Mədəniyyəti coğrafiyasından geniş olan Azərbaycan

 

BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsində əməkdaşlığın ən böyük dövlətlərarası formasıdır. Hədəfi  dünya mədəniyyətinin nadir incilərini gələcək nəsillər üçün qoruyub saxlamaq, keçmişlə bu gün arasında əlaqə - körpü yaratmaqdır. Nizamnaməsində yazır ki, məqsədi dünyada tarix və mədəniyyət abidələrini, qeyri-maddi irsi mühafizə, həmçinin elmin və müxtəlif mədəniyyətlərin yayılmasına yardım etməkdir. Təşkilat hesab edir ki, yetişən nəslə sülh və insanlıq sevgisi aşılamaq yalnız elm və mədəniyyət yolu ilə mümkündür  cəhalətin qarşısını da yalnız təhsillə, elmlə, mədəniyyətlə almaq olar. Azərbaycanın qədim və zəngin tarixi irsi, mədəniyyəti, incəsənəti hər zaman dünyanın diqqətində olub.

UNESCO-nun ötən tədbirlərindən birində deyildiyi kimi: "Azərbaycan deyiləndə göz önünə muğam və zəngin mədəniyyət irsi gəlir". Azərbaycanı Şərqlə Qərb arasında körpü adlandırırlar. Bu, hələ tarixi İpək yolu dövründən ölkəmizin əlverişli coğrafi-siyasi mövqeyə malik olması ilə bağlıdır. Çoxəsrlik tarixi boyunca ölkəmiz təkcə nəqliyyat dəhlizi kimi deyil,  mədəniyyətlərin və dinlərin bir araya gəlməsində də həmişə mühüm rola malik olub. Azərbaycan öz mədəniyyətini, adət-ənənələrini, tarixin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünya mədəniyyətinin nümunələrini də qəbul etmiş, ona xoş məramla yanaşmışdır.

1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir sıra beynəlxalq əhəmiyyətli qurumlara üzv oldu. Milli mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyası isə əsasən UNESCO ilə əməkdaşlıq tariximizdən - 1992-ci ildən başladı. Ən mühüm addım 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyevin Fransaya səfəri zamanı atıldı. Yaradılan geniş əlaqələr nəticəsində 1996-cı ildə Azərbaycan UNESCO ilə əməkdaşlıq haqqında rəsmi memorandum imzaladı və həmin il bu mötəbər qurum Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin 550 illik yubileyini dünyanın bir çox yerində yüksək səviyyədə qeyd etdi. Bir il sonra Azərbaycan mədəni irsinin dünyaya çatdırılmasında növbəti addım atıldı: Heydər Əliyev "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyinin keçirilməsi ilə bağlı fərman imzaladı və 2000-ci ildə dastan dünyada geniş səviyyədə qeyd edildi.

UNESCO Azərbaycanda xalqımızın tarixi, incəsənəti, musiqisi və bütövlükdə mədəni irsi ilə maraqlandıqca  xəzinə kəşf edirmiş kimi heyrətini gizlətmədən çox böyük mədəniyyət tutarına malik olduğumuzu dünyaya etiraf edirdi. Buna görə də Azərbaycanla əməkdaşlığın çərçivəsini daha da genişləndirir, beynəlxalq tədbirlərin Bakıda keçirilməsinə maraq göstərirdi. Əlaqələrimiz qısa vaxt ərzində bir çox ölkələrin keçmədiyi yolu sürətlə qət etdi. Azərbaycanın məşhur simalarından alim, astronom, filosof, riyaziyyatçı, tarixçielmin bir çox sahələrini mükəmməl bilən Nəsirəddin Tusinin 800 illiyi, görkəmli şərqşünas alim Mirzə Kazım bəyin 200 illiyi, akademik Yusif Məmmədəliyevin, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, xalçaçı-rəssam Lətif Kərimovun, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Səttar Bəhlulzadənin yubileyləri UNESCO-da yüksək səviyyədə qeyd olundu. Azərbaycanın sahib olduğu zəngin mədəniyyət dünyaya nümayiş etdirildi. Xalqımızın tarixi keçmişini, həyat tərzini, adət-ənənələrini özündə yaşadan İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Qız qalası 2001-ci ildə UNESCO-nun Dünya İrs siyahısına daxil edildi. 2003-cü ildə Azərbaycan muğamları bu mötəbər qurum tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edildinadir irs kimi siyahıya daxil edildi.

Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə böyük diqqətlə yanaşır. O, UNESCO ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq 15 sentyabr 2005-ci ildə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası haqqında sərəncam imzaladı. Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti çoxşaxəlidir. 2004-cü ildən fəaliyyətə başlayan fond BMT-nin bir neçə təşkilatı ilə, o cümlədən UNESCO, İSESCO və UNİCEF-lə əməkdaşlığı möhkəmləndirdi. Fondun prezidenti Mehriban xanım Əliyeva bu qurumlarla bir çox sahələrdə, xüsusən də humanitar sahədə uğurlu layihələr həyata keçirir. Hədəfi Azərbaycan mədəniyyətini dünya xalqlarına tanıtmaq, onun geniş təbliğinə nail olmaqdır. 2009-cu ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Festivalı keçirildi.

Bunun ardınca ölkəmizdə təhsilin, mədəniyyətin və cəmiyyətin bir sıra sahələri üzrə xoşməramlı layihələr həyata keçirilməyə başladı. Dünyanın mədəniyyət xadimləri bir araya gəlmək üçün Bakıda toplaşdılar. Fondun və şəxsən Mehriban xanımın gərgin əməyi sayəsində Azərbaycan mədəniyyəti daha dolğun məzmunda dünya arenasına çıxarıldı. UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva uşaqların hüquqlarının və sağlamlıqlarının qorunması istiqamətində nəcib fəaliyyətinə görə UNİCEF-in xüsusi mükafatına layiq görüldü. Ölkənin birinci xanımı UNİCEF-in əməkdaşları ilə poliklinikalara, baxça və məktəblərə gedərək uşaqların sağlamlığı ilə maraqlanırdı. Heydər Əliyev Fondunun fəaliyyəti dəfələrlə bu mötəbər qurumda heç bir ölkə ilə müqayisə olunmayacaq qədər çox yüksək qiymətləndirilib. Mehriban xanım Əliyeva UNESCO-nun bütün toplantılarındakı çıxışlarında  Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni irs nümunələrinin yandırılıb talan edilərək yararsız hala salınmasını, məhv edilməsini təəssüflə ifadə edib, UNESCO-nu bu məsələnin həllində səylərini fəallaşdırmaga səsləyib.   

Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələrdən biri də xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində qurulmasında əvəzsiz rola malik muğam sənətinə layiqli abidənin - Bakı Beynəlxalq Muğam Mərkəzinin ucaldılması oldu.

 Aşıq yaradıcılığı və digər milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da  Azərbaycan xalqının bu günə qədər qoruyub saxladığı və gələcək nəsillər naminə qoruduğu irsin tərkib hissəsidir. Xalqımızın ən qədim və gözəl milli mərasimi olan Novruz bayramı da son illər UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycanın mədəniyyət tarixi üçün ən mühüm hadisədir.

İndiki yüksək texnologiyalar, informasiya inteqrasiyası və qloballaşma dövründə qeyri-maddi irsimizin qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Xalqımız öz yaddaşını, dilini, musiqisini, dastanlarını nəsillərdən nəsillərə ötürüb günümüzədək çatdıra bilmişdir. Bu gün Azərbaycan mədəniyyətinin və incəsənətinin dəyərli nümunələri dünya mədəniyyətinin qiymətli inciləridir. UNESCO-nun  Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə yaydığı bəyanatda deyilirdi: "UNESCO təşkilatı bu yubileydə iştirakdan çox böyük şərəf hissi duyur. Nizami yaradıcılığı bəşəriyyətin müxtəlifliyini, bilikkamillik yolu ilə zamanın axarını dəyişməyə çalışmasını təbliğ edir, dünyanı ləyaqətli, ədalətli və ahəngdar cəmiyyətə çağırır".

Azərbaycan-UNESCO arasındaki əməkdaşlıq əlaqələri 20 ildə çox böyük uğurlara imza atıb və bu əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 8 yanvar.- S.4.