Azərbaycan əmanətçilərə
verilən ən yüksək ödənişlə
MDB məkanında öncül oldu
Məlum
olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin "Keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan
Respublikasının vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsi
haqqında" 2012-ci il 14 mart tarixli fərmanına uyğun
olaraq 31 dekabr 2012-ci il tarixində əmanətçilərdən
müraciətlərin qəbulu başa
çatdırılmışdır.
Fərdi
birdəfəlik ödəmələrin verilməsi üzrə
müvəkkil bank olan "Kapital Bank" ASC idarə heyətinin
sədri Elmar Məmmədov prosesin yekunları ilə əlaqədar
AzərTAc-ın suallarını
cavablandırmışdır.
- Elmar müəllim, 2012-ci il iyunun
1-dən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikasının vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsinə
başlandı və əmanətçilərdən
müraciətlərin qəbulu müvafiq fərmana uyğun
olaraq, 31 dekabr 2012-ci il tarixində başa
çatdırıldı. 7 ay davam edən sənəd qəbulu
prosesinin gedişini, yekunlarını necə qiymətləndirərdiniz?
- Fərmanda
müəyyən edilmiş vəzifələrin
icraçıları olaraq, ilk növbədə, bu sənədin
cəmiyyət üçün mühüm əhəmiyyəti
ilə bağlı ümumi təəssüratlarımızı
bölüşmək istərdik.
Bu
dövrdə Kapital Banka müraciət edən vətəndaşların
sayı, fərmanın əhatə dairəsi, bu sənədin
praktik baxımdan, həqiqətən, tarixi əhəmiyyətli
sosial layihə olduğunu bir daha təsdiqlədi. Azərbaycan
Respublikası vətəndaşlarına vaxtilə
keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası Bankında qoymuş olduqları əmanətlərə
görə fərdi birdəfəlik ödəmələrin
verilməsi, prosesin sosial coğrafiyası uzun illərdən bəri
həmin əmanətlərlə bağlı həllini
gözləyən problemi tam aradan qaldırmaqla yanaşı,
həm də vətəndaşların bu prosesdən daha səmərəli
və ədalətli şəkildə faydalanmalarına, əksər
Azərbaycan ailələrinin sosial vəziyyətinin daha da
yaxşılaşmasına böyük imkan yaratdı.
Eyni
zamanda, bu addım ulu öndər Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş milli dövlətçilik
konsepsiyasını uğurla həyata keçirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
yürütdüyü məqsədyönlü siyasət
hesabına Azərbaycanın getdikcə artan sosial-iqtisadi
qüdrətini və bu imkanların ölkə vətəndaşlarının
rifahına yönəldiyini bir daha təsdiqləmiş oldu.
Fərmanın
imzalandığı tarixdən ötən müddət ərzində
Kapital Banka müraciət edən milyonlarla vətəndaşın
Azərbaycan dövlətinə, dövlət rəhbərinə
olan sonsuz inamını gördük. Müraciət prosesində
vətəndaşlara qarşı bank tərəfindən hər
hansı pozuntuya yol verməklə, bu inama cüzi də olsa xələl
gətirməyə, sadəcə olaraq, mənəvi
haqqımız yox idi və bu inamın məsuliyyəti,
üzərimizə düşən vəzifənin inzibati məsuliyyətindən
daha böyükdür.
Çox
sevindiricidir ki, prosesin kifayət qədər çətin bir
mərhələsi başa çatdı. Fərdi birdəfəlik
ödəmə almaq hüququna malik və bu hüquqdan istifadə
etmək niyyətində olan hər bir Azərbaycan vətəndaşının
Kapital Bankın xidmət məntəqələrinə
müraciəti təmin edildi. Fürsətdən istifadə
edərək, prosesin uğurla başa
çatdırılmasında Kapital Banka öz dəstəyini
əsirgəməyən bütün dövlət
qurumlarına, vətəndaş cəmiyyəti
institutlarına, xüsusilə əmanətçilər
arasında hüquqi maarifləndirmə işlərinin
aparılmasında bizə böyük kömək göstərmiş,
bu gün də öz köməyini davam etdirən kütləvi
informasiya vasitələrinə Kapital Bankın kollektivi
adından dərin təşəkkürümüzü bildiririk.
-
2012-ci il iyunun 1-dən dekabrın 31-dək nə qədər əmanətçi
fərdi birdəfəlik ödəmə ala bilib?
- 1
iyun 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinə qədər
Kapital Bank tərəfindən 1 milyon 448 min 941 əmanət
hesabı üzrə ümumilikdə 554 milyon 711 min 653
manatlıq ödəniş aparılıb. Eyni zamanda, 30 min
537 əmanət hesabı üzrə də ödənişlərin
aparılmasına icazə verilib, həmin əmanət
hesablarının aid olduğu vətəndaşlar Kapital
Bankın müvafiq filiallarına müraciət edərək
vəsaitlərini götürə bilərlər.
- Bəzi
vətəndaşlar banka müraciət etsələr də,
hələ fərdi birdəfəlik ödəməni ala bilməmələrindən
narahatdırlar. Sənəd qəbulunun başa
çatması onlara müəyyən problemlər yaratmayacaq
ki?
- Qətiyyən.
Belə bir narahatlıq üçün heç bir əsas
yoxdur. Müəyyən edilmiş müddət ərzində
banka müraciət edərək 1 yanvar 1992-ci il tarixinə Əmanət
Bankında əmanət qalığının olduğunu
müvafiq kitabça ilə təsdiq edən vətəndaşların
fərdi birdəfəlik ödəmə almasında heç
bir problem olmayıb və olmayacaq da. Kütləvi informasiya
vasitələrində bu barədə yetərincə izahat
işləri aparılıb. Sənəd qəbulu prosesinin başa
çatması, fərdi birdəfəlik ödəmələrin
verilməsi prosesinin də yekunlaşması demək deyil.
Müvafiq fərmana uyğun olaraq, fərdi birdəfəlik
ödəmələrin verilməsi 31 dekabr 2013-cü il tarixinə
qədər davam etdiriləcək. O müddətə qədər
bütün məsələlər
aydınlaşdırılacaq və qanunla buna hüququ
çatan hər bir vətəndaşa fərdi birdəfəlik
ödəmə veriləcək. Sənəd qəbulu
prosesinin başa çatması, araşdırma prosesinin daha
da sürətlənməsinə, mübahisəli məqamların
tez bir zamanda aydınlaşdırılmasına və ödənişlərin
qalan müddət ərzində həyata keçirilməsinə
kömək göstərəcək. Çünki əsas
potensial artıq bu məsələlərə yönələcək.
-
Xidmət məntəqələri bundan sonra da fəaliyyət
göstərəcəkmi?
-
Bildiyiniz kimi, əmanətçilərdən sənədlərin
qəbulu və fərdi birdəfəlik ödəmələrin
verilməsi 65-i Bakı şəhərində, 78-i
respublikamızın digər regionlarında olmaqla Kapital Bank tərəfindən
ölkə üzrə yaradılmış 143 xidmət məntəqəsində
həyata keçirilirdi. Vaxtilə öz əmanətlərini
Naxçıvan Muxtar Respublikasındakı əmanət
kassalarında yerləşdirmiş əmanətçilərin,
eyni zamanda, Bakı şəhərində məskunlaşmış
məcburi köçkün əmanətçilərin
gediş-gəliş problemini nəzərə alaraq sonradan
Bakı şəhərində 144 saylı daha bir məntəqə
də təşkil edildi.
Bundan
başqa, itmiş, yaxud təqdim edilmək üçün
yararsız vəziyyətə düşmüş əmanət
kitabçaları üzrə müraciətlərin qəbulu
məqsədilə Bakıda 3, Naxçıvan, Gəncə və
Sumqayıt şəhərlərinin isə hər birində 1
əlavə məntəqə təşkil edilmişdi. Məntəqələr,
əsasən, əmanətçilərdən sənədlərin
qəbulu işini həyata keçirmək üçün təşkil
edildiyindən sənəd qəbulu başa çatdıqdan
sonra onların fəaliyyətinə ehtiyac qalmır. Ona
görə də Kapital Bankın filiallarının nəzdindəki
144 məntəqənin hamısı ləğv ediləcək.
Məntəqələrin ləğvindən sonra əmanətçilər
fərdi birdəfəlik ödəmələrlə
bağlı onları maraqlandıran istənilən məsələ
ilə əlaqədar əraziyə uyğun olaraq aidiyyəti
filiala müraciət edə bilərlər.
-
İyunun 1-dən keçən müddət ərzində əmanətçilərin
böyük hissəsi sənədlərini Kapital Banka təqdim
etsələr də, yəqin ki, müraciət etməyənlər
də var. Onlar sənədlərini 31 dekabrdan sonrakı
müddətdə təqdim etdikdə, bu müraciətlər
qəbul olunacaqmı?
- Xeyr. Müvafiq fərmanla təsdiqlənmiş "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları"nda sənəd qəbulu üçün müəyyən edilmiş müddətin 31 dekabr 2012-ci il tarixində başa çatdırılması konkret göstərilib. Həm Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, həm də Kapital Bank əmanətçiləri bununla bağlı dəfələrlə məlumatlandırıb. Hesab edirik ki, sənəd qəbulu üçün müəyyən edilmiş 7 ay kifayət qədər böyük müddət idi və fərdi birdəfəlik ödəmə almaq istəyən hər bir əmanətçi bu 7 ay müddətində öz sənədlərini banka təqdim edə bildi.
- Amma sənədlərində müəyyən çatışmazlıqlar olan, məsələn, əmanət hesabı üzərində vərəsəlik hüququnun təsdiqi üçün 6 aya qədər gözləmək məcburiyyətində qalan və bu səbəbdən sənədlərini banka təqdim edə bilməyən, eyni zamanda əmanət kitabçası olmayan vətəndaşlar da var...
- Əgər həmin vətəndaşlar dekabrın 31-dək əmanət hesabı üzərində vərəsəlik hüququnun təsdiqlənməsi üçün dövlət notariat kontorlarına, yaxud məhkəmələrə müraciət ediblərsə və banka bu barədə sorğu daxil olubsa, bu, həmin vətəndaşların müraciətlərinin 2013-cü il ərzində də qəbul olunması üçün hüquqi əsas yaradır. Ona görə də bu kimi halların vətəndaşlar üçün hər hansı problem yaradacağını düşünmürük. Üzrlü hüquqi səbəblərdən bu müddətdə öz sənədlərini banka təqdim edə bilməmiş hər bir vətəndaşın müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaq.
Eyni zamanda vətəndaşların nəzərinə çatdırırıq ki, birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiya ödəmə prosesi başa çatana qədər fəaliyyətdə olacaq. Vətəndaşlar fərdi birdəfəlik ödəmələrlə bağlı onları narahat edən istənilən mübahisəli məsələyə baxılması üçün Xüsusi Komissiyaya müraciət edə bilərlər.
- Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati rayonlarından olan və hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlərimizin əmanət hesabları ilə bağlı ciddi problem vardı. Onlara da fərdi birdəfəlik ödəmə verildimi?
- Bəli, həqiqətən bu, prosesin ilk mərhələsində narahatlıq doğuran məsələlərdən idi. Çünki Kapital Bank bu rayonlar üzrə əmanətçilərə aid arxiv sənədlərinə malik deyildi. 1988-ci ildə məlum hadisələr başlayan zaman SSRİ Əmanət Bankının vilayət üzrə yerli idarəsi əmanət hesabları üzrə arxiv sənədlərini mərkəzə - Moskvaya təhvil verirdi. Sonrakı mərhələdə isə sənədlər, bildiyimiz qədər, Ermənistana təhvil verilmişdir. Bu rayonlardan yalnız Şuşa rayon şöbəsinin arxivini Bakıya gətirmək mümkün olmuşdu. Lakin bu kateqoriyadan olan əmanətçilər də dövlətin qayğısından kənarda qalmadılar. Azərbaycan dövlətinin öz vətəndaşlarına olan həssas münasibətindən irəli gələrək, bu məsələ öz müsbət həllini tapdı. Vaxtilə keçmiş DQMV-dəki əmanət kassalarında vəsait yerləşdirmiş hər bir məcburi köçkün öz əmanət kitabçasını təqdim etməklə fərdi birdəfəlik ödəmə ala bildi.
- Müraciət üçün müəyyən edilmiş müddətin son günlərində əmanətçilər arasında belə bir məlumat dolaşdı ki, guya onlara əmanət qalığının 40 faizi həcmində əlavə vəsait də verilir. Bu, nə dərəcədə doğru idi?
- Heç bir əlavə vəsaitin verilməsindən söhbət gedə bilməz. Əgər xüsusi kompensasiya hesablarını nəzərdə tutursunuzsa, bu məsələyə bir daha aydınlıq gətirərək bildiririk ki, fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində əmanət hesabları arasında heç bir fərq qoyulmamışdı. Yəni, xüsusi kompensasiya hesabına malik olan və əmanət kitabçasını 31 dekabr 2012-ci il tarixinə qədər Kapital Banka təqdim edən hər bir əmanətçinin də müraciətinə adi qaydada baxılıb və bankdaxili sənədlər aşkarlandığı halda ödəniş aparılıb.
Eyni zamanda, xüsusi kompensasiya hesabını təsdiqləyici sənədi olan əmanətçilərdən də ərizələr qəbul edilmişdir və bu müraciətlər də araşdırılmaqdadır. Araşdırma prosesində bu vətəndaşların müraciətləri ilə bağlı bankdaxili sənədlər müəyyən edildiyi halda ödəniş aparılacaqdır.
- Fərdi birdəfəlik ödəmələrin verilməsi üzrə müraciətlərin qəbulu başa çatdırıldıqdan sonra indi bəzi vətəndaşları düşündürən bir sual da var: bəs 1 yanvar 1992-ci il tarixindən sonra keçmiş Əmanət Bankına qoyulmuş vəsaitlərin taleyi necə olacaq?
- Bildiyiniz kimi, müvafiq fərmana əsasən, fərdi birdəfəlik ödəmələr keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanət hesabı üzrə 1 yanvar 1992-ci il tarixə qalığı olan, fərman qüvvəyə mindiyi tarixə açıq olan və Azərbaycan Respublikasının vətəndaşına aid olan əmanət hesablarına verilirdi. Bu da digər postsovet ölkələrində tətbiq edilən təcrübəyə uyğundur. Tarixdən məlum olduğu kimi, SSRİ-nin mövcudluğuna rəsmən 26 dekabr 1991-ci il tarixində son qoyuldu. Ona görə də Rusiya istisna olmaqla keçmiş SSRİ-yə daxil olan ölkələrin hər birində əmanətçilərə ödənişlərin verilməsi üçün son müddət olaraq 1 yanvar 1992-ci il tarixinin müəyyənləşdirilməsi tarixi baxımdan tam məntiqidir. Yalnız Rusiyada bu müddət kimi 20 iyun 1991-ci il tarixi müəyyənləşdirilmişdir. Postsovet ölkələrindən heç birində 1 yanvar 1992-ci il tarixindən sonrakı dövrə aid əmanət qalıqlarına görə hər hansı indeksləşdirmənin aparılması təcrübəsi mövcud deyil.
Ümumiyyətlə, Azərbaycan Respublikası vətəndaşlarının keçmiş Əmanət Bankında açılmış hesablara qoyduqları əmanətlərlə bağlı qeyd etmək istərdik ki, o dövrdə baş verən güclü inflyasiya səbəbindən 1 yanvar 1992-ci il tarixindən sonra, həmin pullar qısa müddət ərzində dəyərdən düşdüyündən bu əmanətlər bankda qalmışdı. Lakin nə Əmanət Bankının, nə də hazırda həmin bankın hüquqi varisi sayılan Kapital Bankın fəaliyyəti dövründə bu əmanət qalıqlarının götürülməsində heç bir məhdudiyyət yox idi. Vətəndaşlar istənilən vaxt Kapital Bankın müvafiq filialına müraciət etməklə öz əmanət qalıqlarını ala bilərdilər. 1 yanvar 1992-ci il tarixindən 2012-ci ilin martına qədər olan dövr ərzində əmanətçilərin müraciətləri əsasında minlərlə hesabın bağlanması da elə buna nümunədir.
Bir daha qeyd edirik ki, keçmiş Əmanət Bankında 1 yanvar 1992-ci il tarixindən sonra açılmış hesablardakı qalıqlara fərdi birdəfəlik ödəmələrin verilməsi müzakirə mövzusu deyil.
- Tarixi təcrübədən söhbət düşmüşkən, Azərbaycanda fərdi birdəfəlik ödəmələrin verilməsi prosesini digər MDB ölkələrindən fərqləndirən əsas cəhətlər nədən ibarətdir?
- Azərbaycanı bu sahədə digər MDB ölkələrindən yalnız üstün cəhətlər fərqləndirir. Ölkəmizdə bu prosesin sosial coğrafiyası daha geniş oldu. Yəni, əksər Azərbaycan ailələri dövlətin bu dəstəyindən faydalana bildilər. Digər tərəfdən, Azərbaycan bütün MDB məkanında yeganə ölkə oldu ki, vətəndaşlara fərdi birdəfəlik ödəmələrin verilməsinə, həm də bunun digər ölkələrdəki kimi müxtəlif əmanətçi kateqoriyaları üzrə bəzən on illərlə davam edən uzun müddət ərzində deyil, qısa bir zamanda həyata keçirilməsinə qərar verərək qısa müddətdə bu qərarın icrasını yerinə yetirdi. Bu da Azərbaycan vətəndaşları olan bütün əmanətçilərə münasibətdə sosial ədalət prinsipinin yüksək səviyyədə təmin olunması demək idi. Ən əsası isə, Azərbaycan bütün MDB məkanında ən yüksək indeksasiya əmsalını tətbiq etdi. Nəzərinizə çatdıraq ki, indiyə qədər hər 1000 rubl əmanətə görə Rusiyada 30, Belarusda 33, Moldovada 71, Qırğızıstanda 21, Qazaxıstanda 7, Özbəkistanda 109, Ermənistanda 34 ABŞ dolları məbləğində pul verilmişdi. Ukraynada bu prosesi, ümumiyyətlə, başa çatdırmaq mümkün olmamışdı. Azərbaycan isə, 1000 rubl əmanət qalığına görə vətəndaşlara 190 ABŞ dolları ödəməklə bütün MDB məkanında öncül oldu.
- Fərdi birdəfəlik ödəmələrin verilməsi üzrə sənəd qəbulu prosesində vətəndaşlarla ictimai ünsiyyət lazımi şəkildə təmin edildimi?
- Bu, hələ prosesə hazırlıq mərhələsinin ilk günlərindən ən çox diqqət yetirdiyimiz vəzifələrdən biri idi. Vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərin qəbulu üçün bankın Baş Ofisində "Qaynar xətt"in yaradılması, vətəndaş müraciətlərinin həm yazılı, həm elektron formada qəbulu üçün lazımi imkanların təmin edilməsi, hər ay bankın Baş Ofisində mətbuat konfranslarının keçirilməsi və prosesin gedişi ilə bağlı ictimaiyyətə hesabat verilməsi bu prosesin şəffaflığına, xidmət məntəqələrinin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsinə, yerlərdə yol verilə biləcək hər hansı neqativ halların vaxtında aşkarlanaraq qarşısının alınması məqsədinə xidmət edirdi.
Təbii ki, belə genişmiqyaslı prosesdə öz vəzifəsinin öhdəsindən lazımi şəkildə gələ bilməyən, bankın korporativ normalarını pozan, vətəndaşlarla ünsiyyətdə vəzifə borcunu lazımi şəkildə dərk edə bilməyən əməkdaşlar da tapıldı və belələri cəzasız qalmadı. Məlumat üçün bildirək ki, sənəd qəbulu dövründə bu kimi hallara yol verdiklərinə görə 16 əməkdaş işdən kənarlaşdırıldı, 31 əməkdaş haqqında isə digər inzibati tənbeh tədbirləri görüldü.
Ümumilikdə, fərmanın mətbuatda dərc edildiyi 15 mart 2012-ci il tarixindən etibarən təkcə Kapital Bankın Baş Ofisinə sırf fərdi birdəfəlik ödəmələrlə bağlı vətəndaşlardan on minlərlə yazılı və elektron müraciət daxil olub. Eyni zamanda, "Qaynar xətt" vasitəsilə müraciət edən hər bir vətəndaşın müxtəlif məzmunlu suallarına aydınlıq gətirilib.
Kapital
Bankın vətəndaşlarla müvafiq əlaqə vasitələri, o cümlədən 498-84-52 nömrəli
"Qaynar xətt", emanetler@kapitalbank.az elektron
ünvanı 2013-cü il ərzində də fəaliyyətdə
olacaq. Ümid edirik ki, fərdi birdəfəlik ödəmələrin
verilməsi prosesinin növbəti mərhələsində də
vətəndaşlar bankla fəal əməkdaşlıq edərək bu tarixi prosesə öz ictimai dəstəklərini
əsirgəməyəcəklər.
Azərbaycan.-2013.- 8 yanvar.- S.6.