Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana səfəri səmərəli və məhsuldar görüşlərlə yadda qalmışdır

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 3-4-də Gürcüstanda səfərdə olmuşdur. Nümayəndə heyəti Ümumgürcüstan Katolikos-Patriarxı II İlyanın anadan olmasının 80 və ali dini vəzifəyə seçilməsinin 35 illik yubileyləri münasibətilə təşkil olunan mərasimlərdə iştirak etmişdir.

Tərkibində Milli Məclisin deputatları Cavanşir Paşazadə və Hüseynbala Mirələmovun, QMİ sədrinin birinci müavini müfti Səlman Musayevin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin və digər rəsmi şəxslərin olduğu nümayəndə heyətini Tbilisi hava limanında Ümumgürcüstan Katolikos-Patriarxı II İlya, ruhanilər və rəsmi şəxslər qarşılamışlar.

Yanvarın 3-də Allahşükür Paşazadə Gürcüstanın Baş naziri Bidzina İvanişvili və parlamentin sədri David Usupaşvili ilə görüşmüşdür. Söhbət zamanı A.Paşazadə Baş nazirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırmış, patriarx II İlyanın dövlətlərimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsindəki mühüm rolundan danışmışdır. Bildirilmişdir ki, patriarx II İlya Qafqazın ağsaqqalı, nüfuzlu dini lideridir və bu gün, hər iki xalqın rastlaşdığı eyni problem, təcavüz və separatçılıq qarşısında onun kimi tanınan və eşidilən insanın sözü olduqca vacibdir. A.Paşazadə demişdir ki, biz həmişə bir-birimizə dəstək veririk. Gürcüstanda yaşayan etnik azərbaycanlılara qarşı haqsızlıq ediləndə patriarx haqq səsini ucaltmışdır. O, bizim soydaşlarımıza daim dayaq olmuşdur. Eyni zamanda, biz də hər zaman Azərbaycanda yaşayan gürcü icmasına kömək etmişik və bundan sonra da edəcəyik.

Bidzina İvanişvili bu günlərdə Bakıya rəsmi səfərindən söhbət açmış, Prezident İlham Əliyevlə çox səmərəli danışıqlar apardığını bildirmişdir. Baş nazir demişdir: "Yaşca mən böyük olsam da, cənab İlham Əliyevin təcrübəsi daha çoxdur və mən ondan bir sıra məsələlərə dair dəyərli məsləhətlər aldım. Biz qərara gəldik ki, iki ölkə arasındakı yüksək əməkdaşlıq və qarşılıqlı anlaşmanın səviyyəsini qoruyub saxlayaq, gələcəyə istiqamətlənən fəaliyyətimizə mane olan hər bir problemin öhdəsindən birgə gələk".

Ümumgürcüstan Katolikos-Patriarxı dəvətini qəbul edib Tbilisiyə gəldiyinə görə şeyxülislama minnətdarlıq edərək bildirmişdir ki, iki dini liderin dostluq və qardaşlıq münasibətləri xalqlarımız arasındakı münasibətləri əks etdirir. Patriarx demişdir: "Mən heç vaxt belə bir fikirlə razılaşa bilmirəm ki, biz torpaqlarımızı itirmişik. Əsla yox, sadəcə, müvəqqəti olaraq biz bu ərazilər üzərində nəzarət etmirik. Lakin yalan ayaq tutsa da, yeriməz, zaman hər şeyi öz yerinə qoyacaqdır.  Abxaziya və Cənubi Osetiya əzəli Gürcüstan torpağı olduğu kimi, Dağlıq Qarabağ da tarixən Azərbaycanın olub və olacaq da. Bu yolda biz dualarımızı əsirgəməyəcəyik".  

 

* * *

 

Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin adından Tbilisidə şam yeməyi verilmişdir.

Tədbirdə Gürcüstan hökumətinin, parlamentinin üzvləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, din xadimləri iştirak etmişlər.

Mərasimdə çıxış edən Allahşükür Paşazadə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu bildirmişdir. O, çoxəsrlik tarixə malik olan Azərbaycan-Gürcüstan dostluğunun daha da möhkəmlənməsi naminə bütün qüvvələri birliyə çağırmışdır.

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Katolikos-Patriarx II İlyanın 80 illik yubiley mərasimində QMİ-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakından şərəf duyduğunu, Gürcüstanda xristian və müsəlman dinlərinin qədim köklərə malik olduğunu bildirmişdir. Dövlət naziri birgə dəyərlərə hörmət zəminində ölkələrimizin daha böyük uğurlar qazanacağına əminliyini ifadə etmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri axund Əli Əliyev Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi sahələrdə olduğu kimi, dini münasibətlərin də uğurla inkişaf etdiyini bildirmişdir. O, bu işdə din xadimlərinin rolunu xüsusi vurğulamışdır.

Sonra iştirakçılara müqəddəs Qurani-Kərim  hədiyyə edilmişdir.

Gürcüstan müsəlmanları adından da Allahşükür Paşazadəyə qiymətli hədiyyə verilmişdir. 

 

* * *

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşmüşdür.

İdarənin Gürcüstandakı nümayəndəliyinin rəhbəri axund Əli Əliyev görüşü açaraq soydaşlarımızın uğurlarından və mövcud problemlərdən danışmışdır.

Görüşdə çıxış edən müxtəlif bölgələrin təmsilçiləri, Gürcüstanın Avropaya və Avratlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Patriaşvili və başqaları çoxəsrlik Gürcüstan-Azərbaycan dostluğundan, burada hökm sürən tolerantlıq mühitindən, tikilən məscidlərdən və kilsələrdən, qarşılıqlı hörmətdən söz açmışlar. Qeyd olunmuşdur ki, bundan sonra da qarşılıqlı əlaqələrin və xoş münasibətlərin qorunub saxlanması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycandakı mövcud vəziyyətdən, dövlət-din münasibətlərindən, bütün dinlərin təmsilçilərinin bir ailə kimi yaşadıqlarından danışmış, bütün dinlərə hörmət və ehtiramla yanaşıldığını vurğulamışdır. QMİ sədri bildirmişdir ki, mən Tbilisiyə böyük qardaşımın, nüfuzlu din xadimi, bütün Gürcüstanın patriarxı II İlyanın yubiley tədbirlərində iştirak etmək üçün gəlmişəm. Lakin görüşümüzdə söhbətimiz həmişə olduğu kimi, torpaqlarımızın işğalı məsələsinə yönəldi. Mən həm öz adımdan, həm də hörmətli patriarxın adından tam əminliklə deyə bilərəm ki, istər Gürcüstanın, istərsə də Azərbaycanın əzəli torpaqlarının qaytarılması vaxtı uzaqda deyildir. Allah bu işdə bizə kömək olsun.

Sonda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məclis iştirakçılarına müqəddəs Qurani-Kərimin nüsxələri hədiyyə olunmuşdur.

 

* * *

 

Səfərin növbəti günündə - yanvarın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət etmiş, önünə əklil qoymuşlar.

Sonra QMİ-nin sədri Mirzə Fətəli Axundzadənin Tbilisidəki ev-muzeyinə baş çəkmiş, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin paytaxtda inşa olunan binasında aparılan işlərlə tanış olmuşdur.

Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin Tbilisidəki ofisində azərbaycanlı icmasının nümayəndələri ilə görüşmüşdür. Şeyxülislam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan soydaşlara, o cümlədən Gürcüstan azərbaycanlılarına daim qayğı və diqqətini vurğulamış, ulu öndər Heydər Əliyevin siyasi kursunun varisliyə sədaqət ruhunda uğurla davam etdirildiyini bildirmişdir. QMİ sədri demişdir ki, Azərbaycan-Gürcüstan münasibətlərinin yaxşılaşdırılması dost ölkədə yaşayan soydaşlarımızın durumuna müsbət təsir göstərəcəkdir.

Marneuli rayonundakı Daştəpə kəndindən Seyid Eldəniz, rayonun Sadaxlı-Xuldərə kəndlərinin imamı Etibar Eminov və başqaları Gürcüstan azərbaycanlılarına yüksək qayğı və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra Şeyxülislam Allahşükür Paşazadə Gürcüstandakı dini konfessiyaların nümayəndələri ilə görüşmüşdür.

Allahşükür Paşazadə söhbət zamanı demişdir ki, bu gün Qafqazın ağsaqqalı, dostum, qardaşım, Ümumgürcüstan Katolikos-Patriarxı II İlyanın anadan olmasının 80 və ali dini vəzifəyə seçilməsinin 35 illik yubileyləri ilə bağlı keçirilən mərasimlərdə iştirak etməkdən çox məmnunam. Qeyd edim ki, bu illər ərzində  münasibətlərimiz daha da dərinləşmiş, biz bir-birimizə qardaş, dost, arxa olmuşuq. Mən II İlyanın Azərbaycan xalqına, ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə xoş münasibət bəslədiyini bilirəm. O, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə görüşlərinin xoş təəssüratları barədə mənə dəfələrlə danışmışdır.

QMİ sədri demişdir ki, II İlyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə Azərbaycanın haqq işini dəstəklədiyinin, konfranslarda, müxtəlif tədbirlərdə onun daim bizim mövqeyimizə tərəfdar olduğunun şahidiyəm. Gürcüstanın Baş naziri və parlamentin sədri ilə görüşlərdə də II İlya diqqəti Cənubi Qafqazdakı münaqişələrə cəlb etmiş, Azərbaycanda və Gürcüstanda mövcud münaqişələrin hər iki ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bir daha diqqətə çatdırmışdır.

Şeyxülislam Gürcüstanda çoxsaylı azərbaycanlıların yaşadığını, ölkələrimiz arasında iqtisadi, siyasi münasibətlərin yaxşı inkişaf etdiyini bildirmiş, mənəvi münasibətlərin də yeni səviyyəyə qaldırılmasını arzulamışdır. Şeyxülislam demişdir ki, əlbəttə, narahatlıq doğuran məsələlər vardır, aramıza nifaq salmağa cəhd edən qüvvələr də mövcuddur. Səfər çərçivəsində keçirdiyimiz görüşlərdə səsləndirilmiş fikirlər soydaşlarımızın belə qüvvələrin təxribatlarına uymayacaqlarına inamı artırmışdır. Mən şahidi oldum ki, hər iki tərəf münasibətlərin bütün sahələrdə, o cümlədən mənəvi sahədə yaxşılaşdırılmasında maraqlıdır.

QMİ sədri bu günlərdə Gürcüstanın Baş nazirinin Bakıya səfərinin, onun Azərbaycan Respublikasının Prezidenti ilə görüşünün nəticəsi olaraq münasibətlərimizin yüksək səviyyəyə qaldırılacağına əmin olduğunu demiş, görüşdə Gürcüstan parlamenti sədrinin də Azərbaycan ilə münasibətlərin daha yüksək səviyyədə qurulmasına tərəfdar olduğunu qeyd etmişdir. Bütün bunlar dost ölkələrimizin əlaqələrinin gücləndirilməsinə müsbət təsir göstərəcəkdir.

Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan azərbaycanlılarının bu ölkənin vətəndaşı kimi tam hüquqa malik olmalarını, öz dövlətlərinin qanunlarına riayət etmələrini, bununla yanaşı, azərbaycanlı olduqlarını da unutmamalarını arzulamışdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə Qafqaz regionunda, MDB məkanında və dünya miqyasında mədəni əlaqələrin, dinlərin və millətlərarası dialoqun inkişaf etdirilməsində böyük şəxsi töhfəsinə, Gürcüstan Pravoslav kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi, gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki görkəmli xidmətlərinə görə II İlyanı "Şeyxülislam" ordeni ilə təltif etmişdir.

Görüşlərdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynov da iştirak etmişdir.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.-2013.- 8 yanvar.- S.4.