Elektron hökumətin formalaşması istiqamətində mühüm tədbirlər həyata keçirilir

 

Artıq əksər inkişaf etmiş ölkələrdə cəmiyyətin müasir tələblərə uyğun inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədini daşıyan elektron hökumət formalaşıb. Ölkəmizdə də bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Respublikamızda hakimiyyət strukturlarının şəffaf fəaliyyətinə təkan verən elektron hökumətin formalaşması prosesi dövlət başçısının 22 oktyabr 2005-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" üzrə həyata keçirilməyə başlamışdır.

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqinə imkan yaradan, eləcə də bölgələrdə yayılmasını təmin edən bu fəaliyyət konsepsiyası ölkəmizdə texnoparkların, texnopolislərin, innovasiya mərkəzlərinin yaradılmasına, alim və mütəxəssislərin elmi-texniki potensialından daha səmərəli istifadə edilməsinə, rəqabətə davamlı, elmtutumlu məhsulların istehsalına, nəticə etibarilə informasiya cəmiyyətinin əsasını təşkil edən biliklər iqtisadiyyatın formalaşmasına zəmin yaradıb.

"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi bu sahədə həyata keçirilən dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət proqramının məqsədi Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsidir. Bununla yanaşı, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının ödənilməsidir.

Dövlət proqramında qeyd olunmuş məqsədlərə çatmaq üçün respublikada müasir İKT infrastrukturunun inkişaf etdirilməsi, fiziki və hüquqi şəxslərin dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara, dövlət informasiya resurslarına çıxışının, həmçinin informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsi və onların keyfiyyətinin artırılması istiqamətində işlər aparılır.

Bu proqramın tərkib hissəsi olan "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında"  Prezidentin 23 may 2011-ci il tarixli fərmanında qeyd edildiyi kimi, ölkəmizdə Elektron Azərbaycan DP, eləcə də İKT-nin inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara müvafiq elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza artıq formalaşmışdır. Bu istiqamətdə modern və mobil idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir.

Adıçəkilən fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi internet saytında 2011-ci ilin avqust ayında "Elektron xidmətlər" bölümü yaradılmış, elektron xidmətlər müəyyənləşdirilmiş, bu xidmətlərin inzibati reqlamentləri qurum tərəfindən tərtib və təsdiq olunmuşdur. Eyni zamanda komitənin əməkdaşları Xüsusi Dövlət Mühafizə Xidmətinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin hazırladığı elektron imzalarla təmin edilmişdir.

Elektron xidmətlərin inzibati reqlamentlərinin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun tələblərinə uyğun olaraq, komitə tərəfindən göstəriləcəyi nəzərdə tutulan dörd elektron xidmətlərdən ikisinin ("Kommunal xidmətlərdən istifadə edən məcburi köçkünlərin müvafiq xidmət təşkilatları və icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş siyahısının təqdim olunması" elektron xidməti və "Əraziləri işğal olunmuş rayon icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunan yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlərin siyahısının təqdim olunması" elektron xidməti) təsdiq olunmuş inzibati reqlamentləri Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilmiş və hazırda yuxarıda qeyd olunan hər iki elektron xidmətlərin inzibati reqlamentləri Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.

Komitənin "Elektron Hökumət Dövlət İnformasiya Sistemi" (EHDİS) portalına qoşulması 2012-ci il 10 iyul tarixindən təmin edilmişdir. Həmin portalın yeni yaradılan "Rəsmi yazışmalar" bölməsində təşkilatı təmsil edən məsul şəxs komitə rəhbərliyi tərəfindən təyin olunmuş və bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə rəsmi məlumat verilmişdir.

Hazırda komitə tərəfindən təqdim olunması nəzərdə tutulan elektron xidmətlərdə respublikanın müxtəlif regionlarında məskunlaşan məcburi köçkünlərə dair informasiya bazasının mükəmməlləşdirilməsi və müvafiq FİN (fərdi identifikasiya nömrəsi) koduna unifikasiya edilməsi üçün hazır vəziyyətə gətirilməsi istiqamətində işlər həyata keçirilir.

Yaxın zamanlarda komitə əməkdaşlarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Elektron Hökumət" portalı vasitəsilə digər dövlət qurumlarının informasiya bazalarından istifadə etmələri üçün şərait yaradılacaq.

Respublikamızda fərmanda qeyd olunan dövlət qulluqçularının informasiya texnologiyalarından istifadəsi sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kurslarının təşkili istiqamətində də zəruri tədbirlər görülür. Ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın inkişafı, bütün sahələrdə yeni texnologiyaların geniş tətbiqinə nail olunması, qlobal informasiya fəzasına inteqrasiyanın genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm məsələlərdən biri də yeni texnologiyaları tətbiq və inkişaf etdirə biləcək kadrların hazırlanmasıdır. Bu məqsədlə "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmandan irəli gələn vəzifələri rəhbər tutaraq ölkəmizdə informasiya cəmiyyətinin qurulması proseslərinin fəal iştirakçısına çevrilən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əməkdaşlarının da informasiya texnologiyaları və "Elektron Hökumət", "İnformasiya cəmiyyəti", "Elektron sənəd dövriyyəsi", "Elektron imza" sahəsində biliklərinin artırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu ilə əlaqə yaradılmış və qarşılıqlı əməkdaşlıq nəticəsində teoretik və praktik dərslərdən ibarət olan kurslar təşkil edilmişdir.

Kurslarda AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı alimləri tərəfindən dinamik inkişafda olan müasir informasiya texnologiyalarının ölkəmizə transformasiyası proseslərinə dair müxtəlif mövzularda mühazirələr və məşğələlər keçirilmişdir. Kursların sonunda tədris olunan mövzulara dair imtahan təşkil edilmişdir. Komitənin 53 məsul əməkdaşı həmin imtahanı müvəffəqiyyətlə verərək AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun sertifikatlarını almışlar.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 8 yanvar.- S.6.