Prezident İlham ƏLİYEV:
«Status-kvo vəziyyəti bizim üçün nə qədər
ağır olsa da, Ermənistan üçün eyni dərəcədə
təhlükəlidir»
"...Mən
hər hansı proqnozlar verməyə çətinlik çəkirəm.
Lakin hesab edirəm ki, bu status-kvo vəziyyəti bizim
üçün nə qədər ağır olsa da, Ermənistan
üçün eyni dərəcədə təhlükəlidir.
Ona görə ki, əgər onlar regionda qüvvələrin
tarazlığı və ümumiyyətlə, regionda vəziyyət
baxımından heç olmasa ortamüddətli perspektivi, məsələn,
Azərbaycanın güclənməsi perspektivini
götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən
sonra onların vəziyyəti indikindən daha ağır
olacaqdır. Azərbaycanla düşmənçilik etmək
və bizim torpaqlarımızı işğal altında
saxlamaq onlar üçün çətin və müəyyən
dərəcədə təhlükəli olacaqdır. Əgər
onlar hazırda Dağlıq Qarabağda yaşayan adamların
bundan sonra da təhlükəsiz şəraitdə
yaşamasını istəyirlərsə,
işğalçı qüvvələrin bizim ərazidən
çıxarılması prosesini
başlamalıdırlar".
Ötən
ayın 22-də "Rossiya-24" telekanalına verdiyi
müsahibəsində dövlət başçısı həmçinin
qeyd etmişdir ki, erməni tərəfi status-kvo vəziyyətini
bütün vasitələrlə saxlamaq istəyir. Bununla da bəlli
olur ki, Ermənistan münaqişənin tənzimlənməsini
istəmir. Çünki tənzimləmə
işğalın ləğv edilməsini nəzərdə
tutur.
Bəllidir
ki, status-kvonun aradan qaldırılması üçün Azərbaycan
sülh danışıqlarından kənar addımlar atarsa,
beynəlxalq təşkilatların bu məsələyə
reaksiyası mənfi olacaq. Ümumiyyətlə, Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən
danışıqlar prosesində ən çox səy göstərən
tərəf olsa belə, yenə də beynəlxalq təşkilatların
gözündə güzəştə daha çox getməli
olan tərəf kimi tanınır. Amma Prezident İlham Əliyev
dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın
səbrinin də bir həddi var. Hətta ekspertlər də
hesab edirlər ki, Azərbaycan status-kvonun sonsuzluğa qədər
davam etməsini gözləyə bilməz və ərazi
bütövlüyünü təmin etmək
üçün ixtiyarında olan hüquq və vasitələrdən
istifadə edəcək.
Prezident
İlham Əliyev demişdir: "Bu gün təkcə
Dağlıq Qarabağ deyil, həm də heç vaxt
Dağlıq Qarabağ vilayətinin tərkibində
olmamış yeddi rayon da işğal altındadır. Həmin
rayonlarda erməni əhalisi yaşamamış, azərbaycanlı
əhali yaşamışdır. Yəni, onlar hamısı
oradan qovulmuşdur. Bu gün Ermənistanın həmin əraziləri
işğal etməsinə haqq qazandırması getdikcə
mürəkkəbləşir. Buna görə də status-kvonun
dəyişməsi münaqişənin tənzimlənməsi
üçün əsas ilkin şərtdir". Dövlət
başçısı vurğulayıb ki, Ermənistanın hər
şeyi olduğu kimi saxlamaq və danışıqlar prosesində
indiki vəziyyətə görə məsuliyyəti Azərbaycanın
üstünə yıxmaq cəhdlərinə haqq
qazandırmaq olmaz. Məsələnin mahiyyətinə gəlincə,
Prezident bildirmişdir ki, Azərbaycanın mövqeyi həmişə
ardıcıl, prinsipial olmuş və beynəlxalq hüququn
prinsip və normalarına əsaslanmışdır: "Yeri
gəlmişkən, 2008-ci ildə Ermənistan özü
Moskvada bizimlə və Rusiya tərəfi ilə birlikdə
Mayndorf bəyannaməsini imzalamışdır. Məhz həmin
sənəddə yazılmışdır ki, qərar beynəlxalq
təşkilatların qətnamələrinə və qərarlarına
əsaslanmalıdır. Bu cür qətnamələr və qərarlar
isə istənilən qədərdir. BMT Təhlükəsizlik
Şurası erməni işğalçı qüvvələrinin
bizim ərazidən çıxarılmasını tələb
edən dörd qətnamə qəbul etmişdir. Bütün
sənədlərdə Helsinki Yekun Aktına da istinadlar
vardır. Helsinki aktında xalqların təyini-müqəddərat
hüququ ərazi bütövlüyünün pozulması demək
deyildir. Helsinki aktının sənədlərini diqqətlə
oxusaq, xalqların təyini-müqəddəratını məhz
ölkələrin ərazi bütövlüyü çərçivəsində
həyata keçirmək nəzərdə tutulur".
Dövlət
başçısı yenidən xatırlatmışdır
ki, Azərbaycanın ərazi bütövlüyü
bütün dünya tərəfindən tanınıb.
Dağlıq Qarabağ həm tarixən, həm də
hüquqi və siyasi baxımdan Azərbaycanın ayrılmaz
hissəsidir. 2009-cu ilin sonunda Minsk qrupunun həmsədrləri
tərəfindən təklif edilən formul Azərbaycan tərəfindən
qəbul olunmuş və Ermənistan tərəfindən rədd
edilmişdir. Sonrakı danışıqlar prosesində bu dəqiq
formulun şəklini dəyişən məqamlar baş
vermişdir. Nəticədə bu vəziyyət erməni tərəfinə
spekulyasiya etməyə imkan vermişdir: guya Azərbaycan nədənsə
imtina etmişdir: "Bu, həqiqətə əsla uyğun
deyildir. Biz nizamlamada ən çox marağı olan tərəfik.
Ona görə ki, bizim ərazilərimiz işğal
altındadır və bizim qaçqınlar doğma evlərinə
qayıda bilmədiklərinə görə əziyyət
çəkirlər" - deyə Prezident İlham Əliyev
vurğulamışdır.
Azərbaycan
sülhə nail olmaq istəyir və bu sülh ya
danışıqlar, ya da hərbi yolla təmin
olunmalıdır. Bu baxımdan müxtəlif beynəlxalq təşkilatlar
Dağlıq Qarabağ münaqişəsi zonasında
saxlanılan status-kvonun ədalətsiz olduğunu dəfələrlə
bəyan ediblər. Belə olan halda, əgər bu status-kvo ədalətsizdirsə,
o zaman onun dəyişdirilməsinə cəhd
olunmalıdır. Dövlət başçısı isə
ümidvar olduğunu bildirmişdir ki, hələlik vasitəçilik
funksiyasını öz üzərinə
götürmüş ölkələr bu prosesdə, məhz
tənzimləmə prosesində daha fəal iştirak edəcəklər:
"Axı, təhlükəsizlik tədbirlərinin əlavə
təminatı danışıqlar prosesinə ziyan vura bilər.
Çox vaxt bizi onda təqsirləndirməyə
çalışırlar ki, Azərbaycan etimad tədbirlərinin
möhkəmlənməsini istəmir, Azərbaycan təmas xəttində
möhkəm atəşkəs rejimi yaradılmasını istəmir.
Lakin əvvələn, atəşkəs rejimi iki tərəfdən
pozulur. Digər tərəfdən, danışıqlar
prosesinin mahiyyətini təşkil edən işğala son
qoyulması məsələsi həll edilmədən, bu yolda
irəliləyiş olmadan hər hansı başqa tədbirləri
o qədər vacib təsəvvür etmirik. Əsas məsələ
budur ki, vasitəçilər danışıqlar prosesinin
mahiyyəti sahəsində fəal iş aparsınlar. Bunun nə
qədər davam edəcəyini zaman göstərər".
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 8 yanvar.- S.1.