Açılan səhərlərin
işığı
Yenə də ilayrıcındayıq. Ayrılıq həmişə kədərli olur. Amma köhnə illə Yeni ilin görüşüb ayrılacağı bu məqamda qəmdən əsər-əlamət olmaz. Köhnə il öz missiyasını başa vuraraq tarixin arxivinə üz tutur, xatirələrdə yaşayır. Onun varlığını təşkil edən günlərdə, aylarda əlamətdar və qeyri-adi hadisələr varsa, ömrünün izlərinə naxışlanan sevinclərin, elə kədərlərin də sayı qədər yad ediləcək. Yeni ili isə həmişə ümidlə, səbirsizliklə gözləyirik. Bu ayrılıq bir növ yeni arzulara, duyğulara qanadlanmaqdır. Bu səbəbdən də bütün pisliklər, xəstəliklər, ağrı-acılar köhnə ildə qalsın deyirik. Təzə il həyatımıza adı kimi təzəlik gətirsin.
Sevinclə, müxtəlif maraqlı hadisələrlə, yeniliklərlə yaşanan 2012-ci il ömrünü başa vurdu. Lakin elə bir millət, elə bir xalq tapmaq olmaz ki, ilin bütün günləri onlar üçün ancaq bayramdan, sevincdən ibarətdir. Həyatın rəngləri ilin günlərində öz əksini tapır. Bu elə bir reallıqdır ki, insan heç zaman ondan qaça bilməz. İndi təzə - 2013-cü illə üzbəüz dayanmışıq.
Həyatın ən ağır məqamına, kədərinə bir nikbinliklə qələbə çalır, gələcəyə ümidlə baxırıq. İnsan qəribədir. Batan Günəşin xiffətini çəksə də, açılan səhərlərin işığından nur alır. Beləcə, ömrünü günlərə bükərək aylara, illərə təhvil verir. Özü də həmişə Yeni ili xoş ovqatla qarşılamağı, daha doğrusu, onu səbirsizliklə gözləməyi çox sevir. Burada qəribə bir ümid işartıları var. Sanki köhnə ildə yarımçıq qalmış işlərin, qovuşmadığın arzuların məhz təzə ildə göyərəcəyinə, həyata keçəcəyinə ürəkdən inanırsan. Bəlkə də buna görə dünya dekabrın son gecəsini xüsusi şənliklə qeyd edir. O bayram, o əlamətdar hadisə əgər bütün bəşəriyyətin diqqətindədirsə, bunun da öz mənası, öz gözəlliyi var. Təzə ili dünyada böyüklərdən çox bəlkə də uşaqlar xüsusi intizarla gözləyir, qarşılayır, şənlik edirlər. Nə gizlədək... Çilçıraqlı yolkaların əlvanlığından adamın ovqatına qəribə sevinc süzülür. Bayram axşamı şampan butulkaları, sağlıqlar, bağışlanan hədiyyələr, bir-birinə qarışan təbriklər... Vallah, çox gözəldir! Məhz həmin axşam Yeni ilin ilk sevinci başlayır. Bəzən söyləyirlər ki, bu bayramın bizim millətə dəxli yoxdur. Bayramlar heç zaman insanla birlikdə doğulmur ki?! Xoş günü, şənliyi, təqvim yeniliyini qeyd etməyin nəyi pisdir? Təki həmişə bayram olsun! Deyək ki, Azərbaycanda Yeni ili həmişə xüsusi məhəbbətlə qarşılayıb yüksək əhval-ruhiyyə ilə keçirməyə çalışırlar. Doğrudur, son illər bu bayramla bağlı bəzi təzadlı fikirlər də meydana çıxıb. Halbuki təqvim ili dəyişir, köhnə il ömrünü başa vurur, Yeni il qədəmlərini torpağımıza atır. Yüz ili ötüb ki, Azərbaycanda bu bayramı böyük məhəbbətlə, sevinclə, ümidlə qarşılayıb qeyd edirlər. Doğrudur, bu bayram bizim əlamətdar günlərin sırasına sonradan gəlmədir. Lakin illərdir ki, təqvim ilinin dəyişməsini məmləkətimizdə böyük təmtəraqla keçirirlər. Evlərdə yolkalar qurulur, dekabrın son gecəsi bayram süfrəsi açılır, ailə üzvləri bir-birinə hədiyyələr bəxş edirlər. Həmin axşam süfrələr öz gözəlliyi, zənginliyi ilə diqqət çəkir. Üzlərdə, gözlərdə sevinc duyulur.
Yeni il ilk dəfə 1594-cü ildə Fransada qeyd
olunub. IX Karlın fərmanı ilə Təzə il
yanvarın 1-dən başlanıb. Bu yenilik ildırım
sürətilə dünyaya yayılıb. Fransa əyalətlərində
indi də köhnə ənənəyə əməl olunur.
Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi
oraya bayram süfrəsindən pay aparır. Bu da adətən
qoğal və bulkadan ibarət olur. Bu bayram payını ertəsi
gün başqa birisi götürür. Əvəzində
öz gətirdiyini bulaq başına qoyur. Beləliklə,
qadınlar gecəyarısına qədər bir-birlərini bu
cür qonaq edirlər. Fransada şirin fətirlə bərabər
qızardılmış şabalıd süfrəyə
xüsusi gözəllik gətirir. Süfrədə mütləq
göbələk supu, bal, kələm turşusu, süddə
qızardılmış peçenyelər olmalıdır.
Əlbəttə,
Yeni ili hər bir xalq, millət öz ənənəsinə
uyğun keçirir. Rusiyada, İtaliyada, eləcə də Avropanın
bir çox ölkələrində, Amerikada Yeni ili müxtəlif
adət-ənənələrə uyğun
qarşılayırlar. Dekabrın 31-də bütün evlərdə
bayram süfrələri açılır. Hər bir
xalqın da özünəməxsus süfrə mədəniyyəti
var. Yeni il süfrələri müxtəlif şərabların,
cürbəcür içkilərin çoxluğu ilə
seçilib. İtaliyada bu bayramı beş gün
keçirirlər. Süfrəyə mütləq meyvə
piroqu, balıq, bal, noxud düzülür. Hətta Yeni il
axşamı köhnə ev əşyalarının pəncərədən
küçəyə atılması ənənəsi də
hələ qalmaqdadır. Küçədən keçənlər
üçün heç də təhlükəsiz olmayan bu
adətə əməl edən italyanlar
düşünürlər ki, nə qədər çox
mebel atılsa, Yeni il öz gəlişi ilə həmin ailəyə
bir o qədər sərvət gətirə bilər.
Rusiyada isə
hər bir evdə kilsə şamları yandırılır.
Süfrəyə mütləq müxtəlif yeməklər,
salatlar, içkilər, piroqlar qoyulur. İnanclara görə,
süfrə nə qədər zəngin və gözəl
olarsa, qarşıdan gələn il də elə gözlənilər.
Rusların süfrəsinin tən ortasında mütləq
qızardılmış donuz balası qoyulmalıdır.
İnanca görə, donuz var-dövlət simvoludur. Süfrəyə
quş ətindən heç nə verilməz. Belə hesab
edilir ki, xoşbəxtlik evdən uça bilər. Gələn
qonaqlara xəmirdən hazırlanmış müxtəlif
fiqurlu şirniyyatlar paylanılar. Yeni il axşamı mütləq
təzə paltar və ayaqqabı geyinilməlidir. Yaxın
adamlar bir-birini təbrik edir, qonaq gedir, səhərədək
yemək-içmək davam edir.
Avropanın
çox ölkəsində Yeni ili xüsusi təmtəraq və
ciddi qaydalarla qarşılayırlar. Elə ölkə var ki,
orada Şaxta baba, elə yerlər də var ki, orada
uşaqların Şaxta nənəsi olur. Şaxta babanın
adı Noel ata, Şaxta nənənin ismi isə Befandır.
Avropada belə bir fikir də dəbdədir ki, Yeni il
axşamı ən yaxşısı evindən bayıra
çıxmamaqdır. Bunun da bir səbəbi var: həm o
axşam pəncərədən atılan köhnə mebellər
sənin üstünə düşməz, həm də
bayramı hansı ovqatla qarşılasan, elə o əhval-ruhiyyə
ilə də sona çatdırarsan.
Almaniyada
ilkin olaraq Yeni il tortu bişirilir, süfrəyə donuz əti
qoyulur. Elə ki saatlar gecəyarısını göstərir,
müxtəlif yaş təbəqəsinə mənsub insanlar
sanki balaca uşağa dönürlər. Masa, stol, kreslonu
"ata" döndərib atılıb-düşürlər.
Beləliklə, onlar da Yeni ili bu şəkildə
qarşılayırlar.
İngiltərədə
də Yeni ilin özünəməxsus qarşılanma mərasimi
var. Burada da hər yerdə olduğu kimi, ən çox sevinən
uşaqlardır. Çünki bütün gecəni
küçələrdə oyuncaqlar, maskalar, hava
şarları satılır. Yeni il axşamı ingilislər ənənəvi
ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatla istifadə
edirlər - çünki onun içərisində yemək
üçün qidalarla bərabər, yararsız əşyalar
da olur. Odur ki, pudinq lotereya kimidir. Kimə yaxşısı,
kimə də pisi düşə bilər.
Şotlandiyada
isə Yeni il qəribə bir hay-küylə
qarşılanır. Çəlləkdə qətran
yandırılır və onu küçə boyu diyirləyirlər.
Bu da şotland inancına görə, köhnə ilin
yandırılması deməkdir. Guya bundan sonra Yeni ilə yol
açılır. Bu ölkədə hələ qədimdən
hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən
ilk adam ya xoşbəxtlik, ya da bədbəxtlik gətirər.
Ona görə də evə ilk dəfə girməyə hər
kəs tərəddüd edir. Deyirlər ki, şotland evinə
ilk dəfə hədiyyə ilə tünd saçlı
kişi daxil olsa, bu, xoşbəxtlik əlamətidir.
İrlandiyada
isə həmin gecə evlərin qapıları taybatay
açıq qalmalıdır. Kimin ürəyi hansı evi istəsə,
daxil ola bilər. Çünki onu həmin evdə əziz
qonaq kimi qarşılayaraq bayram süfrəsi ətrafında ən
şərəfli yerdə əyləşdirəcək və
şirin şəraba qonaq edəcəklər. İrlandlar
bayram axşamı badə qaldırarkən belə söyləyərlər:
"Bu evdə və bütün dünyada sülh naminə".
Macarıstanda
isə Yeni il günü oyuncaq tütəklər, fit hədiyyə
etmək dəbdədir. Xalq inancına görə, bu musiqi alətlərinin
təsirli səsi evdəki cinləri qovar və evlərə sevinc,
firavanlıq gətirə bilər. Rumıniyada isə Yeni il
axşamı süfrəyə içərisində
kiçik sürprizlər - qəpiklər, farfor fiqurlar,
acı bibər qabığı olan qoğal qoyulur. Kiminsə
qoğalında üzük tapılsa, bu o deməkdir ki, Yeni il
onun üçün xoşbəxtlik gətirəcək. Acı
bibər qabığı isə sadəcə,
gülüş doğurmaq məqsədilə qoyulur.
Hindistanda
isə bu bayramı əyalətlərdən asılı
olaraq müxtəlif cür qarşılayırlar. Ölkənin
şimal əhalisi özlərini ağ, qırmızı,
çəhrayı və bənövşəyi
çiçəklərlə bəzəyir. Hindistanın mərkəzində
evlər bənövşəyi bayraqlarla diqqət çəkir.
Hindistanın qərbində isə evlərin damında
mütləq od qalayırlar. Bayram ərəfəsində
analar böyük qablara uşaqlar üçün
aldıqları hədiyyələri, şirniyyatları,
gülləri düzürlər. Yeni ilin ilk günü ertədən
uşaqları gözübağlı nimçəyə
yaxınlaşdırırlar ki, onlar öz hədiyyələrini
seçsinlər. Kimin qismətinə nə düşərsə...
Qəribədir
ki, İndoneziyada Yeni ili on gün qeyd edirlər. Allahların
şərəfinə rənglənmiş düyüdən
"yeməli sütun" düzəldirlər.
Düzdür, bu yeməli sütundan Allahlara bir şey
qalmır. Bayramdan sonra sütunlar sökülür,
düyünü isə hər kəs öz evinə
aparır. Düyü demişkən, Vyetnamda da Yeni ili
düyü yeməyi ilə qarşılayırlar. Yeni il
axşamı hər kəs akvariumda saxladığı
balığı çaya və ya gölməçəyə
buraxır. Vyetnamlılara görə, balığın belində
Allah üzür. Ulu Tanrı Yeni il günü səmalara
çəkilir və oradan Yer üzündə insanların
necə yaşamasından asılı olaraq həmin ailəyə
sovqat göndərir.
Monqolustanda
isə Yeni il bir növ heyvandarlıq bayramı ili kimi qeyd
edilir. Bu ölkədə Şaxta babanı Çoban əvəz
edir. Həmin gün monqollar müxtəlif idman
yarışları keçirir, xüsusən də cəldlik
və mətinlik üzrə yarışmalar təşkil
edirlər. Həmin gün cıdır da olur.
Kubada isə
Yeni il gecəsi saat 11 dəfə vurur. On ikinci zəng Yeni ilə
düşür. Cəmi bir saat ərzində insanlar
bayramı sakitcə qeyd etməli, gecəyarı pəncərədən
küçəyə su atmalıdırlar. Yeni ildə
atılan su insanların həyatına aydınlıq gətirər,
- deyirlər.
Dünyanın
çox yerində qurulan yolkanın başına mütləq
ulduz taxırlar. Bunun da mənası var. Ulduz mələklərlə
ünsiyyətə işarədir. O gecə mələklər
evlərə baş çəkir, insanların arzu və istəklərini
eşidib Tanrıya çatdırırlar. Bu səbəbdən
də yolkaların üzərindəki ulduz mələkləri
qarşılamaq mənasını daşıyır.
Bizim
üçün Yeni il axşamının bir özəlliyi və
gözəlliyi də var. Bu da Dünya Azərbaycanlılarının
Həmrəylik Gününün həmin axşama
düşməsidir. Doğrudur, Yeni ilin gəlişini biz adətən
Novruz bayramında qeyd edirik. Amma Yeni ili də eyni məhəbbətlə
qarşılayırıq. Süfrəmizdə ləziz yeməklərlə
bərabər, milli mətbəximizin gözəl təamları
da qoyulacaq. Şəhərimizin küçələrində,
mədəniyyət ocaqlarında Yeni ilin simvolu olan Şaxta
baba və Qar qız yenə də öz missiyasını yerinə
yetirəcək. Bu il Bakı daha da gözəlləşib.
Xüsusilə, gecələri daha aydın və
işıqlı olub. İnanırıq ki, Yeni il Azərbaycanda
əsl bayrama çevriləcək. Şəhərimizin
küçə və meydanlarında qurulmuş nəhəng
yolkalar insanlara fərəh və sevinc gətirir. Arzumuz budur
ki, Yer üzündə sülh olsun, müharibələr
dayansın, insanlar öz halal ocaqlarında, dədə-baba
yurdlarında xoşbəxt yaşasınlar. Arzulayaq ki,
2013-cü il Azərbaycana uğur gətirsin! Onun millətimizə
bəxş etdiyi ən böyük hədiyyə
Qarabağın, ümumilikdə işğalda qalan
torpaqlarımızın qaytarılması ilə əlamətdar
olsun! Bundan sonra ürəklə deyək ki, 2013-cü il
xalqımızın və millətimizin həyatında ən
uğurlu, ən yaddaqalan, unudulmaz Qalibiyyət ilidir!
Azərbaycan.-2013.-
1 yanvar.- S.7.