Xəstələrinə şəfa, tələbələrinə zəka bəxş edirdi

 

XX əsrdə Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında xüsusi xidmətləri olan görkəmli həkim-alimlər sırasında Mirmehdi Mirmövsüm oğlu Mirsəlimovun da adı var. Mirsəlimov o alimlərdəndir ki, çalışdığı elm sahəsində keçilmiş yollarla deyil, açılmamış cığırlarla irəliləyib. Başqa sözlə, öz ziyası ilə elmin hələ öyrənilməmiş, yaxud az öyrənilmiş səhifələrinə işıq saçıb. Türk-islam fəlsəfi fikrinin böyük nümayəndəsi Əbu Turxan deyib ki, dərd çəkməyən, düşünməyən, yanmayan adamların həyatını nə dərəcədə mənalı hesab etmək olar? İş, əməl, zəhmət insanı əvvəla formalaşdırır, onu mənəvi müstəvidə cilalayır, daha da nəcibləşdirir. Bu sözləri Mirmehdi Mirsəlimovun təkcə elmi fəaliyyətinə, yaradıcılığına deyil, bütün həyatına şamil etmək olar.

M.Mirsəlimov 1897-ci ildə qədim Şamaxı torpağında dünyaya göz açmışdı. Orta təhsilini də elə oradakı realnı məktəbdə almışdı. Əmək fəaliyyətinə isə Bakı şəhərində başlamışdı. İbtidai məktəblərdə və fəhlə fakültələrində müəllim işləmişdi. 1919-cu ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə qəbul olunmuş, 1924-cü ildə isə oranı bitirmişdi. Sənət və elm yollarında zirvəyə doğru gərgin zəhməti, möhkəm iradəsi və böyük səbri sayəsində getmişdi. Belə ki, həkim fəaliyyətinə ştatdankənar ordinator qismində başlamış, yalnız 1926-cı ildə fakültativ terapiya kafedrasına ordinator vəzifəsinə keçə bilmişdi.

Bu, Azərbaycanın böyük bir həkimlər pleyadasının yetişdiyi illər idi. Məhz o illərdə tibb fakültəsinin məzunları olan Emin Əfəndiyev, Əziz Əliyev, Mehdi Səfərəlibəyov, Haqqı Veyisov və başqaları çiyin-çiyinə çalışırdılar.

O zaman sözügedən birinci fakültativ terapiya kafedrası Azərbaycan Elmi-Tədqiqat İnstitutunun sahə üzrə patologiyası bazasında fəaliyyət göstərirdi. Burada dövrün problemləri olan malyariya, brüsselyoz, leyşmanioz, qurd invaziyası, bağırsaq xəstəlikləri tədqiq olunurdu.

Gələcəyin böyük alimi olacaq Mirsəlimov bu tədqiqatlarda fəal iştirak edirdi. Onun ilk elmi işi də yerli əhalinin mətbəx xüsusiyyətlərinin dietologiyasına həsr olunmuşdu. Həm axtarışlarının səmərəliyinə, həm də işgüzarlığına görə onu fakültativ terapiya kafedrasına assistent qəbul edirlər.

Bu illərdə isə həkim olacaq tələbələrin sayı artırdı. Digər tərəfdən institutda Azərbaycan bölməsi açılmışdı. Odur ki, müəllim kadrlarının da sayının çoxalması və səviyyəsinin yüksəldilməsi zərurəti yaranmışdı. Mirmehdi Mirsəlimov dövrün tələblərinə uyğun fəaliyyət göstərə bilirdi. O, gələcək vəzifələr üçün də potensial kadr idi. Bütün bunları nəzərə alaraq, 1931-ci ildə onu patoloji fiziologiya kafedrasına baş assistent təyin edirlər. O zaman kafedranın müdiri görkəmli alim, professor N.Q.Uşinski idi. Onu isə bu vəzifədə öz intellektual və elmi səviyyəsinə görə yalnız M.Mirsəlimov əvəz edə bilərdi.

1932-ci ildə dosent adına layiq görülən Mirmehdi müəllim patoloji fiziologiya kafedrasının rəhbəri olur. Bu zaman 35 yaşlı kafedra müdiri hələ namizədlik dissertasiyası müdafiə etməmişdi və həmin vəzifənin ona etibar edilməsi əslində böyük etimad idi. Bu, həm də onun elmdə, həkimlik və pedaqoji fəaliyyətində qazanacağı uğurlara zəmanət verirdi...

1935-ci ildə M.Mirsəlimov tibb elmləri namizədi olur. Dörd ildən sonra isə 42 yaşlı alim doktorluq dissertasiyası müdafiə edir. Onun doktorluq işi "Aclığın müxtəlif növlərində oksi-reduksion və toxuma mübadiləsi" mövzusuna həsr olunur.

Elmlər doktoru alimlik dərəcəsinə yiyələndikdən bir il sonra, yəni 1940-cı ildə professor adını da alır. Elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun patoloji fiziologiya kafedrasının müdiri təsdiq edilir. M.Mirsəlimov patoloji fiziologiya üzrə ilk azərbaycanlı alim idi. Ümumiyyətlə, 1940-cı il görkəmli alimin həyatında, elmi yaradıcılığında uğurlu bir il olur. Həmin il o, eyni zamanda Azərbaycanın "Əməkdar həkimi" fəxri adına layiq görülür. M.Mirsəlimov bu yüksək adı xalq səhiyyəsinin inkişafındakı böyük xidmətlərinə görə alır.

Həmin illərdə alim keçmiş SSRİ-nin digər elm və təhsil ocaqlarındakı həmkarları ilə sıx əlaqə saxlayırdı. Elmi yaradıcılığının müəyyən hissəsi Ukrayna SSR-nin Səhiyyə Nazirliyinin Eksperimental Biologiya və Patologiya İnstitutu ilə bağlı olmuşdu. Doktorluq işinin bir hissəsini də məşhur alim, Ukrayna Elmlər Akademiyasının prezidenti, akademik A.A.Boqomoletsin rəhbərliyi ilə yazmışdı.

İkinci Dünya müharibəsi başlanandan Azərbaycanın həkimləri, tibb elmi ilə məşğul olan alimləri istər ön, istərsə də arxa cəbhədə sözün əsl mənasında qəhrəmanlıq göstərirdilər. Mirmehdi Mirsəlimov da öz alim qələmini süngüyə çevirmişdi. Gecə-gündüz yorulmadan işləyir, axtarışlar, tədqiqatlar aparır, yazıb yaradırdı.

Professor üstəlik bir sıra inzibati vəzifələrdə də çalışırdı. O çətin illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun elmi işlər üzrə prorektoru, müalicə-profilaktika fakültəsinin dekanı olmağın ağırlığı onun çiyinlərinə düşmüşdü. Bununla yanaşı, o, Səhiyyə Nazirliyinin Tibb Təhsili və Elm İdarəsinin müdiri işləmiş, bu vəzifədə də biliyini, gücünü, bacarığını əsirgəməmişdi.

Müharibə illərində və ondan sonrakı dövrdə professor tibbə aid 50-dən çox elmi iş və iki kitab yazmışdı. Çap edilməyin çətin olduğu bir zamanda onları dərc etdirmişdi. İ.P.Pavlovun təlimi üzrə "Sağlamlıq, xəstəlik və sağalma anlayışları" əsəri elm ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdı. Təsadüfi deyil ki, cəbhələrdə odların-alovların tüğyan etdiyi 1943-cü ildə respublikanın "Əməkdar elm xadimi" adını almışdı. Elə həmin il də "Şərəf nişanı" ordeninə, "Qafqazın müdafiəsi uğrunda" medalına layiq görülmüşdü. 1944-cü ildə İkinci Dünya müharibəsi dövründə şanlı fəaliyyətinə görə  "Əmək nişanı" ordeni ilə təltif edilmişdi.

Alimin tədqiqatlarının əksəriyyəti normada və patoloji hallarda oksi-reduksion və toxuma mübadiləsinə həsr olunmuşdu. Bu tədqiqatlarda aclıq zamanı anafilaktik şok, qidalanmanın müxtəlif növlərində stress, naftalanın təsiri və bir çox digər məsələlər çözülüb. Təsadüfi deyil ki, Mirsəlimovun başçılıq etdiyi kafedrada əldə etdiyi nəticələr elmi konfrans, qurultay və simpoziumlarda təriflənir, böyük maraqla qarşılanır, bu barədə həm respublika, həm də ittifaq mətbuatı yazırdı.

Mirmehdi Mirsəlimov daim axtarışda olan, sükutu sevməyən, qazandığı nailiyyətlərlə kifayətlənməyən alimlərdən idi. Rus, Ukrayna, alman, ərəb, fars dillərində sərbəst yazıb oxuyurdu. Azərbaycan ədəbiyyatının, musiqisinin vurğunu, tariximizin mükəmməl bilicisi idi. Tədqiqatlar aparmaqla, pedaqoji işi davam etdirməklə, inzibati vəzifələr daşımaqla yanaşı, o, həm də daim tibb  ictimaiyyəti və elm adamları arasında olurdu. Fizioloqlar, biokimyaçılar və farmakoloqlar Cəmiyyətinin işində fəal iştirak edirdi. Cəmiyyətin iclaslarında çıxışları rəğbətlə qarşılanırdı. Çox vaxt iclaslara sədrlik etmək də onun öhdəsinə düşürdü.

Ümumittifaq "Bilik" Cəmiyyətinin Azərbaycan şöbəsində tibbi biliklərin ən fəal təbliğatçılarından idi. Böyük rus alimi, fizioloq, akademik İ.P.Pavlovun təlimi üzrə "Sağlamlıq, xəstəlik və sağalma" adlı kitab da yazmışdı. Bir sıra ittifaq elmi təşkilatlarının üzvü kimi geniş iş aparırdı. Məsələn, "Medsantrud" ("Tibb-sanatoriya əməyi") Cəmiyyətinin elmi bölməsinin üzvü seçilmişdi və bu cəmiyyətdə də öz alim sözünü deyirdi.

Mirmehdi müəllim "Azərbaycan tibb elmi" jurnalına da xeyli əmək sərf etmişdi. Uzun müddət həm jurnala məqalələr yazmış, həm də onun buraxılışında fəal iştirak etmişdi.

Görkəmli alimin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən biri də onun tibb elmi və səhiyyə üçün yetişdirdiyi kadrlardır. Onların indi artıq özləri də tanınmış alim, bacarıqlı mütəxəssis, gözəl həkimlərdir. Mirmehdi müəllim tələbələrini çox sevirdi. Bəlkə də bu, təsadüf deyil, bir qanunauyğunluqdur ki, o, hələ tibb fakültəsinə qəbul olunmazdan əvvəl əmək fəaliyyətinə məhz müəllim kimi başlamışdı.

Tələbələrinə müsbət münasibəti onlara yalnız elmin yollarını və sənətin sirlərini öyrətməklə bitmirdi. Mirmehdi müəllim hər bir tələbəsində gələcəyin yaxşı alimini, mükəmməl həkimini görürdü, sabah onların xalqa necə gərəkli olacaqlarına inam və ümid bəsləyirdi. Onlara mənəvi dayaq olurdu. Ehtiyac yaranan hallarda yetirmələrinə maddi yardım da göstərirdi.

Gənc alimlər də öz növbələrində bu dərin bilikli, geniş məlumatlı, zəngin təcrübəli müəllimlərini çox sevir və onun hər qeydinə, məsləhətinə qulaq asırdılar. Professorun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi zamanı tez-tez rəsmi opponent kimi çıxış etməsi də bu qarşılıqlı münasibətdən, onun həmin işə ürəklə, məsuliyyətlə yanaşmasından irəli gəlirdi.

Professor Mirmehdi Mirsəlimovun çox zəngin kitabxanası vardı. Burada təbabətə və elmin digər sahələrinə aid dəyərli kitablar toplanmışdı. Ən yaxşı tələbələri bu kitabxanadan istifadə edərdi.

Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Səmayə Quliyeva "Xatirələrim" kitabında sevimli müəllimi haqqında yazır: "İxtisasım üzrə ilk müəllimim Mirmehdi Mirsəlimov dərin biliyə, böyük intellektə malik alim, həssas, diqqətli, ciddi və bir o qədər də qayğıkeş insan idi. Bu gün də mənim xatirimdə onun xoş, hikmətli sözləri, sakit, həlim, ürəyə, fikrə hopan əsl ziyalı siması yaşayır. Yadımdadır, Azərbaycan Dövlət Tibb İnstitutundakı iş yerindəki ikinci otağı bir şkafla iki yerə böldük və professor M.Mirsəlimov üçün necə "kabinet" düzəltdik və o, bu balaca guşədə bir neçə nəfərlə mehribanlıqla, işgüzarlıqla fəaliyyətini davam etdirdi. İş şəraitimizin darısqallığına baxmayaraq, bütün kollektivimiz, tələbələr kafedraya elə həvəslə gəlib-gedərdilər ki... Bu illərdə professor M.Mirsəlimov məni müsabiqə yolu ilə kafedranın assistenti təyin edəndə  hələ çox gənc idim. Buna baxmayaraq, o, mənə ciddi işlər, o cümlədən mühazirələrin hazırlanmasını həvalə edir və inanırdı".

Bu, Mirmehdi müəllimin minlərlə tələbəsindən birinin sözləridir. Beləcə, əlindən tutub həkimlik sənətinin sirlərinə bələd etdiyi, böyük elm yoluna çıxardığı o minlərin hamısı üçün qayğıkeş müəlliminin xatirəsi əzizdir.

Mirmehdi Mirsəlimovun bir xoşbəxtliyi də onun aurasının müsbət olmasında idi. O, xəstələrdə ümid və inam, tələbələr arasında mehribanlıq və səmimiyyət, çalışdığı həkim və müəllim həmkarları arasında bir-birinə etibar və hörmət yarada bilirdi.

Mirmehdi müəllim dünyasını 1957-ci ilin mart ayında dəyişdi. Xəstəliyi uzun sürdü. Ona heç 60 yaşı tamamlamağa imkan vermədi. Soyuq, küləkli bir gün idi. Buna baxmayaraq, professoru son mənzilə böyük bir izdiham yola salırdı. Onu sevənlər - doğmaları, dostları, tələbələri cənazəni çiyinlərinə götürüb uzun bir yolu piyada getdilər. "Həkimlər evi"nin yanındakı Dənizkənarı prospektədək, Qız qalasının yanından Nizami muzeyinə qədər və oradan da "Kommunist" (hazırda İstiqlaliyyət) küçəsi ilə yuxarı "Bakı Soveti"nə qədər qalxdılar.

Bu, insanların gözəl bir həkimə, yorulmaz alimə, xalqın vicdanlı oğluna məhəbbətinin təntənəsi idi. Bu, hüznlə bərabər bir ehtiramın, sevginin, minnətdarlığın nümayişi idi.

"El sevəni aləm sevər" - deyiblər. Professor Mirsəlimovun xatirəsi doğulub böyüdüyü Şamaxıda böyük hörmət və ehtiramla həmişə yad edilir. Onu doğma yurdda çox sevərdilər. Bu sevgi hələ də yaşayır. Şamaxı şəhərinin küçələrindən biri M.Mirsəlimovun adını daşıyır. Mirmehdi müəllimin həyat yoldaşı Fatma xanım da Şamaxıda anadan olub. O, ilk təhsilini Tiflisdəki "Müqəddəs Nina" gimnaziyasında alıb. 1921-ci ildə M.Mirsəlimovla ailə həyatı qurub. Əvvəlcə Azərbaycan Pedaqoji İnstitutunun qeyri-üzvi kimya fakültəsini bitirib. Sonradan uşaq həkimi olmaq arzusu onu Azərbaycan Dövlət Tibb İnstitutuna gətirib. Bu istəyini də reallaşdırıb. 1938-ci ildə institutu qurtardıqdan sonra dörd il ADTİ-nin pediatriya kafedrasında işləyib. Müharibənin ağır illərində - 1941-ci ildə Fatma xanım Bakıdakı Əczaçılıq Texnikumuna tədris işləri üzrə müdir müavini göndərilib. İşgüzarlığı, sadəliyi və biliyi ilə diqqəti cəlb edən Fatma xanım tezliklə müəllim və tələbələrin böyük rəğbətini qazanıb. Mirmehdi müəllim dünyasını dəyişdikdən sonra ailə böyük sarsıntı keçirir. Ananın qayğıları artır, 30 il ailənin zəhmət çəkəni, ruh verəni olur.

1997-ci ildə, sazaqlı-şaxtalı bir dekabr günündə Şamaxıda professor Mirsəlimovun 100 illik yubileyi keçirilir. O zaman görkəmli alimin ölümündən artıq 40 il ötmüşdü, bununla belə, kövrək, rəsmiyyətdən uzaq, bir qədər də hüznlü tədbir düzümlənir. Buraya professorun övladları və nəvə-nəticələri, həkim dostları və keçmiş tələbələri, yaxın qohumları, bütün el-oba yığışır. Rayon həkimləri ev sahibi kimi tədbirdə çox fəallıq göstərirdilər. Lakin ilk sözü Mirmehdi müəllimin öz övladlarına verdilər. Dedilər ki, oğlundan, qızından yaxşı insanı kim tanıya bilər?

Əvvəlcə professorun qızı, o zaman Tibb İnstitutunun dosenti olan Qəmər Tağıyeva danışdı, atası haqqında unudulmaz xatirələrini söylədi.

Oğlu, Azərbaycan Dövlət Neft Akademiyasının informasiya-ölçmə və hesablama texnikası kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ramiz Mirsəlimov onun İkinci Dünya müharibəsi zamanı ön cəbhədə olmasa da, arxa cəbhədə, daha doğrusu, elmdə göstərdiyi fədakarlığından söhbət açdı. Ramiz Mirsəlimov atasının bu illərdəki qətiyyət və vətənpərvərliyini xüsusi qeyd etdi, həmin ağır zamanda tibb elminə verdiyi töhfələri vurğuladı. Onun Tibb İnstitutunda elmi işlər üzrə prorektor kimi fəaliyyəti, həm də Səhiyyə Nazirliyində apardığı işlər, elmi kadr hazırlığı sahəsindəki xidmətləri barədə maraqlı epizodlarla dolu xatirələrini danışdı.

Professor M.Mirsəlimovun elmi nailiyyətlərindən onun kiçik oğlu, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik M.Topçubaşov adına Elmi-Tədqiqat Klinik İnstitutunun cərrahı Fikrət Mirsəlimov söhbət açdı. O, atasının elmi bilikləri təcrübə ilə əlaqələndirməsindən, tələbələrə tibb elmini öyrətmək üçün necə can yandırmasından və bu can yanğısının işığında minlərlə qayğıkeş, bacarıqlı həkim yetişməsindən bəhs etdi.

Yubiley tədbirində professor M.Mirsəlimovun tələbələri Şamaxı rayon xəstəxanasında elinə-obasına xidmət edən həkimlər, onu yaxından tanıyan insanlar çıxış etdilər. Onu insan, alim, vətəndaş kimi andılar.

Həmin vaxtdan daha 15 il ötür. Mirmehdi müəllimin yetirmələrinin artıq öz yetirmələri var. Evində, ocağında da nəsillər dəyişir. Amma böyük alim və gözəl insan Mirmehdi Mirsəlimovun xatirəsinə bəslənən ehtiram və sevgi dəyişmir.

Bu insanın ziyasından bu gün Azərbaycan həkimlərinin yeni-yeni nəsillərinin, eləcə də alimin nəvə-nəticəsinin həyat yollarına işıq düşür.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.-2013.- 8 yanvar.- S.5.