«Eurovision» tarixinin ən parlaq səhifələrindən biri Azərbaycanda yazıldı

 

2012-ci ildə bir neçə mötəbər beynəlxalq siyasi və iqtisadi tədbirin ünvanı olan Azərbaycan həm də bütün dünyanın yaxından izlədiyi "Eurovision" mahnı müsabiqəsinə layiqli ev sahibliyi etməklə dünyanın diqqətini ölkəmizə cəlb etdi. Bu müsabiqə ilə bağlı Bakıya gələn hər kəs Azərbaycanın inkişafını, xalqımızın qonaqvərvərliyini, zəngin mədəniyyətini öz gözləri ilə gördü. Bütövlükdə, bu müsabiqə Azərbaycanı beynəlxalq aləmə daha yaxından tanıtdı. Çoxsaylı xalqların, müxtəlif mədəniyyətlərin bir araya gəldiyi bu musiqi yarışmasına Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm töhfə olmaqla bərabər, sivil dünyanın ayrılmaz hissəsi olan ölkəmizin mütərəqqi bəşəri dəyərlərə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

 

Təşəbbüs və dəstək Heydər Əliyev Fondunundur

 

 57 illik tarixi olan populyar "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı 2008-ci ildən başlayır. Ölkəmizin Avropanın ən populyar mahnı müsabiqəsində iştirakının təşəbbüskarı Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Məhz Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu layihədə ölkəmizin iştirakına özünün fəal töhfəsini verən əsas qurumdur. Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ölkəmizin bu yarışmada uğurla təmsil olunmasında hər zaman böyük rol oynayıb. Elə bunun nəticəsidir ki, iştiakçılarımız qısa müddətdə yarışmada uğurlara imza atıblar. Belə ki, ilk yarışmada 8-ci yeri tutub, 2009 və 2010-cu illərdə ilk beşliyə düşüb, sonrakı il müsabiqənin qalibi olmaqla Azərbaycan bir çox ölkələrin həsəd aparacağı nailiyyətləri qazanıb.

Xatırladaq ki, 2011-ci ildə Düsseldorfda keçirilən yarışmada ölkəmizi Eldar Qasımov və Nigar Camal təmsil etdilər. Sözləri Stefan Örn və musiqisi Sandra Bjurmana məxsus "Running scared" mahnısı onların möhtəşəm ifasında, Azərbaycanı 43 ölkə arasında bu dəfə birinci yerə yüksəltdi. Başqa sözlə, təmsilçilərimiz 221 xal qazanaraq müsabiqənin bir çox favoritlərini geridə qoydular və Azərbaycan "Eurovision" mahnı müsabiqəsi tarixinə qalib ölkə kimi düşdü.

Bu qələbədən az sonra  - mayın 16-da  Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva müsabiqədə qələbə qazanmış iştirakçılarla görüşdülər. Qalibləri təbrik edən Prezident İlham Əliyev bunun Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsi olduğunu dedi: "Bu müsabiqə deyə bilərəm ki, dünyanın ən mötəbər mahnı müsabiqəsidir. Əlbəttə ki, bu, Avropa ölkələrini əhatə edir. Ancaq hesab edirəm ki, dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyondan artıq idi. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, ilk növbədə, sizin qələbənizdir. Mən sizi bir daha təbrik edirəm. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir. Bu, artıq tarixdə qalacaqdır. Siz də artıq tarixdə varsınız. "Eurovision" tarixində Azərbaycan öz sözünü demişdir. Bu, əlbəttə ki, hamımızı çox sevindirir".

 

Təşkilati işlər yüksək səviyyədə keçirildi

 

Azərbaycan 2011-ci ildə birinci yeri tutmaqla müsabiqənin şərtlərinə əsasən yarışmaya ev sahibliyi etmək hüququ qazandı. May ayının 19-da  Prezident İlham Əliyev "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında" sərəncam imzaladı. Sərəncama əsasən, 2012-ci ilin may ayında Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədilə  Təşkilat Komitəsi yaradıldı. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Təşkilat Komitəsinə rəhbər təyin olundu.

Avropanın ən populyar mədəniyyət tədbiri olan "Eurovision" mahnı müsabiqəsini digər nüfuzlu beynəlxalq yarışmalardan - futbol üzrə dünya və Avropa çempionatından, Olimpiya oyunlarından fərqləndirən əsas cəhətlərdən biri ev sahibliyi edən dövlətin hazırlıq işləri üçün vaxtının az olmasıdır. Digər mötəbər yarışlarda ev sahibi ən azından 8-10 il əvvəldən məlum olursa, "Eurovision"da bu müddət bir ildir.

Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində hazırlıq işləri dövlət səviyyəsində də lazımi dəstəyini alaraq ən yüksək səviyyədə həyata keçirildi. Yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlanmışdı və həm şounun təşkili, həm də müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə görüldü. Avropa Yayımları Birliyinin mütəxəssisləri də görülən işləri yüksək qiymətləndirdilər. Müsabiqənin təşkilatçıları olan beynəlxalq və Avropa qurumlarının, o cümlədən Avropa Yayımları Birliyinin rəhbərləri və mütəxəssisləri bildirirdilər ki, Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq sahəsində indiyədək görülmüş işlər qarşıdakı şounun möhtəşəmliyi və ecazkarlığı ilə özündən əvvəlkilərdən qat-qat üstün olacağı qənaətinə gəlməyə  tam əsas verir.

"Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq çərçivəsində ən yadda qalan hadisələrdən biri də "Baku Crystal Hall"ın istifadəyə verilməsi oldu. "Baku Crystal Hall" Prezident İlham Əliyevin Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il iyulun 11-də imzaladığı sərəncama əsasən inşa olunmuşdur. 2012 il yanvarın 15-də isə Avropa Yayım Birliyi müsabiqənin məhz "Crystal" sarayında keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq üslubuna xüsusi yaraşıq verir. Kompleksdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. "Baku Crystal Hall"un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir.

Ümumiyyətlə, müsabiqə ilə bağlı həyata keçirilən bütün tədbirlərin Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılması isə tam əminliklə deməyə əsas verirdi ki, bu möhtəşəm musiqi bayramı ölkəmizə gələcək bütün qonaqların yaddaşlarında silinməz iz qoyacaq. Belə də oldu.

 

Əcnəbi qonaqlar gördüklərinə heyran qalmışdılar

 

 "Eurovision-2012" yarışması ilə bağlı Bakıya gələn əcnəbilər təkcə bu mahnı müsabiqəsinin deyil, həmçinin zəngin tarixi izlərin yaşadığı paytaxtımızın gözəlliyinin, müxtəlif mədəniyyətlərə məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrimizin və azərbaycanlıların səmimi qonaqpərvərliyinin şahidi oldular.

Filarmoniya bağında "Musiqi və xalq sənəti həftəsi" devizi altında xalq və estrada musiqisi ifaçılarının konserti olmuş və əl işlərindən ibarət sərgi açılmışdı. Sərgidə paytaxtımızın sakinləri və qonaqlar nümayiş etdirilən sənətkarlıq nümunələrindən əldə edə bilirdilər.

"Eurovision" mahnı müsabiqəsi Azərbaycanın turizm imkanları və mədəniyyəti ilə yanaşı, milli mətbəximizi də dünyaya tanıtdı. Müsabiqə günlərində Bakının müxtəlif yerlərində, o cümlədən "Baku Crystal Hall"un Mətbuat Mərkəzində xarici qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunurdu. Bununla əlaqədar "Baku Crystal Hall"un Mətbuat Mərkəzinin qarşısında təndir və manqallar qurulmuşdu. Burada hər gün qonaqlara açıq havada Azərbaycan milli mətbəxindən kabab, təndir çörəyi və qutablar təqdim edilirdi. Xarici jurnalistlər Azərbaycan mətbəxinin nemətlərinə heyran qaldıqlarını gizlətmirdilər. "Eurovision"  müsabiqəsi çərçivəsində qonaqlar Azərbaycan mətbəxi ilə bağlı maraqlı bir layihənin də şahidi oldular. Belə ki,  Mətbuat Mərkəzində yerli və əcnəbi jurnalistlərə, eləcə də fanatlara Azərbaycan süfrəsinin tacı hesab edilən plov təqdim edilmişdi. Ləziz plovdan dadan qonaqlar müsabiqə çərçivəsində belə maraqlı tədbirləri sevinclə qarşıladılar, Azərbaycan xalqının zəngin süfrə mədəniyyətinə, qonaqpərvərliyinə valeh oldular. Xarici ölkələrdən gələn jurnalist həmkarlarımızın bu barədə də fikirləri olduqca maraqlı və xoş idi.

Əndi Verez (Belçika): Bizi çox mehriban və dostcasına qarşıladılar. Şəhərdə ancaq səmimiyyət görürük. İnsanların çöhrəsindən ancaq gülərüzlülük və mehribanlıq yağır. Bizə yardım etmək üçün əllərindən gələni əsirgəmirlər. Bakıda qalıb işləmək də pis olmazdı. Sizin bəxtiniz gətirib ki, belə gözəl bir ölkədə yaşayırsınız. Mən indiyə qədər bir neçə ölkədə bu cür tədbirlərdə iştirak etmişəm, amma Bakıdakı kimi yüksək təşkilatçılıq heç yerdə görməmişəm.

Elvira Qreiss (Almaniya): Hava limanında təyyarədən enər-enməz özümü sanki nağıllar dünyasına düşmüş kimi zənn etdim. İlk gündən şahid oldum ki, Bakı çox gözəl şəhərdir, öz görkəmi ilə Avropanın ən qabaqcıl şəhərləri ilə bir sırada dayanmağa layiqdir.

Haim Haimson (İsrail): Azərbaycan, sən məni heyran etdin. Bakı, mən səni çox sevirəm. Bütün bunları  tam səmimi söyləyirəm.

 

Final həyəcanı

 

 Mayın 26-da "Baku Crystal Hall"da Azərbaycanın ev sahibliyi etdiyi 57-ci "Eurovision" mahnı müsabiqəsinin final mərhələsi keçirildi. Bütün dünya Bakıda keçirilən və yaddaşlardan heç vaxt silinməyəcək əsrarəngiz şounun, möhtəşəm musiqi yarışmasının şahidi oldu.

"Eurovision" mahnı müsabiqəsinin təmsilçiləri rəngarəng və bir-birindən fərqlənən səhnə performansları ilə yanaşı, milyonlarla izləyiciyə sürpriz dolu şoular təqdim etdilər. Azərbaycanın təmsilçisi Səbinə Babayevanın çıxışı da özünəməxsusluğu ilə seçildi. Onun oxuduğu "When The Music Dies" mahnısının muğam partiyasını muğam ustası Alim Qasımovun ifa etməsi isə Azərbaycan təmsilçisinin çıxışını orijinal və milli koloritliyi baxımından çox fərqli etdi.  "When The Music Dies" mahnısı sevgi fəlakəti və onunla bağlı dərin ağır təəssüratlar haqqında dramatik hekayə idi. Bu mahnı Avropa musiqisinin son tendensiyaları və Azərbaycanın milli ənənələrinin unikal birləşməsi idi. Mahnının yazısında Azərbaycanın milli musiqi alətləri - kamança, balaban, dəf, qaval və zərb alətlərinin səsindən, eləcə də unikal muğam vokal ifasının elementlərindən istifadə olunub.

Səsvermə üçün ayrılmış vaxtda interval şousu yarışmanın "Öz məşəlini alovlandır!" şüarını Azərbaycan mədəniyyətinin keçmişi, bu günü və sabahının sintezi ilə səhnədə canlandırdı Bu şou tamaşaçılara tanınmış müğənni və bəstəkar Emin Ağalarovun təqdimatında çatdırıldı. Onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı müşayiət etdi. Şou Azərbaycanın qədim musiqi alətləri - kamançanın, balabanın və zurnanın müşayiəti ilə başladı. Bu performans skripkaçıların ifası ilə davam etdi, daha sonra isə nağaraçalanlar şouya qoşuldu, ardınca səhnədə alov püskürdü. Bu isə möhtəşəm bir görüntü yaratdı. Elə bu zaman Emin Ağalarov 20 metr hündürlükdən səhnəyə enərək "Never Enough" mahnısını ifa etdi. Performansın sonunda səhnədə Azərbaycanın bayrağı qaldırıldı.

Müsabiqənin final mərhələsində qələbə uğrunda 26 ölkənin mübarizəsində birinci yeri 372 səs toplayan İsveç təmsilçisi Lorin tutdu. İkinci yerə Rusiyanın "Buranovskiye babuşki" qrupu layiq görüldü. Üçüncü yerə isə Serbiya təmsilçisi Zeljko Yoksimoviç  çıxdı. Azərbaycanı bu yarışmada təmsil edən Səbinə Babayeva dördüncü, Albaniya təmsilçisi Rona Nişliu isə beşinci yerdə qərarlaşdılar. Beləliklə, Azərbaycan bu müsabiqədə də uğurla çıxış edərək, ilk beşliyə düşdü.

 

Dünyaya ideal təşkilatçılıq və yüksək qonaqpərvərlik örnəyi

 

 Mehriban xanım Əliyevanın "Eurovision-2012" mahnı müsabiqəsini işıqlandıracaq jurnalistlərə təqdim olunan rəsmi proqram kitabçasında yer alan salamlamasında deyilir: "Eurovision" mahnı müsabiqəsinə hazırlıq bizdən böyük və gərgin əmək tələb etdi. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənmişdir. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan və xalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaqdır".

Artıq tarixə özünün layiqli möhürünü vuran "Eurovision-2012" mahnı müsabiqəsi Mehriban xanım Əliyevanın fikirlərinin əyani şəkildə təsdiqi idi. Bu yarışmanın yüksək səviyyədə təşkil olunması və keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə növbəti töhfə və dəstək oldu. Həmin günlərdə bütün dünya Azərbaycandan danışdı, Bakıdan yazdı. Paytaxtımıza təşrif buyuran xarici vətəndaşlar, turistlər Azərbaycandakı inkişafı öz gözləri ilə gördülər, ölkəmizi daha yaxından tanımaq imkanı əldə etdilər. Beləliklə, 2011-ci ildə "Eurovision" yarışmasında birinci yeri tutmaqla dünyanın diqqətini özünə cəlb edən Azərbaycan 2012-ci ildə bu müsabiqəyə yüksək səviyyədə ev sabibliyi etməklə bütün Avropaya ideal təşkilatçılıq və yüksək qonaqpərvərlik örnəyi oldu. Mahnı müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycanın inkişafının və turizm potensialının beynəlxalq miqyasda daha yaxından tanıtımı baxımından böyük hadisə kimi tarixə düşdü.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 1 yanvar.- S.4.