Dövlət sosial xidmət
müəssisələrində və evlərdə qismən
ödənişli və
tam ödənişli şərtlərlə sosial xidmətin
göstərilməsi qaydası
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 30 dekabr tarixli 328 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1.
Bu Qayda "Sosial xidmət haqqında" Azərbaycan
Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən
hazırlanmışdır və bu qanuna uyğun olaraq
dövlət sosial xidmət müəssisələrində və
evlərdə qismən ödənişli və tam ödənişli
şərtlərlə sosial xidmətin göstərilməsi
məsələlərini tənzimləyir.
1.2.
Çətin həyat şəraitində olan şəxslərə
(ailələrə) dövlət sosial xidmət müəssisələrində
və evlərdə sosial xidmət (bundan sonra - sosial xidmət)
zəmanət verilmiş həcmdə ödənişsiz
göstərilir.
1.3.
Sosial xidmətin həcmi zəmanət verilmiş həddi
keçdiyi halda, sosial xidmət bu Qaydanın 1 nömrəli əlavəsinə
müvafiq olaraq qismən ödənişli şərtlərlə
göstərilir.
1.4.
Sosial xidmətin növü sosial xidmətin zəmanət
verilmiş həcminə aid olmadığı halda, sosial xidmət
bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq
tam ödənişli şərtlərlə göstərilir.
1.5.
Ödənişli sosial xidmət göstərilərkən
çətin həyat şəraitində olan şəxsin
maraqları, sağlamlıq vəziyyəti, çətin həyat
şəraitində olmasının səbəbi, şəxs
üçün müəyyən olunmuş reabilitasiya
proqramının məzmunu, sosial xidmətlərə tələbatının
qısamüddətli və ya uzunmüddətli olması nəzərə
alınır.
2.
Ödənişli şərtlərlə sosial xidmətin
göstərilməsi qaydası
2.1.
Ödənişli şərtlərlə sosial xidmət
çətin həyat şəraitində olan şəxs (ailə)
ilə sosial xidmət göstərən subyektlər
arasında bu Qaydanın 3 nömrəli əlavəsinə
uyğun olaraq bağlanmış müqavilə əsasında
həyata keçirilir. Müqavilə xidmət göstəriləcək
şəxsin yaxın qohumları, qanuni nümayəndələri,
həmçinin xidmət haqqının ödənişini həyata
keçirən əmək kollektivləri, dövlət
büdcəsindən maliyyələşən təşkilatlar
istisna olmaqla digər orqan və təşkilatlarla da bağlanıla bilər.
2.2.
Sosial xidmət göstərən subyekt müqavilə
bağlananadək çətin həyat şəraitində
olan şəxsə təklif edilən ödənişli
sosial xidmətlə, sosial işçinin və ya sosial xidmətçinin
iş rejimi, sosial xidmətin dövlət tərəfindən
zəmanət verilmiş həcmi, qismən ödənişli
və tam ödənişli sosial xidmətin növləri,
xidmət haqqı tarifləri, xidmət haqqının ödənilməsi
qaydası ilə bağlı geniş məlumat verməli,
onun düzgün seçim etməsinə yardım göstərməlidir.
2.3.
Müqavilədə ödənişli şərtlərlə
sosial xidmətə götürülən şəxslərə göstəriləcək xidmətlərin
xarakteri və həcmi, xidmət göstəriləcəyi
müddət, xidmətin ödənilməsi məbləği
və qaydaları göstərilir.
2.4.
Ödənişli sosial xidmət göstərilməsi
üçün zəruri olan avadanlıq və vasitələrin
dəyəri, nəqliyyat xərcləri sosial xidmət
haqqının məbləğinə daxil deyildir və bütövlükdə sosial
xidmət göstərilən şəxs tərəfindən
ödənilir.
2.5.
Müqavilənin ləğv edilməsi və dəyişdirilməsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq həyata keçirilir.
Azərbaycan.-2013.- 8 yanvar.- S.2.