Xəzinə kitab

 

"Tariximizin hər səhifəsi bizim üçün əzizdir"

 

Heydər ƏLİYEV

 

 ASC "Xalq Bank"ı tərəfindən 2010-cu ildən həyata keçirilən "Xalq əmanəti" layihəsi xalqımızın mədəni irsinin gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Təqdirəlayiqdir ki, bu layihə təmənnasız həyata keçirilir. Layihə çərçivəsində Azərbaycanın məşhur fırça ustaları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova və Mahmud Tağıyev haqqında "Rəngkarlıq və qrafika", xalq şairləri Məmməd Araz və Hüseyn Arifin "Seçilmiş əsərləri" nəşr edilərək xalqa çatdırılıb. Bir faktı da deyək ki, bu şəxsiyyətlərin sağlığında həqiqətən belə gözəl tərtibatda yüksək poliqrafik səviyyədə kitabları çap edilməyib. Ən gərəklisi də odur ki, Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən nəşrlər pulsuz paylanılır, dünyanın 70-ə yaxın kitabxanasına, ölkənin ali və orta təhsil dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və respublikamızın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

"Xalq Bank"ın xalqa öz əmanətini bu şəkildə qaytarması rəğbətlə qarşılanır. Bu günlərdə layihənin növbəti töhfəsinin - "Azərbaycan sikkələri"nin təqdimat mərasimi keçirildi. İlk dəfədir ki, Azərbaycanın zəngin numizmatika (sikkəşünaslıq) irsi bu cür əhatəli şəkildə nəşr edilib.

Kitabın müəllifi 85 illik ömrünün 60 ilini Azərbaycan numizmatikasının tədqiqinə həsr edən Əli Rəcəblidir. O, vaxtilə "Azərbaycanın qədim orta əsr sikkələri" albomunun, "Azərbaycanın numizmatikası" monoqrafiyasını çap etdirmişdir. Pul yalnız alqı-satqı vasitəsi deyil, həm də hər bir dövlətin atributudur, onun varlığını təsdiqləyən başlıca amildir. Bu baxımdan, çoxəsrlik Azərbaycan dövlətçiliyinin önəmli rəmzlərindən biri kimi sikkələrin yaranma tarixinə kitabda xüsusi yer verilib. Eramızdan əvvəl IV əsrdən bu günədək - 2 min ildən artıq bir dönəmdə ölkəmizdə pul - sikkə tədavülünün tarixinə güzgü tutulub. Bəri başdan deyək ki, bir çox xalqların, elə qonşuluqda yaşayan ermənilərin qədim tarixə malik olmadıqlarını təsdiqləyən vacib sənədlərdən biri də sikkələrdir. Əgər bu gün AMEA-nın Numizmatika fondunda saxlanılan 150 mindən çox bu varidatın böyük hissəsini Azərbaycanda mövcud olmuş dövlətlərin sikkəsi təşkil edirsə, həmişə oğurluq və möhtəkirlikdə ad çıxarmış ermənilərin əllərində 5-10 sikkə belə yoxdur. Mənimsəmək istədikləri də tamamilə başqa xalqlara məxsusdur.

Yeni kitab bu gün hər bir azərbaycanlının evində mütləq olmalıdır. Çünki məhz onun vasitəsilə tarixə səyahət edərək Azərbaycanın sikkə zərbi və pul tədavülü haqqında ətraflı məlumat almaq mümkündür. Kitabda nadir və unikal sikkələr haqqında da bilgilər var.

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov yeni nəşri "Dövlətçilik tariximizin öyrənilməsi işinə mühüm töhfə" adlandıraraq kitaba yazdığı "Ön Söz"də bildirir: "Beş min ildən çox dövlətçilik tarixinə malik olan Azərbaycan Avropa ilə Asiya ölkələrini əlaqələndirən beynəlxalq karvan yollarının qovşağında yerləşirdi. Məşhur İpək yolu yurdumuzun xarici ticarət əlaqələrinə çox müsbət təsir göstərirdi. Xarici ticarətdən və ölkə ərazisindən keçən ticarət karvanlarından alınan gömrük rüsumu Azərbaycan dövlətlərinin əsas gəlir mənbəyi idi. Elə bu səbəbdən də İpək yolu üzərində mühüm ticarət mərkəzlərini ələ keçirən Azərbaycan hökmdarları zaman-zaman geniş ərazili imperiyalar yaratmışdılar. Bu amillər də Azərbaycanda sikkə zərbi sənətinin inkişafına mühüm təsir göstərmişdir. Qüdrətli Azərbaycan hökmdarları ölkənin Təbriz, Gəncə, Naxçıvan, Şəki, Şamaxı, İrəvan, Zəyəm, Tiflis, Dərbənd, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin və bir çox başqa şəhərləri ilə yanaşı, imperiyanın ərazisinə daxil olan ölkələrin iri şəhərlərində də sikkə zərb etdirmişdilər". Həqiqətən də Azərbaycan həm sikkə zərbinin qədim tarixinə, həm geniş coğrafiyasına, həm də bu qeyri-adi sənətkarlıq sahəsinin yüksək inkişaf səviyyəsinə görə dünyanın nadir ölkələrindən biridir. Kitabda təqdim olunan sikkələr başlıca olaraq Azərbaycan Tarixi muzeyinin fondlarında saxlanan sikkələri əhatə edir.

Kitabın ən uğurlu cəhətlərindən  biri budur ki, qədim Azərbaycan Albaniya dövlətinin sikkələrindən başlayaraq müasir dövrə qədər - təqribən 2500 il ərzində Azərbaycan zərbxanalarında hazırlanmış pulların nümunələri tədqiq edilib, onların şəkilləri də oxuculara çatdırılıb. Təəssüf ki, xalqımızın taleyi kimi zaman-zaman xoş olmayan qismətin nəticəsində müəllif Cənubi Azərbaycanın müxtəlif şəhərlərində kəsilmiş sikkələr haqqında dolğun tədqiqat apara bilməmişdir.

Vaxtilə sahəsi 410 min kvadratkilometr olan tarixi Azərbaycanın ərazisi şimalda Dərbənd şəhərindən və onun vilayətlərindən, cənubda Həmədan şəhərindən, şərqdə Xəzər dənizindən, qərbdə Kiçik Asiyayadək uzanırdı. Lakin 1826-1828-ci illər - Rusiya-İran müharibəsindən sonra Azərbaycan iki hissəyə bölündü. Şimali Azərbaycan Rusiya tərkibində, Cənubi Azərbaycan İran monarxiyası tərkibində yaranmışdır. Kitabda "Azərbaycan tarixinə ekskurs" adlı bölmədə oxuyuruq: "Hazırda 280 min kvadratkilometr ərazini əhatə edən Cənubi Azərbaycan İran  İslam Respublikasının daxilindədir, Şimali Azərbaycan  isə 130 kvadratkilometr ərazisi olan ölkədir". Ötən əsrin sonlarından başlayaraq torpaqlarımızın 20 faizi də ermənilər tərəfindən işğal edilib. Arxeoloji və yazılı mənbələr sübut edir ki, Azərbaycan əzəli olaraq bu torpaqda yaşayan azərbaycanlıların etnik ərazisi və tarixi vətənidir. Eyni zamanda, tarixən ruhumuzda mövcud olan tolerantlıq imkan verib ki, bizə məxsus torpaqda müəyyən etniklər, milli azlığa mənsub olanlar da rahat və məsud yaşasınlar.

Kitab 10 fəsildən ibarətdir. "Antik Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi" adlanan birinci fəsildə yurdumuzda sikkənin sələflərindən - əmtəə pullarından söhbət açılır. Azərbaycan ərazisində tapılan sikkə və sikkə dəfinələrinin xəritəsi eramızdan əvvəl IV və bizim eranın III əsrlərinə qədər olan zamanı əks etdirir. Bu bölmədə təkcə Azərbaycanda antik sikkə dəfinələri və pul dövriyyəsi tədqiq edilmir. Həm sikkə zərbinin başlanğıcı tədqiqə çəkilir, həm də vaxtilə Azərbaycanda olmuş Makedoniyalı İsgəndərin Gülüstan kəndi yaxınlığında (Goranboy ərazisi) tapılmış dəfinədəki gümüş pullardan da danışılır. Makedoniyalı İsgəndərin ölümündən 100 il sonra torpağa basdırılmış bu dəfinədə onun sikkələrinin olması təsadüfi deyildir. Makedoniyalı İsgəndər antik dövrdə yaşamış tarixin ən görkəmli sərkərdəsi kimi şöhrət qazanmışdır.

Yurdumuzun Xınışlı və Çuxur Qəbələ dəfinələrində tapılan çoxsaylı sikkələr bir daha Alban dövlətində (e.ə.IV-e.VII əsr) zərbxananın mövcudluğunu təsdiqləyir.

"Azərbaycan Sasanilər dövlətinin pul tədavülü sferasında" adlanan ikinci fəsildə adıçəkilən dövlətin sikkə sistemi təhlilə çəkilərək Naxçıvanda, Bakı yaxınlığında, Bərdədə, Ərdəbildə zərb edilmiş sikkələrdən danışılır, onların şəkilləri oxuculara təqdim edilir. Bu dövrdə Azərbaycan ərəblərin işğal etdikləri ölkələr arasında ilkinlərdən sayılırdı. Təbii ki, işğalçılar Azərbaycanda mövcud olan zərbxanalarda öz sikkələrini də zərb etmişdilər. Ərəb xilafətinin Azərbaycana təyin etdiyi xəlifələr təbii ki, bu pullardan istifadə edirdilər. Maraqlıdır ki, Azərbaycanda yaşayan işğalçılar özəlliklə öz hökmdarlarının adı ilə sikkələr buraxırdılar.

"VIII və XVIII əsrlərdə Azərbaycan dövlətlərinin sikkələri" haqqında dolğun məlumatlar toplanmış IV fəsildə Azərbaycanda yeni dövlətlərin yaranmasından bəhs edilir. Minillik tarixə malik Şirvanşahlardan söz açılır. Şamaxı yaxınlığında tapılmış dəfinələrdə aşkar edilən sikkələrdə zərb yerinin adına və tarixinə çox nadir hallarda rast gəlinib. Maraqlıdır ki, İsmayıllı bölgəsində aşkar edilmiş dəfinədə sikkələrin üzərində zərbin yeri və tarixi bildirilir: "Şamaxı 1158-ci il". Elə bu dəfinəyə də əsaslanaraq kitabın müəllifi Əli Rəcəbli söyləyir ki, həmin dövrlərdə sikkə tiplərinin miqdarı müxtəlif olub. Azərbaycan dəfinələri ilə bağlı araşdırmalar aparan xarici ölkə tədqiqatçıları da bildiriblər ki, tarixdə yalnız gümüşü izi olan mis sikkələr ilk dəfə Şirvanşah I Axsitana məxsus olub. Sonralar isə gümüş suyuna çəkilmiş mis sikkələri onun xələfləri də zərb etdiriblər.

"Müsəlman intibahı və Azərbaycanın pul tədavülündə gümüş böhranı" adlanan V fəsildə X əsrin sonu və XIII əsrlər bu böhranın səbəb və nəticələri şərh edilib, qızılın zərb prosesinə daxil olunaraq əmtəə münasibətlərində yeni bir keyfiyyətin yaranmasından danışılır. Bizans imperatorlarının qızıl nomismaları və ərəb xilafətinin qızıl dinarlarının pul tədavülünə daxil edilməsi Azərbaycanda da artıq beynəlxalq valyuta vasitələrinin yaranmasını təsdiqləyib. Kitabda oxuyuruq ki, Azərbaycan ərazisində çoxlu sayda bizans qızıl sikkələrindən ibarət iri dəfinələr aşkar edilib. Qızılın dəbə minməsi gümüşün böhranını şərtləndirirdi. O cümlədən Atabəylər dövlətində də zərbxanalar çox idi. Bu dövlətin sikkələri əsasən misdən hazırlanırdı.

Kitabın VI fəslində "XIII-XIV əsrlərdə Azərbaycanda pul tədavülü və sikkə zərbi"ndən söz açılır və onun sisteminə toxunulur. Bu o dövr idi ki, monqol işğalçıları Azərbaycana yürüş etmişdilər. Həmin dövrün əks-sədası kimi Naxçıvanda tapılan dəfinədə Azərbaycanın sikkə zərbi tarixində ilk dəfə sikkənin üzərində türk dilində "Böyük monqol Ulus bəyin sikkəsi" sözləri həkk edilmişdi. Həmin dövrdə Səlcuqların, Elxanilərin, Cəlairlərin və digərlərinin özlərinə məxsus sikkələri olub.

Getdikcə Azərbaycanın sikkə sistemində müəyyən dəyişikliklər yaranırdı. "XV əsrdə Azərbaycanda sikkə zərbi" adlanan VII fəsildə Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövlətlərinin zərb etdiyi sikkələrdən söz açılır, onların vaxtilə yayıldığı ərazi göstərilir.

Kitabın VIII fəslində isə "Səfəvilər dövlətində sikkə işi"ndən söz açılır. Xüsusilə də birinci Şah İsmayıl Səfəvinin (Səfəvilər imperiyasının banisi və ilk hökmdarı) dövründə zərbxanaların mövcudluğundan danışılır. Bizə gəlib çatmış sikkələrə əsasən bəlli olur ki, 60-dan çox şəhərdə zərbxana fəaliyyət göstərib. I İsmayılın sikkə zərbində orta əsrlərdə geniş yayılmış sikkəüstü zərb etmə də tədqiq olunurdu. Səfəvi dövlətinin pul sisteminin əsas vahidi gümüş sikkə - "şahı" idi. Bu terminin mənşəyi, şübhəsiz ki, Səfəvi dövləti ilə əlaqəlidir... I İsmayıl Mərkəzi Asiya xanlarından fərqli olaraq, özünü şahənşah elan etmişdi.

Hökmdarlar bir-birini  əvəz etdikcə təkcə hakimiyyətin adı deyil, onlara məxsus sikkələr də dəyişirdi. Bu mənada, XVIII əsrin II yarısında Səfəvilərin sonuncu şahı taxtdan salındıqdan sonra Azərbaycanda 20 xanlıq yarandı.

"XVIII əsrin II yarısında Azərbaycanda pul dövriyyəsinin tərkibi" adlanan IX fəsildə məhz bu hökmdarların - Gəncə, Qarabağ, Şirvan, Şəki, Quba, Dərbənd, Bakı, İrəvan, Naxçıvan... xanlıqlarının sikkələrindən danışılır və onların yayıldığı ərazilər göstərilib.

XIX əsrin I rübündə ölkəmizin Rusiya imperiyası tərəfindən işğal edilməsi nəticəsində Azərbaycan xanlıqları ləğv edildi. Əli Rəcəbli yazır: "Onların torpaqlarını yeni yaradılmış Bakı, Yelizavetpol, İrəvan quberniyalarının və Rusiya imperiyası Qafqaz canişinliyi Bakı qradonaçalnikinin tərkibinə daxil etdilər". Bununla da yerli zərbxanalar işinə xitam verdi. Çar Rusiyasının 1917-ci ildə çökməsinə qədər ölkəmizdə Rusiyanın zərb etdiyi qızıl, gümüş pulları işləndi. O cümlədən rus danışıq dilində işlədilən "moneta" sözü Azərbaycan dilinə transformasiya edilərək pul vahidi manat, onun yüzdəbiri qəpik adlandırıldı. Çar Rusiyası pul islahatını tez-tez dəyişirdi. Onu dünya pul dövriyyəsi ilə tənzimləməyə çalışırdı. Beləliklə də çoxəsrlik monetar pul dövriyyəsi epoxası başa çatdı. Onun yeni mərhələsi - kağız pul dövrü başladı. "Azərbaycan Respublikasının pul təsərrüfatı" adlanan sonuncu - X fəslində də məhz bu məsələlərə toxunulub.

Müsəlman Şərqində ilk demokratik respublika 28 May 1918-ci ildə elan edildi. Cəmi 23 ay ömür sürmüş Azərbaycan Cümhuriyyətinin dövlət atributlarından biri də 1919-cu ilin avqustunda dövriyyəyə buraxdığı pullar oldu. Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra təbii ki, pul nişanları dəyişdi. Kitabda 1923 və 1924-cü illərə kimi qüvvədə olan pul nişanlarının da şəkilləri verilib. Dövlət müstəqilliyimizin bərpasından sonra dövriyyəyə buraxılan milli pullarımızın şəkilləri də yeni nəşrdə öz əksini tapıb.

Burada bir təəssüfümüzü bildirmək istəyirik ki, sovet dövründə bir neçə dəfə dəyişilən və dövriyyəyə buraxılan həm kağız, həm də metal pullar (qəpik)  haqqında məlumat və şəkilləri verilməyib. Əgər söhbət milli puldan, milli dövlətdən gedirsə, onda gərək çar hökumətinin də dövriyyəyə buraxdığı pulların üstündən sükutla keçilməli idi. Amma nə yaxşı ki, müəllif bu məsələni unutmayıb. Yaşadığımız tarixin bütün səhifələri gənc nəslə olduğu kimi çatdırılmalıdır. Sovet hökuməti o pulları bizə havayı vermirdi. Gah Stalinin, gah da Leninin şəkli əks olunmuş o əskinaslar tarixin bir əks-sədası idi. Çəkdiyimiz zəhmətin və zillətin müqabilində alırdıq və hər bir kağız pulun da üzərində müttəfiq respublikaların öz dilində yazısı var idi. Gələcək nəşrlərdə bu iradı da nəzərə almaq mümkündür. Yüksək poliqrafik səviyyədə və nəfis tərtibatda işıq üzü görmüş "Azərbaycan sikkələri" kitabı tarix elmləri doktoru Əli  Rəcəblinin fədakar zəhmətinin məhsuludur. 1951-ci ildən ömrünü bu sahəyə bağlayaraq numizmatikanın araşdırılması ilə əlaqədar böyük cəfakeşlik göstərən Əli Rəcəbli bu sahənin ilkinlərindən, ən böyük tədqiqatçılarından və Azərbaycan numizmatik abidəsini yaradan vətənpərvər və millətsevər alimdir. Bu nəşri "Xəzinə kitab" adlandırmaq daha doğru olardı. Söhbət ondan getmir ki, burada Azərbaycanda müxtəlif dövrlərdə mövcud olmuş sikkələrdən bəhs edilir. Zaman bir-birini əvəzlədikcə dəyişən proseslər, Azərbaycanda baş verən siyasi və ictimai hadisələr də ardıcıllıqla sıralanıb. Ən qədim tariximizdən üzü bəri - baş verən bütün çarpışmalara, müharibələrə, quruluş dəyişmələrinə güzgü tutulub. Azərbaycan tarixin ən dəyərli səhifələrini özündə əks etdirən yeni nəşr dəfinələr haqqında bir dəfinədir. 

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 1 yanvar.- S.7.