Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar konfrans keçirilmişdir

 

Azərbaycanın Tacikistandakı səfirliyi bu ölkənin Mədəniyyət Nazirliyi ilə birgə Tacikistanın Milli Kitabxanasında xalqımızın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar konfrans keçirmişdir.

Tədbirdə Tacikistanın elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, nizamişünas alimlər, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Nizami Gəncəvinin həyatı, yaradıcılığı haqqında məlumat vermiş, onu Şərqin böyük filosof şairi adlandırmışdır. Səfir demişdir ki, Şərqin 500-dən artıq şairi ayrı-ayrı vaxtlarda özünü Nizami Gəncəvinin şagirdi hesab etmişdir. Onun əsərləri yalnız Şərq ölkələrində deyil, Avropa, Asiya dövlətlərində də dəfələrlə çap olunmuşdur. Diplomat qeyd etmişdir ki, bu gün də Nizami Gəncəvinin unudulmaz və həmişəyaşar əsərləri sevilə-sevilə oxunur ki, bu da böyük şairin ölməzliyindən xəbər verir.

A.Həsənov Azərbaycan ilə Tacikistan arasında bütün sahələrdə əlaqələrin inkişafından danışmış, mədəni sahədə əməkdaşlığın genişləndiyini bildirmişdir.

Tacikistanın mədəniyyət naziri Mirzaşaxrux Asrori Nizami Gəncəvinin əsərlərinin Orta Asiya respublikaları, o cümlədən Tacikistanda çox məşhur olduğunu demişdir. Dahi şairin "Xəmsə"si hələ keçmiş Sovet ittifaqı dövründə Tacikistanda dəfələrlə çap olunmuş və Nizami Gəncəvi xalqımızın sevimli şairinə çevrilmişdir.

Nazir belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmış, mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunmuşdur.

Konfransda çıxış edən digər alimlər Şeyx Nizaminin fəlsəfi baxışları haqqında söhbət açmış, onun Şərqin böyük filosof şairləri ilə bir sırada durduğunu qeyd etmişlər.

Tədbirin bədii hissəsində Nizaminin qəzəllərinə yazılmış muğamlar (Şeş makom) ifa olunmuş, şairin əsərlərindən parçalar səsləndirilmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

 

Azərbaycan.-2013.- 8 yanvar.- S.5.