Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydaları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 331 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 1. Ümumi müddəa

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 295.5-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir.

2. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi

2.1. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə təqdim etdiyi vaxtdan başlanır.

2.2. Gömrük bəyannaməsi və gömrük məqsədləri üçün lazım olan digər sənədlər və məlumatlar elektron və ya kağız üzərində yazılı formada gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına təqdim olunur.

2.3. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin və məlumatların siyahısı Gömrük Məcəlləsinin 150.3-cü maddəsinə əsasən müəyyən edilir.

2.4. Gömrük  bəyannaməsi aşağıdakı səbəblərə görə təqdim edilə bilmədikdə, natamam bəyannamə təqdim edilir:

2.4.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt  olmadıqda;

2.4.2. gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda.

2.5. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təqdim edilir.

2.6. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzrə qısa idxal (ixrac) bəyannaməsi onların göndərilmə rübündən əvvəlki ay ərzində gömrük orqanlarına təqdim olunur.

2.7. Həcmindən asılı olmayaraq bir təqvim ayı ərzində bir müqavilə üzrə keçirilən elektrik enerjisi bir gömrük bəyannaməsi ilə bəyan edilir.

2.8. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə natamam bəyannamə əsasında keçirilən malların gömrük rəsmiləşdirilməsi keçirilmə dövrünün sonundan etibarən 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunması Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə uyğun olaraq zəruri gömrük əməliyyatlarının yerinə yetirilməsi və gömrük ödənişlərinin ödənilməsi ilə başa çatır.

3. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların eyniləşdirilməsi

3.1. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallara eyniləşdirilmə vasitələri tətbiq olunmur.

3.2. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların miqdarı, keyfiyyəti və digər xüsusiyyətləri müvafiq sənədlərdə olan məlumatlar və ölçü cihazlarının göstəriciləri üzrə aparılan uçot məlumatları əsasında gömrük orqanları tərəfindən müəyyənləşdirilir.

 

 

Azərbaycan.-2013.- 8 yanvar.- S.2.