Şəki-Zaqatala bölgəsində yeni məktəb binaları və fərdi yaşayış evləri istifadəyə verilmişdir

 

2012-ci ilin mayında ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir.

Yanvarın 7-də Balakən, Zaqatala, Qax rayonlarının bir sıra yaşayış məntəqələrində və Şəki şəhərində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən inşa edilmiş yeni məktəb binaları və fərdi yaşayış evlərinin istifadəyə verilməsi münasibətilə mərasimlər keçirilmişdir.

Açılış mərasimlərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, rayonların rəhbər işçiləri, podratçı tikinti təşkilatları və ictimaiyyətin nümayəndələri, məktəblərin kollektivləri iştirak etmişlər.

Balakən rayonunun Katex kənd Qarahacılı tam orta məktəbin 300 şagird yerlik yeni binasının açılış mərasimində qeyd olunmuşdur ki, ötən ilin mayında baş vermiş zəlzələ zamanı rayonda 2 məktəb binası və 200-dən artıq fərdi yaşayış evi tam qəzalı vəziyyətə düşmüşdür. Püştətala kəndində ibtidai məktəb üçün inşa edilən 80 şagirdlik yeni məktəb binası ötən ilin noyabrında istifadəyə verilmişdir. Bundan əlavə, tikintisinə başlanılan fərdi evlərin də böyük əksəriyyəti artıq sakinlərin istifadəsindədir.

Nazir Kəmaləddin Heydərov zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını, bu məqsədlə dövlət büdcəsindən kifayət qədər vəsaitin ayrıldığını bildirmişdir. Qeyd etmişdir ki, dövlət başçısının göstərişinə uyğun olaraq fəlakət bölgəsində qəzalı vəziyyətə düşmüş məktəb binaları və fərdi yaşayış evləri qısa müddətdə sökülmüş, həmin ərazilərdə yüksək standartlara uyğun, zəlzələlərə davamlı yeni məktəb binaları və fərdi evlərin tikintisinə başlanılmışdır. Nazir inşasına başlanılan 35 məktəb binasından 22-nin artıq istifadəyə verildiyini, digərlərinin də tikintisinin sürətlə davam etdirildiyini, evləri qəzalı vəziyyətə düşmüş ailələrin böyük hissəsinin yeni tikilmiş evlərə köçdüyünü diqqətə çatdırmışdır.

Sonra yeni məktəb binasına baxış olmuşdur. Yüksək standartlara uyğun inşa edilən ikimərtəbəli bina təzə məktəb mebeli və avadanlıqla da təchiz olunmuşdur.

Katex kəndinin bir qrup sakininə yeni tikilmiş evlərin açarları təqdim olunmuşdur.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov daha sonra Zaqatala rayonunun Danaçı kəndində tikintisi başa çatmış yeni məktəb binası və fərdi evlərin açılış mərasimində iştirak etmişdir.

Kənddəki 2 nömrəli tam orta məktəbin 500 şagirdlik yeni binasının açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirmişdir ki, bölgədə baş vermiş zəlzələ zamanı Zaqatala rayonunun ən çox zərər çəkmiş yaşayış məntəqələrindən biri də Danaçı kəndi olmuşdur. Güclü yeraltı təkanlar nəticəsində bu kənddə 500-dək fərdi yaşayış evi və 3 məktəb binası tam qəzalı vəziyyətə düşmüş, onlarla fərdi yaşayış evi, sosial obyektinfrastruktur ciddi zədələnmişdir. Tikintisinə başlanılan 498 fərdi evdən 425-i artıq sakinlərin istifadəsindədir. Bundan əlavə, indiyədək kənddə məktəb binası da istifadəyə verilmişdir.

Mərasimdə çıxış edən kənd sakinləri təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlərə görə Prezident İlham Əliyevə zaqatalalılar adından minnətdarlıqlarını bildirmişlər.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov Danaçı kəndinin sakinlərinə tikintisi yenicə başa çatmış 50 fərdi evin açarlarını təqdim etmişdir.

Ümumiyyətlə, yanvarın 7-də Zaqatala rayonunun kəndlərində 400-ə yaxın ailə yeni tikilmiş evlərə köçmüşdür.

Fövqəladə hallar naziri həmin gün Qax rayonunun Qorağan kəndində 220, Dəymədağlı kəndində 120, Şəki şəhərində 14 nömrəli tam orta məktəbin 360 və 12 nömrəli tam orta məktəbin 500 şagird yerlik yeni binalarının açılış mərasimlərində də iştirak etmişdir. Kəmaləddin Heydərov bölgədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə danışmış, müəllim və şagirdlərə yeni məktəblərdə uğurlar arzulamışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 8 yanvar.- S.1.