Yardımlı rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Son illərdə Yardımlı rayonunda əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində müəyyən işlər görülmüş, bir sıra sosialyönümlü obyektlər istifadəyə verilmiş, əhalinin elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılmış, abadlıq-quruculuq işləri genişlənmişdir.
Yardımlı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədi ilə Yardımlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 yanvar
2013-cü il
Azərbaycan.-2013.- 8 yanvar.- S.1.