Qəhrəmana həsr olunmuş dram əsəri

 

Naxçıvan Mətbuat Şurasının üzvü, jurnalist Sara Əzimovanın bu yaxınlarda nəşr olunmuş yeni kitabı yurdumuzun igid oğlu, "Azərbaycan bayrağı" ordenli İbad Hüseynova həsr olunub. "İbad" adlanan yeni nəşrə filologiya elmləri doktoru Hüseyn Həşimlinin yazdığı ön sözdə oxuyuruq: "İmzasını "Şərq qapısı" qəzetindən tanıdığımız... Sara Əzimova qələmini yeni bir sahədə - bədii yaradıcılıqda da sınamağa başlayıb.  Dağlıq Qarabağa əl uzadan bədnam ermənilərə qarşı döyüşlərdə misilsiz igidlik göstərmiş cəsur yurddaşımız İbad Mövsüm oğlu Hüseynova həsr olunan pyeslə oxuculara üz tutub". Eləcə də jurnalist Muxtar Məmmədovun baxışı ilə açılan kitabda Sara Əzimovanın öz etirafı da yer alıb: "...Bu əsərdə çalışmışam ki, İbad Hüseynovun gənclərimiz üçün örnək olan vətənpərvərliyini tamaşaçılara çatdırım... Çalışdım ki, bu kitabı əlinə alan, səhnədə tamaşa edən özünü tapa bilsin, ən azından Azərbaycanın belə bir qəhrəman oğlu onun həyat idealına çevrilsin".

Yeni dram əsəri üç pərdə və səkkiz şəkildən ibarətdir. Müəllif burada qəhrəmanının uşaqlığından, orta məktəb illərindən söz açaraq böyüdüyü, tərbiyə aldığı ailə mühitinə toxunub. Kiçik yaşlarından öz qeyri-adiliyi ilə seçilən, yazdığı inşaları ilə fərqlənən, məhz gələcəkdə özünə oxşamaq istəyən İbad Hüseynovun məziyyətlərinə toxuna bilib. Qəhrəmanın şücaətindən öyrənmək, həyat yolunu özünə ideya seçmək üçün "İbad" dramı təsiredici məqamlarla naxışlanıb. Bu yerdə ümummilli lider Heydər Əliyevin bir fikrini xatırlayıram: "Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyatları oyatmağa, xalqı irəli aparmağa çalışmışlar. Milli özünüdərk, milli dirçəliş prosesləri xalqımıza, birinci növbədə, ədəbiyyatdan keçib".

Bu müdrik fikirləri "İbad" dramına da şamil etmək olar. Əsərin yazılmasında məqsəd Azərbaycanın qəhrəman övladının döyüş yolunu, onun müharibənin qızğın vaxtlarında göstərdiyi şücaəti vətənpərvərliklə qələmə alaraq bugünkü gənc nəslə təbliğ etməkdən ibarətdir. Müəllif bu istəyinə də nail ola bilib. Erməni qəsbkarları ilə mübarizədə düşmənin arxasına keçərək onun ən cəllad sərkərdəsini-Monte Melkonyanı məhv etmək və bu səhnəni bədii dilin imkanlarından istifadə etməklə dramaturji şəkildə tamaşaçıya göstərmək xüsusi istedad tələb edir.

İnanırıq ki, "İbad" yeniyetmə gənclərimizin, şagird və tələbələrin  vətənpərvərlik hisslərinə xeyli təsir edəcək. Hər bir azərbaycanlı gənc içindəki qəhrəmanı əsərdəki İbadla bir daha oyadacaq, müqayisə aparacaq.

Müəllifin bədii əsərdə obrazını dolğun yaratmağa çalışan İbad Hüseynovu Naxçıvan Muxtar Respublikasında da yaxşı tanıyır, onun hünəri ilə öyünürlər. Belə qəhrəman oğul haqqında dram əsəri yazmaq həqiqətən də təqdirəlayiqdir. Belə qəhrəmanlar haqqında bədii əsərlər yazmaq çox vacibdir. Dram əsərləri isə xüsusilə önəmlidir. Çünki tamaşa edilən əsər oxunan hər hansı bir mətndən daha çox yadda qalır. İnanırıq ki, biz tezliklə "İbad"ın səhnə təcəssümünü də görəcəyik...

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 8 yanvar.- S.5.