimi, idman sahəsində də uğurlarla zəngin
olmuşdur. Ölkə rəhbərliyinin idmanın hərtərəfli
inkişafına göstərdiyi diqqət və
qayğının ən parlaq təzahürü 2012-ci ilin Azərbaycanda
"İdman ili" elan olunması idi. İlin əvvəllərindən
idmanın ən müxtəlif sahələri üzrə əldə
edilən yüksək nailiyyətlər qarşıya qoyulan vəzifələrin
uğurla reallaşdırıldığını təsdiq
etdi. Ötən il idmançılar tərəfindən
müxtəlif beynəlxalq yarışlarda 700-dən çox
medal qazanılmışdır ki, onlardan da 255-i qızıl
medal olmuşdur.
2012-ci
ildə idman infrastrukturunun yaradılıması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilmişdir.
İl ərzində iki regional Olimpiya mərkəzi istifadəyə
verilmişdir ki, bununla da respublikamızın bölgələrində
tikilmiş Olimpiya komplekslərinin sayı 35-ə
çatmışdır. Bu istiqamətdə tədbirlər
bu il də davam etdiriləcək. Ötən il Milli Olimpiya
Komitəsinin 20 illik yubileyi qeyd edildi və bu müddət ərzində
görülən işlərə qiymət verildi. Tədbirdə
müxtəlif ölkələrdən gələn qonaqlar, eləcə
də Beynəlxalq və Avropa Olimpiya komitələrinin təmsilçiləri
Azərbaycanın idman sahəsində əldə etdiyi
uğurları çox yüksək qiymətləndirdilər.
Dekabrın
18-də Milli Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekun
vurulmuş, idmançılara və məşqçilərə
mükafatlar təqdim olunmuşdur. Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
mərasimdə iştirak etmişlər. Prezident İlham Əliyev
mərasimdə bildirmişdir: "İyirimi illik yubiley bizə
imkan verdi ki, görülmüş işləri bir daha təhlil
edək, uğurlarımızla öyünək, eyni zamanda,
çatışmayan cəhətləri, qüsurları
aradan götürək ki, daha da böyük nəticələrə
imza ata bilək. Əlbəttə, 2012-ci ilin idman tədbirlərindən
danışarkən London Yay Olimpiadası haqqında danışmamaq mümkün
deyildir. Bu olimpiada da tarixdə qalacaqdır. Bu Olimpiya
Oyunlarında idmançılarımız ən böyük
uğurlar qazanmışlar, bütün xalqımızı
sevindirmişlər, Azərbaycanı idman dövləti kimi
aparıcı dövlətlərin sırasına daxil edə
bilmişlər. On medal - 2 qızıl, 2 gümüş, 6
bürünc medal bizim tarixi nailiyyətimizdir. Olimpiya
Oyunlarından artıq bir neçə ay keçir və hələ
ki xarici həmkarlarla görüşlərdə bu məsələ
vurğulanır, Azərbaycanın uğurları haqqında
fikir mübadiləsi aparılır. Məni bu günə qədər
həmkarlarım - dövlət və hökumət
başçıları bu uğurlar münasibətilə təbrik
edirlər. Əlbəttə ki, bu, çox gözəl hadisədir.
Hər bir Azərbaycan vətəndaşının qəlbini
qürur hissləri ilə dolduran bir məsələdir. Bu qələbəyə
görə, əlbəttə, biz hamımız
idmançılara, onların məşqçilərinə,
idman mütəxəssislərinə minnətdarıq".
Son
illər Bakıda təşkil edilən beynəlxalq idman tədbirlərinin
ən yüksək səviyyədə keçirilməsi
iştirakçı ölkələrin nümayəndələri
tərəfindən də müsbət dəyərləndirilir. Azərbaycanın iqtisadi, siyasi, mədəni
və digər sahələrdə əldə etdiyi nailiyyətlər
qarşıda daha böyük uğurların əldə
olunacağına əminlik yaradır.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 1 yanvar.- S.3.