Görkəmli dövlət xadimi, böyük alim və ziyalı

 

Bəşər tarixində elə insanlar var ki, onlar özlərinin fitri istedadı, həyatı, insani duyğuları, hər bir incəliklərə yanaşma tərzi, milli-mənəvi dəyərlərə bağlılıqları ilə daim saflıq, paklıq zirvəsinə yüksəlirlər. Sağlığında müdriklik statusu qazanmış Azərbaycanın tarixi şəxsiyyətləri sırasında Əziz Məmmədkərim oğlu Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanmalıdır.

Əziz Əliyev hələ uşaqlıq və gənclik illərində çox böyük çətinliklərlə rastlaşıb, məşəqqətli olaylarla, hadisələrlə üz-üzə gəlib. Lakin heç vaxt ruhdan düşməyib, çətinliklər qarşısında çarəsiz qalmayıb, bütün gücünü və qüvvəsini, potensial imkanlarını səfərbər edərək püxtələşib, yetkinləşib, tutduğu yolun aydın və doğru olduğuna inanıb. Əziz Əliyev orta təhsilinin bir hissəsini Rusiyada (Çitada), bir hissəsini isə İrəvan gimnaziyasında alıb. Akademik Mustafa bəy Topçubaşov Əziz Əliyevin hələ uşaqlıq illərindən fitri istedada malik olması barədə xatirələrində yazırdı: "Ağıllı və fərasətli uşaq olduğuna görə atam Əzizin xətrini çox istəyirdi. O, məndən iki sinif aşağı oxuyurdu. Di gəl ki, mənim dərslərimi də bilirdi. Hətta məhəllə uşaqlarına dərs də verirdi".

Gimnaziyanı əla qiymətlərlə bitirən Əziz Əliyev o dövrün ictimai-siyasi hadisələrinin qeyri-müəyyənliyinə baxmayaraq, dünyanın ən məşhur tibb təhsili müəssisələrindən sayılan Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasında oxumağı qarşısına məqsəd qoyur. Lakin Əziz Əliyevin anası bəy nəslindən olsa da, iğtişaşlar dövrundə ailə ciddi maddi çətinliklərlə üzləşir. Bu da Əziz Əliyevin vətəndən uzaqda təhsil almasına mane olur. Möhkəm iradəyə malik gənc bundan çıxış yolu taparaq o dövrün ən böyük xeyriyyəçisi milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət edironun maddi köməyindən sonra Sankt-Peterburqa gedə bilir. Orada yüksək bilik nümayiş etdirərək Hərbi Tibb Akademiyasına qəbul olunur. Əziz Əliyevin həyatının həmin dövrü 1998-ci il mayın 14-də ulu öndər Heydər Əliyevin görkəmli dövlət və elm xadiminin 100 illiyinə həsr olunmuş yubiley gecəsindəki nitqində aydın mənzərəsini tapmışdır: "O lap əvvəldən qeyri-adi insan idi. Onun tərcümeyi-halına diqqət yetirin. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaqbütün dünyada məşhur olan Hərbi Tibb Akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək - gənclik illərində bunu heç də hər kəs bacarmazdı".

Təəssüf ki, erməni daşnaklarının törətdikləri iğtişaşlar belə bir gəncin ali tibb təhsili almasına imkan vermədi. Ermənilərin rus bolşevikləri ilə  birlikdə 1918-ci ildə antiazərbaycançı siyasəti kütləvi qırğınlara, soyqırımına, məcburi köçkünlüyə, didərginliyə, qaçqınlığa, aclığa, səfalətə səbəb oldu. Bu soyqırımı siyasəti Azərbaycanın hər yerində olduğu kimi, İrəvanda da  geniş miqyasda həyata keçirilirdi və Əziz Əliyevin də ailəsi ağır məşəqqətlərə məruz qalmışdı. O, gənc yaşlarında əvvəl atasını, az sonra isə anasını itirsə də, qəddini düzəltməyi bacardı, daxili təmizlik, saflıq, insanlara əl tutmaq, qayğı göstərmək, vətəni və dünyadakı bütün xeyirxah insanları sevə bilmək hissi onu yaşatdı. Bir müddət Cənubi Azərbaycanın Ərəblər kəndində, sonra isə Naxçıvanda qaçqınlıq həyatı sürdükdən sonra fəaliyyətini Bakıda davam etdirdi.

Möhkəm iradəyə malik olan Əziz Əliyevin 1927-ci ildə Bakı Universitetinin tibb fakültəsini bitirdikdən sonra təhsil aldığı müəssisədə işlə təmin olunması onun bacarığına, qabiliyyətinə, zəkasına verilən yüksək qiymətin təzahürü idi.

Əziz Əliyevin Azərbaycan Dövlət Tibb İnstitutundakı (Azərbaycan Tibb Universiteti), eləcə də səhiyyə sahəsindəki mükəmməl fəaliyyəti haqqında əvvəlki yazılarımızda geniş məlumatlar vermişdik. Lakin bir daha qeyd etmək istəyirik ki, o, ATU-nun və Azərbaycan səhiyyə sisteminin ilk yaradıcılarından biri olmuş, bu ali tibb təhsili ocağının və bütövlükdə Azərbaycan səhiyyəsinin təşəkkülündə, onun maddi-texniki bazasının möhkəmləndirilməsində, milli kadrların hazırlanmasında, ölkəmizdə ilk dəfə tibbi kitabxananın özülünün qoyulmasında, "Tibb kadrları uğrunda" qəzetin (indiki "Təbib" qəzeti) təsis edilməsində, birinci olaraq  Azərbaycan dilində tibbi kitabların çapında, "Azərbaycan Tibb jurnalı" elmi-praktik məcmuəsinin təkmilləşdirilməsində, ATİ-nin SSRİ-də ən qabaqcıl ali məktəblər sırasına çıxarılmasında, müalicə-profilaktika işlərinin düzgün təşkilində, səhiyyə sisteminin hərtərəfli və ardıcıl inkişafında, malyariya, traxoma kimi ağır infeksion xəstəliklərin respublikada yayılmasının qarşısının alınmasında və s. sahələrdə əvəzsiz xidmətlər göstərmişdir.

Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alan tələbələrin həyatı ilə dərindən maraqlanır, onların problemləri barədə ciddi düşünürdü. 1933-cü ildə onun təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin yaxınlığında "Tibb şəhərciyi"nin inşasına başlanılıb. Sonralar həmin şəhərcikdə tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da tikilib. Onu da qeyd edək ki, bünövrəsi o dövrdə qoyularaq inşasına başlanan işlərin genişləndirilməsi XX əsrin ortalarından etibarən və XXI əsrin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilib. Son 9 ildə isə bu monumentallıq Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır.

1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yarandığından ATİ-nin tələbələrinin də güzəranı xeyli ağırlaşır. Əziz Əliyevin qayğısı sayəsində "Azad qadın" heykəlinin yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil edilir. Burada ATİ-nin tələbələrinə gündə 500-600 qram çörəklə bərabər, pulsuz yemək verilir. Bundan əlavə, Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluq fondu yaradır. O, həmin fondun hesabına ehtiyacı olan əlaçı tələbələrə hər il paltar, ayaqqabı aldırır, bu da gəncləri daha yaxşı oxumağa sövq edir.

Əziz Əliyev hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt - Peterburqun məşhur ali tibb məktəblərinə ezam edər, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradardı. Belə vaxtlarda ölkədən xaricə gedən tələbələrə pul yardımı edər, onları öz hesabına geyindirərdi.

Maraqlı faktlardan biribudur ki, Əziz Əliyevi 1934-cü ildə Bakıda səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edirlər. Bir neçə aydan sonra o, qarşısına qoyulan məqsədə nail olur və yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsinə qaytarılır.

1936-1940-cı illərdə Əziz Əliyevin iştirakı ilə malyariyayatraxomaya qarşı mübarizəyə başlanılıb. Həyata keçirilən tədbirlər sayəsində ölkəmizdə tüğyan edən bu dəhşətli xəstəliklərin qarşısı alınıb. Onun rəhbərliyi altında respublikada xüsusi dispanserlər, şəhər və kəndlərdə göz xəstəxanaları təşkil edilib. Əziz Əliyevin tələbəsi - yetişdirdiyi milli kadrlardan olan tibb elmləri doktoru, professor Abdulla Quliyev həmin dövrü belə təsvir edirdi: "1936 - 1940-cı illərdə qızdırma xəstəliyi respublikamızın əhalisini, demək olar ki, şikəst edirdi. Xalqın iztirablarını sözlə ifadə etmək mümkün deyildi... Qızdırmaya qarşı təxirəsalınmaz, ardıcıl mübarizə aparmaq, daha dəqiq desək, "müharibəyə" qalxmaq lazım idi. O dəhşətli "düşmən" xalqımızın sağlamlığını əzir, əzmini qırırdı. Adamlarımızla birlikdə torpağımızın vacib nemətlərinin mənbəyi olan kənd təsərrüfatı da uçuruma qərq olurdu.

Bax, elə o gərgin, təlaşlı vaxtda Əziz Əliyev səhiyyə komissarı və həkim kimi qızdırmaya qarşı mübarizədə fədakarlıq göstərdi.

Onun tapşırıqlarına və əmrlərinə əsasən, xəstəlik yayılan rayonlarda qısa müddət ərzində qızdırma əleyhinə dispanserlər və stansiyalar yaradıldı, texniki avadanlıqla təchiz edildi, qızdırma üzərinə kütləvi hücum başlandı.

Qərəz, öz həmvətənlərini dəhşətli epidemiyadan xilas etmək yolunda Əziz Əliyev bütün gücünü  və bacarığını sərf etdi.

Əziz Əliyev qızdırma ilə yanaşı, traxomaya qarşı da mübarizə aparırdı. Bu vuruşda da onun tükənməz təşkilatçılıq, həkim-alim enerjisi özünü tam mənası ilə büruzə verirdi. Ümumi profilaktik tədbirlərin hər bölməsinə, müalicə ocaqlarının yaradılmasına, kadrların seçilib hazırlanmasına özü rəhbərlik edirdi, hamı ilə birgə çalışırdı".

Göründüyü kimi, görkəmli alimin fəaliyyət dairəsi olduqca geniş və çoxcəhətli olub. O, müəyyən müddətdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edib və 1937-ci ildə eyni zamanda Bakı Dövlət Universitetinin rektoru vəzifəsində də çalışıb. İkinci Dünya müharibəsi illərinin əvvəllərində isə alay polkovniki rütbəsində siyasi rəhbər kimi İrana - Cənubi Azərbaycana göndərilib.

O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb və həmin illərdə özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. Professor 1949-1950-ci illərdə Moskvada ÜK(b)P MK-nın təlimatçısı, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru olub, Sabunçu xəstəxanasında işləyib, 1956-cı ildən etibatən Azərbacan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində fəaliyyət göstərib.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra görkəmli dövlət və elm xadimlərinin yubileylərinin keçirilməsi ənənəsi geniş vüsət almışdı. Belə təntənəli yubileylərin keçirilməsi böyük şəxsiyyət Əziz Əliyevin də xatirəsinə həsr edilmişdi. Təntənəli yubiley gecəsində Baş nazirin birinci müavini Elçin Əfəndiyev mərasimi açıq elan etdikdən sonra ulu öndər Heydər Əliyev gözəl bir nitq söyləmişdi: "Biz son illər bu möhtəşəm sarayda Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərini təntənə ilə qeyd etmişik. Bu, çox gözəl ənənədir, bugünkü nəsillərin öz tarixi keçmişinə, görkəmli şəxsiyyətlərinə hörmət-ehtiramını, təşəkkür və minnətdarlığını ifadə edir. Ancaq bugünkü təntənəli yubiley gecəsinin fərqi vardır. Bu da ondan ibarətdir ki, biz Əziz Əliyevin 100 illik yubileyini qeyd edirik, eyni zamanda, Dağıstan və Azərbaycan xalqının çoxəsrlik dostluq, qardaşlıq tarixinə yeni gözəl, parlaq səhifələr yazılır".

Həmin yubiley gecəsində xarici ölkələrdən, xüsusilə də qonşu Dağıstan Respublikasından çoxlu qonaqlar iştirak edirdilər. Onların arasında Dağıstan Respublikası hökumətinin sədri Xizri Şıxsəidov da var idi. Ümummilli lider Xizri Şıxsəidovu, onunla birlikdə Bakıya gəlmiş qonaqları, yubiley gecəsində iştirak edənləri salamlayaraq demişdi: "Bizim üçün xüsusi əhəmiyyəti olan odur ki, Azərbaycan xalqının oğlu Əziz Əliyev yüksək bacarığını, fayda vermək qabiliyyətini yalnız təkcə öz respublikasında, ölkəsində nümayiş etdirməmişdir. O, müharibə illərində İranda çox məsul işi uğurla yerinə yetirmiş, Dağıstan rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən çox gözəl gəlmiş, Moskvada - tərkibində yaşadığımız Sovetlər İttifaqı kimi bir dövlətin paytaxtında müvəffəqiyyətlə çalışmışdır".

Ümummilli lider Heydər Əliyev yubiley gecəsində Əziz Əliyevin İranda və Dağıstandakı fəaliyyətindən danışarkən belə demişdir: "1941-ci ilin yayında, Sovet İttifaqına faşistlərin hücumu başlandıqdan az sonra sovet qoşunları İrana daxil oldular. Əziz Əliyev Azərbaycan nümayəndələrinin böyük bir qrupuna başçılıq etdiİranda mürəkkəb şəraitdə xüsusi missiyanı yerinə yetirdi.

Bəli, vaxt gələcək və onun həmin dövrdəki fəaliyyətinin təfərrüatı da aşkara çıxarılacaqdır. Lakin, məsələn, mənə məlumdur ki, o, görkəmli Azərbaycan yazıçıları Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov və bir çox başqaları ilə birlikdə orada necə cəsarətlə və ağıllı aparırdı. Ancaq faşist qoşunları Dağıstan sərhədlərinə yaxınlaşan kimi,  - orada son dərəcə mürəkkəb vəziyyət yaranmışdı, - Dövlət Müdafiə Komitəsinin qərarı ilə Əziz Əliyev Dağıstana göndərildi. Dağıstanlılar 1942-ci ilin sentyabrında onların respublikasında vəziyyətin necə olduğunu yaxşı bilirlər. Orada əvvələr yaşamamış, işləməmiş olan bu adam həmin yerə gəldi və qısa müddətdə bu çoxmillətli diyarı öz ətrafında sıx birləşdirməyə, hamını öz ətrafına toplamaq və onları Dağıstanın müdafiəsinə, deməli, həm də Zaqafqaziyanın, Bakı neftinin müdafiəsinə qaldırmağa müvəffəq oldu. Bu, böyük idio, həmin işi gördü. Bu işi o, özünün qeyri-adi insani keyfiyyətləri,  istedadı, ağıl-zəkası sayəsində həyata keçirdi".

Dağıstan xalqı Əziz Əliyevin xatirəsini daim yad edir və əbədiləşdirir. Bu, yubiley gecəsində iştirak edən Dağıstan Respublikası hökumətinin sədri Xizri Şıxsəidovun çıxışında da öz əksini tapmışdı: "Tale Böyük Vətən müharibəsinin ən ağır illərində onun həyatını Dağıstanla birləşdirdi. O, 1942-ci ilin sentyabrında Dağıstan Vilayəti Partiya Komitəsinin birinci katibi kimi məsul vəzifəyə başladı. Bu, onun bütün əvvəlki həyatının qanunauyğun nəticəsi, qeyri-adi təşkilatçılıq qabiliyyətinin etirafı və ölkə rəhbərliyi qarşısındakı yüksək nüfuzunun təsdiqi idi.

Dağıstanda işlədiyi ilk günlərdən etibarən onun istedadlı siyasətçi və dövlət xadimi olması özünü göstərdi. Onu yaxından tanımaq və onunla birlikdə işləmək qismətinə nəsib olanların hamısı Əziz Əliyevi parlaq zəkaya, yüksək qabiliyyətinə malik prinsipial, özünə və həmkarlarına qarşı tələbkar şəxsiyyət kimi səciyyələndirirlər. Bununla yanaşı, o, yüksək insani keyfiyyətlərə malik idi. Dağıstanlıların xarakterini, adət-ənənələrini yaxşı bilən Əziz Məmmədkərimoviç dağıstanlılara qəlbən məhrəm olmuş, beləliklə də çox böyük nüfuz, Dağıstan xalqının ürəkdən gələn hörmət və məhəbbətini qazanmışdı".

Görkəmli  dövlət və elm xadimi Əziz Əliyevin 100 illik yubileyi 1998-ci il aprelin 27-də Dağıstanın paytaxtı Mahaçqalada da təntənə ilə qeyd olunmuşdur. Mahaçqaladakı Rus Dram Teatrında keçirilən yığıncaqda Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Yubiley iclasını açan Dağıstan Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədov demişdir: "Bu gün biz Azərbaycanın və Dağıstanın görkəmli dövlət və ictimai xadimi, alim, xalqlarımızın layiqli oğlu Əziz Məmmədkərimoviç Əliyevin 100 illik yubileyini təntənə ilə qeyd etmək üçün toplaşmışıq... Əziz Əliyevin adı Dağıstan xalqının tarixinə və yaddaşına əbədi daxil olmuş dövlət xadimlərinin parlaq nəsli sırasında ən layiqli yerlərdən birini tutur... Əziz Məmmədkərimoviç Əliyev Dağıstanda həqiqi mənada istedadlı siyasətçi və dövlət xadimi, xalq arasında böyük nüfuzu, hörmət və məhəbbəti olan bir insan kimi qarşılandı. Onun rəhbərliyi altında respublika çox nəhəng hərbi-səfərbərlik işi gördü, müharibə dövrünün sərt sınaqlarına ləyaqətlə davam gətirdi, bütün ehtiyatları cəbhəyə yardım göstərilməsinə yönəldə bildi.

Əziz Əliyevin respublikamızda iqtidsadiyyatın, mədəniyyətin, elm və təhsilin inkişafına verdiyi töhfəni Dağıstan xalqları minnətdarlıqla xatırlayırlar. O, Mahaçqalada akademik mərkəzin yaradılmasına çox böyük səy göstərmişdir. Sonralar həmin mərkəzin əsasında SSRİ Elmlər Akademiyasının Dağıstan filialı, indi isə Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzi təşkil edilmişdir".

Yubiley gecəsindən əvvəl isə Dağıstan rəhbərləri və Azərbaycan nümayəndə heyətinin üzvləri Kaspiysk şəhərində yerli Tibb məktəbinə Əziz Əliyevin adının verilməsi münasibətilə xatirə lövhəsinin açılışına həsr olunmuş mitinqdə iştirak etmişlər. Mitinqi açan Kaspiysk Şəhər İcra Hakimiyyətinin rəhbəri Ruslan Hacıbəyov demişdir: "Bu gün Dağıstan Respublikasının, Azərbaycan Respublikasının bütün ictimaiyyəti, habelə Rusiya Federasiyasının mütərəqqi elmtibb xadimləri Dağıstan və Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, istedadlı təşkilatçı, təcrübəli həkim və humanist Əziz Məmmədkərimoviç Əliyevin bir əsrlik yubileyini - anadan olmasının 100 illiyini qeyd edirlər.

Əlamətdardır ki, bu gözəl insanın 100 illiyi bizim Dağıstan torpağında da qeyd edilir. Biz bu gün fəxri qonaqlar arasında tibb professorunu, atasının işinin davamçısını, Əziz Məmmədkərimoviçin layiqli övladlarından birini - Cəmil Əliyevi salamlamağımıza şadıq".

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev mitinqdə cavab nitqi söyləmiş, tədbir iştirakçılarına minnətdarlığını bildirərək demişdir: "Bu gün mən xüsusilə həyəcanlıyam. Xoşbəxtəm ki, atamın həyatının xeyli hissəsini keçirdiyi Dağıstan torpağındayam. Atam, demək olar ki, ömrünün son günlərinə qədər Dağıstanı və onun qonaqpərvər xalqını çox böyük səmimiyyətlə xatırlayırdı. Bu, şübhəsiz, onun övladlarına və sonrakı nəslinə də sirayət etmişdir. Ona görə də başda Məhəmmədəli Məhəmmədoviç olmaqla Dağıstanın bütün rəhbərliyinə, habelə atamın haqqında belə səmimiyyətlə və çox təsirli çıxış edən bütün yoldaşlara ailəmiz adından minnətdarlığımı bildirmək istərdim".

İki xalqın sevimli oğlu olan Əziz Əliyevin 110 illik yubileyi də dövlətimiz və xalqımız tərəfindən təntənəli surətdə qeyd edilmişdir. Belə ki, 2006-cı il dekabrın 5-də ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. 2007-ci il dekabrın 17-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Əziz Əliyevin 110 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Gecədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı - Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak edirdi. Yubiley gecəsində "Əziz Əliyevin ömür salnaməsi" adlı sənədli film nümayiş etdirildi, xatirələr söylənildi.

Əziz Əliyevin 115 illik yubileyi onun uzun illər fəaliyyət göstərdiyi Azərbaycan Tibb Universitetində və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təntənəli surətdə qeyd edilmişdir. Yola saldığımız 2012-ci ildə bu institutlarda Əziz Əliyevin anadan olmasının 115 illiyinə həsr olunmuş elmi konfranslar keçirildibu konfransların materialları, eləcə də Əziz Əliyevin xatirəsinə həsr olunmuş "Əziz Əliyevin həyatından səhifələr və xatirələr" adlı kitab nəfis şəkildə çap olunmuşdur.

Əziz Əliyev elə böyük alim və ictimai xadimdir ki, onun xatirəsi onun ruhu dolanan ali təhsil müəssisələrində, fəaliyyət göstərdiyi idarə və təşkilatlarda daim anılır. Bu gün - Yeni - 2013-cü ilin ilk günü Əziz Əliyevin doğum  günüdür. Onun xatirəsinə həsr etdiyimiz bu yazı ilə böyük alimə səmimi ehtiramımızı bildirir, ruhu şad olsun deyirik.

 

 

Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət mükafatı laureatı,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 1 yanvar.- S.5.