Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XX əsrin görkəmli siyasi xadimi Əziz Əliyevə məxsus bir sıra eksponatlar qorunur

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) kolleksiyasında XX əsrin görkəmli siyasi xadimi Əziz  Əliyevə (1897-1962) məxsus bir sıra eksponatlar qorunur. Onlar sırasında tarixi əşya olması ilə bərabər, nadir sənət əsəri sayılan xəncər xüsusi yer tutur.

MATM-dan AzərTAc-a bildirmişlər ki, hazırda muzeyin silahlar və bayraqlar fondunda qorunan xəncər polad tiyədən və qızıl, gümüş, qarasavat və sümüklə bəzədilmiş  dəstəkdən ibarətdir.

Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun araşdırmaları göstərmişdir ki, Dağıstan ustalarının yüksək peşəkarlığının nümunəsi olan xəncər Əziz Əliyevə 1945-ci ildə Dağıstan xalqı adından faşizm üzərində qələbə münasibətilə hədiyyə edilmişdir.

1942-1949-cu illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoymuş, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların  təyin edilməsinə nail olmuşdur. Əziz Əliyevin sayəsində dağıstanlılar bir sıra digər xalqlardan fərqli olaraq, canlarını sürgündən qurtara bilmişlər. 2007-ci ildə Əziz Əliyevin 110 illiyi münasibətilə Dağıstanda keçirilmiş yubiley tədbirlərində Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev bildirmişdir ki, Dağıstana xidmət göstərmiş parlaq siyasi və ictimai xadimlərin sırasında Əziz Əliyevin adı ən layiqli yerlərdən birini tutur.

Muzeyin fondlarında Əziz Əliyevə məxsus təltif nişanları və sənədlər də qorunmaqdadır.

 

 

Azərbaycan.-2013.- 8 yanvar.- S.7.