Oxud qəhrəmanlar kəndidir
Şəkinin Oxud kəndi təkcə qədimliyi və özünəməxsus gözəlliyi ilə deyil, həm də qəhrəman övladları ilə tanınır. Bu kənddə doğulub boya-başa çatmış Əhmədiyyə Cəbrayılov İkinci Dünya müharibəsi zamanı alman faşist işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb, yaralı halda düşmənə əsir düşsə də, min bir əzab-əziyyətdən, işgəncələrdən sonra əsirlikdən qaçaraq Fransa partizanlarına qoşulub. Elə bundan sonra "Xarqo" ləqəbli partizan Əhmədiyyə Cəbrayılovun qəhrəmanlıqları və rəşadəti hər yerə yayılır.
Təsadüfi deyildir ki, göstərdiyi bənzərsiz döyüş şücaətlərinə görə Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı kimi yüksək bir ada layiq görülüb. Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov da atasının şərəfli döyüş yolunu davam etdirərək erməni işğalçılarına qarşı müharibədə qəhrəmanlıqla həlak olmuş və göstərdiyi hünərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qoca partizan "Xarqo" ömrünün son günlərinə qədər təkcə Oxud gəncləri ilə deyil, Azərbaycanın bütün bölgələrində cavanlarla görüşür, onların hərbi-vətənpərvərlik ruhunun artırılmasına çalışırdı. Ən böyük arzusu oğlunun uğrunda canını fəda etdiyi Vətən torpaqlarını işğaldan azad görmək idi.
Hazırda qəhrəman ata və oğulun Oxud kənd qəbiristanlığındakı məzarları ən böyük ziyarətgaha çevrilib. Oxudluların qəhrəmanlara ehtiramı öz yerində, bu kəndə yolu düşən hər kəs ata və oğul Cəbrayılovların məzarlarını ziyarət etməyi özünə şərəf bilir. Elə onların qoyduğu ənənənin davamıdır ki, bu gün 70-dən çox oxudlu gənc Azərbaycan Silahlı Qüvvələrinin sıralarında şərəflə xidmət edir. Oxudlular üçün ata və oğul Cəbrayılovlarla yanaşı, digər şəhidlərin də məzarları and və inanc yeridir.
Oxud kəndi Şəkinin mərkəzindən 4 km aralıda, dağlar qoynunda, Kiş çayı sahilində yerləşir. Kənd içində hərəkət etmək üçün əksər hallarda ya üzüyuxarı qalxmalısan, ya da üzüaşağı enməlisən. Kənd icra nümayəndəsi Oruc Əhmədovun verdiyi məlumata görə, Oxudu Şəki ilə birləşdirən dolama yol sovetdənqalma yoldur. Əsaslı təmirə ciddi ehtiyacı var. Qış aylarında bu yolla hərəkət müşkülə dönür. Oxudlular çıxış yolu kimi qışda Kiş çayının suyunun azalmağını və ya qurumağını gözləyirlər ki, kənddən çıxıb harasa gedə bilsinlər. Dəfələrlə müvafiq qurumlara müraciət ediblər. Şəki ŞİH başçısının Oxuddakı səyyar qəbulu zamanı da yol məsələsi qaldırılıb. Deyilənə görə, artıq müvafiq qərarlar qəbul olunub, problem həll ediləcəkdir.
5 min əhalisi və 1400 təsərrüfatı olan Oxud kəndinin 1100 hektar əkinəyararlı torpaq sahəsi var. Bu sahələr kənddən 15-22 km aralıda yerləşir. Oxudda evlər, küçələr o qədər sıxdır ki, burada əkin-biçinlə məşğul olmaq mümkün deyil. Kiçik həyətyanı sahələrdə bir ailəlik tərəvəz və ya kartof yetişdirənlər də var. Əhalinin əsas məşğuliyyəti maldarlıq, taxılçılıqdır. Təsərrüfat işlərini görmək üçün 15-20 km kənddən uzağa getməyə oxudlular çoxdan vərdiş ediblər. Ötən mövsüm taxıl sahələrində yüksək məhsuldarlığa nail olublar. Hər hektarın orta məhsuldarlığı 36 sentner təşkil edib. Taxıldan əlavə, yonca, qarğıdalı da əkirlər. Builki səpin işləri artıq yekunlaşmaq üzrədir. Səpin üçün toxumu istehsalçılardan almaqla yanaşı, öz "boxça"larından da istifadə edirlər. Sovetlər vaxtı bu yerlərdə əsasən tütünçülük olub.
Oxud təbiətin sınağı ilə tez-tez üz-üzə qalan kəndlərdəndir. 1988-ci ildə Kiş çayının daşması çox fəsadlar törədib. Həmin ilin avqustunda sel suları evlərə, təsərrüfatlara xeyli ziyan vurub. İnsan tələfatı olmasa da, əməklərinin zay olması, təsərrüfatın, bağ-bağatın bərbad hala düşməsi uzun müddət oxudluların bellərini dikəltməyə imkan verməyib. Ancaq Oxud camaatı çox çalışqandır. Ta qədimdən çətinliklərə, təbiətin sınaqlarına sinə gərə-gərə öz həyatlarını, gün-güzəranlarını qura biliblər.
Oxudda gözə dəyən tikililərdən 400 yerlik şadlıq evini (keçmişdə kolxozun anbarı olub), 400 yerlik mədəniyyət evini (bu yaxınlarda burada Dövlət Kukla Teatrı tamaşa göstərib), poçt şöbəsini, 512 nömrəlik elektron ATS-i, 20-yə yaxın irili-xırdalı ticarət-məişət obyektini göstərmək olar. Oxudda 50 nəfər sürətli internetə qoşulub. Kənddə hətta gözəllik salonu da fəaliyyət göstərir.
Oxudda 400-dən yuxarı şagirdin təhsil aldığı tam orta məktəb və 125 şagirdlik əsas orta məktəb var. 124 müəllimin çalışdığı tam orta məktəb 1969-cu ildə tikilib və 2002-ci ildə əsaslı təmir olunub. Ötən əsrin 30-cu illərində inşa olunan əsas məktəb qəzalı haldadır. Əsaslı təmirə və ya yeni binanın tikintisinə ciddi ehtiyacı var. Elə kənddəki həkim ambulatoriyası da təmir ediləcəyi günü gözləyir.
Kənd bələdiyyəsinin sədri Rasim Alıyevin verdiyi məlumata görə, 1994-cü ilə qədər Oxudda təbii qaz olub, lakin sonradan kəsilib. Müvafiq tədbirlərdən sonra 2011-ci ilin may ayından təbii qazın verilişi bərpa edilib. Kənddə sayğaclaşma da başa çatdırılıb. Oxud kəndinə içməli su dağlardan və Kiş çayından gətirilib. Su xətləri evlərə, həyətlərə qədər çəkilib. İşıq da normaldır, dirəklər də müntəzəm şəkildə dəyişdirilir. SİP kabel məsələsi də gündəlikdədir. Kənd bələdiyyəsi əhalinin dəstəyi ilə kəndarası 10 km yola daş döşətdirib. Qəzalı hala düşmüş 60 yerlik uşaq bağçası da qismən təmir olunub -əsaslı təmirə ehtiyac çoxdur. Elə kənd icra nümayəndəliyinin də yeri ürəkaçan deyil - keçmiş kolxoz idarəsində yerləşib.
Oxud Şəkinin qədim kəndlərindəndir. Burada 90 yaşlı sakinlər də olsa, orta yaş həddi 70-75 sayılır. Son dövrlər Şəkidə abadlıq-quruculuq işlərinin geniş vüsət alması yeni iş yerlərinin açılmasına da şərait yaradıb. Oxuddan da hər səhər yüzə yaxın cavan bu iş yerlərində çalışmaq üçün Şəkiyə yollanır. Maaşlarından da, işlərindən də razıdırlar. Əlbəttə, səhər işə, axşam evə tələsməkdən gözəl nə ola bilər.
Oxud da Şəkinin digər kəndləri kimi, yaşıllıqlar içində "itib". Kəndi gəzib- dolaşarkən ayrı-ayrı yerlərdə ümumi mənzərəni fotoaparata köçürmək istədik. Ancaq fotokadra baxanda gördük ki, yaşıllıqlar evləri elə "gizlədib", döngələr elə sıx, elə darısqaldır ki, mənzərədən söhbət gedə bilməz. Bir hündür yer arzusu ilə yan-yörəyə baxanda yaşlı bir kişi şirin Şəki ləhcəsi ilə "ha indi vertolyotdan baxanda da yaşıllıqdan başqa bir şey görməzsuz, elə belə yaxşıdı, yad gözdən uzaq olarıq..."
Elə
bu ovqatla da oxudlulara cansağlığı, iş
avandlığı arzulayıb, qəhrəmanlar kəndindən
ayrılırıq.
Telman NƏZƏRLİ
Azərbaycan.-2013.- 1 yanvar.- S.5.