Şah İsmayıl Səfəvi -
qürur və şərəf tağımız
Cəmiyyətin tarixi təbiətin tarixindən hər şeydən əvvəl onunla fərqlənir ki, birincini insanlar yaradır, ikincisi öz-özünə baş verir. Xalqımızın tarixində bu tarixi yaradan görkəmli şəxsiyyətlər, dövlət xadimləri və sərkərdələr az olmamışdır. Həmin insanlar tarixin müxtəlif mərhələlərində özlərinin ən yaxşı keyfiyyətlərini nümayiş etdirmiş, kimisi elmi, kimisi qəhrəmanlığı, kimisi sərkərdəlik bacarığı, kimisi də ictimai-siyasi xidmətləri ilə əsrlərin, qərinələrin yaddaşına köçmüşdür. Azərbaycan xalqı tarix boyu onları daim anmış və qürur duymuşdur. Şah İsmayıl Səfəvi bu tarixi şəxsiyyətlər içində ən parlaq simalardan biri olmuş və bu günə qədər belə olaraq qalmaqdadır.
Şah İsmayıl Səfəvinin xidmətlərini araşdırarkən istər orta əsr, istərsə də müasir dövrün bir çox alimləri, haqlı olaraq onun yaşadığı dövrdən başlayaraq bütöv XVI - XVII əsrləri bir çox göstəricilərinə görə Azərbaycanın dirçəliş - renessans dövrü kimi təqdim edirlər. 1501-ci ildə I Şah İsmayıl tərəfindən yaradılmış və iki yüz ilə yaxın mövcud olmuş Azərbaycan Səfəvilər dövləti dünya tarixinə orta əsrlərin ən nəhəng dövləti kimi düşmüş və bu müddətdə, bəlkə də ən böyük nailiyyəti Azərbaycan dövlətçilik ideologiyasını, müstəqil dövlətçilik fəlsəfəsini xalqımızın qan yaddaşına yazması olmuşdur.
Tarix haqqında düşünərkən belə bir fikri yada salıram: "Biz tarixi bir bütöv kimi dərk etməyə çalışırıq ki, bununla həm də özümüzü dərk edək. Tarix bizim üçün xatirələrdir, biz tarixi ona görə öyrənirik ki, orada həm də bizim həyatımızın kökləri, milli genimizin açarı var. Tarix - bir dəfə qoyulmuş özüldür, əgər izsiz - soraqsız yoxa çıxmaq istəmiriksə və insan həyatına öz töhfəmizi vermək istəyiriksə, onunla rabitəni qorumalıyıq".
Tarixi bir vahid kimi qavrayarkən insanda öz-özünü dərketmə dərinləşir: onun mənəvi dünyası, şüurun və yaddaşın gücü ilə tarixə qovuşaraq sanki yüksək bir zirvəyə qalxır. Elə bir zirvəyə ki, oradan təkcə keçmiş yox və təkcə bu gün yox, həm də müəyyən dərəcədə gələcək görünür. İnsan təkcə bunları dərk etmir, həm də özünü başqa prizmadan qiymətləndirir. Nahaq demirlər ki, "keçmiş gələcəyin peyğəmbəridir". Tarixi baxış bizim qarşımızda elə bir güzgü tutur ki, biz keçmişi görərkən özümüzün şəxsi təbiətimizi daha yaxşı başa düşürük: burada əxz ediləsi nümunələr, vicdanımızın tənələri və utancları, tövbəyə və qəhrəmanlığa çağırış, bir sözlə, öz-özünü islahetmə və təkmilləşdirmə var.
Əsrlərin müdrikliyi səslənərək deyir: tarix bizə o şeyi öyrədir ki, onu mütləq öyrənmək lazımdır! İnsan və cəmiyyət üçün keçmişdən gələcək naminə dərs almaq imkanının özü çox vacibdir. Çünki bu, bizə imkan verir ki, bəşəriyyətin tarixi gərdişini saf-çürük edərək bununla da tarixin fəlsəfi konsepsiyasını müəyyənləşdirək. Bunun üçün keçmişin biliklərini, necə keçmişə, eləcə də gələcəyə münasibətdə, müasir dövrün açdığı yeniliklərlə birləşdirmək lazımdır.
Karl Marksın fateh kimi dəyərləndirdiyi heyrətamiz insan Şah İsmayılın həyat tarixçəsinin parlaq səhifələri, xalqına və dövlətinə, doğma dilinə sonsuz məhəbbəti, misilsiz sərkərdəlik şücaətləri, sözün həqiqi mənasında, hər bir azərbaycanlı üçün qürur və şərəf ünvanıdır. "İyirmi üç illik hakimiyyəti dövründə" bu böyük fateh ərazisi 2 milyon 800 min kvadratkilometr olan əzəmətli və müstəqil Azərbaycan dövlətinin yaradıcısı və qurucusu kimi tariximizin şanlı səhifələrindən birini yazmışdır. Bu gün Azərbaycan öz tarixinin və tarixi şəxsiyyətlərinin həqiqi sahibinə çevrildiyi, onların müqəddəs ruhu qarşısında günahlarını yuduğu, onların adlarını əbədiləşdirdiyi, irslərini gələcək nəsillərə tanıtmağa başladığı bir vaxtda, hələ xalqı və milləti adına bir quruş dəyərində belə xidməti olmayan Güntay Gəncalp, İskəndər Pala kimi içinə məzhəb ədavəti hopmuş qondarma tarixçilər, cızmaqaraçılar nə haqla və hansı məqsədlə Azərbaycanın şərəf tağlarından bir olan Şah İsmayıl Səfəvinin adına çamur və çirkab atırlar?
Güntay Gəncalpın "Səfəvilər" kitabında çoxsaylı bəsit və ağlasığmaz mülahizələr var. XVI əsr siyasi mühitinin və düşüncə tərzinin necə olduğunu təsəvvür edə bilməyən Gəncalp şiəliyi bayraq edən səfəviləri və xüsusən Şah İsmayılı nəzərdə tutub yazır ki, etnik mənsubiyyət duyğusu səfəvilərdən başlayaraq sönməyə doğru getmişdir. Yəni, Azərbaycan türkləri ilə Osmanlı türkləri arasındakı etnik duyğu. Bu adam başa düşmür ki, hegemonluq uğrunda mübarizədə etnik duyğu ikinci plana keçir. Kim öz taxt-tacını və müstəqilliyini etnik mənsubiyyətinə qurban verər? Məgər amerikalı-ingilis müharibəsində eyni bir millət bir-birini qırıb-tökməmişdir? Bəs o dövr ABŞ və ya İngiltərə hökumətlərini qınayan bir tarixçi varmı? Yox! Dünyada heç bir dövlət öz müstəqilliyini etnik duyğuya qurban verməz, ay Güntay Gəncalp!
Bu günlərdə hörmətli həmkarım, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət xanım Aslanovanın "Sonuncu fateh" romanımın Nizami adına Ədəbiyyat İnstitutunda keçirilmiş təqdimat mərasimində etdiyi çıxışın bir fraqmenti salonda oturanların ürəyini ağrıtdı. "Nə üçün dünyada fatehlərin və sərkərdələrin heykəlləri adətən at belində, ancaq Şah İsmayıl Xətainin heykəli isə (Xətai rayon ərazisində) oturmuş halda təsvir olunub?"
Rəbiyyət xanım haqlı idi. Doğrudan da, Daşkənd şəhərində Əmir Teymurun, Məşhəd şəhərində Nadir şahın, Moskva şəhərində Yuri Dolqorukinin, Piterdə I Pyotrun, Avropada və ABŞ-da yüzlərlə tarixi şəxsiyyətə qoyulmuş heykəlləri və abidələri misal gətirmək olar. Bütün saydığımız bu şedevr sənət nümunələrində tarixi şəxsiyyətlər şahə qalxmış atların üstündə qoşa obrazlar kimi (at və şəxsiyyət) müdriklik, cəsurluq, əzəmət, qələbə simvolları tək təsvir olunublar.
Bəs Bakının Xətai rayonunda Şah İsmayıl Xətaiyə qoyulmuş abidədə O necə təsvir olunub? Böyük sərkərdə, Azərbaycan dövlətinin yaradıcısı oturaraq başını aşağı dikib. Özü də çox mükəddər, çox dalğın, çox qəmgin və miskin bir vəziyyətdə düşüncələrə dalıb. Görən o nəhəng dövlət xadiminin günahı nə imiş? Görən bu abidənin müəllifi əzəmətli dövlət xadimini və ömrünü atın üstündə başa vuran böyük sərkərdəni bu cür təsvir etməklə nə demək istəyib?
Çoxlarının yadında olar, elə Şah İsmayıl Xətainin abidəsindən təqribən yüz metr irəlidə Azərbaycan xalqının mənfur və qatı düşməni Stepan Şaumyana qoyulmuş heykəl çox coşqun, nikbin və əzəmətli bir vüqarla sanki ağzından od püskürürdü, sanki qaynayırdı. Heykəl mübarizlik və qələbə rəmzinə çevrilmişdi. Hər iki faktın yaranması, əlbəttə ki, "sapı özümüzdən olan baltaların" fəaliyyətiydi, işi idi. Bəs bütün bunlara nə ad vermək olar? Görəsən müəlliflər bu abidələri yaradarkən hansı məntiqi əsas götürüblər?
Bir çox insanlar öz fəaliyyətlərində müəyyən tələbatdan və motivlərdən çıxış edir, müəyyən məqsədlər güdür, ideyaları rəhbər tutur və bununla da düşünülmüş şəkildə hərəkət edirlər. Şah İsmayıla münasibətdə də nəinki belə insanlar, hətta yüksək titullu alimlər də olmuş və bu gün də var. Mən son vaxtlar Güntay Gəncalp, İskəndər Pala kimi insanlara dəstək verən və bunu həm yazılı, həm də internet resurslarında, gənclərimizi, yeniyetmələrimizi çaşdıran müxtəlif çızmaqaralarla bəyan edən insanların özlərini Azərbaycan vətəndaşı saymalarından dəhşətə gəlirəm.
Müxtəlif tarixi məxəzlərə, Azərbaycan tarixinin araşdırıcılarının əsərlərinə yenidən nəzər salıb belə insanlara cavab yazdığım bir vaxtda cağdaş fəlsəfi fikir tariximizin görkəmli nümayəndəsi, böyük dövlət xadimi, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində çap olunmuş "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" zəngin tarixi faktlara söykənən dərin məzmunlu əsərini birnəfəsə oxudum və etiraf edim ki, yalnız bundan sonra, neçə gündən bəri qəzəbdən rahatlıq tapa bilməyən qəlbimə bir sakitlik gəldi. Hörmətli akademikin yazdığı bu əsər əslində Şah İsmayıl Səfəvi haqqında, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin banisi barədə dəyərli və sanballı HİMNDİR!
Qəlbimə sancılmış tikanları bir-bir ustufca çəkib çıxaran, əsl alim səbri, Vətən tarixinə yüksək məhəbbət və vətəndaşlıq duyğuları ilə yazılan bu əsər əslində həm də Şah İsmayıl Səfəvinin ruhu qarşısında bir çox alim və yazıçılarımızın müqəddəs borcunun fəlsəfi açıqlaması idi. Filosof bunu çəkinmədən, birmənalı şəkildə belə bildirir: "...İndi böyük təəssüf hissi ilə deməliyik ki, Azərbaycanın bir sıra layiqli oğulları, onların fəaliyyəti və irsi insafsızcasına unudulmuşdur və heç kəs etiraz edə bilməz ki, bunun səbəbi bizim tarixçilərin və mənbəşünasların passivliyidir".
Əslində, alim, vətəndaş, siyasi xadim yanğısından yaranan bu tənqiddə hər birimizin payı var. Çünki Vətənin tarixi, onun qürurverici tarixi, şəxsiyyətlərinin həyatı və fəaliyyəti elə bir dəyərdir ki, vaxtdan və zamandan asılı olmayaraq, onun milli özünüdərkdə rolu heç nə ilə müqayisəyə gəlmir.
Müasir müstəqil Azərbaycanın görkəmli siyasi xadimlərindən biri olan akademik Ramiz Mehdiyev həm siyasətçi, həm də alim kimi Azərbaycan dövlətçiliyi tarixində, ilk növbədə, Şah İsmayılın milli-siyasi əzəmətini ön plana çəkmiş və sübut etmişdir ki, müasir müstəqil Azərbaycan dövləti həm də məhz Şah İsmayılın xidmətlərindən biridir. Bu gün Şah İsmayıl Səfəviyə qarşı edilən hücumlar, əslində, məmləkətimizə, müstəqilliyimizə qarşı mənfur hücumdur. Akademik haqlı olaraq bildirir ki, bu sahədə böyük boşluq var və elə bunu bilərək bədxahlarımız öz sərsəm, cəfəng fərziyyələrini bizə, vətəndaşlarımıza sırımağa çalışırlar.
70 illik sovet ideologiyası və qadağalarının vurduğu zərbələrdən sonra bu cür məqsədli ideoloji hücumlar, həm də qardaşlığa iddialı olan adamlar tərəfindən təpkilər, açıq düşmənçilik məramlarını gizlətməyənlərdən daha qorxuludurlar. Hansı xalqdan olur-olsun, heç bir fərd, heç bir ölkənin nəinki yazarı, tarixçisi, hətta dövlət adamı belə bizim dəyərlərə münasibətdə mənliyimizə toxunacaq söz belə işlətmək haqqında deyil. Ən azından biz kimlərinsə boyunduruğundan ona görə azad olmamışıq ki, indi də bir başqası bizim milli-mənəvi dəyərlərimizə, ulularımıza həqarətlə baxıb mənliyimizi aşağılasın. Ötən əsrin sonlarında əzəli Azərbaycan torpaqlarına ermənilərin iddiası, Topxana meşəsinin qırılması, tarixi abidələrimizə vandal münasibət bizi nə qədər qəzəbləndirirdisə, Şah İsmayıla hörmətsizlik, onun şəxsiyyətini aşağılayan böhtan və hərzəvü-hədyan bizi bir o qədər dərindən hiddətləndirməlidir. Unatmayaq ki, bu torpaqlar onun qurduğu böyük Azərbaycanın çox kiçik bir parçası, qiymətli yadigarıdır.
Gəlin bir reallıqla razılaşaq ki, tarix hər dövrdə yeni münasibətdən araşdırıla bilməz. Bu, çox asanlıqla yanlışlığa və qərəzliliyə aparıb çıxaracaq. Həyata başlayan hər yeni nəsil tarixi yenidən başlamır, sadəcə, öz xələflərinin başladığı işi davam etdirir.
Səfəvilər
hərəkatına və Şah İsmayıl Səfəviyə
yetərincə yüksək dəyər verən hörmətli
filosof alimimiz Ramiz Mehdiyev haqlı olaraq bildirir: "Səfəvilər
dövlətinin yaranması tarixinə dair məsələlər
heç də həmişə düzgün qoyulmur və
ciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə yazmaq
məsuliyyətini öz üzərinə
götürmüş bəzi müəlliflərin
baxışları bir sıra hallarda birtərəfli və
subyektiv xarakter daşıyır. Onların əsərlərində
vaxtilə taktiki əhəmiyyət kəsb etmiş müəyyən
məlumatların mütləqləşdirilməsi
müşahidə olunur. Eyni zamanda, Səfəvilər hərəkatının
Mərkəzləşdirilmiş Azərbaycan Dövləti
yaradılması uğrunda strategiyasının məqsədi
və əsas məzmunu arxa plana keçirilir..."
Maraqlıdır, görəsən nədən Şah İsmayılın tarixi rolunu belə cidd-cəhdlə azaltmağa çalışırdılar və indi də bunu içimizdən olan, ancaq milli heysiyyəti korşalmış şəxslər etməyə çalışırlar? Akademik Ramiz Mehdiyev bu suallara da tam obyektiv olaraq cavab verir və "bu kitab Səfəviyyətə qarşı bir etiraz manifestidir" yazan Güntay Gəncalpın heç bir qiymətləndirmədə obyektiv ola bilməyəcəyinin elə bu sözlərlə təsdiqlədiyini göstərir. Amma təkcə Güntaymı? Əlbəttə, yox! Akademik Ramiz Mehdiyevin yazdığı kimi, "yüzilliklər boyu müxtəlif siyasi və dini cərəyanların nümayəndələri, o cümlədən İranda və Türkiyədə, elə Qərbdə də XVI əsrdə Yaxın və Orta Şərqdə Şah İsmayılın tarixi rolunu azaltmaq üçün çox səy göstərmişlər... Lakin Şah İsmayılın böyük irsi qarşısında bu "dəlillər" çox sönükdür, çünki bunlar onun öz xalqı qarşısındakı böyük xidmətlərini göstərməyə qabil deyildir".
Axı Şah İsmayıl Səfəvi təkcə Azərbaycan tarixinin yox, ümumdünya tarixinin tanınmış dövlət xadimlərindən, siyasi şəxsiyyətlərindən biri olmuşdur və bu gün də belədir. Bu tarixi şəxsiyyət təkcə praktik və siyasi xadim yox, həm də dərin zəka sahibi, nəyi və nə zaman etməyi bilmiş, kütləni arxasınca aparmağı bacarmış mənəvi lider olmuşdur. O, intuitiv olaraq tarixi zərurəti hiss etmiş, başa düşmüş və ilk baxışdan bu mənada fəaliyyətində və hərəkətlərində azad olmuşdur. Ancaq belə ümumdünya tarixi şəxsiyyətlərinin faciəsi ondadır ki, "onlar özlərinə məxsus deyillər, onlar, sadə fərdlər kimi, yalnız dünya ruhunun silahı, həm də nəhəng silahıdırlar".
İ.A.İlinin sözlərinə görə, xalq ayrı-ayrı və səpələnmiş böyük çoxluqdur. Amma buna baxmayaraq, onun gücü, enerjisi, onun varlığı və özünütəsdiqi birlik tələb edir. Xalqın birliyi isə aydın iradə ruhunun təcəssümü olan vahid mərkəzin, iti zəka və soyuq məntiqi olan, xalqın hüquqi iradəsini və dövlətçilik ruhunu ifadə edə bilən şəxsiyyətin varlığını tələb edir. Cadar olmuş torpağın yaxşı yağışa ehtiyacı olduğu kimi, xalqın da müdrik liderə ehtiyacı var!
Xalqın, millətin artıq çoxdan yetişmiş vahid dövlətə olan tələblərini reallaşdıran Almaniyada O.Bismark, İtaliyada C.Haribaldi və kral II Viktor İmmanuel və əlbəttə ki, Şah İsmayıl Səfəvi, eləcə də Heydər Əliyev kimi şəxsiyyətlərin tarixdə yeri haqqında danışarkən, ilk növbədə, şəxsiyyət və zaman anlayışları haqqında düşünmək lazım gəlir.
Səfəvilərin əsas məqsədi Azərbaycan torpaqlarını birləşdirmək və mərkəzləşdirilmiş dövlət qurmaq olmuşdur. Burada zərurətdən doğan bir deyim yada düşür: "Məqsəd vasitəyə bəraət qazandırır". Hərçənd bəraət qazandırılası bir qəbahət yoxdur. Sadəcə, nəsillərin arzusu, istəyi reallaşsın deyə gənc, cəsarətli və vətənpərvər bir şah, sərkərdə bu missiyanı çox böyük uğurla yerinə yetirmişdir.
Bir
çox mənbələrdə, o cümlədən hörmətli
Ramiz müəllimin istinad etdiyimiz məqaləsindəki mənbələrdə
də göstərilir ki, "Səfəvilərin əsas məqsədi
Azərbaycan torpaqlarını birləşdirmək
olmuşdur. Bəzi tədqiqatçılar Səfəvilər
tarixində baş vermiş digər hadisələrə aludə
olaraq, məhz bu əsas məqamı diqqətdən
qaçırırlar... Bu məqsədlə
İsmayılın babası Şeyx Cüneyd və atası
Şeyx Heydər silahlı mübarizəyə
başlamış və bu mübarizədə onlar hər
ikisi həlak olmuşdu. Səfəvilərin vahid Azərbaycan
dövləti yaratmaq uğrunda mübarizə cəhdlərinin
qarşısı Ağqoyunlu və Şirvanşahlar sülalələrinin
nümayəndələri tərəfindən müvəqqəti
alınmışdı".
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli tarixi mənbələrə istinadla yazdığı və internet saytında yerləşdirdiyi tədqiqat xarakterli məqaləsində göstərir ki, "Azərbaycanın siyasi, ictimai həyatında və fəlsəfi-ədəbi fikir tarixində mühüm rol oynamış "Səfəviyyə" XII əsrdən sonrakı sufi təriqətləri içərisində xüsusi fəallığı ilə seçilirdi. Lakin Səfəvilərin dövlət hakimiyyəti bərqərar olana qədər keçdiyi 250 illik məsafə ərzində təriqət köklü dəyişikliklərə məruz qalmışdır. Bir çox mənbələrdə Şeyx Səfiəddinin ali məramının dövlət qurmaq olduğu da açıqlanır. Lakin bu siyasi məram uzun müddət, hətta Şeyx Cüneydə qədər xəlifələrdən belə gizlin saxlanmış və yalnız Cüneydin vasitəsilə bütün müridlərə çatdırılmışdır".
Unutmaq
olmaz ki, "Azərbaycan nəinki sufi cərəyanlarının
cəmləşdiyi ərazi olmuş, eyni zamanda, bəşər
elminə sufi sistemində özünəməxsusluğu ilə
seçilən "Xürrəmilik",
"Hürufilik", "Səfəviyyə" kimi təriqətləri
bəxş etmişdir. Bu təriqətlər içərisində
xüsusi olaraq seçilmiş "Səfəviyyə"nin
özülündə yaranan
"Qızılbaşlıq" hərbi-siyasi-dini (sufi)
doktrinanın hesabına sufilərin rəhbərlik etdiyi bir
dövlət qurulmuşdur...
Və o da tarixi mənbələrlə sübut olunmuşdur ki, Səfəvi dövlətinin yaranmasında əsas amil həmin dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və buradakı insanların "Qızılbaşlıq"a sadiq olmalarıydı".
Şeyx
Səfiəddinin dövlət qurmaq ideyasının daşıyıcısı
olması bir çox türk qaynaqlarında da öz əksini
tapır. Belə qaynaqlardan birinin müəllifi Türkiyənin
orta əsrlər tarixinin
araşdırıçısı Yusuf
Küçükdağ "Osmanlı devletinin Şah
İsmailin Anadoluyu Şieleştirme
çalışmalarını engellemeye yönelik önlemeleri"
məqaləsində qaynaqlara istinadən yazır ki,
"Anadolunun qədim türk inanclarını müqəddəs
sayan çoxlu sayda türkləri Ərdəbilə onu ziyarətə
gedirdilər. Bunun nəticəsiydi ki, Səfəvi xanədanı
özünün dövlət qurmaq fəaliyyətində ən
böyük dəstəyi həm də onlardan
görmüş və sonradan göstərilən bu dəstək
də Şah I İsmayılın hakimiyyətə gətirilməsində
az rol oynamamışdır".
Məqaləni
hazırlayarkən Şah İsmayılın hakimiyyətə
gəldiyi dövrü, hətta buna qədər digər azərbaycanlı
sərkərdə Nadir şahdan bəhs edən "Sonuncu
fateh" tarixi romanım üzərində işləyərkən
çoxlu tarixi mənbələri araşdırdım və
bu zaman ağlıma gələn ilk mənzərə
müasiri olduğumuz müstəqil Azərbaycanın
1990-cı illərin əvvəllərindəki vəziyyəti
oldu: xaos, anarxiya, bölgələrdə yaradılmış
silahlı dəstələr arasında çəkişmələr,
başsız qalmış məmləkətimiz yada
düşdü. XV əsrin sonlarına yaxın Təbrizdə
10 ilə 8 hökmdar dəyişmişdisə, 1990-cı illərin
əvvəllərində 3 ilə 4 hakimiyyət dəyişikliyi
baş vermişdi və məlumdur ki, bunların hamısı
silahlı çevriliş yolu ilə reallaşmışdı.
Və ölkəni belə fəlakətli vəziyyətdən
ümummilli lider Heydər Əliyevin qurtardığını
bizim nəsil yaxşı bilir, çünki bu müasir
dövrün tarixidir. Ancaq bu tarixi gerçəklikləri də
başqa konteksdən təqdim etmək istəyən, Heydər
Əliyevin misilsiz xidmətlərini adiləşdirmək istəyənlər
var. "İsmayıl Səfəvi və onun yaxın ətrafı
ölkəni tamamilə dağılmaqdan xilas etməyi qərara
alan vaxtda da belə bir kədərli mənzərə
vardı".
Tarixdə
elə məqamlar var ki, bəzən onların baş verməyəcəyi
təqdirdə hadisələrin hansı sonluqla bitəcəyi
insan düşüncəsinə sığmır. Əgər
Şah İsmayıl olmasaydı, onun hələ
qurmadığı böyük və ya kiçik Azərbaycan
ola bilərdimi? O Azərbaycan ki, məhz Şah
İsmayılın dövründə ərazisi 2 milyon 800 min
kvadratkilometr (bəzi mənbələrdə 3 milyon 500 min - H.M.)
idi, indi isə ancaq de-yure 86 min kvadratkilometr
qalmışdır. Əgər ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışı olmasaydı, Azərbaycanın
bu ərazisindən nə qalacaqdı? Etiraf edək ki,
bütün bunları izah etmək və konkret nəticəyə
gəlmək o qədər də sadə məsələ
deyil!
Dünya
tarixinə nəzər salaq: Tarixdə ən böyük
köçəri imperiya bir dəfə mövcud olmuşdur
(baxmayaraq ki, uzun zaman bu, potensial olmuşdur) və onun
yaranması imkanları, həmçinin sonrakı
uğurları konkret bir şəxsiyyətdən -
Çingizxandan asılı olmuşdur. Bununla belə,
Çingizxan özünü böyük xan elan edənə
qədər üç dəfə ölümdən
qurtarıb. Hətta bir dəfə 300 süvari onu daban-dabana
izləyərək ələ keçirməyə
çalışmışdır ("Hara-Davan", 1996. səh.105).
Əgər o, öldürülsəydi, nəhəng
imperiyanın yaranacağından bu gün dünya belə
danışardımı?
Belə
vəziyyətlərdə düzgün nəticə hasil etməyin
çətinliyi təkcə onunla bağlı deyil ki, tarix
felin lazım formasını tanımır. Ona görə də
nəinki təfəkkürünə məzhəb ədavəti
hopmuş Güntay Gəncalp, İsgəndər Pala kimilər,
hətta məşhur tarixçilər belə bu kontrfaktual
tarixi məqamları izah etməkdən yan keçirlər.
Doğrudur,
hər hansı siyasi hadisə, saray çevrilişi, fəlakət
tarixin əsas gedişinə ciddi təsir göstərməmişdir.
Ancaq Şah İsmayılın tarix səhnəsinə gəlməsi
və bir fateh olaraq mərkəzləşmiş Azərbaycan
dövləti yaratması bəşər tarixinə təsirsiz
ötüşən hadisə olmamışdır.
Tarixin fəlsəfəsinin mühüm ideyalarından biri ondan ibarətdir ki, cəmiyyətdə insanların əbədi və ümumi təbiətinə söykənən təbii qanunları mövcuddur. Bu yerdə Şah İsmayılın tarixi şəxsiyyət kimi həyatı da çox böyük maraq doğurur. Bu cəhətdən diqqətçəkən tarixi mənbələr sırasında fransız tarixçisi Jan Obenin "Səfəvilərin dini siyasəti" və "Şeyx və Şah" əsərlərinə müraciət etmiş alimlərimizdən N.Məmmədovanın araşdırmalarına nəzər saldıq. Jan Oben Səfəvi dövlətinin qurucusu kimi Şah İsmayılın şəxsiyyətinə olan dərin marağı, məqalələrində müəllifin o dövrün salnaməçilərinə istinadən bu şəxsiyyətin uşaqlıq illərinin də müəyyən məqamlarını verməklə aydın görünür: "O hər zaman əlində tutduğu yay və oxla toyuqlara, qazlara və ev ördəklərinə atəş açardı. Bütün gənc müsəlmanlar kimi İsmayıl Ləhicanda Quranı əzbərdən söyləməyi öyrənmişdi və onu əhatə edən türkmanlardan yüksək mədəniyyəti ilə seçilirdi. O, tam ilahi bir varlıq idi, heç vaxt, hətta uşaqlıqda belə kimdənsə məsləhət qəbul etmirdi. Ona görə də hamı fikirləşir ki, onun hər bir hərəkəti - ilahi bir vergidir".
J.Obenin istinad etdiyi digər bir italiyalı Françesko Romano isə yazırdı: O, (Şah İsmayıl - H.M.) təhsilli, təmkinli və müdrik, çox çalışqan, çox təcrübəlidir. O, nə gizlin, nə də aşkar şərab içir. Var-dövlətə etinasızdır və səxavətlidir". İsmayılın müasirlərinə istinad edən tədqiqatçı onu da yazır ki, "qızıl, əmlak və bu dünyanın var-dövlətinin onun nəzərində heç bir dəyəri yox idi. Əksər vaxtlarda onun xəzinəsi boş olardı, nə daş-qaş, nə də pul olardı. O, qızıl, var-dövlət yığmırdı, ancaq elə xərcləyirdi ki, çoxları elə düşünürdü, o, gizli bir xəzinə sahibidir. Ona xoşladığı bir əşyanı gətirəndə, onun dəyərinin iki, üç qatını ödəyirdi".
J.Oben Şah İsmayılın Səfəvi döyüşçüləri arasında yüksək nüfuzu olduğunu və çox sevildiyini də onun müasiri olmuş, Səfəvilərin düşərgəsində qalmış Antonio Tenreirin qeydlərindən sitat gətirməklə belə göstərir: "Biz düşərgədə durub siqaret çəkəndə köçəri qızılbaşlar - qadınlar və kişilər dəstə-dəstə bura gəlirdilər. Onlar düşərgəyə böyük coşqu, alqış söyləyə-söyləyə daxil olurdular. Onların gəlişi ilə Sufi (Şah İsmayıl - H.M.) xəncər belində çadırdan çıxdı. Onlar şahı görəndə dərhal ayaqları altında qurban kimi inək kəsdilər və ucadan qışqıraraq bildirdilər ki, bundan sonra həyatda heç bir şər qüvvə onları izləyə bilməz. Atı, ayğırı və ya gözəl qızları olanlar bunu İsmayıla təklif edirdilər. Onlar bundan zövq alır və razı qalırdılar. O (Şah İsmayıl - H.M.), gözəl, gənc, saqqalsız, şən və gülərüz, çox mehriban çöhrəsi olan bir oğlan idi. Biz onunla düşərgədə olarkən bunu çox görmüşdük". Səfəvilər dövlətində bu cür münasibəti sonradan bir Venesiya kuryeri Mikel Membranın I Şah Təhmasibin qərargahının təsvirində də görürük.
Şah I İsmayılın xarici görünüşündən bəhs edərkən Y.Şokriyə istinad edən J.Oben yazır: "I Şah İsmayıl ağdərili, cox cəlbedici idi, ortaboylu, enlikürək, şabalıdı saçları vardı". Xətai ləqəbinə gəlincə isə avropalı alim V.Minorski Xuzaniyə istinadən yazır ki, "İsmayıl 1508-ci ildə Kərbəlanı ziyarət etdikdən sonra şair kimi özünə "Xətai" ləqəbini götürdü".
Şah İsmayıl Səfəvini Qızılbaş dövlətinin dini lideri kimi göstərməyə çalışan Jan Oben bizə bir çox başqa mənbələrdən məlum olan faktları qeyd edərək yazır ki, Səfəvilər İmam Əli nəslinə bağlıdırlar. O da məlumdur ki, bu şəcərə qohumluğu Səfəvi tərəfdarları tərəfindən düşünülmüşdü və "bu dövrdə şiəliyin geniş yayıldığı xalq kütlələrinə təsir göstərmək" məqsədi daşıyırdı. Professor O.Əfəndiyevin əsərlərində də qeyd olunur ki, Şah İsmayıl "şiəliyi dövlət dini elan etməklə, Ağqoyunlu dövləti ərazisindəki bütün əhalini özünə tərəf çəkə bildi və bu da onun bu əraziləri ələ keçirməsini asanlaşdırdı".
J.Obenin məqalələrində də bu fikir təsdiqlənir. O, İsmayılın şiəliyi seçməsini belə əsaslandırır: "Özünün hərbi-siyasi məqsədlərini həyata keçirmək üçün və geniş xalq kütlələrini öz tərəfinə çəkmək məqsədi ilə o, şiəliyi seçdi və onu bütün ölkə ərazisində hakim dini məzhəb elan etdi".
İsmayılın dini lider kimi nüfuzundan bəhs edən müəllif öz məqaləsində XVI əsrin italyan səyyahı Françesko Romanonun qeydlərindən sitat gətirir: "Bəziləri deyir ki, o, Allahdır, başqaları isə onu Peygəmbər hesab edir. Bütün döyüşçülər deyirdi ki, o, ölməz və əbədi yaşayacaq". J.Obenin Osmanlı ordusundan olan fransız fərarisinə istinadən yazdıqları da diqqət çəkir: "Sufi (Şah İsmayıl - H.M.) imam Əliyə biət edir. Onlar hamısı Sufini sevir, onu müqəddəs və peyğəmbər hesab edirlər. O öz çadırlarında ibadət edən gənc döyüşçüləri gördü... Onlar Sufini Məhəmməd (Peyğəmbər ə.s.) qədər sevir, ona şah, şahzadə kimi müraciət etmir, müqəddəs və peyğəmbər hesab edirlər".
J.Obe
Şah İsmayılın avropalı müasirlərindən
olmuş və 1505-ci ildə Səfəvi dövlətinə
səfər etmiş Giovani Rotoo-Doqun yazdıqlarının da
bu fikri təsdiqlədiyini bildirir: "O, Peyğəmbər
kimi, həm də nüfuzu xatirinə üzünün rübənddə,
bağlı görünməsini istəyirdi. İnsanlar
düşünürdülər ki, İsmayıl Allah tərəfindən
göndərilib, yalnız sufi fəlsəfi məktəbi
onlara cənnət bəxş edə bilər və
bütün düşmənləri məhv edər".
Rotonun bu deyimi O.Əfəndiyevin monoqrafiyasında da əksini
tapıb.
Venesiyalı
diplomat Konstantin Laskari Şah İsmayılın şəxsiyyəti
və nüfuzu ətrafında yaranan söhbətlərə
aydınlıq gətirmək üçün yazır: "Mən
qərara gəldim ki, bunu yazım, çünki bu barədə
məndən çox tez-tez soruşurlar ki, həqiqətənmi
Sufi peygəmbər möcüzələr yaratmağı
bacaran insandır? Həqiqətənmi o, qeyri-adi ağıla
malikdir? Mənim bu insanlara cavabım belədir: bu cənab sadə
bir insandır, öz qohumluq əlaqələri sayəsində
fars (əslində, Azərbaycan - H.M.) imperiyasının
hökmdarı olmuşdur. O da tamamilə doğrudur ki, o
özünün böyüklüyünə və müqəddəsliyinə
əmindir".
Şah İsmayılın fəaliyyətini Avropa dövlətləri çox diqqətlə izləyirdilər. Onların müxtəlif ölkələrdəki səfirləri və əslində, xəfiyyələri Səfəvi hökmdarının hər addımı barədə ölkələrinə müntəzəm məlumat ötürürdülər. 1502-ci il oktyabrın 7-də Venesiyanın Şərqdəki konsullarından biri Zuan di Tabia yazırdı ki, "Sufi (Şah İsmayıl - H.M.) xristianlardan artilleriya almaq fikrindədir". Digər bir venesiyalı diplomat Andrea da Çavidal Hələbdən Dəməşqə sufilər üçün qırmızı parça almağa gələn tacirlərə istinad edərək öz hökumətinə yazırdı: "Sufi bir çox mühüm yerləri zəbt edib; hamı əmindır ki, bu Sufi çox asanlıqla və sürətlə İranla sərhəd olan bütün ölkələri zəbt edəcək və böyük bir dövlət quracaq".
İ.Petruşevski Səfəvilər şahı haqqında tarixi mənbələrdən danışarkən öz dövrünün böyük tarixçilərindən, ləqəbi Xandəmir olan Qiyasəddin ibn Humaməddin əl-Hüseynin, sultan Hüseynə və Şah I İsmayıl Səfəviyə həsr etdiyi "Həbib-əs-siyyar" ("Tərcümeyi-hal dostu") əsərini çox yüksək qiymətləndirir. Tarixçinin mədhiyyə üslubunda yazdığı əsərdə Şah I İsmayıl adətən "dünyanın dörddəbirinin hökmdarı", "dünyanın tabe olduğu hökmdar", "xilafətin varisi", digər padşahlar isə hakim və ya vali adlandırılır. Xandəmir əsərdə İsmayıl şahla müharibə aparan "hakimlərə" "üsyançı" kimi baxır.
Dövrünün məşhur tarixçisi, Səfəvilər sarayının nəhəng tarixşünaslarından biri, əslən Azərbaycanın köçəri türkman tayfalarından olan Münşi ("katib") ləqəbi almış İsgəndər bəy Türkman isə "Tarixi aləmarayi Abbasi" ("Abbasın dünyanın bəzəyən tarixi") əsərində Şah I İsmayılı "Süleymana ("İncil"dəki Süleyman peygəmbərə) layiq hökmdar", "Süleymana bərabər hökmdar" kimi təqdim edir.
Mənbələrdən birində göstərilir ki, vassal sultanlardan hansısa Şah İsmayıla dostyanə bir məktub yazır və onu əyləndirsinlər deyə bir dəstə də rəqqas göndərir. Bunun cavabında Şah İsmayıl deyir: "Mən döyüşlər nəriyəm və bu cür "müsahiblərə" ehtiyacım yoxdur. Mən istərdim rahatlıq bilmədən at üstündə Vətənin ətrafına dolanım".
Çox
mühüm bir məqam da Şah İsmayılın
qurduğu Səfəvi dövlətində
tolerantlığın qorunmasıdır ki, bunu da bir neçə
məqamla diqqətə çatdırmağı vacib hesab
edirəm. Hörmətli akademik Ramiz Mehdiyev də qeyd edir ki,
"Vahid sosial-tarixi və siyasi orqanizmin əhalisinin etnik tərkibinin
müxtəlifliyi imperiya hüdudlarında onlarla millətin
yaranmasına yalnız imkan vermişdi. Bu imkanın gerçəkləşdirilməsi
üçün təkcə etnik yox, digər amillərin - ən
başlıcası iqtisadi və siyasi amillərin təsiri zəruri
idi".
(Ardı var)
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-dramaturq
Azərbaycan.-2013.- 8 yanvar.- S.3.